Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-10/2022 05.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X7, üçüncü şəxslər X1 və X4 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6, X5 və X9) daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 23.01.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, 99 nömrəli evdə yerləşən mülkün mülkiyyət hüququ ilə onların adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, 99 nömrəli ev onun xüsusi mülkiyyətindədir. Həmin evin tarixçəsi belədir ki, 1942-ci ildə aparılmış inventarlaşdırma zamanı babası X8 adına olmuş, bir müddətdən sonra X10 ilə onun arasında bölünmüşdür. Həmin mülk özbaşına tikili kimi Gəncə rayon Xalq Məhkəməsinin 04.05.1989-cu il tarixli 2-275 saylı qətnaməsi əsasında Gəncə rayon Sovetinin fonduna verilmiş, lakin Xanlar rayon Məhkəməsinin 29.12.1987-ci il tarixli qərardadına əsasən həmin tikililərin və əlavə tikililərin Gəncə rayon Sovetinin fonduna verilməsi barədə mülki işin icraatına xitam verilmişdir. Şəxsi vəsaiti ilə inşa etdiyi 16,8 və 28,4 kv.m sahəli yaşayış otaqları və 11,3 kv.m sahəli örtülü eyvan Gəncə Şəhər İcra Hakimiyyəti Aparatı nəzdində yaradılmış komissiyanın 04.12.1996-cı il tarixli, 6 nömrəli iclas protokolunun 2-ci hissəsinə əsasən onun mülkiyyətinə qaytarılmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 14.07.2000-ci il tarixli 505 saylı sərəncamına əsasən həmin icra hakimiyyətinin yanında fəaliyyət göstərən “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması üzrə komissiya”nın 04.12.1996-cı il tarixli qərarının 2-ci hissəsi qüvvədən düşmüş hesab edilmişdir. Onun qeyd etdiyi tikililərin, yəni 16,8 və 28,4 kv.m sahəli yaşayış otaqları və 11,3 kv.m sahəli örtülü eyvanın dövlət qeydiyyatına alınması barədə ərizəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən xahişindən imtina edilmiş və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ərizəsindən imtina verilməsini əsassız sayır. Çünki evinə dair bütün sənədlər həmin Ərazi İdarəsində saxlanılır. Bu idarəyə onun evinin tarixçəsi yaxşı məlumdur. Fakt budur ki, 1942-ci ildə həmin ev mövcud torpaq sahəsi ilə babasının istifadəsində olan şəxsi əmlak kimi qeyd edilmişdir. Belə tələb yalnız yeni tikilən evlərə və yeni əldə edilən torpaqlara aiddir. Hələ bu günə kimi sözügedən mülkün ilkin mənsubiyyəti yad adamlar tərəfindən mübahisələndirilməmişdir. Odur ki, qeydiyyata alınması mümkündür. Bu mülk dağılıb məhv olana kimi özbaşına tikili olaraq qeydiyyatsız qala bilməz. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 1996-cı ildən həmin evdə yaşamır, çünki bacıları buna imkan verməmişdir, həmin vaxdan az müddət bacısı Validə yaşamışdır, sonradan onu da Gülçöhrə və Nabat oradan çıxartmışlar, daha sonra isə qardaşı Nurəddin həmin evə köçüb yaşamağa başlamışdır, hazırda da qardaşı yaşayır. İddiaçının vəkili X12 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, qeyd olunan ev iddiaçı tərəfindən inşa olunmuşdur. Üçüncü şəxs X5 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı 1979-cu ildə ailə qurmuş və mübahisəli evin, yəni babalarına məxsus evin 1 otağında arvadı ilə yaşamağa başlamışdır. Həmin vaxt o və bacısı Nabat ataları ilə yaşayırdılar. 1989-cu ildə birgə yaşayış qaydalarını pozduğuna görə iddiaçı evdən çıxarılmışdır və bundan sonra orada heç vaxt yaşamamışdır. Həmin mülk babalarından miras qalmışdır, ona görə də yalnız Vidadiyə verilməsi qanunsuzdur. Üçüncü şəxs X9 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli ev babalarından onların valideyinlərinə keçmiş, sonra valideyinləri yenidən inşa etmişlər. Vidadi həmin evin dövlətin balansına keçirilməsinə nail olmuş, lakin valideyinləri həmin sənədləri ləğv etdirmişdir. Cavabdehə və digər üçüncü şəxsə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Beləki, iş materiallarına əlavə olunmuş; -10 fevral 1942-ci il tarixli aktın təsdiqlənmiş surətindən görünür ki, keçmiş Kirovabad şəhəri, Kollektiv küçəsi, 30 saylı fərdi yaşayış evi 1942-ci ildə aparılmış inventarlaşdırma zamanı X2 istifadəsində olduğu göstərilmişdir. -Gəncə şəhər Gəncə Rayon Xalq Məhkəməsinin 04.05.1983-cü il tarixli, 2-275 saylı qətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi əvəzsiz olaraq alınıb Gəncə rayon Sovetinin fonduna verilmişdir. -Gəncə rayon Maliyyə şöbəsinin 08 dekabr 1983-cü il tarixli aktının təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhər Gəncə Rayon Xalq Məhkəməsinin 04.05.1983-cü il tarixli, 2-275 saylı qətnaməsinə əsasən Əlövsət Məmmədov küçəsi 99 ünvanda yerləşən fərdi yaşayış evi Gəncə rayon Sovetinin balansına verilmişdir. -Xanlar Rayon Xalq Məhkəməsinin 29.12.1987-ci il tarixli qərardadının təsdiqlənmiş surətindən görünür ki, Gəncə rayon Xalq Deputatları İcraiyyə Komitəsinin X3 və qeyrilərindən yaşayış evi və əlavə tikililərin əvəzsiz olaraq Gəncə rayon Sovetliyinin fonduna verilməsi barədə mülki işin icraatına Azərbaycan SSR Ali Məhkəməsi Mülki İşlər üzrə məhkəmə kollegiyası 28 may 1986-cı il tarixli qərardadı ilə xalq məhkəməsinin 04.05.1983-cü il tarixli, 2-275 saylı qətnaməsi ləğv edildiyindən xitam verilmişdir. -Gəncə Şəhər İcra Hakimiyyəti aparatı nəzdində yaradılmış komissiyanın 04 dekabr 1996-cı il tarixli, 6 nömrəli iclas protokolunun təsdiqlənmiş surətindən görünür ki, Gəncə Rayon Xalq Məhkəməsinin 04 may 1983-cü il tarixli qətnaməsinə əsasən müsadirə edilmiş Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, 99 nömrəli evin sahəsi 16,8 kv.m və 28,4 kv.m yaşayış otaqları, 11,3 kv.m eyvan İddiaçı sahibliyinə qaytarılmışdır. -25 may 1997-ci il tarixli 11764 reyestr nömrəli qeydiyyat vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. -Gəncə Şəhər İcra Hakimiyyətin başçısının 14 iyul 2000-ci il tarixli, 505 nömrəli sərəncamının təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanda sahəsi 16,8 kv.m, 28,4 kv.m yaşayış otaqlarının və 11,3 kv.m eyvanın vətəndaş İddiaçı qaytarılması haqqında Gəncə Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən “Azərbaycan Respublikasının Məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması üzrə” komissiyanın 04 dekabr 1996-cı il tarixli qərarının 2-ci hissəsi komissiya artıq qanuni qüvvəsini itirmiş Gəncə rayon Xalq Məhkəməsinin 04.05.1983-cü il tarixli qətnaməsini təqdim etməklə, məhz həmin qətnamə əsasında Gəncə şəhəri Ə.Məmmədov küçəsi ev 99 saylı ev V.Bağıyeva qaytarıldığından, yəni faktiki olaraq müsadirə edilməmiş mülkün qaytarılması haqqında qərar qəbul olunduğundan qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi 25 may 1997-ci il tarixli, 11764 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən mübahisəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Qeyd edilməlidir ki, sözügedən qeydiyyat vəsiqəsi qüvvədə olduğu halda, başqa sözlə ev iddiaçının mülkiyyətində olduğu halda yenidən mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə mahiyyəti üzrə baxıla bilməz. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-10/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-10/2022
05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver