Məhkəmə qərarları › İş №2-1(114)-1011/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1011/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1011/2025 30.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X14ə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X14ə qarşı cavabdehin xx.xx.2024-cü il tarixli müayinə ilə bağlı imtinasının əsassız hesab edilərək, ona hərbi vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən atılmış mərmi partlaması nəticəsində aldığı travmalarla bağlı ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, əsgər İddiaçı xx.xx.2020-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan artilleriya atışları zamanı qapalı kəllə-beyin travması (F07.2) postkommosion sindrom (F43.1) posttravmatik stress pozuntusu, yaddaşın zəifləməsi xəsarəti (xəsarətin dərəcəsi ağır) almışdır.

2. Gəncə şəhər Psixiatriya Xəstəxanasının xəstəlik tarixindən 003623/2022 nömrəli stasionar çıxarışından görünür ki, İddiaçı “F07.2 Partlayış travması nəticəsində qapalı kəllə beyin travması” diaqnozu ilə (Əsas xəstəliyin ağırlaşması – F.43.1 Postkommosion sindrom, posttravmatik stress pozuntusu; Yanaşı xəstəlik – yaddaşın zəifləməsi) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Gəncə şəhər Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur.

3. Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 247/22 nömrəli tibbi rəyində diaqnoz “F07.2 – Partlayış travması nəticəsində qapalı kəllə beyin travması, postkommosion sindrom. F43.1 – Postravmatik stress pozuntusu, yaddaşın zəifləməsi ilə” kimi qeyd edilmişdir.

4. Mingəçevir Psixo-Nevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 446/22 nömrəli protokolundan çıxarışa əsasən Dispanserin HKP-nın tibbi qərarı ilə diaqnoz “Postkommosion sindrom. Postravmatik stress pozuntusu. Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyən olunmuşdur.

5. Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndəriş vərəqəsində diaqnoz “(XBT-10 üzrə) G44.8 – Digər dəqiqləşdirilmiş baş ağrısı sindromu” kimi qeyd edilmişdir.

6. Gəncə şəhər Psixiatriya Xəstəxanasının xəstəlik tarixindən 1098/2022 nömrəli ambulator kitabçadan çıxarışından görünür ki, İddiaçı “F07.0 Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qarışıq əlamətləri. Ağır depressiv” diaqnozu ilə (Əsas xəstəliyin ağırlaşması – F.33.3 Epizod psixotik əlamətlərlə uzun müddətdir ki, posttravmatik stress pozuntusu. Retroqrat; Yanaşı xəstəlik – Amneziya, intihara cəhdlər) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Gəncə şəhər Psixiatriya Xəstəxanasında ambulator müalicədə olmuşdur.

7. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 105 nömrəli qərarı ilə İddiaçı “F62.0 - Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. F06.5 - Üzvi dissosiativ pozuntu” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

8. “Respublika Psixiatriya Xəstəxanası” X14 xəstəlik tarixindən 094651 7227/23 nömrəli ambulator kitabçadan çıxarışından görünür ki, İddiaçı “F06.5 Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması, dissosiastiv pozuntu” diaqnozu ilə (Əsas xəstəliyin ağırlaşması – funksional tutmalarla) xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək “Respublika Psixiatriya Xəstəxanası” X14də ambulator müalicədə olmuşdur.

9. “Respublika Psixiatriya Xəstəxanası” X14 Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1546 nömrəli tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) dissosiativ pozuntu, psixotik daxilolmalar, funksional tutmalarla F06.5” kimi qeyd edilmişdir.

10. “Respublika Psixiatriya Xəstəxanası” X14 xəstəlik tarixindən 099040 11615/23 nömrəli ambulator kitabçadan çıxarışından görünür ki, İddiaçı “F06.5 Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) dissosiativ pozuntu, psixotik daxilolmalar, funksional tutmalarla” diaqnozu ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Respublika Psixiatriya Xəstəxanası” X14də ambulator müalicədə olmuşdur.

11. İddiaçı əlillik vəziyyəti xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə qiymətləndirilərək “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərarlar qəbul edilmişdir.

12. Sonuncu dəfə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə X9 Dispanseri tərəfindən xx.xx.2024-cü il tarixli M00180038LXK nömrəli göndəriş rəsmiləşdirilmişdir.

13. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F06.5 – Üzvi dissosiativ pozuntu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) dissosiativ pozuntu, psixotik daxilolmalarla, funksional tutmalarla; Yanaşı xəstəliklər – F07.2 Postkontuzion sindrom; Yanaşı xəstəliklər – F62.2 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi; Yanaşı xəstəliklər – F43.1 Posttravmatik stress pozuntusu, Posttravmatik Stress pozuntusu.

14. İddiaçı əlillik vəziyyəti həmin göndərişdəki diaqnozlar əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnozun öz təsdiqini tapmaması” barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-4341/2024 nömrəli qərar qəbul edilmişdir.

15. İddiaçının həmin qərardan verdiyi şikayətə əsasən onun xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və xx.xx.2024-cü il tarixli diaqnozun təsdiqlənməməsi barədə qərarın qüvvədə saxlanılmamasına dair xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 9393/2024 nömrəli qərar qəbul edilmişdir.

16. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X14 xx.xx.2024-cü il tarixli 3-17-4/2-34127/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərə çatdırılır ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildirilir ki, İddiaçı orqanizmin funksiyalarının pozulma faizinin müəyyən edilməsi məqsədilə dövlət tibb müəssisəsinin M00180038LXK nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəmə qərardadına əsasən yenidən xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Həyata keçirilmiş ətraflı müayinənin nəticəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əliliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qüvvədə saxlanılmışdır.

17. Məhkəmənin sorğusuna Dövlət Sərhəd Xidmətinin xx.xx.2025-ci il tarixli 3-38- 55/2-249/25 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli 2296 nömrəli xəstəlik şəhadətnaməsi öz qüvvəsində qalır.

18. “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X14in xx.xx.2024-cü il tarixli müayinə formasından çıxarışında göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Tərtər RMX PHŞnin TYŞ-nə “Sol əlin üst nahiyyəsinin sıyrılmış və kəsilmiş yaraları” diaqnozu ilə müraciət etmişdir.

19. “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2024-cü il tarixli 18-1-75/2-Ə- 14xx-xx-2597/2024 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Tərtər RMX PHŞ-nin TYŞ-nə “Sol əlin İİİ barmağının kəsilmiş yarası” diaqnozu ilə müraciət etmişdir. Xəstəyə yardım olundu və evə buraxıldı. II. Məhkəmədə icraat

20. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X14ə qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli müayinə ilə bağlı imtinasının əsassız hesab edilərək, ona hərbi vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən atılmış mərmi partlaması nəticəsində aldığı travmalarla bağlı ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2002-ci il tarixdə Tərtər rayonunun Soylan kəndində anadan olmuşdur. Hal-hazırda Tərtər rayonunun Soylan kəndində qeydiyyatda olmaqla, həmin ünvanında yaşayır. Onun həqiqi hərbi xidmətə getmək yaşı tamam olduğuna görə 2020-ci ilin iyul ayının 14-də o, Azərbaycan Respublikası SHXÜDX-nin Tərtər rayon şöbəsindən həqiqi hərbi xidmətə gedib, Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissədə hərbi xidmətə başlamışdır. xx.xx.2020-ci il tarixdə İkinci Vətən müharibəsi başlayan vaxtı qulluq etdiyi hərbi hissə də ön cəbhədə mənfur ermənilərlə döyüşlərə qatıldı. xx.xx.2020-ci il tarixdə Fizuli-Cəbrayıl istiqamətində düşmənlə ağır döyüşlər zamanı onların hərəkət etdikləri MAZ markalı hərbi avtomobil düşmənin minamyotdan atdığı mərmi avtomobillərini vurub partlatması nətisində o, baş kəllə-beyin travması almışdır. Avtomobillərinin partladılması zamanı döyüşçü yoldaşlarından şəhid olanları və yaralanlar olmuşdur. Həmin partlayış nəticəsində baş nahiyyəsində 3 ədəd şiş əmələ gəlmiş, eləcə də başının orta nahiyyəsində çat yaranmışdır. Səhhəti ağır olduğundan döyüş yoldaşları həmin gün onu Fizuli rayonunun Əhmədbəyli kəndi ərazisində yerləşən Fizuli hərbi hospitalına aparmışlar. Orada bir gün müayinə və müalicə aldıqdan sonra səhhəti ağırlaşdığından, eləcə də hadisə ilə əlaqədar o, komadan ayılmadığına görə hadisənin səhərisi günü onu Dövlət Sərhət Xidmətinin Bakı şəhərində, "Gənclik" metrosu yaxınlığında yerləşən hərbi hospitalına apardılar. O, 15 gün həmin hospitalda müalicə aldıqdan sonra, səhhəti bərpa olunmasa da 2020-ci ilin oktyabr ayının 30-da özü könüllü olaraq yenidən ön cəbhəyə gedib döyüşlərə qatılmışdır. 10 noyabr 2020-ci il tarixdə Müzəffər Ali Baş X13 Əliyevin sərkərdəliyi, şəhidlərin qanı bahasına, əsgərlərin şücaəti nəticəsində düşmən üzərində qələbə çaldılar. O, hərbi xidmətini davam etdirərkən 2021-ci ilin sentyabr ayında gizirlik kursuna getmişdir. Lakin 2022-ci ilin yanvar ayının 24-də baş nahiyyəsində olan kəllə-beyin travması ilə əlaqədar ağrıları daha da ağırlaşmağa doğru getdiyindən, səhhəti ilə bağlı məcbur olub orduda xidmətdən imtina etmişdir. O, hal-hazırda da həmin ağrılardan əziyyət çəkir. Onun döyüşlər zamanı ağır kəllə-beyin travması aldığı, iddia ərizəsinə əlavə etdiyi xx.xx.2021-ci il tarixli təşəkkür məktubu, Gəncə şəhər Psixatriya xəstəxanasında xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixə kimi müalicə olunub, aldığı stasionar xəstənin xəstəlik tarixinin çıxarışı, Gəncə şəhər Psixatriya Xəstəxanasının verdiyi xx.xx.2022-ci il tarixli 247/22 saylı tibbi arayışı, Mingəçevir Psixo-nevroloji Dispanserinin HPK-nin 21.072022-ci il tarixli tibbi qərarı, Gəncə şəhər Psixatriya xəstəxanasında xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixə kimi müalicə aldığım stasionar xəstənin xəstəlik tarixindən çıxarış, "Psixi Sağlamlıq Mərkəzi" X14 xx.xx.2022-ci il tarixli, 11607 saylı tibbi sənədi, xx.xx.2022ci il tarixdən, xx.xx.2022-ci il tarixə kimi stasionar xəstənin xəstəlik tarixindən çıxarış, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 105 saylı Qərarı, "Respublika Psixatriya Xəstəxanası" X14 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi stasionar xəstənin xəstəlik tarixindən çıxarış, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 2296 saylı xəstəlik Şəhadətnaməsi, "Respublika Psixatriya Xəstəxanası" X14 həkim psixatr komissiyasının xx.xx.2023-cü il tatrixli, 1956 saylı tibbi Rəyi, "Respublika Psixatriya Xəstəxanası" X14 xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixə kimi müalicə alıb aldığı stasionar xəstənin xəstəlik tarixindən çıxarışlar ilə də tam təsdiq olunur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 105 saylı qərarında qeyd olunur ki, "Sabiq hərbi qulluqçu İddiaçı Azərbaycan Respublikası SHXÇÜDX-nin Tərtər rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1120 nömrəli göndərişinə əsasən xidmət zamanı alınmış xəstəliyin səbəb əlaqəsinə baxılmışdır. Təqdim olunan sənədlərə (18.05.22-ci il tarixli "X10" komandanı general-mayor R.Tağıyev tərəfindən imzalanmış travma Aktı, 2 nömrəli X5 xx.xx.2022- xx.xx.2022-ci il tarixli ambulator kitabçadan çıxarışı, Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 11607 saylı arayışı) əsasən aşağıdakı qərar verilmişdir. Dz.(F62.0) Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. (F06.5) Üzvi dissosiativ pozuntu. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş " Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 7.2. bəndinina) yarımbəndi". O, qeyd olunan xəstəlikləri ilə bağlı tibbi sənədlərini toplayıb xəstəxana vasitəsi ilə hərbi xidmətini yerinə yetirərkən aldığı kəllə beyin travması ilə bağlı əlillik təyin edilməsindən ötrü barəsində olan Forma-88 sistemə vurulsa da, xx.xx.2024-cü il tarixdə cavabdeh orqan ona heç bir qanuni əsas və səbəb olmadan imtina verilmişdir. Həmin imtinada diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) dissosiativ pozuntu psixotik daxil olmalarla, Funksional tutmalarla. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Postravmatik stress pozuntusu qeyd olunsa da, imtinaya səbəb diaqnozun öz təsdiqini tapmaması göstərilmişdir. Cavabdeh orqanın imtinasını o, qanunsuz və əsassız hesab edir. Ona görə ki, onun imtina cavabı ilə onun Konstitusiyamızla nəzərdə tutulmuş hərbi vəzifəsini yerinə yetirərkən döyüşlər zamanı travmalar aldığına görə xəstəliyi ilə bağlı pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. Ümid edir ki, yuxarıda qeyd etdiyi əsas və səbəbləri nəzərə alıb cavabdeh tərəfindən pozulmuş hüququ məhkəmə tərəfindən bərpa ediləcəkdir. Ona görə də, hesab edir ki, yuxarıda qeyd etdiyi əsas və səbəblərə görə hərbi vəzifələrini yerinə yetirərkən aldığı travmalarla bağlı ona əllillik təyin edilməsi vəzifəsinin cavabdeh orqan Azərbaycan Respublikası ƏƏSMN Tibbi Sosial Ekapertiza və Reablitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

23. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

24. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

25. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.

26. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş (əyani müayinə zamanı) və ona əlillik təyinatından imtina edilmişdir. Həmin imtina qərarının ona rəsmi qaydada təqdim edilməsinə dair cavabdeh təərfindən hər hansı sənəd təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən müddətin ötürülmədiyi qənaətinə gəlir.

27. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

28. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

29. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

30. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

31. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

32. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

33. İddiaçı məhkəmə iclası zamanı ünsiyyət qurmadığı və başını aşağı salaraq dinləmədiyi üçün onun dinlənilməsi və izahatının alınması mümkün olmamışdır.

34. Cavabdeh orqanın iddia ilə bağlı yazılı məlumatı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məlumat onunla əsaslandırılmışdır ki, ikinci Qarabağ müharibəsi dövründə qapalı kəllə beyin travması almışdır, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) dissosiativ pozuntu, psixotik daxilolmalarla, funksional tutmalarla. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Posttravmatik stress pozuntusu. xx.xx.2024-cü il tarixlərində əyani müainədə olmuş və diaqnozun öz təsdiqini tapmaması barədə qərar almışdır. “Diaqnozun mətni: Üzvi (İİ Qarabağ müharibəsi zamanı lunmuş qapalı kəllə-beyin travması). Dissosiativ pozuntu, funksional tutmalarla. Postkontuzion sindrom, Ağır depressiv epizod. Posttravmatik stress pozuntusu. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. X2: Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Kəskin ifadəli labil pozuntu. Astenonevrotik hal. Koqnitiv fünksiyaların enməsi. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. . Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən - Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişkənliyi.Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod.Partlayış travması keçirilmiş qapalı kəlləbeyin travması, baş beynin silkələnməsi..diaqnozu təyin edilsə belə müvafiq ağırlaşmalar əyani müayinə zamanı öz əksini tapmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

35. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” xx.xx.2023-cü il tarixli arayışı; - Gəncə şəhər Psixiatriya Xəstəxanasının xəstəlik tarixindən 003623/2022 nömrəli stasionar çıxarışı; - Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 247/22 nömrəli tibbi rəyi; - Mingəçevir Psixo-Nevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 446/22 nömrəli protokolundan çıxarışı; - Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndəriş vərəqəsi; - Gəncə şəhər Psixiatriya Xəstəxanasının xəstəlik tarixindən 1098/2022 nömrəli ambulator kitabçadan çıxarışı; - “Psixi Sağlamlıq Mərkəzi” X14 xx.xx.2022-ci il tarixli 11607 nömrəli tibbi rəyi; - 2 nömrəli X3 xəstəlik tarixindən ambulator kitabçadan çıxarışı; - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 105 nömrəli qərarı; - “Respublika Psixiatriya Xəstəxanası” X14 xəstəlik tarixindən 094651 7227/23 nömrəli ambulator kitabçadan çıxarışı; - Azərbaycan Respublikası Dövlət X11 Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 2296 nömrəli şəhadətnaməsi; - “Respublika Psixiatriya Xəstəxanası” X14 X8 xx.xx.2023-cü il tarixli 1546 nömrəli tibbi rəyi; - “Respublika Psixiatriya Xəstəxanası” X14 xəstəlik tarixindən 099040 11615/23 nömrəli ambulator kitabçadan çıxarışı; - X9 Dispanserinin xx.xx.2024-cü il tarixli M00180038LXK nömrəli göndərişi; - Məhkəmənin sorğusuna Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli 3-38- 55/2-857/2024 nömrəli cavab məktubu; - “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2024-cü il tarixli 18-1-75/2-Ə- 14xx-xx-2597/2024 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X14 xx.xx.2024-cü il tarixli 3-17-4/2-34127/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Dövlət Sərhəd Xidmətinin xx.xx.2025-ci il tarixli 3-38- 55/2-249/25 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

36. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

37. Belə ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 105 nömrəli qərarı ilə İddiaçı “F62.0 - Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. F06.5 - Üzvi dissosiativ pozuntu” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

38. İddiaçı əlillik vəziyyəti xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə qiymətləndirilərək, hər üçündə “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.

39. Sonuncu dəfə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə X9 Dispanseri tərəfindən xx.xx.2024-cü il tarixli M00180038LXK nömrəli göndəriş rəsmiləşdirilmişdir.

40. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F06.5 – Üzvi dissosiativ pozuntu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) dissosiativ pozuntu, psixotik daxilolmalarla, funksional tutmalarla; Yanaşı xəstəliklər – F07.2 Postkontuzion sindrom; Yanaşı xəstəliklər – F62.2 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakətkeçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi; Yanaşı xəstəliklər – F43.1 Posttravmatik stress pozuntusu, Posttravmatik Stress pozuntusu.

41. İddiaçı əlillik vəziyyəti həmin göndərişdəki diaqnozlar əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnozun öz təsdiqini tapmaması” barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-4341/2024 nömrəli qərar qəbul edilmişdir.

42. İddiaçının həmin qərardan verdiyi şikayətə əsasən onun xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və xx.xx.2024-cü il tarixli diaqnozun təsdiqlənməməsi barədə qərarın qüvvədə saxlanılmamasına dair xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 9393/2024 nömrəli qərar qəbul edilmişdir.

43. Həmçinin həmin göndərişlə müəyyən olunur ki, İddiaçı “S06.0 Baş beynin silkələnməsi” diaqnozu ilə X7 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, “F07.2 Postkontuzion sindrom” diaqnozu ilə Mingəçevir PND-də xx.xx.2022-ci il tarixdə, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə X6 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, “F06.5 Üzvi dissosiativ pozğunluq” diaqnozu ilə Bakı Psixi Sağlamlıq Mərkəzində xx.xx.2022-ci il tarixdə, “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu ilə 2 saylı X4 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, “F06.5 Üzvi dissosiativ pozğunluq” diaqnozu ilə Bakı 1 saylı Respublika Pisixiatriya Xəstəxanasında xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixədək, “F06.5 Üzvi dissosiativ pozğunluq” diaqnozu ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və X12 adına xəstəxanada xx.xx.2023-cü il tarixdə stasionar müalicələrdə olmuşdur.

44. Məhkəmə qeyd edir ki, iddiaçının qiymətləndirilməsi üçün rəsmiləşdirilmiş göndərişdə ona qoyulmuş əsas diaqnoz “F06.5 - Üzvi dissosiativ pozuntu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) dissosiativ pozuntu, psixotik daxilolmalarla, funksional tutmalarla” iddiaçının qiymətləndirildiyi dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə mövcud olmamışdır.

45. Belə ki, həmin diaqnoz əvvəllər adıçəkilən Meyarlara Əlavənin 7.6.2-ci bəndində təsbit olunmuş olsa da, 20 iyul 2023-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 iyul 2023-cü il, “Xalq” qəzeti, 28 iyul 2023-cü il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 1074) ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə 7.6.2-ci yarımbənd yeni redaksiyada verilmiş və “F06.5 Üzvi dissosiativ pozuntu” diaqnozlu xəstəlik həmin yarımbənddə əks olunmamışdır.

46. Buna baxmayaraq, sözügedən xəstəlik adıçəkilən Meyarlara Əlavənin 7.5.1-ci yarımbəndində təsbit olunmuş “F44” XBT kodu altında olan “dissosiativ (konversion) pozuntular” xəstəliyinə uyğun gəlir (https://psixoloq.az/article/dissosiativ-konversionpozuntular;).

47. Sözügedən göndərişin rəsmiləşdirilməsi, dolayısı ilə iddiaçıda mövcud olan xəstəliyin və onun XBT kodunun düzgün müəyyənləşdirilməsi iddiaçının deyil, göndərişi verən tibb müəssisəsinin məsuliyyət sferasına aiddir.

48. Bundan əlavə isə, iddiaçıda əsas diaqnozla yanaşı mövcud olan “F43.1 Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu”, “F62.2 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi”, “F07.2 Postkontuzion sindrom” (yanaşı xəstəliklər) də iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur.

49. Belə ki, iddiaçıya qoyulmuş bütün diaqnozlar üzrə o, 2 ildən artıq davam edən müalicələrdə olmuş, bununla yanaşı özünəqəsd (suisidal) cəhdləri olmuşdur.

50. Bundan əlavə isə, məhkəmə iclasında vizual baxışla iddiaçının özünü, davranışını idarə etmək qabiliyyətində olmadığı müəyyən edilmiş, zala valideynləri tərəfindən sürüyərək (yerişinin pozulması) daxil edilməsi və çıxarılması müşahidə edilmişdir. İddiaçının ona verilən suallara cavab reaksiyası olmamış, iclas gedişatında başını aşağı salaraq bədənini əsdirmişdir.

51. Göründüyü kimi, iddiaçıda mövcud olan xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 65-80 faiz aralığında pozulması ilə əlaqədar ona əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

52. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

53. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

54. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman (xx.xx.2024-cü il tarixdə) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə ikinci dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.

55. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

56. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin XBT-10 Orqanizmin Orqanizmin №-si və çatışmazlıqların (kod) funksiyalarının funksiyalarının adları, onların ağırlıq pozulması faizi pozulması müddəti dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri

7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. 7.5.1. Dissosiativ (konversion) F44 pozuntular Posttravmatik stres F43.1 pozuntusu Qiymətləndirmə

7.5.1.2. 2 il müddətində 65-80 2 il müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət 7.6.2. Postkontuzion sindrom F07.2 Qiymətləndirmə 7.6.2.2. Məqsədyönlü fəaliyyət 65-80 2 il qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti Qeyd. Şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır: - şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; - uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; - dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti; - kompensasiya dövründə adaptasiya imkanları; - sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); - intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. Müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi.

7.7.1 Fəlakət keçirdikdən F62.0 sonra şəxsiyyətin davamlı dəyişikliyi Qiymətləndirmə 7.7.1.2 Bütün həyat 65-80 2 il fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması

57. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş diaqnozlar üzrə orqanizminin funksiyalarının pozulması 65-80 faiz aralığındadır və bu da iddiaçıya ikinci dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

58. Məhkəmə onu da qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət X11 Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 2296 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə iddiaçıya qoyulmuş “F62.0 - Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. F06.5 - Üzvi dissosiativ pozuntu” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyindən, yəni iddiaçıya əlillik təyinatına əsas verən xəstəliklər Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığından iddiaçının əlilliyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.

59. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar...

60. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

61. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qismən qanunsuz olmuşdur.

36. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80% aralığında pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X14in üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar