Məhkəmə qərarları › İş №2-1(112)-9999/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9999/2023

22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9999/2023 22.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 22 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 8.05.1962-ci il təvəllüdlüdür. İddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur (2 il, 21 gün). ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək 9 saylı trestdə fəhlə işləmişdir (4 il, 5 ay, 18 gün). xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Füzuli SANM-də avtobus parkında 3-cü dərəcəli avtoçilingər işləmişdir (6 ay, 17 gün). xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Füzuli SANM-də sürücü işləmişdir.(10 ay, 7 gün). xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Füzuli SANM-də avtoçilingər işləmişdir. (9 ay, 15 gün). xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Füzuli rayon BQ və İş idarəsində ocaqçı işləmişdir. (1 ay, 22 gün). xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Füzuli rayon BQ və İş idarəsində çilingər işləmişdir. (1 ay, 4 gün). xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək “Azqazstroy” trestinin 2 saylı STQİdə 2-ci dərəcəli quraşdırıcı çilingər işləmişdir. (11 ay, 27 gün). xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Azqazstroy” trestinin Füzuli şəhəri TTİ-də quraşdırıcı çilingər işləmişdir. (3 il, 11 ay, 24 gün). xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Yeni Həyat kolxozunda kolxozçu işləmişdir. (5 ay, 14 gün). xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Horadiz və X8 operator vəzifəsində işləmişdir (3 il, 4 ay, 5 gün). İddiaçıya məxsus digər ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin dərin qazma müəssisəsinin xüsusi hissəsində 3-cü dərəcəli, 4-cü dərəcəli və 5-ci dərəcəli qaynaqçı işləmişdir (5 il, 5 ay, 7 gün). xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Şelflayihətikinti İstehsalat Birliyinin Tikintinin mexanikləşdirilməsi və Nəqliyyat İdarəsində qaynaqçı işləmişdir.( 9 ay, 29 gün). xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilə qədər “Bakı Dərin Özüllər" Zavodunda Avtonəqliyyat sexində elektrik qaz qaynaqçısı işləmişdir (3 ay, 28 gün). xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Azfen Birgə” müəssisəsində quraşdırıcı işləmişdir (2 il, 6 ay, 4 gün). xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək “Azfen Birgə” müəssisəsində qaynaqçı işləmişdir (7 ay, 12 gün). xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu”nda elektrik qaynaqçısı işləmişdir ( 5 il, 10 ay, 23 gün). xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-də elektrik qaynaqçısı işləmişdir (1 il, 1 ay, 8 gün). xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-də fəhlə işləmişdir. (8 il, 9 ay, 2 gün). İddiaçı 4.04.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifəiərin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən quruliması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi, ümumi peşələr (35) bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdiyiniz 30 may 1996-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1996-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində “Dövlət Geologiya və Mineral Ehtiyat Komitəsi”ndə qaynaqçı, xx.xx.2003-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Azfen” Birgə müəssisəsində quraşdırıcı vəzifələrində işlədiyiniz qeyd olunub. Lakin sözügedən arayışda qaynaqçı vəzifəsində işlədiyiniz müddətdə əl ilə və ya qazla qaynaq aparıb- aparmamağınız, quraşdırıcı vəzifəsində işlədiyiniz müddətdə isə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə işləyib-işləməməyiniz barədə hər hansı məlumat göstərilməyib. Qeyd edilən məlumatlar güzəştli şərtlə pensiya hüququ verən işdə işləməyinizə dair işəgötürənin arayışında əks olunaraq tərəfinizdən Mərkəzi Filiala təqdim edildikdən sonra sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması məsələsinə baxılacaqdır”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, şəxsin yuxarıda sadalanan əmək fəaliyyətləri ona məxsus əmək kitbçası ilə yanaşı iş yerindən verilmiş arayışlar ilə də öz təsdiqini tapmışdır. Qeyd edilən arayışlara əsasən iddiaçı işlədiyi sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərara müvafiq olaraq həmin siyahının 35-ci bölməsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun ümumi iş stajı 38 il 8 ay 16 gün, güzəştli şərtlərlə əmək stajı 16 il 08 ay 22 gün təşkil etdiyi qeyd edilmişdir. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan cavab məktubu ilə iddiaçının ərizəsində qeyd etdiklərinin icrasından imtina etmişdir. İmtinanın əsası kimi onun işlədiyi peşələrin verilmiş arayışda dəqiq olaraq göstərilməməsi qeyd edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2023-cü il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə iddia qaldıraraq iddia müddətinə riayət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya xx.xx.2022-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2022-ci ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2022-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması; c) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; d) iddiaçı pensiya təyinatına imkan verən yaş həddinə çatması İddiaçının pensiya yaşına çarması, ümumi iş stajı ilə bağlı şərti ödəməsi və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmişdir. Bu arayışlarda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir. Belə ki, “SOCAR”ın 06 mart 2023-cü il tarixli “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” Arayışına əsasən iddiaçının “Şelflayihətikinti” İB-nin Tikintinin Mexanikləşdirilməsi və Nəqliyyat İdarəsini Avtonəqliyyat sahəsində xx.xx.2002-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək, Bakı Dərin Özüllər zavodunun 17 saylı Avtonəqliyyat sexində xx.xx.2003-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun Özüllərin dənizdə quraşdırılması, Üst tikililərin yığılması və quraşdırılması, Qovşaq hazırlama və Özüllərin yığılması və quraşdırılması sexlərində xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək işlədiyi elektrik qaynaqçısı peşəsi üzrə iş stajı 07 il 20 gün. İşlədiyi peşənin xüsusiyyətləri: Polad metalkonstruksiyalarda, müxtəlif diametrli borularda, xüsusi hissələrdə, ayrı-ayrı birləşmələrdə, elementlərdə və dirsəklərdə şaquli “yuxarı” və şaquli “aşağı” qövs qaynağı işlərindən ibarətdir. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndinə əsasən zərərli şəraitdə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsi üzrə iş stajı 07 il 20 gün (yeddi il iyirmi gün) təşkil edir. “X9”nin xx.xx.2023-cü il tarixli Güzəştli arayışına əsasən X5 xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X2raşdırıcı peşəsində 2 il 6 ay 5 gün (iki il altı ay beş gün), xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək X3ynaqçı (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) peşəsində 7 ay 12 gün (yeddi ay on iki gün). xx.xx.2023-cü il tarixinə cəmi 3 il 1 ay 16 gün (üç il, bir ay, on altı gün). X1 işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş yuxarıda göstərilən müvafiq bəndinə və həmin Qərarın 35-ci maddəsinin “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş yuxarıda göstərilən müvafiq bəndinə uyğun olduğu üçün o, yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı Bos Şelf MMC-də xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2014-cü il tarixdə xitam verilmişdir (xx.xx.2014-cü il tarixli, 076/14 ir saylı əmr). O, yenidən "xxxx" MMC-də xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Fəhlə peşəsində işləmişdir. "xxxx" MMC xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Burada metalkonstruksiya işlərinin əsası polad vərəqələrdən metal boruların düzəldilməsi və quraşdırılması, qaynağı və dəmir-beton bloklarının hazırlanmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siysahısı”, 35-ci hissədə (Ümumi peşələr), öz əksini tapmış “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 1 il 1 ay 6 gün təşkil edir. Təqdim edilən arayışlara əsasən iddiaçının 11 il 3 ay 12 gün güzəştli stajının olması müəyyən edilir. Göstərilənlərdən əlavə iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin dərin qazma müəssisəsinin xüsusi hissəsində 3-cü dərəcəli, 4-cü dərəcəli və 5-ci dərəcəli qaynaqçı vəzifəsində işləmişdir. Lakin cavabdeh iddiaçının həmin müəssisədə işlədiyi dövrləri güzəştli staja daxil etməyərək mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının əmək kitabçasında əl ilə yaxud qazla qaynaq aparıb-aparmamasının göstərilməməsinə görə həmin dövrü güzəştli staja daxil etməməsi barədə mövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Ümumi peşələr” adlanan 35-ci bölməsində həm əl ilə qaynaq aparan qaynaqçılar, həm əl ilə qaynaq aparan elektrik qaynaqçıları, həmçinin qaz qaynaqçıları siyahıda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlər kimi təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, həmin müəssisəsin hazırda olmaması, müəssisədən bu barədə arayışın əldə edilməsinin mümkün olmaması, eyni zamanda iddiaçının əmək kitabçasında əl ilə qaynaqçı, yaxud qaz qaynaqçısı peşələrində işləməsinin göstərilməməsi iddiaçının qazanılmış pensiya hüququnun məhdudlaşıdırılmasına səbəb ola bilməz. İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 8.05.2022-ci ilədək ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 8.05.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 8.05.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 8.05.2022-ci il tarixdən hazırkı dövrə qədər yaranmış fərqin hesablanıb ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar