Məhkəmə qərarları › İş №2-1(114)-101/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-101/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-101/2024 17.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi İddiaçı, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı şəhadətnamələrdə göstərilmiş koordinatların naturaya uyğun yerlərinin dəyişdirilərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahatı Komissiyasının 02 dekabr 1998-ci il tarixli 13 nömrəli qərarı ilə ona və ailə üzvlərinə verilmiş JN-023D Kod 50500048 saylı şəhadətnamənin və qardaşı X2 adına verilmiş JN-24D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə, ona məxsus həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Gədəbəy rayon Aqrar İslahatı Komissiyasının 02 dekabr 1998-ci il tarixli 13 nömrəli qərarı ilə JN-023D kod 50500048 saylı şəhadətnamə əsasında onun və ailə üzvlərinin mülkiyyətinə 0.36 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin həmin şəhadətnamədə göstərilən cizgi və sxemlər hal-hazırda onlara məxsus fərdi yaşayış evinin yerləşdiyi əraziyə uyğun deyildir. Belə ki, onlara məxsus fərdi yaşayış evinin torpaq sahəsi ЈN-24D nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında qardaşı X2 adına, qardaşı X2 fərdi yaşayış evinin torpaq sahəsi isə ЈN-023D kod 50500048 saylı şəhadətnamə əsasında onun və ailə üzvlərinin adına işlənmişdir. Dəfələrlə torpaq sahələrinin dəyişdirlərək qanuna müvafiq qaydada hər kəsin özünə məxsus yeni sənədlərin alınmasını təkid etsə də qardaşı razılığa gəlməmişdir. Belə olan halda xx.xx.2022-ci il tarixdə o, faktiki olaraq yaşadığı evə yeni sənəd - çıxarış almaq üçün cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmişdir. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gədəbəy rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 13 nömrəli qərarı ilə ona və ailə üzvlərinə verilmiş ЈN-023D KOD 50500048 saylı şəhadətnamənin və qardaşı X4 və ailə üzvlərinə verilmiş ЈN-24D nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə göstərilmiş koordinatların naturaya uyğun yerinin dəyişdirilməsinə və ona məxsus həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 17 yanvar 2024-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Qasımov X5 rayonu Söyüdlü kəndində yerləşən, həyətyanı torpaq sahəsinin sənədləşdirilməsinə dair ərazi idarəsinə verdiyi ərizənin icrası ilə bağlı mütəxəssis tərəfindən əraziyə baxış keçirilərkən məlum olmuşdur ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ЈN-24D nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında qardaşı X2 adına işlənmişdir. Sözügedən torpaq sahəsi ilə bağlı qardaşı ilə arasında mübahisəli hal olduğunu və qarşılıqlı razılaşma olmadığını nəzərə alaraq ərizəsinin icrasından imtina edilmişdir. Üçüncü şəxsə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gədəbəy rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli, 302 nömrəli arayışında qeyd edilmişdir ki, arxivdə mühafizə olunan Söyüdlü kənd İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair 1 saylı təsərrüfatbaşına kitabının 102-ci şəxsi hesabında qeydiyyatda olmaqla İddiaçı adına olan təsərrüfatın torpaq qrafasında 0.25 ha torpaq sahəsi və tikili qrafasında ümumi sahəsi 48 kv.m olan ev qeyd edilmişdir. -surəti işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-023D saylı KOD 50500048 nömrəli şəhadətnamədən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 0.36 ha torpaq sahəsi verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********94 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-4173/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı tərəfindən inşa edilmiş ev Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə verilmş ЈN-023D, KOD 50500048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0.36 ha torpaq sahəsi üzərində deyil, X4 və ailə üzvlərinə verilmiş ЈN-024D saylı şəhadətnamədə qeyd olunan 0.39 ha torpaq sahəsi üzərində inşa edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. İşin faktiki halları ilə müəyyən olunur ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə iddiaçıya və üçüncü şəxsə həyətyanı torpaq sahələri verilmiş və bununla bağlı müvafiq olaraq ЈN-023D və ЈN-024D torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr tərtib edilmişdir. Hazırda iddiaçı iddia edir ki, həmin şəhadətnamələrdəki koordinatlar düzgün işlənməmişdir. Belə ki, onun və ailə üzvlərinin adına işlənmiş JN-023D Kod 50500048 nömrəli şəhadətnamədəki torpaq sahəsi faktiki olaraq üçüncü şəxs, üçüncü şəxsin adına tərtib edilmiş JN-024D nömrəli şəhadətnamədəki torpaq sahəsini isə faktiki olaraq iddiaçı istifadə edir. Bundan əlavə iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin də düzgün işlənməyərək üçüncü şəxs və ailə üzvlərinin adına verilmiş ЈN-024D saylı şəhadətnamədə göstərilən torpaq sahəsində yerləşdiyini bildirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aqrar islahat zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1997ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamənin: 3-cü bəndinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlara görə onlara torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (4 nömrəli əlavə) verilir. 8-ci bəndinə əsasən verilmiş dövlət aktına və şəhadətnaməyə özbaşına hər hansı bir düzəliş edilməsi qadağandır. Dövlət aktına və şəhadətnaməyə hər hansı bir düzəliş edilməsi zəruriyyəti yaranarsa, səlahiyyətli orqanların qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan Muxtar Respublikasındakı filialı həmin sənədləri yenidən müəyyən olunmuş qaydada hazırlayır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İstinad olunan qanunvericilik normalarından da göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Qeyd olunmalıdır ki, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə, dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Gədəbəy rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli, 302 nömrəli arayışında Söyüdlü kənd İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair 1 saylı təsərrüfatbaşına kitabının 102-ci şəxsi hesabında İddiaçı adına olan təsərrüfatın tikili qrafasında ümumi sahəsi 48 kv.m olan ev qeyd edilsə də sözügedən evin sonuncu tərəfindən inşa edilməsini təsdiq edən sübutu(ları) məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə iddiaçı Aqrar İslahat Komissiyası tərəfindən torpaq ayrılarkən tələbini mübahisələndirməmiş və islahat komissiyasının qərarı ilə razılaşmışdır. Həmçinin müəyyən edilmişdir ki, üçüncü şəxsin koordinatların dəyişdirilməsinə razılığı yoxdur. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə isə cavabdehin imtinasını zəruri edən şərtlərin mövcudluğu təsdiq olunsa da, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı şəhadətnamələrdə göstərilmiş koordinatların naturaya uyğun yerlərinin dəyişdirilərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar