Məhkəmə qərarları › İş №2-1(114)-1013/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1013/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1013/2024 05.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən BOKT-yə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilərək BOKT tərəfindən hesabatlarda təhrif edilmənin aradan qaldırılması, ehtiyatların tam həcmdə yaradılması, vaxtı keçmiş öhdəliklərinin icrasının təmin edilməsi, Mülki Məcəllənin tələblərinə əməl edilməklə zəruri həcmdə nizamnamə kapitalının artırılması, Audit Komitəsinin yaradılması və lisenziyada nəzərdə tutulan kreditləşmə fəaliyyətinin bərpa olunması və görülmüş işlərlə əlaqədar məlumat və təsdiqedici sənədlərin Mərkəzi Banka 10 (on) iş günü ərzində təqdim edilməsi tələb olunmuşdur. Yol verilmiş pozuntuların aradan qaldırılmasına yönəlmiş göstərişin tələblərinə əməl edilmədiyi təqdirdə Mərkəzi Bank tərəfindən "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin lisenziyasının ləğvi məsələsinə baxılacağı xəbərdarlığı olunmuşdur.

2. Mərkəzi Bank tərəfindən xx.xx.2023-cü il tarixdə BOKT-yə eyni məzmunda təkrarən xəbərdarlıq məktubu göndərilmiş və tapşırıqların icrasının 5 iş günü ərzində yekunlaşdırılması tələb edilmiş, əks təqdirdə lisenziyanın ləğv edilməsi ilə bağlı inzibati icraata başlanılacağı bildirilmişdir.

3. Mərkəzi Bank tərəfindən BOKT-yə xx.xx.2023-cü il tarixli növbəti məktub ünvanlanaraq BOKT barəsində inzibati icraata başlandığı və bununla bağlı xx.xx.2023-cü il tarixdə ilk iclasın keçiriləcəyi bildirilmişdir.

4. BOKT-yə verilmiş lisenziyanın ləğvi ilə bağlı başlanılmış inzibati icraat çərçivəsində keçirilmiş xx.xx.2023-cü il tarixli iclasın yekunlarına dair tərtib olunmuş protokoldan görünür ki, Mərkəzi Bankın əməkdaşları tərəfindən inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə uyğun növbəti prosedurlar, o cümlədən lisenziyanın ləğv edilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə BOKT tərəfindən iclasda iştirak edən şəxslərə məlumat verilmişdir.

5. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli 27 nömrəli protokol qərarından çıxarışdan görünür ki, “Bank olmayan kredit təşkilatları” haqqında Azərbaycan Respublikası Qanununun 25.1.4-cü və 25.1.5-ci maddələrinə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə (VÖEN: **********: hüquqi ünvanı: Bərdə rayonu, Bərdə şəhəri, X3 küçəsi, ev 24) kreditlərin verilməsinin həyata keçirilməsi üçün verilmiş 11 dekabr 2013-cü il tarixli BKT-17 nömrəli lisenziyanın ləğv edilməsi qərara alınmışdır.

6. Qərarın surəti xx.xx.2023-cü il tarixdə BOKT-nin hüququ ünvanı Bərdə şəhəri, X3 küçəsi, ev 24 ünvanında yerləşən ofisinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə Rzayev tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir.

7. İddiaçı BOKT MMC-nin Nizamnaməsinin 1.13-cü bəndində MMC-nin Xətai küçəsi 24, Bərdə AZ0900, Azərbaycan ünvanında yerləşdiyi qeyd edilmişdir.

8. 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında xx.xx.2013-cü il tarixli şəhadətnamədə İddiaçı BOKT MMC-nin hüquqi ünvanı AZ0900, Bərdə rayonu, Bərdə şəhəri, Xətai, ev 24 kimi qeyd edilmişdir. II. Məhkəmədə icraat

9. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli qərarı əsasında "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nə kreditlərin verilməsi üçün verilmiş xx.xx.2013-cü il tarixli BKT-17 nömrəli lisenziya ləğv edilmişdir. Hesab edirlər ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli qərarı tam qanunsuz və əsassızdır. Belə ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC uzun müddətdir ki, fəaliyyət göstərməkdədir. Bugünə qədər hər hansı fəaliyyət pozuntusu olmamışdır. Yuxarıdakı qərar qəbul edilərkən şirkətin iştirakı təmin edilməmiş, izahat alınmamış və onları dinləmədən qərar qəbul edilmişdir. Bundan başqa qərarda qeyd olunan pozuntuların nədən ibarət olması, bunu təsdiq edən hallar bəlli deyil. Sadəcə “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25.1.4 və 25.1.5ci maddələrinin adını çəkməklə kifayətlənmişdir. Halbuki həmin maddədə göstərilən pozuntulara tərəflərindən yol verilməmişdir.

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-12316/2-2023 nömrəli qərardadı ilə hazırki iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

13. Məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.

14. İddiaçının və cavabdehin nümayəndələri məhkəmə iclasında iştirak etmiş, gəlməmələrinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

15. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, BOKT-yə verilmiş xx.xx.2013-cü il tarixli, BKT-17 nömrəli lisenziya Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli Qərarı ilə ləğv olunmuş və qeyd olunan Qərar "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.4cü və 25.1.5-ci maddələri ilə əsaslandırılmışdır. Qeyd olunan Qanunun 25.1-ci maddəsinə əsasən, BOKT-nin lisenziyası və ya filiallara verilmiş icazələr aşağıdakı bir və ya bir neçə əsas olduqda maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ləğv edilə bilər 25.1.4. fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanının və ya Mərkəzi Bankın göstərişlərinə əməl etmədikdə; 25.1.5. tələb olunan hesabatları ardıcıl olaraq iki hesabat tarixinə maliyyə bazarlarına nəzarət orqanına təqdim etmədikdə və ya maliyyə bazarlarına nəzarət orqanına təhrif olunmuş hesabat təqdim etdikdə; Qeyd olunan Qanunun 24.2-ci maddəsinə əsasən, BOKT fəaliyyəti barədə prudensial tələblərə dair hesabatları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş forma və məzmunda hər hesabat rübü başa çatdıqdan sonra 10 gündən gec olmayaraq maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, hesabatların təhlili nəticəsində bu Qanunun, maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarının tələblərinin pozulması halları aşkara çıxarıldıqda və ya bu cür pozuntulara səbəb ola biləcək faktlar məlum olduqda maliyyə bazarlarına nəzarət orqanı onların aradan qaldırılması barədə BOKT-yə xəbərdarlıq məktubu göndərir. Məktubda BOKT tərəfindən yol verilmiş pozuntuların (nöqsanların) və ya bu cür pozuntulara səbəb ola biləcək faktların aradan qaldırılması üçün görülməli tədbirlər və onların yerinə yetirilməsi müddəti göstərilir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, BOKT xəbərdarlıq məktubunda müəyyən olunan vaxt ərzində göstərilmiş tədbirlərin həyata keçirilməsi barədə maliyyə bazarlarına nəzarət orqanına yazılı məlumat verməlidir. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən olunmuş vaxt ərzində tədbirlər tam və ya tələblərə uyğun şəkildə həyata keçirilmədikdə, maliyyə bazarlarına nəzarət orqanı BOKT-yə ikinci xəbərdarlıq məktubu göndərir və müvafiq tədbirlərin müəyyən olunmuş vaxt ərzində həyata keçirilməyəcəyi təqdirdə lisenziyanın ləğv ediləcəyi barədə xəbərdarlıq edir. Mərkəzi Bank tərəfindən BOKT-yə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilərək BOKT tərəfindən hesabatlarda təhrif edilmənin aradan qaldırılması, ehtiyatların tam həcmdə yaradılması, vaxtı keçmiş öhdəliklərinin icrasının təmin edilməsi, Mülki Məcəllənin tələblərinə əməl edilməklə zəruri həcmdə nizamnamə kapitalının artırılması, Audit Komitəsinin yaradılması və lisenziyada nəzərdə tutulan kreditləşmə fəaliyyətinin bərpa olunması və görülmüş işlərlə əlaqədar məlumat və təsdiqedici sənədlərin Mərkəzi Banka 10 (on) iş günü ərzində təqdim edilməsi tələb olunmuşdur. Yol verilmiş pozuntuların aradan qaldırılmasına yönəlmiş göstərişin tələblərinə əməl edilmədiyi təqdirdə Mərkəzi Bank tərəfindən "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin lisenziyasının ləğvi məsələsinə baxılacağı xəbərdarlığı olunmuşdur. Lakin, BOKT tərəfindən Mərkəzi Bankın müvafiq məktubuna cavab verilməmişdir. Mərkəzi Bank tərəfindən xx.xx.2023-cü il tarixdə BOKT-yə eyni məzmunda təkrarən xəbərdarlıq məktubu göndərilmiş və tapşırıqların icrasının 5 iş günü ərzində yekunlaşdırılması tələb edilmiş, əks təqdirdə lisenziyanın ləğv edilməsi ilə bağlı inzibati icraata başlanılacağı bildirilmişdir. Lakin, BOKT tərəfindən Mərkəzi Bankın qeyd edilən məktubuna təkrarən cavab verilmədiyindən və verilən tapşırıqlar icra olunmadığından Mərkəzi Bank tərəfindən BOKT-yə xx.xx.2023-cü il tarixli növbəti məktub ünvanlanaraq BOKT barəsində inzibati icraata başlandığı və bununla bağlı xx.xx.2023-cü il tarixdə ilk iclasın keçiriləcəyi bildirilmişdir. BOKT tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2023-cü il tarixli məktubun məzmunundan da görünür ki, verilən göstərişlər icra edilməmiş, tapşırıqlar icrasız olaraq qalmaqda davam etmişdir. BOKT-yə verilmiş lisenziyanın ləğvi ilə bağlı başlanılmış inzibati icraat çərçivəsində keçirilmiş xx.xx.2023-cü il tarixli iclasda BOKT-nin təsisçisi Zaur Sadıxov və daxili auditoru Könül Abbasova iştirak etmiş və iclasın yekunlarına dair tərtib olunmuş protokoldan da görünür ki, Z.Sadıxov nöqsan və çatışmazlıqların mövcud olduğunu bildirmiş və protokol qeyd olunan şəxslər tərəfindən də imzalanmışdır. Beləliklə, Mərkəzi Bank tərəfindən müvafiq xəbərdarlıq məktubları ilə verilmiş göstərişlər müəyyən edilmiş müddətlər çərçivəsində BOKT tərəfindən icra olunmadığından X2 Heyətinin xx.xx.2023-cü il tarixli Qərarı ilə BOKT-yə verilmiş xx.xx.2013-cü il tarixli, BKT-17 nömrəli lisenziya ləğv edilmişdir. Qərarın surəti xx.xx.2023cü il tarixdə BOKT-nin Bakı şəhəri, X3 küçəsi, ev 24 ünvanında yerləşən ofisinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, Mərkəzi Bank istər inzibati icraatın başlanılmasına qədərki dövr ərzində, istərsə də inzibati icraat mərhələsində qanunun tələbləri çərçivəsində hərəkət etmiş, yol verilmiş pozuntuların aradan qaldırılması istiqamətində BOKT-yə müvafiq göstərişlər verilmiş, lakin BOKT pozuntuların aradan qaldırılması istiqamətində zəruri tədbirləri görməmişdir. BOKT tərəfindən fəaliyyəti dövründə hər hansı pozuntunun olmaması ilə bağlı qeyd olunur ki, BOKT-yə verilmiş lisenziyanın ləğvi ilə bağlı başlanmış icraat çərçivəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokolda BOKT-nin fəaliyyəti ilə əlaqədar çatışmazlıqların olmasını təşkilatın təsisçisi Zaur Sadıxov və daxili auditor Könül Abbasova imzaları ilə təsdiq etmişlər. Odur ki, Mərkəzi Bank iddiaçı BOKT-nin cari fəaliyyətində yol vermiş qanun pozuntularının və çatışmazlıqların aradan qaldırılmasında müsbət nəticə əldə edə bilmədiyindən qanunla nəzərdə tutulmuş səlahiyyət çərçivəsində tədbirlər görmüşdür. "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş tələblər ölkə üzrə fəaliyyət göstərən bütün bank olmayan kredit təşkilatları üçün məcburidir. Tələblərin icrası hüquqi şəxs kimi BOKT-nin üzərinə düşür və icrasız qaldığı təqdirdə həmin BOKT barəsində müvafiq tədbirlərin görülməsinə əsas yaradır. BOKT tərəfindən çatışmazlıq və pozuntuların aradan qaldırılması üçün verilmiş tapşırıqların yerinə yetirilməməsi Mərkəzi Bank tərəfindən verilmiş göstərişlərin icra olunmaması ilə nəticələnmiş və bu da BOKT-yə verilmiş lisenziyanın ləğv edilməsini zəruri etmişdir. Əlavə olaraq, X2 Heyətinin xx.xx.2023-cü il tarixli qərarı BOKT-yə xx.xx.2023-cü il tarixli müşayiət məktubu ilə göndərilmişdir. Məktub BOKT tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmi qaydada qəbul edilsə də, BOKT tərəfindən qərarın mübahisələndirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə, yəni inzibati prosessual qanunvericiliklə müəyyən olunmuş 30 günlük iddia müddəti buraxılmaqla müraciət edilmişdir. Sadalananlardan da göründüyü kimi, BOKT tərəfindən iddia müddəti ötürülməklə mübahisələndirmə haqqında iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Qeyd edilən hal isə məhkəmə tərəfindən iddianın mümkünlüyünün yoxlanılması üçün əsas verir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən məhkəmədən yuxarıda qeyd olunanların nəzərə alınaraq iddianın mümkün sayılmaması barədə məhkəmə qərardadının qəbul edilməsi xahiş olunur.

16. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müddətin bərpasına dair ərizə ünvanlayaraq, ərizəni onunla əsaslandırmışdır ki, sözügedən qərar onlara xx.xx.2023-də deyil, xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Mərkəzi bankın xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki qərar Bərdə şəhərinə göndərilmiş (X3 küçəsi ev 24) və Rzayev adlı şəxs tərəfindən götürülmüşdür. Halbuki, Rzayev soyadlı onların işçisi olmamış və o ünvanda fəaliyyət göstərmirlər. Yuxarıda qeyd etdiyi kimi qərarı onlar xx.xx.2023-cü il tarixində almışlar. Məhkəməyə müraciətləri isə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə olmuşdur. Sadəcə olaraq aidiyyət qaydalarına uyğun olaraq iş Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Əslində onlar sərəncamda qeyd etdikləri kimi Gəncə İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etməmişlər, iş aidiyyatı üzrə göndərilmişdir. Yuxarıdakıları nəzərə alaraq iddia müddətini ötürülməmiş hesab edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

17. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarında olan və təqdim edilmiş sənədləri nəzərdən keçirib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır.

18. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

19. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

20. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

21. İşin müəyyən edilmiş hallarına görə, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli 27 nömrəli protokol qərarı ilə, “Bank olmayan kredit təşkilatları” haqqında Azərbaycan Respublikası Qanununun 25.1.4-cü və 25.1.5-ci maddələrinə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə (VÖEN: **********: hüquqi ünvanı: Bərdə rayonu, Bərdə şəhəri, X3 küçəsi, ev 24) kreditlərin verilməsinin həyata keçirilməsi üçün verilmiş 11 dekabr 2013-cü il tarixli BKT-17 nömrəli lisenziyanın ləğv edilməsi qərara alınmışdır.

22. İddiaçı həmin qərarı mübahisələndirərək, bu barədə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 2- 1(112)-12316/2-2023 nömrəli qərardadı ilə hazırki iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

23. Hazırkı işə əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, sözügedən qərarın surəti xx.xx.2023-cü il tarixdə BOKT-nin hüququ ünvanı Bərdə şəhəri, X3 küçəsi, ev 24 ünvanında yerləşən ofisinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə Rzayev tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir.

24. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilib-edilməməsi yoxlanılmalıdır.

25. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

26. «İnzibati icraat haqqında» Qanuna görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdə sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən son maraqlı şəxsə təqdim olunmuş sayılır.

27. Məhkəmə onu da qeyd edir ki, mübahisələndirilən qərarda ondan şikayət vermə qaydası və müddəti nəzərdə tutulduğu üçün ona İPM-in 38.1-ci və "İnzibati icraat haqqında" Qanunun 73.1-ci maddələrində nəzərdə tutulmuş 30 günlük müddət şamil edilir.

28. Göründüyü kimi, iddiaçının sözügedən qərardan xx.xx.2023-cü il tarixdən məlumatlı olması işin mübahisə olunmayan halıdır.

29. İddiaçı isə həmin vaxtdan 30 gün keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə hazırkı iddianı qaldırmış və bununla da qərarı mübahisələndirmək üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür.

30. İddiaçı müddətin bərpasına dair ərizəsində "xxxx" BOKT MMC-nin Bərdə şəhəri, X3 küçəsi, ev 24 ünvanında yerləşmədiyini qeyd etsə də, İddiaçı BOKT MMC-nin Nizamnaməsinin 1.13-cü bəndində və 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında xx.xx.2013-cü il tarixli şəhadətnamədə də MMC-nin hüquqi ünvanı AZ0900, Bərdə rayonu, Bərdə şəhəri, Xətai, ev 24 kimi qeyd edilmişdir.

31. Digər tərəfdən isə, müddətin bərpasına dair ərizədə iddiaçı tərəf sözügedən qərarı xx.xx.2023-cü il tarixində aldıqlarını bildirsələr də, Bakı İnzibati Məhkəməsinə müraciətləri xx.xx.2023-cü il tarixdə olmuşdur. Bu isə həmin dəlilin əsaslı olmadığına dəlalət edir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.

33. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.

34. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.

35. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.

36. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

38. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

39. Göründüyü kimi, iddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüşdür.

40. Buna görə də, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddiası mümkün sayılmamalıdır.

Nəticəvi hissə:

41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar