Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-100/2024 08.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə doğulmuş, əmək fəaliyyətinə xx.xx.1981-ci ildə Daşkəsən rayonu, "xxxx" ASC-nin saflaşdırıcı fabrikinə 1-ci dərəcə ilə köməkçi fəhlə qəbul olunmaqla başlamışdır. xx.xx.1981-ci ildə həmin fabrikdə 2ci dərəcə konveryner maşinisti təyin edilmiş, xx.xx.1982-ci il tarixdə ali məktəbə qəbul olunmağı ilə əlaqədar öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1988-cı il tarixdə Daşkəsən rayonu, "xxxx" ASC-nin saflaşdırıcı fabrikinə gənc mütəxəssis kimi təmir qurğusunun çilingərlərinə 4-cü dərəcə ilə baş usta təyin edilmiş, xx.xx.1997-ci il tarixdə ştatın ixtisarı ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1997-xx.xx.1998-ci illərdə Daşkəsən rayon Kimya birliyində baş mühəndis vəzifəsində işləmiş, xx.xx.1998-xx.xx.2011-c il tarixədək Gəncə şəhər, Ə.Cavad adına 2 saylı tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçının “1983-1988-ci illərdə təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə ərizəsi icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 1983- 1988-ci illərdə əyani təhsil almışdır. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı güzəştli arayış təqdim etmədiyinə və sosial sığorta stajı 25 ildən az olduğuna görə ona pensiya təyin edilməmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu, işin konkret halları iş yerinin arayışında dəqiq göstərilməlidir. Yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışı təqdim edilmədiyindən iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Bundan başqa, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatladan göründüyü kimi, ümumi iş stajı 25 ildən az (23 il 6 ay 19 gün (xx.xx.1981xx.xx.1982-ci il, xx.xx.1988-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1998xx.xx.2006-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 4 il 7 ay)) təşkil edir. Əlavə olaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının pensiya kapitalı cəmi 17148,03 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Daşkəsən Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 183 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixli 12-k nömrəli əmrlə saflaşdırıcı fabrikə 1-ci dərəcə ilə köməkçi fəhlə qəbul edilmiş, xx.xx.1982-ci il tarixli 161-k nömrəli əmrlə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1988-ci il tarixli 73-k nömrəli əmrlə saflaşdırıcı fabrikə 4-cü dərəcə ilə baş usta təyin edilmiş, xx.xx.1997-ci il tarixli 01-k nömrəli əmrlə işdən azad edilmişdir. -HB 016421 nömrəli, xx.xx.1988-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1988-ci ildə tam kursu bitirmişdir. -xx.xx.1982-ci il tarixli ИТ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2011-ci il tarixədək ayrı-ayrı müəssisələrdə müəyyən fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -«X6» MMC-nin xx.xx.2023-cü il tarixli, DDF-XO-0185/23 nömrəli məktubunda bildirilir ki, "xxxx" ASC ləğv edilmişdir və «X6» MMC ləğv edilmiş "xxxx" ASC-nin hüquqi varisi deyildir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H-20344/2023 nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının güzəştli iş stajının olmaması, eləcə də ümumi iş stajının 25 ildən az olması əsası ilə ona güzəştli şərtlərlə müvafiq əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır -9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini güzəştli işlərdə çalışan 50 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndində əsasən bu Qanunun 12,13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılır. Yuxarıda göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq iddiaçının pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur. 1) qanunla tələb edilən pensiya yaşına çatması; 2) qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq olunmuş müvafiq siyahıda göstərilməsi. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ artıq yaranmışdır. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən iddiaçının 23 il 6 ay 19 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1988-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2006-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 4 il 7 ay)) sığorta stajının olması müəyyən edilmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı 1983-1988-ci illərdə əyani təhsil almışdır. Həmçinin məhkəmə tələbin “təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. İddiaçının 1983-1988-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil aldığı zaman qüvvədə olmuş qanunvericilik normalarına əsasən təhsil alma müddəti iş stajına aid edilmişdir. Qeyd olunan normaların tələblərinə əsasən məhkəmə iddiaçının təhsil aldığı müddətin də sosial sığorta stajına daxil edilməsini məqsədə müvafiq hesab edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı ümumilikdə 23 il 06 ay 19 gündür. İddiaçının təhsil illlər də nəzərə alınmaqla onun təxminən 28 il sığorta stajı yaranmış olur. Yəni iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçının güzəştli iş stajı ilə bağlı müəyyən olunur ki, cavabdeh orqan iddiaçı tərəfindən güzəştli iş stajını təsdiq edən arayış təqdim edilmədiyini qeyd edərək onun güzəştli iş stajının olmadığını bildirmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (1 il 9 ay 26 gün) Daşkəsən "xxxx" ASC-də konveyner maşinisti və fəhlə və xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (8 il 4 ay 22 gün) usta və baş usta işləmişdir. Beləliklə müəyyən edilir ki, iddiaçının ümumi iş stajı 25 ildən çox olmaqla, güzəştli iş stajı 10 ildən çoxdur. Qeyd edilməlidir ki, iddiaçının işlədiyi qeyd olunan vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nın 2010100a-13777 və 2010500b-23187 bölmələrində nəzərdə tutulmuşdur. Deməli cavabdehin yuxarıda qeyd olunan arqumenti əsassız olmuşdur. Həmçinin iddiaçı tərəfindən güzəştli iş stajını təsdiq edən arayışın təqdim edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi "xxxx" ASC Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 sentyabr tarixli, 2245 nömrəli Sərəncamı ilə ləğv edildiyindən və onun hüquqi varisi müəyyən edilmədiyindən, eyni zamanda analoji fəaliyyətlə məşğul olması nəzərdə tutulan hüquqi şəxslərə məhkəmə tərəfindən verilmiş sorğular nəticə vermədiyindən, qeyd olunan arayışın təqdim edilə bilinməməsi iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına əsas verməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İşin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, iddiaçının 1983-1988-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1983-1988-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-100/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-100/2024
08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver