Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1011/2020 02.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, iddiaçılar İddiaçı və X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5rşı (üçüncü şəxs X3) dövlət aktının və vərəsəlik haqqında şəhadətnamənin qismən ləğv edilməsi, torpaq sahəsinin mülkiyyətə keçirilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçılar İddiaçı və X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5rşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum X1 adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0853 saylı dövlət aktını və həmin dövlət aktında qeyd olunan torpaq sahəsinə dair verilmiş Gəncə şəhər 4 saylı dövlət notariat kontorunun xx xxxx 2013-cü il tarixli 2V-1-94 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni qismən ləğv edib, 0.32 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən dövlət aktının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehə qarşı bir neçə müstəqil tələb (dövlət aktının qismən ləğv edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması) irəli sürmüşdür. Tələbin “dövlət aktının qismən ləğv edilməsi” hissəsi ilə bağlı qeyd olunur ki, mübahisələndirilən dövlət aktının verilməsinə əsas olmuş Xanlar (Göygöl) Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 82/2005 saylı qətnaməsi ilə mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. Başqa sözlə həmin dövlət aktının verilməsinə səbəb bağlanmış hesab edilən alqı-satqı müqaviləsi olmuşdur. Göründüyü kimi daşınmaz əmlakın alqı-satqısı nəticəsində verilmiş dövlət aktı inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarının 5.2 bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli Qərarı ilə müəyyən edilmiş hüquqi mövqeyə görə əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Bundan başqa tələbin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi” hissəsi ilə bağlı qeyd olunur ki, vərəsəlik münasibətləri ilə bağlı mübahisələrə mülki qanunvericiliyin tələblərinə əsasən ümumi məhkəmələr baxır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2 maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Göründüyü kimi tələbin yalnız “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” hissəsi publik hüquq münasibətlərini tənzimləyən hüquq normaları ilə nizama salınmalıdır ki, hazırki halda yuxarıda qeyd olunan tələblərə mahiyyəti üzrə baxılmadan bu tələbə də baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında göstərilmişdir ki, bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Belə ki, iddia ərizəsində iki və daha çox müstəqil tələb irəli sürüldükdə, hər bir iddia tələbinin hüquqi təbiəti araşdırılaraq onların birləşdirilməsi və ya ayrılaraq fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdən keçirilməlidir. İddia tələblərinin birləşdirilməsi mümkün olmadığı halda, məhkəmə hər hansı iddia tələbinə baxılmasına dair səlahiyyətinin olmaması barədə qərardad qəbul edərək həmin iddia tələbini müvafiq səlahiyyətli məhkəməyə göndərməkdə və ya iddianı qeyri-mümkün hesab etməkdə haqlıdır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi mahiyyətinə görə fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulan iddia tələblərinin birləşdirilməsini və tələblərə ümumi məhkəmədə baxılmasını mümkün sayır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsi). Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli Qərarında tələblərin (xüsusi ilə mülki tələbin iqtisadi və ya inzibati tələblə) bir icraatda birləşdirilməsinin mümkünlüyünü ətraflı şərh etmişdir. Həmin Qərarda inzibati mübahisənin hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqli olduğu göstərilmiş və qeyd edilmişdir ki, mülki tələblər inzibati icraat qaydasında iddia tələbi ilə heç bir halda birləşdirilə və birgə baxıla bilməz. Qeyd edilən maddi və prosessual hüquq normalarına əsasən hesab edirəm ki, tərəflər arasında olan mübahisə publik hüquq münasibətlərini tənzimləyən hüquq normaları ilə deyil, özəl hüquq münasibətlərini tənzimləyən hüquq normaları ilə nizama salınmalıdır. Həmin mübahisələrə isə müvafiq ümumi (rayon) məhkəmələr tərəfindən baxılmalı olduğundan iddiaçı həmin iddia tələbi ilə ərizəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə uyğun formada tərtib etməklə müvafiq ümumi (rayon) məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçılar İddiaçı və X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5rşı dövlət aktının və vərəsəlik haqqında şəhadətnamənin qismən ləğv edilməsi, torpaq sahəsinin mülkiyyətə keçirilməsi tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, həmin iddia tələbi ilə müvafiq ümumi (rayon) məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1011/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1011/2020
02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver