Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1009/2024 26.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı qərarda travmanın səbəb əlaqəsinin dəyişdirilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilərək, aldığı travmanın səbəb əlaqəsinin "Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qeyd olunması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı məxsus xx.xx.2010-cu il tarixli AO ******* nömrəli hərbi biletdə sonuncunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Kəlbəcər istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etdiyi qeyd olunmuşdur.
2. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Gəncə Şəhər Psixiatriya Xəstəxanasında stasionar, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında ambulator, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə Şəhər Psixiatriya Xəstəxanasında ambulator müalicələr almış, xx.xx.2022-ci il tarixdə “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-də müayinədə olmuşdur.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 449 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən təlim toplanışına göndərilmişdir və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdə Kəlbəcər rayon istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
4. xx.xx.2022-ci il tarixli 11659 saylı Xəstəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətnamələndirilmiş və Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, özünü kəsmələrlə. Vegetativ damar davamsızlığı, nevrotik təzahürlərlə. Sol çiyin, sol saidin ön səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları. Çoxsaylı kariyes” diaqnozu “Ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə müəyyən edilmiş və “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmişdir.
5. N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmiş X2 və X3 şahid ifadələrində bildirmişlər ki, onlar xx.xx.2022-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N ömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmişlər. Hərbi xidmət dövrü İddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edərkən xx.xx.2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə travma almışdır. Səhhətində yaranmış vəziyyətlə əlaqədar ona ilkin tibbi yardım göstərmişlər. Şahid ifadələri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin rəisi polkovnik-leytenant Elşən Abasov tərəfindən təsdiq edilmişdir.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 8500 nömrəli rəyində İddiaçın qoyulmuş diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, özünüm kəsmələrlə F07.0” kimi qeyd edilmişdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsinin Ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışda İddiaçın qoyulmuş diaqnoz “Partlayış travması. Fəlakətdən sonra yaranmış şəxsiyyət dəyişkənliyi, davranış pozuntusu, özünü kəsmələrlə. Uzunmüddətli posttravmatik stress pozuntusu. Dissosiativ konversion pozuntu” kimi qeyd edilmişdir.
8. İ-37448 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbayan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 250s nömrəli Sərəncamı ilə İddiaçı “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir.
9. İ-7900 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbayan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2718 nömrəli Sərəncamı ilə İddiaçı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
10. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli müayinə vərəqəsindən görünür ki, İddiaçı müayinələr nəticəsində Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.
11. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 9 nömrəli cavab məktubunda bildirilmişdir ki, səfərbərlik üzrə hərbi xidmətdə olan əsgər İddiaçı xidmətini davam etdirmək üçün xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissədən (Göygöl rayonu) N nömrəli hərbi hissəyə göndərilmiş, xx.xx.2020-ci il tarixdə dəyişən heyətinin siyahısından çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinə göndərilmişdir. Səfərbərlik üzrə hərbi xidmətdə olan İddiaçı N nömrəli hərbi hissənin dəyişən heyətinin siyahısında xidmət etdiyi müddət ərzində travma və ya kontuziya faktı ilə qeydiyyata alınmamışdır.
12. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4426 nömrəli rəyində İddiaçı qoyulmuş diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, özünü kəsmələrlə F07.0” kimi müəyyənləşdirilmişdir.
13. xx.xx.2024-cü il tarixli 4420 saylı Xəstəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən təkrar şəhadətnamələndirilmiş və Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “F07.0 - Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, özünü kəsmələrlə; S51, L90.5, S41.0 - Sol çiyin, sol saidin ön səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları; H52.1 - Hər iki gözün miopiyası M1,0 D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya 1,0 olmaqla” diaqnozu “Ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə müəyyən edilmiş və “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” qərarı qəbul edilmişdir.
14. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 725 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə MN Mərkəzi Hərbi Həkim Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən yenidən şəhadətləndirilmiş və ona xx.xx.2024-cü il tarixli 4420 nömrəli şəhadətnamə verilmişdir. II. Məhkəmədə icraat
15. İddiaçı cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona qoyulmuş "keçirilmiş beyin silkələnməsi nəticəsində emosional pozuntu F06.6" diaqnozunun hərbi xidmət vəzifələrini icra edərkən alınması kimi qeyd edilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. 02 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində xəsarət almış, buna baxmayaraq o, döyüşlərdə iştirak etmişdir. Səhəri gün onun başı hərlənməyə, ürəyi bulanmağa başlamış, müvazinətini saxlaya bilməmiş, qusmuşdur. Sonralar vəziyyəti düzəlmiş, lakin bu kimi hadisələr hər gün təxminən 1-2 saat baş vermişdir. Müharibənin ağır vəziyyəti olduğundan o, hospitala gedə bilməmişdir. Müharibə bitdikdən sonra xx.xx.2020-ci ildə ehtiyata buraxılmışdır.xx.xx.2022xx.xx.2022-ci və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Gəncə şəhəri Psixiatriya Xəstəxanasında, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2022-ci il tarixdə MN-nin MHP-da müayinə və müalicə olunmuşdur. Ona “keçirilmiş beyin silkələnməsi nəticəsində emosional labil pozuntu F06.6” diaqnozu qoyulmuşdur. O, qeyd edilən xəstəliyi hərbi xidmət vəzifələrini icra edərkən almışdır. Lakin Hərbi Həkim Komissiyasının 11659 saylı xəstəlik haqqında şəhadətnaməsində onun xəsarətinin yaranma səbəbi kimi “Hərbi xidmət dövründə yaranmışdır” qeyd edilməmişdir. Ona bu faktın yalnız məhkəmə tərəfindən müəyyən edilə biləcəyini bildirmişlər. Beyin silkələnməsindən sonra gözündə də problemlər yaranmışdır. Hərbi Həkim Komissiyasına bununla bağlı etdiyi müraciətinə müsbət cavab ala bilməmişdir.
17. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli qərarında travmanın səbəb əlaqəsinin dəyişdirilərək "Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır" kimi qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3349/2023 nömrəli qərardadı ilə İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş və iddia mümkün sayılmamışdır.
19. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-676/2023 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3349/2023 nömrəli qərardadı ləğv edilmiş və iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
20. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli qərarında travmanın səbəb əlaqəsinin dəyişdirilərək "Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qeyd olunması” tələbinə dəyişdirilmişdir.
21. Məhkəmənin xx.xx.2024-cü il tarixli qırardadı ilə iddia tələbi “Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilərək, aldığı travmanın səbəb əlaqəsinin "Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qeyd olunması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
22. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
23. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.
24. İPM-in: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
25. Hazırkı işdə mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi müddətlə bağlı şərt ödənilmişdir. Belə ki, iddiaçının əvvəllər mübahisələndirdiyi qərar xx.xx.2022-ci il tarixli olsa da, məhkəmənin qərardadı ilə iddiaçının yenidən şəhadətləndirilməsi cavabdeh orqana həvalə edilmiş və qərardadın icrası nəticəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə yeni qərar qəbul edilmiş və həmin qərardad əvvəlki xx.xx.2022-ci il tarixli qərarın qüvvədən düşdüyü qeyd edilmişdir.
26. Məhkəmənin təklifi ilə iddiaçı iddia tələbini dəyişdirərək, icraat gedişində qəbul edilmiş həmin qərarı mübahisələndirmiş, bununla da müddəti ötürməmişdir.
27. Cavabdeh Gəncə Şəhər Baş Polis İdarəsinin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
28. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
29. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
30. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
31. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
32. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
33. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1-ci maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.3-cü maddəsinin tələblərinə əsasən, hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. SHXÇDX-nın Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən 2020-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı xx.xx.2022ci ildə MN Mərkəzi Hərbi Polikliniası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, özünü kəsmələrlə. Vegetativ damar davamsızlığı, nevrotik təzahürlərlə. Sol çiyin, sol saidin ön səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları. Çoxsaylı kariyes” diaqnozları müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin “Xəstəliklər Cədvəli’nin 14 “b” maddəsinin İİ qrafası ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab olunmuş və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən Mərkəzi Hərbi Həkim Komissiyasının vəzifəsi vətəndaşların hərbi xidmət dövründə aldıqları xəstəliklərin və xəsarətlərin hərbi xidmətlə səbəb əlaqəsini və onların hərbi xidmətə yararlılıq dərəcəsini təyin etməkdən ibarətdir. MN MHHK yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli 11659 nömrəli xəstəlik haqqında şəhadətnamədə İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini və hərbi xidmətə yararlılıq dərəcəsini təyin etmiş və bununla da üzərinə düşən vəzifəni yerinə yetirmişdir. SHXÇDX-nın Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2022ci il tarixli 449 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək hərbi xidmət keçmişdir. Bundan 1 il 4 ay sonra isə o müxtəlif tibb müəssisələrində müayinə və müalicələrdə olmuşdur. Göründüyü kimi, hərbi xidmət dövründə o, heç bir tibb müəssisəsində hər hansı xəsarət və xəstəliklə bağlı müayinə və müalicədə olmamışdır. Vətəndaşın travma alma faktı onun müalicə olunduğu tibb müəsəssinin travma və xəsarətlə bağlı verdiyi çıxarış epikrizi və travmanın alınma şəraitini müəyyən edən hərbi hissə komandirinin verdiyi travma haqqında arayışla təsdiq olunur. Lakin vətəndaş İddiaçı hərbi xidmət dövründə (xx.xx.2020-xx.xx.2020) travma alması ilə əlaqədar müalicə olunduğunu təsdiq edən çıxarış epikrizini və travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin “a” bəndinin 3-cü abzasında qeyd olunur ki, əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa və bu xəsarətin alınma şəraiti haqqında hərbi hissə komandirinin verdiyi travma haqqında arayışla təsdiq edilərsə bu halda xəsarətin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi təyin edilir. Bu səbəbdən də vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 maddəsinin “a” bəndinin 3-cü abzasının və 7.3 maddəsinin tələblərinə ziddir. Vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin dəyişdirilməsi tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz.
34. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X2 eyni məzmunlu ifadə verərək bildirmişlər ki, onlar xx.xx.2022-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N ömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişlər. Hərbi xidmət dövrü İddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edərkən xx.xx.2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə travma almışdır. Onun travma almasına səbəb güclü partlayışdan sonra ətrafa yayılan zərbə dalğasının onun tutması olmuşdur. Belə ki, onlar Murovdağ istiqamətində döyüşdükləri üçün həmin ərazilər sərt qayalıqlar olduğundan dalğa zərbəsi onu qayalıqlara çırpmış, bundan sonra ona ilkin yardım göstərməklə ayıltmışlar. Ayıldıqdan sonra isə baş gicəllənməsi və qusma halları olmuşdur.
35. Sədrlik edənin suallarına cavab olaraq bildirmişlər ki, İddiaçı zərbə dalğasından aldığı xəsarət sağ təpə və çiyin nahiyyəsində sıyrıqlar yaratmışdı.
36. İddiaçı məhkəmənin iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
37. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, Vətən Müharibəsi zamanı oktyabrın 1-dən 2-nə keçən zaman erməni tərəfinin qraddan atdığı mərmilərin onun yaxınlığında partlaması nəticəsində zərbə dalğasından çırpılmış və xidmət yoldaşları onu ayıltmışlar. Ayıldıqdan sonra onda daim baş gicəllənməsi, ürəkbulanma, qusma halları olmuşdur. Lakin onlar hündürlükdə olduqlarından və bir neçə döyüş yoldaşı şəhid olduğundan o, yüngül xəsarət üçün xəstəxanada yatmağı özünə sığışdırmamış və Vətən uğrunda döyüşlərə davam etmişdir. Ehtiyata buraxıldıqdan sonra isə psixi pozuntuları olmuş, lakin işsiz olduğundan xəstəxanaya müraciətlər etməmişdir. Lakin bu hal xeyli müddət davam etdiyindən və o, sağalmadığı görüb xəstəxana şəraitində müalicələr almışdır. Onun travmasının səbəb əlaqəsinin ümumi xəstəlik kimi müəyyələşdirilməsi, yəni Vətən uğrunda döyüşdüyü halda, “döyüşməmiş” kimi qələmə verilməsi, cavabdehin onun torpaqların azadlığı uğrunda çəkdiyi əziyyətləri heç etməsi ona psixi mənada çox pis təsir edir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
38. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçı məxsus xx.xx.2010-cu il tarixli AO ******* nömrəli hərbi bilet; - Ambulator, stasionar xəstəlik tarixindən çıxarışlar; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 449 nömrəli arayışı; - xx.xx.2022-ci il tarixli 11659 saylı Xəstəlik haqqında şəhadətnamə; - N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmiş X2 və X1 şahid ifadələri; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 8500 nömrəli rəyi; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsinin Ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 10062 nömrəli göndərişi; - İ-37448 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsi; - İ-7900 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsi; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli müayinə vərəqəsi; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 9 nömrəli cavab məktubu; - “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının 22.0.2024-cü il tarixli 4426 nömrəli tibbi rəyi; - xx.xx.2024-cü il tarixli 4420 saylı Xəstəlik haqqında şəhadətnamə; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 725 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
39. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsalıdır və təmin edilməlidir.
40. Məhkəmə araşdırmaları nəticəsində iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Kəlbəcər istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.2022-ci il tarixli 11659 saylı Xəstəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətnamələndirilmiş və Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, özünü kəsmələrlə. Vegetativ damar davamsızlığı, nevrotik təzahürlərlə. Sol çiyin, sol saidin ön səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları. Çoxsaylı kariyes” diaqnozu “Ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə müəyyən edilmiş və “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmişdir.
41. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin predmetini Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli qərarında dəyişiklik edilərək iddiaçının “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, özünü kəsmələrlə. Vegetativ damar davamsızlığı, nevrotik təzahürlərlə. Sol çiyin, sol saidin ön səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu xəstəliyinin səbəb əlaqəsinin "Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qeyd olunması təşkil edir.
42. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası imtinasını iddiaçının hərbi xidmət dövründə (xx.xx.2020-xx.xx.2020) travma alması ilə əlaqədar müalicə olunduğunu təsdiq edən çıxarış epikrizini və travma haqqında arayışını komissiyaya təqdim etməməsi ilə əsaslandırmışdır.
43. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir.
44. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Gəncə Şəhər Psixiatriya Xəstəxanasında stasionar, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında ambulator, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə Şəhər Psixiatriya Xəstəxanasında ambulator müalicələr almış, xx.xx.2022-ci il tarixdə “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-də müayinədə olmuşdur.
45. N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmiş X2 və X3 şahid ifadələrində bildirmişlər ki, onlar xx.xx.2022-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N ömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmişlər. Hərbi xidmət dövrü İddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edərkən xx.xx.2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə travma almışdır. Səhhətində yaranmış vəziyyətlə əlaqədar ona ilkin tibbi yardım göstərmişlər. Şahid ifadələri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin rəisi polkovnik-leytenant Elşən Abasov tərəfindən təsdiq edilmişdir.
46. Məhkəmə tərəfindən həmin şəxslər də şahid qismində dindirilmiş və hər ikisi bildirmişdir ki, onlar xx.xx.2022-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N ömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişlər. Hərbi xidmət dövrü İddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edərkən xx.xx.2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə travma almışdır. Onun travma almasına səbəb güclü partlayışdan sonra ətrafa yayılan zərbə dalğasının onun tutması olmuşdur. Belə ki, onlar Murovdağ istiqamətində döyüşdükləri üçün həmin ərazilər sərt qayalıqlar olduğundan dalğa zərbəsi onu qayalıqlara çırpmış, bundan sonra ona ilkin yardım göstərməklə ayıltmışlar. Ayıldıqdan sonra isə baş gicəllənməsi və qusma halları olmuşdur.
47. Onlar sədrlik edənin suallarına cavab olaraq bildirmişlər ki, İddiaçı zərbə dalğasından aldığı xəsarət sağ təpə və çiyin nahiyyələrində sıyrıqlar yaratmışdı.
48. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1. bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.3. bəndinə əsasən Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.4. bəndinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbihəkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz.
49. Hazırki işdə iddiaçının travma alması barədə xidmət etdiyi hərbi hissənin travma haqqında arayışı olmasa da, onun döyüş əməliyyatları zamanı travma alması barədə şahid ifadələri vardır ki, bu da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin rəisi polkovnikleytenant Elşən Abasov tərəfindən təsdiq edilmişdir.
50. Göründüyü kimi, iddiaçı ilə eyni vaxtda N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmiş X2 və X1 şahid ifadələri ilə iddiaçının “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, özünü kəsmələrlə. Vegetativ damar davamsızlığı, nevrotik təzahürlərlə. Sol çiyin, sol saidin ön səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu travmasının mərmi partlayışından sonra aldığı kəlləbeyin travmasının nəticəsində yaranması və Kəlbəcər uğrunda Murovdağ istiqamətində döyüşlərdə, yəni Azərbaycan Respublikasının müdafiəsi zamanı alması öz təsdiqini tapmışdır.
51. Cavabdeh orqana iddiaçının döyüşlərdə tərkibində iştirak etdiyi hərbi hissə tərəfindən travma arayışı təqdim edilməsə də, onunla bir yerdə döyüşlərdə iştirak etmiş iki şahid tərəfindən verilmiş ifadə mövcuddur və cavabdeh orqan həmin şahi ifadələri əsasında iddiaçının travmasının səbəb əlaqəsi müəyyən edilə bilərdi.
52. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
53. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.
54. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməli, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilərək, aldığı travmanın səbəb əlaqəsi "Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qeyd olunmalıdır.
55. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
Nəticəvi hissə:
56. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilərək, İddiaçı aldığı travmanın səbəb əlaqəsi "Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qeyd olunsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva