Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1011/2021 03.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 iştirak ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı “cavabdehin hərəkət və hərəkətsizliyinə görə cərimə olunması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı1, İddiaçı2 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qətnamə və qərardadlarını icra etmədiklərinə görə və göstərdikləri hərəkət və hərəkətsizliyinə görə 30.000 manat cərimə olunması və 18.08.2008-ci ildən bu vaxtadək vurduqları 10.000 manat maddi və 20.000 manat mənəvi ziyanın cavabdehdən alınaraq ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06.05.2019-cu il tarixli qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.08.2008-ci il tarixli icra sənədi yenidən icraya yönəldilmiş və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi müəyyən edilmişdir. Qərardadın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunmuşdur. Lakin bu vaxtadək nə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.08.2008-ci il tarixli qətnaməsi, nə də ki Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06.05.2019-cu il tarixli qərardadı icra edilməmişdir. Gəncə şəhəri İcra İdarəsinin icra məmurları süründürməçilik və səhlənkarlıqla məhkəmə qərardadını və qətnaməsini icra etmirlər və qətnamə üzrə icra hərəkətlərini aparmaqdan imtina edirlər. Daha sonra Nizami Rayon Məhkəməsinin qiyabi qətnaməsindən sonra çıxarılan 02.10.2020-ci il tarixli əyani qətnaməsini də cavabdeh icra etməkdən qərəzli şəkildə boyun qaçırır. İcra məmuru İlkin Qədimov heç bir əsas gətirmədən və araşdırma aparmadan icra sənədinin qanunsuz şəkildə Bakı şəhərinə göndərilməsi barədə qərar qəbul etmişdir. Həmin qərardan şikayət əsasında Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25.02.2021ci il tarixli qərardadı ilə icra məmurunun 24.11.2020-ci il tarixli qərarı əsasız olduğundan ləğv edilmişdir. Ancaq həmin məhkəmə qərardadı da cavabdeh tərəfindən icra edilmir və icra məmuru İlkin Qədimov iddiaçılara maddi ziyan vura-vura gedir və onları mənəvi əzab çəkməyə məcbur edir. Cavabdehin hərəkətləri tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası adından çıxarılan qətnamə və qərardadın icra edilməməsi icra idarəsinin hərəkət və hərəkətsizliyidir. Bu səbəbdən də iddiaçılar düşünür ki, cavabdeh inzibati orqan kimi hərəkət və hərəkətsizliklərinə görə məhkəmə tərəfindən cərimə olunmalıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçılar iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdeh iddiaya dair münasibət bildirməmiş və nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxıb qərar qəbul olunmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş materialları araşdırıb hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə tələbin “cavabdehin hərəkət və hərəkətsizliyinə görə cərimə olunması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. "İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən(hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Yuxarıda qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən güman edilən hərəkətsizliyə yol verildikdə, onun müahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir. Ona görə də, iddiaçı müvafiq əsasların mövcudluğunda icra məmurunun hərəkətsizliyi məsələsinə qiymət verilməsi üçün icra icraatına nəzarət edən məhkəməyə müraciət etməlidir. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən Gəncə şəhər Nizami Rayon Məhkəməsinə müraciət etməmiş, Gəncə İnzibati Məhkəməsində ayrıca inzibati iddia qaldırmışdır. Yuxarıda qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir, inzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır». Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda şərh olunan mövqeyindən çıxış edərək qeyd olunanları hazırki işə tətbiq edərək hesab edir ki, iddiaçı sözügedən qətnamənin icrası ilə bağlı icra məmurunun hərəkətindən qətnaməni qəbul etmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinə şikayət etməlidir. Məhkəmə, tələbin “maddi və mənəvi ziyanın ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, həmin tələb öhdəliyin icrası haqqında iddiadır və bu növ iddiaların əsas tələblərindən biri mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət edilib-edilməməsidir. Hazırkı iş üzrə isə iddiaçının cavabdehə belə tələblə müraciətinin mövcud olmasını, həmin ərizənin məhkəməyə müraciət edilməzdən əvvəl cavabdeh inzibati orqanın ünvanına şəxsən təqdim olunması və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilməsi barədə, həmçinin cavabdehin həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya hərəkətsizlik göstərərək cavab verməməsini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə q ə r a r a a l d ı : İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı “cavabdehin hərəkət və hərəkətsizliyinə görə cərimə olunması, maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1011/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1011/2021
03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver