Məhkəmə qərarları › İş №2-1(114)-1010/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1010/2020

10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1010/2020 10.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qarabağ müharibəsi illərində xx.xx.1989-cu il tarixdə R.Əliyev kənd sovetliyi üzrə R.Əliyev XDS İK-in 98 saylı əmri ilə hərbi stol vəzifəsinə təyin olunmuşdur. Müharibə illərində müharibənin ən qaynar nöqtələrində olmuşdur. Lakin buna baxmayaraq ona müharibə veteranı adı verilməmişdir. O, Səfərbərfik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə ərizə ilə müraciət etsə də məhkəməyə müraciət etməyini bildirmişlər. O, Gədəbəy Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(042)-292/2019 saylı qətnaməsi ilə onun döyüşlərdə iştirak etmə faktı müəyyən edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-292/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2( 104)-2515/2019 saylı qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-292/2019 saylı qətnaməsi ləğv edilmiş, onun döyüşlərdə iştirak etməyi faktının müəyyən edilməsi tələbinə dair işin icraatına xitam verilmişdir. O, bundan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Müdafiə Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin şərtlərini pozaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin Gəncə İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 421 nömrəli məktubda tələbin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin səlahiyyətləri daxilində olmadığı qeyd edilmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Məhkəmə ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2016-cı il tarixli 25 №-li əmri ilə təsdiq edilmiş Təlimatın 4.2, 4.3 və 4.5-ci bəndlərində təsbit edilmişdir ki, vəsiqələrin verilməsi üçün tələb olunan sənədlərin toplanması (hazırlanması) işinin təşkili müvafiq olaraq Xidmətin yerli idarə, şöbə və bölmələrinin rəislərinə həvalə edilir. Vəsiqə almaq üçün müraciət etmiş şəxslərin ərizələri əsasında onların qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən digər sənədləri toplanır. Adlı siyahılar, ərizə və veteran adı almaq üçün əsas verən sənədlərin təsdiq olunmuş surətləri baxılması üçün müşayiət məktubu ilə Xidmətin Aparatına təqdim edilir. Göründüyü kimi qanunvericiliyə görə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məxsus səlahiyyətdir və iddia ərizəsində tələbin yönəldiyi cavabdeh düzgün qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13 maddəsinin tələbinə əsasən iddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması, yəni tələbin yönəldiyi inzibati orqanı cavabdeh qismində düzgün göstərməsi ilə əlaqədar vaxt verilmiş, lakin iddiaçı məhkəmənin sərəncamında qeyd edilən tələblərə riayət etməmiş, tələbin yönəldiyi inzibati orqanı cavabdeh qismində qeyd etməmişdir. Bununla yanaşı, məhkəmə iclasında iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz olunması təklif olunmuş, iddiaçı tələbin yönəldiyi inzibati orqanı, yəni Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cavabdeh qismində qeyd etməkdən imtina etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddianın ümumi mümkünlük şərtlərinə əməl olunmamış, tələbin yönəldiyi inzibati orqan cavabdeh qismində düzgün göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 8-ci bəndində qeyd edilir ki, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar