Məhkəmə qərarları › İş №2-1(114)-1002/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1002/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1002/2025 21.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik müavinətin və kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş imtinası qanunsuz hesab edilməklə üzərinə “Valideynlərini itirmiş və valideynlik himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş birdəfəlik müavinətin və kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Qazax rayonu, Xanlıqlar kəndində qeydiyyatda olmaqla hal-hazırda təhsil və əmək fəaliyyəti ilə əlaqədar Bakı şəhərində yaşayır. Qazax rayon İcra Hakimiyyəti Başçısının 27 dekabr 2018-ci il tarixli 9-21-1183 saylı Sərəncamına əsasən Qazax rayonu, Xanlıqlar kənd sakini X3 nəvəsi Qazax rayonu, Xanlıqlar kənd sakini 17 avqust 2001-ci il təvəllüdlü iddiaçının himayəçisi təyin edilmişdir. Sərəncama əsasən iddiaçının saxlanması, tərbiyə alması, təhsil alması, hüquq və vəzifələrinin qorunması İbrahim Alməmmədova tapşırılmışdır. İddiaçı ali təhsil almaq üçün imtahanı uğurla verib 641 bal toplayaraq Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanmışdır. İddiaçının universitetdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinə dair müraciətinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli cavab məktubunda müsbət cavab verilərək onun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər üçün qanunvericiliklə nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququna malik olduğu qeyd edilərək təhsil haqqı vəsaitlərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi təmin edilmişdir. Bundan sonra o, təhsilinə davam etməklə əmək fəaliyyətinə başlamışdır. İddiaçı əmək fəaliyyətinə başladıqdan sonra qanunvericiliklə valideyn himayəsindən məhrum olmuş şəxslərə müəyyən kompensasiya və birdəfəlik ödəmələrin verilməsinin nəzərdə tutulduğunu öyrənib aidiyyəti üzrə cavabdeh orqana müraciət etmişdir. Lakin, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 25 may 2024-cü il tarixli cavab məktubunda, o, qanun ilə müəyyənləşdirilmiş şəxslər kateqoriyasına aid edilmədiyindən ona sözügedən birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. İddiaçı cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Onu doğulduğu gündən 6 aylığınadək və 11 aylığından bu günədək nənə və babası saxlamışdır. Tərbiyə və təhsil vermişdir. 11 aylıq olanda atası ilə anası ayrılmışdır. İddiaçı atasının evində cəmi 4 ay yaşamışdır. 11 aylığında atası ondan imtina etmişdir. Onun 1 yaşı olanda atası ikinci dəfə ailə həyatı qurmuşdur. Doğum şəhadətnaməsi məhkəmə qaydasında 1 yaş 2 aylıq olanda alınmışdır. İddiaçının bu günədək bütün ehtiyaclarını nənə və babası ödəmişdir. Kiçik yaşlarından nənə və babasının qayğısı ilə onların himayəsi altında, onların yanında böyümüşdür. İddiaçı hesab edir ki, qeyd edilənlərə əsasən, onun barəsində cavabdeh orqan tərəfindən verilmiş birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsindən imtina qanunsuz hesab edilərək bu öhdəliyinin icrası cavabdehə həvalə edilməlidir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsində cavabdehin imtina məktubunun qanunsuz hesab edilməsi və ona valideynlərini itirmiş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan imtinasını qanuni və əsaslı hesab edir. Belə ki, İddiaçı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsi məqsədilə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə cavab olaraq ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17-1/2-1- 123050/2024 nömrəli məktubda İddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şəxslər kateqoriyasına aid edilmədiyindən sözügedən birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Qazax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 9-21/183 nömrəli sərəncamına əsasən X4 iddiaçı M. İsmayılovanın himayəçisi təyin edilmiş və onun saxlanması, tərbiyə olunması, təhsil alması, hüquq və vəzifələrinin qorunması İ.Alməmmədova tapşırılmışdır. Sözügedən iş üzrə Qazax Rayon İcra Hakimiyyətinə ünvanlanan sorğuya xx.xx.2024-cü il tarixli 5-58/2- 904/2024 nömrəli cavab məktubunda İddiaçı anası Əminə Alməmmədovanın səhhətində yaranan problemlər səbəbindən övladına baxa bilməməsi həmçinin İddiaçı atası tərəfindən də himayədən kənarda qaldığı üçün onun babası İ.Alməmmədovun himayəçi təyin edildiyi qeyd edilmişdir. İş materiallarına əsasən, İddiaçı valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından 23 yaşınadək olan şəxs olub-olmaması faktını müəyyən etmək mümkün olmadığı üçün birdəfəlik müavinətin təyin edilməsi qanunvericiliklə mümkün olmamışdır. Sözügedən iş üzrə Qazax rayon İcra Hakimiyyətinə ünvanlanan sorğuya xx.xx.2024-cü tarixli 5-58/2-904/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı anası Əminə Alməmmədova bütün həyatını övladına həsr edərək onu müalicə etdirmiş, böyütmüş, təhsil vermiş, tərbiyə etmiş və qayğısına qalmışdır. Beləliklə İddiaçı anası Ə.Alməmmədova övladını tərbiyə etmiş və onun hüquq və mənafelərini müdafiə etmişdir. Qanunvericiliyə əsasən İddiaçı valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən şəxslər kateqoriyasına aid edilmədiyindən sözügedən birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Odur ki, iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddiaya etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi. İşin halları xx.xx.2002-ci il tarixli AZ-İ 240240 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı 17 avqust 2001-ci il tarixdə doğulmuşdur. Qazax RİHB aparatının yanında fəaliyyət göstərən “Qəyyumluq və Himayəçilik Komissiyası” iclasının xx.xx.2018-ci il tarixli, 11 nömrəli protokoluna əsasən, X1 nəvəsi xx.xx.2001-ci il təvəllüdlü İddiaçı himayəyə götürməsi məqsədəmüvafiq hesab edilmişdir. Qazax Rayon İcra hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 9-21/183 nömrəli Sərəncamına əsasən, Qazax rayonu, Xanlıqlar kənd sakini X3 nəvəsi, Qazax rayonu, Xanlıqlar kənd sakini xx.xx.2001-ci il təvəllüdlü İddiaçı himayəçisi təyin edilmiş, onun saxlanması, tərbiyə olunması, təhsil alması, hüquq və vəzifələrinin qorunması İbrahim Alməmmədova tapşırılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən vətəndaş X2 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququna malikdir. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, xx.xx.2023-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsində tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü i tarixli, 726 nömrəli arayışa əsasən, İddiaçı İ Müalicə-profilaktika fakültəsinin Müalicə işi ixtisası üzrə Vİ kurs 118A-10b qrup tələbəsidir. xx.xx.2024-cü il tarixli ərizəyə əsasən İddiaçı Dövlət Sosial Müdafiə Fondu 6 saylı DOST Mərkəzinə ona birdəfəlik müavinətin təyin edilməsi və paltar, ayaqqabı, yumşaq inventar veriməsi ilə bağlı müraciət emişdir. xx.xx.2024-cü il tarixli müraciət vərəqəsinə əsasən İddiaçı “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara birdəfəlik müavinətin təyin edilməsi” ilə bağlı müraciətinə Abşeron DOST Mərkəzi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciətə baxılacağı və telefon nömrəsinə zəng ediləcəyi bildirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsindən imtina olunması haqqında” məktubdan görünür ki, qanun ilə müəyyənləşdirilmiş şəxslər kateqoriyasına aid edilmədiyindən ona sözügedən birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, İddiaçı Nazirlik tərəfindən ilk dəfə işə düzələn zaman respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinət ödənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: valideyn himayəsindən məhrum olmuş uşaqlar – hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər – valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir; Maddə 3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə tədbirlər Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Maddə 8. Əmək hüququ üzrə təminatlar Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülür (20 dekabr 2024-cü il tarixədək qüvvədə olan redaksiyada). “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il tarixli 179 nömrəli Qərarı “Valideynlərini itirmiş və valideyn himayəsindən, məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

2. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə: valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunsunlar. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin və paltar, ayaqqabı, yumşaq ləvazimat əvəzinə pul kompensasiyasının ödənilməsidir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində valideyn himayəsindən məhrum olmuş uşaqların anlayışı verilmişdir. Həmin maddədə hər iki valideyni uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslər valideyn himayəsindən məhrum olmuş uşaqlara aid edilmişdir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər isə valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Qanunun 8-ci maddəsinin 4-cü abzasının 20 dekabr 2024-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülür. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il tarixli 179 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzası ilə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunmaları qərara alınmışdır. İddiaçı cavabdehə müraciət edərək, qeyd olunan birdəfəlik müavinətin və paltar, ayaqqabı, yumşaq inventarın verilməsini xahiş etmiş, cavabdeh iddiaçının Qanun ilə müəyyənləşdirilmiş şəxslər kateqoriyasına aid edilmədiyindən ona birdəfəlik müavinət və kompensasiyanın verilməsindən imtina etmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı 17 avqust 2001-ci il tarixdə doğulmuşdur. Qazax Rayon İcra hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 9-21/183 nömrəli Sərəncamına əsasən, Qazax rayonu, Xanlıqlar kənd sakini X3 nəvəsi, Qazax rayonu, Xanlıqlar kənd sakini xx.xx.2001-ci il təvəllüdlü İddiaçı himayəçisi təyin edilmiş, onun saxlanması, tərbiyə olunması, təhsil alması, hüquq və vəzifələrinin qorunması İbrahim Alməmmədova tapşırılmışdır. Bundan başqa Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən vətəndaş X2 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, İddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunununda nəzərdə tutulan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər kateqoriyasına aiddir. Belə ki, iddiaçıya 18 yaşınadək valideyn himayəsindən məhrum olmuş uşaq kimi Qazax Rayon İcra hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 9-21/183 nömrəli Sərəncamı ilə himayəçi təyin edilmişdir. İddiaçı Azərbaycan Tibb Universitetində təhsil aldığı dövrdə xx.xx.2023-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsində tibb bacısı kimi əmək fəaliyyətinə başlamış və həmin vaxt onun 21 yaşı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxs qismində paltar, ayaqqabı, yumşaq ləvazimat əvəzinə pul kompensasiyası, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin və paltar, ayaqqabı, yumşaq inventar əvəzinə pul kompensasiyasının verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin və paltar, ayaqqabı, yumşaq inventar əvəzinə pul kompensasiyasının verilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar