Məhkəmə qərarları › İş №2-1(114)-100/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-100/2022

16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-100/2022 16.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) vurulmuş ziyanın ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə qərar qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı 06.11.2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon İcra Hakimiyyəti, Sabirkənd bələdiyyəsinin 03.07.2004-cü il tarixli 12 saylı qərarı əsasında bağlanmış “Torpaq icarə müqaviləsi”nə əsasən istifadəsinə verilmiş 13 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin istifadəsinə qaytarılması, həmin 13 ha torpaq sahəsi üzərində salınmış 5750 ədəd sağlam ağacdan ibarət xurma plantasiyasının məhv edilməsi ilə bağlı hər bir ağaca görə vurulmuş zərərin əvəzi və 2014- 2018-ci illər üzrə 5750 xurma ağacından götürəcəyi əldən çıxmış faydanın kompensasiya olaraq cavabdehdən xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Sabirkənd bələdiyyəsinin 03.07.2004-cü il tarixli 12 saylı qərarı əsasında bağlanmış “Torpaq icarə müqaviləsi”nə əsasən 13 ha kənd təsərrüfatlı torpaq sahəsi 50 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. Habelə, “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 28.08.2004-cü il tarixli JN-5279 saylı şəhadətnamə alınmışdır. Adıçəkilən 13 ha torpaq sahəsi üzərində 5750 ədəd xurma ağacından ibarət plantasiya salınmış və bir neçə dəfə məhsul götürülmüşdür. 2014-cü ilin oktyabr ayında cavabdeh qurumun əməkdaşları texnikalarla salmış olduğu plantasiyaya daxil olaraq iddiaçının əkdiyi ağacları məhv etmişlər. Cavabdeh tərəfindən edilmiş qeyriqanuni hərəkətlər nəticəsində qanuni əsaslarla iddiaçının istifadəsinə verilmiş 13 ha torpaq sahəsini istifadə etməkdən məhrum edilməklə yanaşı 5750 ağacı qırılmış, 2014-2020-ci illər üzrə bəhərdən də məhrum olmuşdur. Məhkəmənin 10.02.2021-ci il tarixli iclasında iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək, Sabirkənd bələdiyyəsinin 09.10.2014-cü il tarixli 10 nömrəli qərarının ləğv edilməsi, Sabirkənd bələdiyyəsinin 03.07.2004-cü il tarixli 12 saylı qərarı əsasında bağlanmış “Torpaq icarə müqaviləsi”nə əsasən istifadəsinə verilmiş 13 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin istifadəsinə qaytarılması, həmin 13 ha torpaq sahəsi üzərində salınmış 5750 ədəd ağacın məhv edilməsinə görə 230.000 manat və 2014-2018- ci illər üzrə bir il 273.000 manatdan hesablanmaqla 7 il müddətində əldən çıxmış 1.911.000 manat faydanı, cəmi 2.083.160 manat ziyanın cavabdehdən alınıb xeyrinə ödənilməsi haqqında qərar çıxarılmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir Məhkəmənin 10.02.2021-ci il tarixli 2-1(114)-4/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “Sabirkənd bələdiyyəsinin 09.10.2014-cü il tarixli 10 nömrəli qərarının ləğv edilməsi” və “Sabirkənd bələdiyyəsinin 03.07.2004-cü il tarixli 12 nömrəli qərarı əsasında bağlanmış “Torpaq icarə müqaviləsi”nə əsasən istifadəsinə verilmiş 13 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin istifadəsinə qaytarılması” tələbi mümkün sayılmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 əvvəlki məhkəmə iclaslarında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 03.07.2004-cü il tarixli 12 saylı bələdiyyə qərarı ilə icarəsinə verilmiş 13 ha torpaq sahəsindən iddiaçı 2014-cü il tarixədək istifadə etmiş, həmin sahəyə tərəfindən xurma ağacları əkilmiş, 2014-cü ilədək fayda götürmüş və torpağa dair icarə haqqı ödəmişdir. Lakin 2014-cü ildə tərəfindən əkilmiş həmin ağaclar cavabdeh tərəfindən məhv edilmiş və ona ziyan vurulmuşdur. Cavabdehin nümayəndəsi X9 əvvəlki məhkəmə iclaslarında iddianı qəbul etməyək bildirmişdir ki, bələdiyyənin 30 iyun 2004-cü il tarixli qərarı ilə iddiaçıya bələdiyyənin ehtiyat fondundan 13 hektar torpaq sahəsi 50 il müddətinə kənd təsərrüfatı və bağçılıq məqsədi ilə icarəyə verilmiş, 03 iyul 2004-cü il tarixdə bələdiyyə ilə iddiaçı arasında müvafiq icarə müqaviləsi bağlanmışdır. İddiaçı Azərbaycan Respublikası DT və XK-nin Şəmkir rayon şöbəsinin sabiq müdiri Rüstəm Rüstəmovla cinayət əlaqəsinə girmiş və onlar qərarda göstərilən torpaq sahəsinə deyil, bələdiyyənin mülkiyyətində olan, bələdiyyənin ehtiyat fonduna aid olan 13 hektar torpaq sahəsinə dair sənəd hazırlamış, Azərbaycan Respublikası DT və XK-nin Şəmkir rayon şöbəsi tərəfindən iddiaçıya 28.08.2004-cü il tarixdə JN-5279 (Kod ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilmişdir. Həmin sənəd saxtadır və iddiaçı indi də həmin sənəddən istifadə edir. Bu səbəbdən bələdiyyənin 09 oktyabr 2014- cü il tarixli, 10 nömrəli qərarı ilə iddiaçı ilə bələdiyyə arasında bağlanmış 03 iyul 2004-cü il tarixli, 01 saylı icarə müqaviləsi ləğv edilmişdir. İddiaçının qərardan xəbərsiz olması ilə bağlı bildirir ki, iddiaçı həmin qərar qəbul olunarkən bələdiyyənin iclasına dəvət edilsə də, özü həmin iclasda iştirak etməkdən imtina etmiş, eləcə də həmin qərarın surəti iddiaçının yaşadığı ünvana göndərilmişdir. Bundan əlavə iddiaçı öz iddiasında qeyd edir ki, cavabdeh tərəfindən edilmiş qeyri-qanuni hərəkətlər nəticəsində qanuni əsaslarla onun istifadəsinə verilmiş 13 ha torpaq sahəsini istifadə etməkdən məhrum edilməklə yanaşı 5750 ağacı qırılmış və 2014, 2015, 2016, 2017 və 2018-ci illər üzrə bəhərdən də məhrum olmuşdur. Bu isə o deməkdir ki, iddiaçı onunla bağlanmış icarə müqaviləsinin 2014-cü ildən ləğv edildiyini bilmiş və hazırda guya həmin, yəni bələdiyyənin 09 oktyabr 2014-cü il tarixli, 10 nömrəli qərarından yalnız 11 yanvar 2018-ci il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsində məlumatı olmuşdur. Qeyd olunanlarla yanaşı hesab edir ki, iddiaçı tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Bundan başqa bələdiyyə tərəfindən heç bir ağac məhv edilməmiş, həmin sahədə ümumiyyətlə ağac olmamışdır. Sadəcə çoxillik kolluqlar olmuş və həmin sahədən iddiaçı heyvandarlıq məqsədilə istifadə etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən 16.03.2022-ci il tarixdə məhkəməyə göndərilmiş vəsatətə münasibətdə qeyd edir ki, iddiaçının nümayəndəsi məhkəmənin 22.02.2022-ci il tarixli məhkəmə iclasında sübut gətirəcəyini bildirib məhkəmə iclasının təxirə salınmasını xahiş etməsinə baxmayaraq hazırki məhkəmə iclasına gəlməmiş və yenidən sübut gətirəcəyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Odur ki, məhkəmə bu halı iddiaçı tərəfin icraatı yubatmaq niyyəti ilə əlaqələndirir. Üçüncü şəxsin nümayəndəsi X5 əvvəlki məhkəmə iclaslarında iddianı qəbul etməyək bildirmişdir ki, Sabirkənd bələdiyyəsinin 15.12.2014-cü il tarixli 13 saylı protokolqərarı ilə nümayəndəsi olduğu "xxxx" MMC-nin təsis edilməsi qərara alınmış və mübahisələndirilən torpaq sahəsi 2014-cü ildən hazırkı tarixədək MMC-nin istifadəsində olmuşdur. Həmin sahədə onların icarəsinə verildiyi vaxt və ya ondan əvvəl ağaclar olmamış və cavabdeh orqan tərəfindən məhv edilməmişdir. X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 2010-2015-ci illərdə Sabirkənd bələdiyyəsinin üzvü olmuş, 2014-cü ilin noyabr ayında İddiaçı icarəyə götürdüyü sahədə olan ağaclar texnika ilə bələdiyyə sədri Etibar Əliyevin göstərişi və rəhbərliyi əsasında sındırılmışdır. Sındırılmış ağacların sayını bilmir, lakin ağacların hamısı bar verən ağaclar olmuşdur. Ağacların sındırılmasında iştirak etməmişdir, həmin sahə yol kənarında olduğu üçün sadəcə görmüşdür. X3 ifadəsində bildirmişdir ki, 2000-ci ildən hal-hazıradək Sabirkənd bələdiyyəsinin üzvüdür, 13 hektar torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. Həmin sahədə olan xurma ağacları 2014-cü ildə bələdiyyə sədri E.Əliyevin göstərişi ilə sındırılmışdır. Bələdiyyə sədri onlara həmin ərazidə MMC yaradılacağını bildirmişdir. X7 ifadəsində bildirmişdir ki, ağac ştilləri yetişdirməklə məşğuldur, 2006-cı ildə İddiaçı 7000 xurma ağacı satmışdır. Ağacları satdıqdan sonra Etibarın həmin 2 illik ştilləri yol kənarında olan sahəyə basdırdığını görmüşdür. X4 ifadəsində bildirmişdir ki, İddiaçı bağında fəhləlik etmişdir. 2006-cı ildə 6000 xurma ağacının basdırılmasında iştirak etmişdir. Həmin ağaclar bələdiyyə sədrinin rəhbərliyi ilə sındırdı. Sındırılan zaman hamısı bar verən yaşda idi, üstündə bar vardı. X1 ifadəsində bildirmişdir ki, 2000-ci ildən 2010-cu ilə kimi Sabirkənd bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Hal-hazırda isə həmin kənd üzrə icra nümayəndəsidir. 13 ha torpaq sahəsi iddiaçıya icarəyə verilən zaman bələdiyyə sədri olmuş, mübahisələndirilən torpaq sahəsində iddiaçı tərəfindən heç bir ağac əkilməmiş və həmin sahədə ağac olmamışdır. İddiaçı həmin torpaq sahəsindən heyvandarlıq üçün örüş kimi istifadə etmiş, həmin sahədə kolluq-yaşıllıq olmuşdur. Bununla yanaşı 2014-cü ildən həmin torpaq sahəsindən "xxxx" MMC istifadə etmiş, iddiaçı həmin sahədən 2014-cü il tarixdən istifadə etməmiş və icarə haqqı ödəməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-5279 Kod 50400098 nömrəli şəhadətnamədən görünür ki, Şəmkir rayonu Sabirkənd bələdiyyəsinin 30.06.2004-cü il tarixli 12 nömrəli qərarına əsasən 13.0 ha torpaq sahəsi İddiaçı müvəqqəti istifadəsinə verilmişdir. -surəti işə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsinin 02.07.2004-cü il tarixli 376 nömrəli rəyindən görünür ki, Şəmkir rayonu Sabirkənd bələdiyyəsinin mülkiyyətində olan və İddiaçı icarəyə verilməsi nəzərdə tutulan 13 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədi üçün icarəyə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. -surəti işə əlavə edilmiş 03.07.2004-cü il tarixli 01 nömrəli “Torpaq icarə müqaviləsi”ndən görünür ki, Şəmkir rayonu Sabirkənd bələdiyyəsinin 30.06.2004-cü il tarixli 12 nömrəli qərarına əsasən 13.0 ha torpaq sahəsi 50 il müddətinə İddiaçı icarəsinə verilmişdir. surəti işə əlavə edilmiş Şəmkir rayonu Sabirkənd bələdiyyəsinin 09.10.2014-cü il tarixli protokolundan görünür ki, İddiaçı ilə bağlanmış 03.07.2004-cü il tarixli 01 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. surəti işə əlavə edilmiş 18.02.2015-ci il tarixli 01 nömrəli “Torpaq icarə müqaviləsi”ndən görünür ki, Şəmkir rayonu Sabirkənd bələdiyyəsinin 13.02.2015-ci il tarixli 03 nömrəli qərarına əsasən 13.0 ha torpaq sahəsi 60 il müddətinə "xxxx" MMC-nin icarəsinə verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmənin 10.02.2020-ci il tarixli qərardadı ilə iddia tələbinin bir hissəsi mümkün sayılmadığından məhkəmə hazırda iddianın “13 ha torpaq sahəsi üzərində salınmış 5750 ədəd ağacın məhv edilməsinə görə 230.000 manat və 2014-2018-ci illər üzrə bir il 273.000 manatdan hesablanmaqla 7 il müddətində əldən çıxmış 1.911.000 manat faydanı, cəmi 2.083.160 manat ziyanın cavabdehdən alınıb xeyrinə ödənilməsi” hissəsinə baxır. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı qeyd edilən hissədə əsaslı hesab etmir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3). Göründüyü kimi delikt öhdəliyi elə bir mülki hüquq münasibətidir ki, bu münasibətə görə ziyan (zərər) vuran şəxs mülki hüquq pozuntusu (delikt) nəticəsinə fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş ziyanın əvəzini ödəməyə borclu olur. Delikt öhdəliyi qanundan əmələ gələn öhdəlikdir, yəni qanunun nəzərdə tutduğu birbaşa göstərişə görə meydana gəlməklə mütləq hüquqların (mülkiyyət, şərəf və ləyaqət, sağlamlıq və s) pozulması nəticəsində əmələ gəlir. Bununla yanaşı delikt məsuliyyətinin yaranması üçün zərərin olması əsas şərtlərdən biridir. Əgər zərər yoxdursa, deliktdən yəni hüquqi məsuliyyətdən söhbət gedə bilməz. Yəni o zərərin əvəzi ödənilir ki, həmin zərər şəxsin şəxsiyyətinə, əmlakına, işgüzar nüfuzuna vurulsun. Məhkəmə hesab edir ki, hazırki iş üzrə kompensasiya o zaman ödənilə bilər ki, torpaq sahəsində iddiaçıya məxsus meyvə ağacları mövcud olsun və həmin ağaclar cavabdeh inzibati orqan tərəfindən məhv edilsin. Bu səbəbdən də qeyd edilən xüsusat üzrə əvvəlcə mübahisəli torpaq sahəsi üzərində həqiqətən iddiaçının iddia etdiyi ağacların mövcud olub-olmaması məsələsinə qiymət verilməlidir. Bu məqsədlə məhkəmə tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinə müraciət edilmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şəmkir X18 Mərkəzinin mütəxəssisi tərəfindən 23.11.2020-ci il tarixdə tərtib edilmiş rəydə mübahisəli ərazidə faktiki ağac gövdəsinin kəsilməsi, ağac kökləri və çoxillik ağacların olmasının müşahidə edilməməsi, ancaq yaşıllıq məqsədilə əkilmiş ağacların olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı mübahisəli ərazidə iddiaçıya məxsus meyvə ağaclarının olması və cavabdeh inzibati orqan tərəfindən məhv edilməsi öz təsdiqini tapmamış, cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetməmişdir. Məhkəmə həmçinin iddiaçı tərəfindən dəvət edilmiş şahidlərin ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, işdə olan sübutlarla şahid ifadələri təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı Cavabdehnə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar