Məhkəmə qərarları › İş №2-1(114)-10/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-10/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-10/2025 31.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil İnqilab oğlunun və cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı «Azekspo-7” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********544200 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçıya xx.xx.2022-ci il tarixində **********302100 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında uyğunsuzluq məktubu ilə 2020-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin və kənarlaşma ilə bağlı izahedici məktubun təqdim edilməsi iddiaçıya bildirilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********544200 nömrəli qərarı ilə 2020 –ci il dövrünə dair Mənfəət vergisi üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama ilə müəyyən edilmiş vergi və sığorta haqqı 99,80154 manat miqdarında, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 72,30567 manat müəyyən edilmişdir. İddiaçı « Azekspo-7” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 96478.95 manat vergi borcu, 34774.99 manat faiz borcu olmaqla cəmi 131253.94 manat borcun silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin əsas fəaliyyət növü meyvə və tərəvəzin topdan satışından ibarətdir. Müəssisə xx.xx.2018-ci il tarixdə yaradılmış və qeyd olunan müddət ərzində həmin fəaliyyətlə məşğul olmuşdur.2020-ci il ərzində ******* manat dəyərində meyvə və tərəvəz tərəflərindən xarici ölkələrə ixrac olunmuşdur. xx.xx.2021-ci il tarixdə Vergi orqanı tərəfindən «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» bəyannamə və araşdırma üçün zəruri sənədlərin təqdim edilməsi tələb edilmiş, bundan sonra 346194.90 manat vergi borcu hesablanmışdır. Qəbul edilmiş qərarın surəti müəssisəyə göndərilmişdir.xx.xx.2021 -ci il tarixdə müəssisə 2020-ci il üçün mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir. Buna baxmayaraq vergi orqanı öz qərarında dəyişiklik etməmiş, hesablanmış borc məbləğini olduğu kimi saxlamışdır.Qeyd olunan qərardan şikayət verilmiş və araşdırma aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********915000 saylı qərarı ilə İnzibati şikayət qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin «Vegilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixi, **********672800 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərara əsasən cəmiyyətin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmiş, vergi borcu 96478.95 manat, faiz borcu isə 34774.99 manat olmaqla cəmi 131253.94 manat vergi borcunun olması qeyd olunmuşdur. Yəni şikayətləri əsasında vergi borcu müəyyən qədər azaldılmışdır. Lakin bu qərarla tam razı deyillər, hesab edirlər ki, həmin qərar ləğv olunmalı, vergi borcu tam silinməlidir.Belə ki, qərardan verilən şikayətdən də göründüyü kimi X1 və X6 alınmış kimi görünən meyvələrin alış aktları tərəflərindən ləğv edilmişdir. Həmin şəxslərin adları müəssisənin xərc siyahısından silinmişdir. Nəticə etibarilə 2020-ci il ərzində alış aktı əsasında 2713788.58 manatlıq mal (bu etibarilə 2020-ci il ərzində alış aktı əsasında 2713788.58 manatlıq mal (bu məbləğin 213388.62 manat pul vəsaiti 2021-ci ildə yazılmış və qeyd hissədə də 2020-ci ilə aid olması göstərilmişdir) elektron qaimə əsasında isə (mal 2020-ci ildə alınsa da qaiməsi 2021-ci ildə daxil olmuşdur) 419728.02 manatlıq mal alışı olmuş 4612.75 manat mal alınan xidmətlərə görə xərcləri çıxmışdır. Müəssisə tərəfindən alınan bütün mallar ancaq xaricə ixrac olunmuşdur, yəni yerli bazarda heç bir satış olmamışdır. Xaricə ixrac olunan malla bağlı isə müvafiq gömrük bəyannamələri verilmiş, heç bir yayınma halı olmamışdır. Qeyd olunanlar vergi borcunun tamamilə əsassız hesablanmasına dəlalət edir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********544200 nömrəli qərarının ləğv edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-49/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli Qərardadı (hakim F.Hüseynov) ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda bildirilir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (cavabdehin) xx.xx.2023-cü il tarixli **********544200 nömrəli qərarı ilə iddiaçı barəsində 2020-ci ilin mənfəət vergisi üzrə hesablama aparılmışdır. Vergi uçot bazası üzrə iddiaçının fəaliyyətinin meyvə və tərəvəzin topdan satışı olmaqla 2020-ci il ərzində ümumi dəyəri ƏDV-siz 2994046,12 manat olmaqla müxtəlif adda meyvə məhsulları ixrac etdiyi məlum olmuşdur.Belə ki, göstərilən dövr üzrə Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixində təqdim edilmiş 2020-ci ilin illik Mənfəət vergisi bəyannaməsinə elektron qaydada uyğunsuzluqlar olduğu (Tərəfindən hesablama metodu ilə təqdim edilmiş“Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) və 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 2981479.72 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən ( 0.00 manat), tərəfinizdən ixrac edilmiş (2994046.12 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (0.00 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 2994046.12 manat məbləğdən 12566.40 manat az əks etdirilmişdir) (Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində tərəfindən 2923268.28 manat məbləğində mallar idxal edilməsinə və e-qaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 N-li Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” xanalarındakı göstəricilərin cəmi (0 manat) vergi orqanının məlumat bazasında olan göstəricilərin cəmindən 2923268.28 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir) aşkar edilmişdir.Yaranmış kənarlaşmalarla əlaqədar olaraq Cəmiyyətə xx.xx.2022-ci il tarixli **********302100 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmişdir. Sözügedən məktubla 2020-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin və kənarlaşma ilə bağlı izahedici məktubun təqdim edilməsi iddiaçıya bildirilmişdir. Lakin həmin dövrə dəqiqləşmiş bəyannamə təqdim edilməmiş, nəticədə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********544200 nömrəli qərar qəbul edilmişdir. İddiaçı cəmiyyət xx.xx.2022-ci il tarixdə təqdim etdiyi bəyannamə ilə 27495,87 manat məbləğində vergi öhdəliyini müəyyən etdiyini nəzərə alaraq, mübahisələndirilən qərarla əlavə olaraq 72305,67 mant məbləğində vergi öhdəliyi müəyyən edilmişdir. Qeyd edilməlidir ki, cəmiyyət 2020-ci il ərzində 2994046,12 manat məbləğində və 3742145,0 kq miqdarında meyvə (alma, nar, heyva, xurma, nektarin, üzüm, və armud) ixrac etmişdir. Bildiririk ki, "Azekspo-7” MMC barəsində vergi orqanın hesablama aparmasının səbəbi cəmiyyətin xərclərinin düzgün müəyyən edilməməsi ilə bağlı olmuşdur. Yəni 2994046,12 manat məbləğində gəlirinin olması işin mübahisəsiz halıdır. Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə vergi orqanına 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və sözgedən bəyannamə ilə gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərclərin məbləği 2,844,000, 38 manat göstərilmişdir. Bu mənada xüsusilə vurğulamaq istərdik ki, iddiaçı xx.xx.2022-ci il tarixli 2020-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etmiş və hal-hazırda mübahisələndirilən qərarla formalaşmış vergi öhdəliyi ilə eyni məbləğdə vergi öhdəliyi müəyyən etmişdir. Belə ki, həmin bəyannaməyə nəzər saldıqda görmək olur ki, malların təqdim edilməsindən əldə edilən gəlirin məbləği 2, 994, 046,12 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərin cəmi məbləği isə 2, 495,038, 43 manat, ödənilməli mənfəət vergisinin məbləği isə 99801.54 manat göstərilmişdir. xx.xx.2023-cü il tarixli qərar əsasında da vergi öhdəliyi həmin məbləğdə müəyyən olunmuşdur. Eləcə də iddiaçı verginin hesablanmasında NK-nın 55 nömrəli qərarını tətbiq etmişdir. Göstərilən bu xüsusatlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********915000 nömrəli "İnzibati şikayətin təmin edilməsi haqqında” qərarında da əks olunmuşdur. İddiaçının mübahisələndirilən dövrü və tədiyyəni əhatə edən xx.xx.2022-ci il tarixli **********672800 nömrəli qərardan verdiyi inzibati şikayətə baxmış şikayət instansiyandakı icraat zamanı xx.xx.2022-ci il tarixli dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin göstəriciləri qəbul edilmiş və məhz sözügedən bəyannamə təqdim edildiyi üçün iddiaçının inzibati şikayəti təmin edilmişdir. İnzibati araşdırmanın nəticəsi olaraq iddiaçının təqdim etdiyi dəqiqləşdirlmiş vergi bəyannaməsi tərəflərindən təsdiq edilmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli qərar inzibati araşdırma ilə müəyyən edilmiş, habelə iddiaçı cəmiyyətin özünün vergi orqanına bəyan etdiyi vergi öhdəliyi ilə tamamilə uyğunluq təşkil etdiyindən əsaslı və qanuni inzibati akt hesab edilməlidir. Vergi orqanına təqdim edilən xx.xx.2022-ci il tarixli bəyannamədə 2, 844, 000, 38 manat məbləğində gəlirin əldə edilməsi bağlı xərclər sənədlərlə öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd etdiyimiz maddi hüquq normalarının tələbləri baxımından cavabdeh inzibati orqan haqlı olaraq 2, 844, 000, 38 manat məbləğində xərcin hamısı vergitutma obyektinin müəyyən edilməsində nəzərə almamış və şərti rentabellik üsulu ilə hesablama aparılmışdır. İddiaçının istinad etdiyi və müvafiq bazada mövcud olan alış aktları tərəfimizdən araşdırılmışdır. Adına elektron alış aktları tərtib edilmiş şəxslərdən olan X2 (FİN: 4CWAC2S) guya təqdim etdiyi meyvəyə görə 226067,48 manat məbləğindəki alış aktı və X8 (FİN: 4UMBX81) guya təqdim etdiyi meyvəyə görə 230809,50 manat məbləğindəki alış aktı iddiaçı cəmiyyətin özü tərəfindən ləğv edilmişdir. Bu haqda cəmiyyətin rəhbəri hələ inzibati araşdırma zamanı verdiyi izahatda bu xüsuatları təsdiqləmişdir. Eyni zamanda araşdırma zamanı digər vergi ödəyiciləri X15 (VÖEN: **********) xx.xx.2021- ci il tarixli izahatında, X9 (VÖEN: **********) xx.xx.2021-ci il tarixli izahatında, X17 (VÖEN: **********) xx.xx.2021-ci il tarixli izahatında, X18 (VÖEN: **********) xx.xx.2021-ci il tarixli izahatında, X10 (VÖEN: **********) xx.xx.2021-ci il tarixli izahatında Cəmiyyətə heç bir mal satışının həyata keçirmədiklərini bildirmişlər. xx.xx.2021-ci il tarixli ərizədə X3 heç bir müqaviləyə qol çəkmədiyini, heç bir bağ təsərrüfatı olmadığını, X15 xx.xx.2021-ci il tarixli məktubda meyvə yetişdirmədiyini, buğda əkini ilə məşğul olduğunu, X12 xx.xx.2022-ci il tarixli şikayətində kəndə təsərrüfatı fəaliyyəti ilə məşğul olmadığını, hər hansı torpaq sahəsinə malik olmadığını, maliyyə əməliyyatı aparmadığını, X17 xx.xx.2021-ci i tarixli izahatında iddiaçı cəmiyyəti tanımadığını, hər hansı işbirliyi olmadığını, kənd təsərrüfatı yetişdirmək üçün torpaq sahəsinə malik olmadığını, X18 xx.xx.2021ci il tarixli izahatında hər hansı kənd təsərrüfatı məhsulları satışı ilə məşğul olmadığını, onun adına göndərilmiş alış aktlarından xəbəri olmadığını, X10 xx.xx.2021-ci il tarixli izahatında iddiaçı cəmiyyətlə hər hansı qarşılıqlı əməliyyat aparmadığını bildirmişlər. Eləcə vergi orqanında mövcud olan uçot baza məlumatları əsasında müəyyən edilmişdir ki, X2 adına 226067,48 manat, X7 adına 123503 manat, X13 adına 348380 manat, X14 adına 102236 manat, X4 adına 351170 manat, X8 adına isə 230809 manat məbləğində, o cümlədən cəmi 1 382 165 manat məbləğində elektorn alış aktları tərtib edilmişdir. İşin qeyd olunan fərdi hallarından görünür ki, adlarına alış aktları tərtib edilmiş şəxslərin böyük əksəriyyəti iddiaçı ilə hər hansı təsərrüfat əməliyyatı aparmadıqlarını, hər hansı mal satmadıqlarını bildirmişlər. Nəticədə müəyyən olunur ki, istinad edilən elektron alış aktları vergi tutulan dövriyyənin formalaşmasında xərcləri təsdiq edən sənəd kimi nəzərə alına bilməz. İddiaçının nümayəndəsi Vəkil İnqilab oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X19 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********544200 nömrəli qərarı qərarın ləğv edilməsinə yönəldilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********544200 nömrəli qərar qəbul edilən zaman vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2643/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli Qərarında da ifadə etdiyi mövqeyinə uyğun olaraq; Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər. Hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. Lakin hesablamanın bu qaydada tətbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 33. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan imkanlardan istifadə edərək, iddiaçı üçün əlverişli halları nəzərə almamış və verginin düzgün hesablanmasını təmin etməmişdir. Əslində cavabdeh müvafiq əlaqəli məlumatlar əsasında iddiaçının mövcud xərclərini və bunun üzərindən mənfəətini (gəlirini) müəyyən edə bilərdi. Həmçinin, analoji vergi ödəyicisinə aid məlumatların araşdırılması istiqamətində də cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Hətta son zərurət olaraq şərti rentabellik normasının tətbiqi istiqamətində də inzibati araşdırma aparılmamışdır. Odur ki, cavabdeh tərəfindən aparılmış hesablama əsassız sayılmalıdır . Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin olunsun. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********544200 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar