Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1000/2020 22.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) qarşı vahid aylıq müavinətin bərpa edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, beş nəfərdən ibarət ailə üzvlərinə verilən vahid aylıq müavinətin bərpa olunması və 2017-ci ildən bugünə kimi yığılıb qalan vahid aylıq müavinətin hesablanaraq ona ödənilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə 1993-cü il tarixdə Kəlbəcər rayonundan məcburi köçkün düşərək Bakı şəhərinə gəlmişlər. Məcburi köçkün olduqları üçün 1993-cü ildən 2017-ci ilə kimi dövlət tərəfindən 5 nəfərdən ibarət ailə üzvlərinə vahid aylıq müavinət almışlar.Belə ki, Rusiya Federasiyasında yaşayan və işləyən Rusiya Federasiyasının vətəndaşı olan kürəkəni 2002-ci ildə özünə mənzil almaq üçün Bakı şəhərinə gəlmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə Rusiya Federasiyası vətəndaşı Bakı şəhərində özünə mənzil ala bilmədiyi üçün formal olaraq onun adına Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi 25, 56 saylı mənzili almışdır. Elə həmin vaxtı 2034-cü ilə kimi mənzilin sahibinə baş etibarnamə vermişdir. Hazırda mülkiyyətində daşınmaz əmlak yoxdur. Mənzili öz sahibinə qaytarmışdır. Bundan sonra mülkiyyətində mənzil olduğu üçün 5 nəfərdən ibarət ailə üzvlərinə verilən müavinət pulu dayandırılmışdır. Xüsusi ilə qeyd edir ki, o, ümumiyyətlə heç bir fərdi və ya digər məsul işlərdə işləməmişdir. Heç bir maddi imkana sahib deyil. Maddi imkanı olmadığı üçün özünə mənzil ala bilmir. Sonradan zəruri sənədləri toplayaraq Kəlbəcər rayon İH-nə təqdim edərək çörək pulunun bərpa olunmasını xahiş etmiş, İH-nin Qaçqın və Məcburi Köçkünlərinin işləri üzrə məsul nümayəndəsi bildirmişdir ki, sənədlər araşdırılmış, qaydasındadır, yanlışlıq aradan qaldırılmış və xx.xx.2017-ildən müavinət bərpa olunacaq və bu barədə Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəsmi məlumat verilib adları siyahıya salınmışdır. Lakin bu illər ərzində ailə üzvlərinə ayrılan müavinət pulu hələ də bərpa olunmamışdır. Tərəflərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13. maddəsinin tələbinə əsasən iddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması ilə əlaqədar vaxt verilmiş, məhkəmənin sərəncamı poçt vasitəsilə iddiaçıya göndərilmiş və xx.xx.2020-ci ildə xəbərnaməyə imza etdirilməklə ona çatdırılmışdır. Lakin iddiaçı məhkəmənin sərəncamında qeyd edilən tələblərə riayət etməmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı özünə və ailə üzvləri - X5, X1, X6 və X3 vahid aylıq müavinətinin ödənilməsini dayandırılmasının qanunsuz hesab edilməsi və həmin şəxslərə vahiq aylıq müavinətin ödənilməsinin dayandırıldığı tarixdən hesablanaraq verilməsini xahiş etmiş və cavabdeh kimi Cavabdeh göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal xidmətlər və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydalarının 3-cü maddəsinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinə təqdim edirlər. Əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Göründüyü kimi hazırkı cavabdeh orqan aylıq müavinət alan məcburi köçkünlərin ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiqləyərək həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim edir. Yəni əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının birbaşa müavinətin ödənilməsini təmin etmək səlahiyyəti yoxdur. Bununla yanaşı iddiaçı, iddia tələbində 5 nəfər ailə üzvlərinə verilən vahid aylıq müavinətin bərpa olunmasını və 2017-ci ildən hazırkı tarixədək ödənilməyən məbləğin ödənilməsini xahiş etmiş, lakin ərizədə həmin ailə üzvləri barədə məlumat qeyd etməmişdir. Həmçinin, İddiaçı, X5, X1, X2 adından iddia ərizəsi ilə nümayəndə qismində müraciət etmək hüququnu təsdiq edən etibarnaməni ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 31.1. maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Həmin Məcəllənin 31.2. maddəsinə əsasən prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Həmin Məcəllənin 1.2. maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-1. maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 73.1. maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 74.1. maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2. maddəsində göstərilir ki, iddia ərizəsinin imzalanması, məhkəmə aktından şikayət verilməsi və sair ilə əlaqədar olaraq nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Bundan başqa, ərizədə qeyd edilən şəxslərin hazırkı tələblə bağlı cavabdeh inzibati orqana müraciətlərini təsdiq edən sənəd də əlavə olunmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) qarşı vahid aylıq müavinətin bərpa edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) qarşı vahid aylıq müavinətin bərpa edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1000/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1000/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver