Məhkəmə qərarları › İş №2-1(114)-1012/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1012/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1012/2021 19.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, İddiaçı cavabdehlər Tərtər rayonu Evoğlu İƏV üzrə kənd icra nümayəndəsinə, Cavabdehnə və Torpaq İslahat Komissiyasına (üçüncü şəxslər Azərbaycan Respublikası DT və XK-nin Tərtər rayon şöbəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi) qarşı torpaq sahəsinin müvafiq qaydada ölçülüb verilməsi və pay torpaq sahəsi üzərində mülkiyyət hüququnun sənədləşdirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Tərtər rayonu Evoğlu İƏV üzrə kənd icra nümayəndəsinə, Cavabdehnə və Torpaq İslahat Komissiyasına (üçüncü şəxslər Azərbaycan Respublikası DT və XK-nin Tərtər rayon şöbəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tərtər rayonu Evoğlu kəndində ona 0.54 ha pay torpaq sahəsinin müvafiq qaydada ölçülüb verilməsi və pay torpaq sahəsi üzərində mülkiyyət hüququnun sənədləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər rayonu Evoğlu kəndində 1962-ci ildə rəsmi nigahdan anadan olmuş, kəndin yerli sakini olmuşdur. Valideyinləri və doğmaları da həmin kəndin yerli sakinləri olmuşlar. Bəzi doğmaları da hazırda həmin ünvanda yaşayırlar. Evoğlu kəndində 2013-cü ilə kimi yaşamış, 2013-cü ildə isə müvafiq səbəblə bağlı olaraq Evoğlu kəndindən qeydiyyatdan çıxmışdır və Tərtər rayonu Qaradağlı kəndində qeydiyyata düşmüşdür. 2017-ci ildə də yaşamaq üçün yenə Evoğlu kəndinə qayıtmış və hazırda da həmin kəndə yaşayır. Evoğlu kəndində torpaq islahatı aparılan zaman onun mərhum valideyinlərinə və digər doğmalarına pay torpaq sahəsi verilmişdir. Pay torpaq sahələrinin də verilməsi torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. Pay torpaq sahəsi paylanan zaman Evoğlu kəndində rəsmi qeydiyyatda olduğu və yaşadığı halda ona pay torpaq sahəsinin verilməsi təmin edilməmişdir. Pay torpaq sahəsi almaq üçün müxtəlif vəzifəli şəxslərə və müvafiq instansiyalara müraciət etmiş, ancaq ki, real olaraq ona pay torpaq sahəsi ölçülüb verilməmişdir və hazırda da verilməsi təmin olunmur. Ona rəsmi cavab verilmişdir ki, mübahisənin həll olunması üçün aidiyyəti üzrə və müvafiq qaydada məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair 21 aprel 2021-ci il tarixli sərəncam göndərilərək real yardım edilmiş və yardıma uyğun nöqsanların aradan qaldırılması təklif olunaraq 19 may 2021-ci il, saat 10:30-dək vaxt verilmişdir. Məhkəmənin sərəncamı 01.05.2021-ci il tarixdə iddiaçıya təqdim olunsa da, iddiaçı məhkəmənin müraciətinə uyğun nöqsanları aradan qaldırmamışdır. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İlkin olaraq qeyd edilməlidir ki, iddia ərizəsində, cavabdehlər qismində göstərilmiş Tərtər rayonu Evoğlu İƏV üzrə kənd icra nümayəndəsi, Cavabdeh və Torpaq İslahat Komissiyası müştərək hüquqi marağa malik deyildirlər, vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmir, ona görə də hazırki mübahisə üzrə prosessual həmiştirakçılar kimi çıxış edə bilməzlər. Həmçinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması qeyd olunan orqanların səlahiyyətində deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunmuş cavabdehlər Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə görə müştərək hüquqi maraqlara malik deyildir, hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmir, ona görə də hazırki mübahisə üzrə prosessual həmiştirakçılar kimi çıxış edə bilməzlər. Pay torpaq sahəsinin verilməsi tələbi ilə bağlı bildirilir ki, tələb qeyri-müəyyəndir. Belə ki, hazırda pay torpaq sahəsinin verilməsi həyata keçirilmir və bu proses Aqrar İslahat komissiyası tərəfindən aparılaraq yekunlaşmışdır. Belə ki, “X1 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 02 mart 1995-ci il tarixli, 290 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X1 Komissiyası yaradılmışdır. “X1 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 02 mart 1995-ci il tarixli, 290 nömrəli Fərmanı Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 206 nömrəli Fərmanı ilə qüvvədən düşmüş hesab edilmiş, X1 Komissiyasının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir - 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Tərtər rayonu Evoğlu İƏV üzrə kənd icra nümayəndəsinə, Cavabdehnə və Torpaq İslahat Komissiyasına (üçüncü şəxslər Azərbaycan Respublikası DT və XK-nin Tərtər rayon şöbəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi) qarşı torpaq sahəsinin müvafiq qaydada ölçülüb verilməsi və pay torpaq sahəsi üzərində mülkiyyət hüququnun sənədləşdirilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar