Məhkəmə qərarları › İş №2-1(114)-1004/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1004/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1004/2024 17.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 27.06.2006-cı il tarixli AZ-İ № 767431 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə doğulmuşdur. Ata qrafasında X9, ana qrafasında X8 qeyd edilmişdir.

2. 21.10.1975-ci il tarixli İİİ-ЖГ 396347 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1975-ci il tarixdə Kəlbəcər rayonu, Dəmirçidam kəndində anadan olmuşdur.

3. Seriya AZE № 09013517 nömrəli şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir ki, X1 rayonu, Dəmirçidam kəndində qeydiyyatdadır.

4. Elektron İnformasiya məhkəmə sistemindən çıxarışlarla müəyyən edilir ki, Namazov X5 rayonu, Dəmirçidam kəndində, X2 rayonu, Qoşabulaq kəndində qeydiyyatdadır.

5. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2023cü il tarixli 3-36/2-N-66xx-xx/2023/5045 nömrəli imtina məktubundan görünür ki, İddiaçı atası X4 məcburi köçkün statusuna malik olmadığından məcburi statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi Komitənin imkanı xaricindədir. II. Məhkəmədə icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il tarixdə Gəncə şəhərində məcburi köçkün ailəsində anadan olmuş, Kəlbəcər rayonu, Dəmirçidam kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında anası ilə birgə yaşayır. X3 xx.xx.1975ci il tarixdə Kəlbəcər rayonunda anadan olub, 1993-cü ildə Kəlbəcər rayonundan köçkün düşüb və Gəncə şəhərində məskunlaşıb. 2004-cü il tarixdə Göygöl rayonu, Qarabulaq kəndində qeydiyyatda olan X4 ilə qeyri-rəsmi nikaha girmiş, 2005-ci ildə həmin nikahdan o doğulmuşdur. 2007-ci il tarixdə X3 atası X4 ilə münasibətini sonlandırmışdır. 05 sentyabr 2023-cü il tarixdə anası Dilarə Namazova ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün Azərbaycan Respublikası Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Komitənin xx.xx.2023-cü il tarixli 3-36/2-N-66xxxx/2023/5045 nömrəli məktubu ilə "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə istinad edilərək İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsindən imtina edilmişdir.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt ödənilmişdir. Belə ki, iddiaçı həm xx.xx.2022-ci il, həm də xx.xx.2023-cü il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək, ona məcburi köçkün vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh isə müraciətinin təmin edilməsindən imtina etmişdir.

12. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının məcburi köçkün kimi məskunlaşdığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

17. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

19. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, o, dövlətdən hər ay aylıq müavinət alır, müavinət anasının kartına köçürülür. Onun məcburi köçkün statusu olsa da, bu barədə vəsiqə ona verilmir. Məcburi köçkün olduğu halda, vəsiqəsi olmadığı üçün məcburi köçkünlərə verilən güzəşt və imtiyazlardan istifadə edə bilmir. Məsələn, ödənişli əsaslarla təhsil alır və ödənişdən azad olunması üçün ondan mütləq şəkildə məcburi köçkün vəsiqəsi tələb olunur.

20. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 27.06.2006-cı il tarixli AZ-İ № 767431 nömrəli doğum haqqında şəhadətnamə; - 21.10.1975-ci il tarixli İİİ-ЖГ 396347 nömrəli doğum haqqında şəhadətnamə; - Seriya AZE № 09013517 nömrəli şəxsiyyət vəsiqəsi; - Elektron İnformasiya məhkəmə sistemindən çıxarış; - Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2023cü il tarixli 3-36/2-N-66xx-xx/2023/5045 nömrəli məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

23. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı və anası Kəlbəcər rayonu, Dəmirçidam kəndində daimi qeydiyyatdadır. Onun X3 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malikdir.

24. X8 övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixli 3-36/2-N-66xx-xx/2023/5045 nömrəli imtina məktubu ilə İddiaçı atası X4 məcburi köçkün statusuna malik olmadığından ona məcburi statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsindən imtina edilmişdir.

25. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası qanuni və əsaslı olmamışdır.

26. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (““Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir.

27. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a görə: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Bənd 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. 9 sentyabr 2013-cü il tarixli 2 nömrəli Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Qərarı (X12 Reyestrinin qeydiyyat nömrəsi **********0002, X12 Reyestrinə daxil edildiyi tarix 11 sentyabr 2013-cü il) ilə 4.1.6-cı bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 4.1.6. Valideynlərindən hər ikisi “məcburi köçkün” statusuna malik olan və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara.

28. Həmin bəndə görə o halda uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun.

29. Lakin dəyişikliyə qədər, yəni iddiaçının anadan olduğu dövrdə qüvvədə olan qanunvericilik aktlarında “hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan” tələbi mövcud olmamış, eyni zamanda “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsini nəzərdə tutmamışdır.

30. Məhkəmə onu da qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur.

31. Belə ki, istinad olunan Qanunda da “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmış fəsil bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir.

32. İş materialları ilə, o cümlədən iddiaçının izahatı ilə müəyyən edilir ki, o, məcburi köçkün kimi aylıq müavinət alır və həmin müavinət ailə başçısı kimi anasının kartına köçürülür.

33. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 05 fevral 2002-ci il tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 15 fevral 2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən: yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. İV. Yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara.

34. Göründüyü kimi, qanunvericilik yemək xərci alan şəxsi məcburi köçkün statusu almış şəxs kimi qəbul etmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir.

35. Beləliklə, məhkəmə hesab edir ki, adıçəkilən Qaydalar məcburi köçkün statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır.

36. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının atasının qeydiyyat ünvanının Göygöl rayonu olması onun övladının hüquqlarını məhdudlaşdırmamalıdır.

37. Məhkəmə qeyd edir ki, bu Qaydalar sonradan qəbul edilmiş və iddiaçıların vəziyyətini ağırlaşdırmışdır.

38. İddiaçının doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, o, məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişdir.

39. Məhkəmə qeyd edir ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

40. Qazanılmış hüquqlara münasibətdə bu qaydada yanaşma həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada məhkəmə hesab edir ki, iddiaçıya məcburi köçkün statusu almış şəxs kimi müavinət öənildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz.

41. Digər tərəfdən, o da qeyd edilməlidir ki, sözügedən Qaydaların 4.1.6-ci bəndində əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlarla məhdudlaşdırılmışdır.

42. Başqa sözlə, ataları məcburi köçkün olan uşaqların “məcburi köçkün” statusuna malik olma hüququ olsa da, anaları məcburi köçkün olan uşaqların bu hüquqları məhdudlaşdırılmışdır.

43. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir.

44. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

45. Konstitusiya Məhkəməsi Plenumunun öz qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər.

46. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.

47. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir.

48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86).

49. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndində təsbit edilmiş müddəalardan göründüyü kimi, qanunvericilik müxtəlif cinslərlə bağlı fərqli yanaşmalara yol verilmiş və bunun hər hansı bir qanuni əsası olmamışdır.

50. Belə olan halda isə, məhkəmə tərkibi hesab edir ki, belə fərqli yanaşmalar nəticəsində iddiaçıların Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ pozulmuşdur.

51. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarı).

52. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqelər kontekstində hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır.

53. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

54. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya məcburi köçkün vəsiqəsinin verilməsi ilə hərəkətsizliyi əsassız olmuşdur.

55. İPM-in: 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

56. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə:

57. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar