Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1000/2022 28.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və onun vəkili X9 iştirakları ilə, İddiaçı cavabdeh Şəmkir rayonu Keçili Bələdiyyəsinə (üçüncü şəxs X10) qarşı qərarın ləğv edilməsi və torpaq sahəsinin ona satılması tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Şəmkir rayonu Keçili Bələdiyyəsinə (üçüncü şəxs X10) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu Xuluf kəndinin ərazisində yerləşən, 20 il müddətində qanuni əsaslarla sahibliyində və istifadəsində olan, üzərində istixana və istixanaya xidmət edən su quyusu inşa etdirdiyi, 0,0698 ha həyətyanı torpaq sahəsinin üçüncü şəxsə satılmasına dair Şəmkir rayonu Keçili Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 23 saylı iclas qərarının ləğv edilməsi, həmin 0,0698 ha həyətyanı torpaq sahəsinin ona satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 ildir Keçili Bələdiyyəsinin mülkiyyətində olan həmin kəndin ərazisində yerləşən 0,0698 ha həyətyanı torpaq sahəsini Keçili Bələdiyyəsinin keçmiş sədri İnqilab Ələkbərovun razılığı əsasında istifadə edir. 10 il olar ki, həmin torpaq sahəsini satın almağı üçün bələdiyyə sədrinə bir min manat məbləğində rüsumu şəxsən ödəmişdir. Həmin torpaq sahəsində gələcəkdə Keçili Bələdiyyəsi ilə arasında alqı-satqı müqaviləsi bağlanılacağına dair razılaşmalarından sonra 10 il olar ki, istifadəsində olan həmin 0,0698 ha torpaq sahəsi üzərində istilikxana və su quyusunu inşa etdirərək bu günədək istixanada kənd təsərrüfatı məhsullarını əkib-becərir. Ancaq X1 Şəmkir Rayon Məhkəməsində ona qarşı qaldırmış olduğu «torpaqdan çıxarılma tələbinə dair» iddiasından sonra məlum olmuşdur ki, Keçili Bələdiyyəsinin keçmiş sədri İnqilab Ələkbərov öz razılığı əsasında istifadəsində olan 0,0698 ha torpaq sahəsini hüquqi əsas olmadan Keçili Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 23 saylı qərarı ilə Ülfət Böyükkişiyevə satılması qərara alınmış və Şəmkir rayonu Keçili bələdiyyəsinin keçmiş sədri X12 ilə X10 arasında bağlanmış, Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2019-cu il tarixdə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında üçüncü şəxsə satılmışdır. Nəticədə üçüncü şəxs həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıraraq öz adına qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarış almışdır. Halbuki, qeyd etdiyi kimi Keçili Bələdiyyəsinin keçmiş sədrinin razılığı ilə həmin torpaq sahəsi üzərində istixana inşa etdirərək ümumilikdə 20 il müddətində sahiblik və istifadə etməyinə görə həmin torpaq sahəsini satın almaqda onun üstünlük hüququnun olması nəzərə alınmadan həmkəndlisi Ülfət Böyükkişiyevə satılmasına dair Keçili Bələdiyyəsinin qərarı əsassızdır. Eyni zamanda bələdiyyələr haqqında qanunvericiliyə dəyişiklik edilməsinə dair xx.xx.2008ci il tarixli Qanunun tələbinə əsasən qanuni əsaslarla istifadəsində olan həmin torpaq sahəsini cavabdehin hərracdan kənar qaydada satmağa səlahiyyəti olmamışdır. Əgər hərracdankənar qaydada satmağa səlahiyyəti olmuşdursa, həmin torpaq sahəsinin 20 ildən artıq isitifadəçisi olmağına, üzərində ona məxsus istilikxananı, həmin istilikxanaya xidmət edən su quyusunu inşa etdirməklə istifadə etməyinə və 5 ildən artıq həmin kənddə yaşamağına görə satın almağı üçün ilkin olaraq rəsmi müraciətlə ona təklif edilməli idi. Həmin torpaq sahəsini hərracdankənar qaydada almaqdan imtina etdiyi halda isə kənar şəxslərə yenə də hərrac qaydasında satılmalı idi. Ona görə də Bələdiyyənin özünün çıxardığı qərarı əsassız hesab etdiyi halda ləğv etmək hüququnun olmasını nəzərə alaraq Keçili Bələdiyyəsinin qərarının ləğv edilməsini, həmin torpaq sahəsinin ona satılmasına dair yeni qərar qəbul edilməsini xx.xx.2021-ci il tarixli ərizəsi ilə cavabdehə rəsmi olaraq müraciət etmişdir. Cavabdeh isə ona ünvanladığı xx.xx.2021-ci il tarixli 150 saylı məktubunda mübahisəli torpaq sahəsinin Keçili Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 23 saylı iclasının qərarı ilə üçüncü şəxsə satılmasını və üçüncü şəxsin adına artıq çıxarışın alınmasını, Keçili Bələdiyyəsi tərəfindən «zəbt etmiş olduğu torpaq sahəsinin azad olunması ilə bağlı xx.xx.2018-ci il tarixdə bildiriş göndərilməsini, Keçili Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 23 saylı iclasının qərarının ləğv edilməsinə dair tələbinin əsassız olmasını və həmin məsələ ilə bağlı məhkəməyə müraciət etməyini» bildirmişdir. Gəncə İnzibati Məhkəməməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-2383/2021 nömrəli qərardadı ilə iddia ərizəsi mümkün sayılmamışdır. İddiaçının xx.xx.2022-ci il tarixli apellyasiya şikayəti əsasında inzibati işə baxılması üçün xx.xx.2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(104)-150/2022 nömrəli qərardadla apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-2383/2021 nömrəli qərardadı ləğv edilmiş və mümkünlük məsələsinə baxılması üçün yenidən Gəncə İnzibati Məhkəməməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə X10 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. İddiaçı və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdilər. İş üzrə cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatlarını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən mümkünlük şərtlərinin olub olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığıü yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarında olan Şəmkir rayonu Keçili bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 23 saylı iclas protokolundan çıxarışdan görünür ki, Keçili bələdiyyəsi ərazisində yerləşən Dövlət reyestrində Keçili bələdiyyəsinin adına xx.xx.2019-cu il tarixli **********20 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0.0698 ha torpaq sahəsinin 2094 manata X3 qərarı alınmışdır. Şəmkir rayonu Keçili bələdiyyəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli 150 nömrəli məktubundan görünür ki, iddiaçının istifadəsində olan 0.0698 ha həyətyanı torpaq sahəsi Keçili bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 23 saylı qərarı ilə Xuluf kənd sakini X4 və adına çıxarış alınmışdır. İddiaçıya Keçili bələdiyyəsi tərəfindən xx.xx.2018-ci ildə zəbt etdiyi torpaq sahəsinin azad olunması ilə bağlı bildiriş göndərilmişdir. İddiaçının Keçili bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 3 saylı qərarının ləğv olunması ilə bağlı müraciəti əsassızdır. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbi üzrə subyektiv hüququnu və hüquqi marağını onunla əsaslandırmışdır ki, mübahisələndirdiyi torpaq sahəsini Keçili Bələdiyyəsinin keçmiş sədrinin razılığı əsasında istifadə edir. 10 il olar ki, həmin torpaq sahəsini satın almaq üçün bələdiyyə sədrinə bir min manat məbləğində rüsumu şəxsən ödəmişdir. Həmin vaxtdan, yəni gələcəkdə Keçili Bələdiyyəsi ilə arasında alqı-satqı müqaviləsi bağlanılacağına dair razılaşmalarından sonra istifadəsində olan həmin 0,0698 ha torpaq sahəsi üzərində istilikxana və su quyusunu inşa etdirərək bu günədək istifadə edir. X1 Şəmkir Rayon Məhkəməsində ona qarşı qaldırmış olduğu «torpaqdan çıxarılma tələbinə dair» iddiasından sonra məlum olmuşdur ki, mübahisələndirdiyi torpaq sahəsi bələdiyyə qərarı əsasında X2. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq müəyyən etmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması qanuni əsaslarla ona verilməsi sübuta yetirilməmişdir. Belə ki, iddiaçı Keçili bələdiyyəsinə rüsum ödəyib torpaqdan istifadəyə dair razılıq əldə etdiyi desə də, həmin torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair heç bir sənəd məhkəməyə təqdim olunmamışdır. Məhkəməyə təqdim etdiyi, Şəmkir rayonu Keçili bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 150 nömrəli məktubundan da göründüyü kimi mübahisələndirilən torpaq sahəsi iddiaçı tərəfindən zəbt edilmiş torpaq sahəsi olmuş və iddiaçıya həmin torpaq sahəsinin azad olunması ilə bağlı xx.xx.2018-ci il tarixdə bildiriş göndərilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi, Şəmkir rayonu Keçili bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 55 nömrəli məktubunda 0.0698 ha həyətyanı torpaq sahəsinin X7 tərəfindən özəlləşdirilməsinə baxmayaraq hal-hazırda sözügedən həyətyanı torpaq sahəsində İddiaçı məxsus 0.03 ha istilikxana və su quyusunun mövcud olduğu göstərilmişdir. Məhkəmə sorğusu əsasında Şəmkir rayonu Keçili bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 75 nömrəli məktubunda Xuluf kənd sakini İddiaçı torpaq sahəsinin sənədləşməsi ilə bağlı Keçili Bələdiyyəsinə müraciət etmədiyi və həmin torpaq sahəsinin zəbtdən azad olunması ilə əlaqədar olaraq iddiaçıya xx.xx.2018-ci il tarixdə bildiriş göndərildiyi, lakin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı ödənişin olmadığı qeyd olunmuşdur. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququnun olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdeh Şəmkir rayonu Keçili Bələdiyyəsinə (üçüncü şəxs X10) qarşı Şəmkir rayonu Keçili Bələdiyyəsinin qərarının ləğv edilməsi və torpaq sahəsinin ona satılması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1000/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1000/2022
28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver