Məhkəmə qərarları › İş №2-1(114)-1013/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1013/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1013/2025 14.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bərdə Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı soyadının dəyişdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bərdə Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı soyadının “Qədimli”dən “Kolanı”ya dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı soyadın dəyişdirilməsi barədə Bərdə Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə etdiyi müraciətə həmin şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/8-5xx/xx-2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Ərizəsində o Qədimli soyadının Kolanı soyadına dəyişdirilməsini qeyd etmişdir. “Kolanı” – Azərbaycanda yaşayan tayfadır və Azərbaycan dilinin izahlı lüğətində həmin soyad mövcud olmadığından soyadının “Kolanı” soyadına dəyişdirilməsi tərəfindən mümkün olmamışdır. Bu barədə məhkəməyə iddia qaydasında müraciət edə bilər.

2. Azərbaycan Milli Elmlər X1 adına Dilçilik İnstitutunun xx.xx.2024-cü il tarixli 8-1- 14/2-232/2024 nömrəli məktubunda bildirilmişdir ki, Kolanı tayfasının Ağdamda, Ağdərədə Kəlbəcərdə, Naxçıvanda yaşadıqları haqqında məlumatlar vardır. Kolanılar oğuzların Bəydili, tarixi külçü qolundandırlar. "Kolanı" etnotoponiminin Kul kulan-çöl atı anlamında olduğuna dair tədqiqatçılar müəyyənləşdirmişlər. Kolanı tayfası haqqında məlumatlar çoxdur, etnotoponimlər və ensiklopedik lüğətlərdə müəyyən izahlara rast gəlmək olur. Lüğətlərdə etnonim mənşəli Kolayev (a) familyasına rast gəlinir. Mühüm bir mənbədə (B.Ə.Budaqov, Q.Ə.Qeybullayev.Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti . Bakı, "Oğuz eli", 1998,səh.30 "Kolanı", "Kolanı aralıq", "Kolanıqıran", " Kolanlı" adlı bir çox lüğət məqalələrinə rast gəlmək olur. Qeyd olunan kənd adları (indi kəndlər Ermənistan ərazisində dağıdılmışdır) Kolanı elinin adındadır. Qaldı ki, Kolanı soyadının onomastik lüğətlərdə olmaması təəccüblü deyil. Belə qənaətə gəlirlər ki, bu etnos adının hər hansı bir şəxs tərəfindən (məsələn. şair, yazıçı) soyad kimi götürülməsi yasaq oluna bilməz. Oğuz, Bayat, Qıpçaq və b. soyadlar kimi.

3. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-8839/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Müraciətinizlə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına sorğu ünvanlanmış və oradan verilmiş məlumatda Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları tərəfindən tərtib olunan "Böyük Onomastika lüğəti"nə (Bakı, "Nafta-Press, 2007, 354 s) "Kolanı" sözünün daxil edilmədiyi, bununla belə onun Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd, eləcə də Qarabağ, Naxçıvan və s. ərazilərdə geniş şəkildə işlənən keçmiş türk soylarından biri olduğu bildirilmişdir.

4. 24.05.2011-ci ildə “MHS – poliqraf”da çap olunmuş İddiaçı müəllifi olduğu “Danışır Azərbaycan” adlı kitabda göstərilmişdir ki, İddiaçı “Sənsiz dünyam”, “Ürəklərdə göyərən dərd”, “Daş məhəbbəti” şer və pyeslər kitabının müəllifidir. “Qarabağım, qan Ocağım” mənzum dramı səhnələşdirilmiş, Azərbaycan Dövlət televiziyası ilə dəfələrlə nümayiş etdirilmişdir. “Özəlim, Gözəlim” və “Təftiş əməliyyatı” komediyaları səhnələşdirilmiş, “Özəlim, Gözəlim” komediyası əsasında televiziya tamaşası hazırlanmışdır. “Ağdam” ədəbi birliyinin sədri, “Hərbi and”qəzetinin baş redaktorudur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. II. Məhkəmədə icraat

5. İddiaçı cavabdeh Bərdə Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, soyadının “Qədimli”dən “Kolanı”ya dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əslən Azərbaycanda məskunlaşmış qədim türk tayfalarından biri olan Kolanı tayfalarındandır. "Kolanı" tayfaları Azərbaycan ərazisində müxtəlif yerlərdə məskunlaşmışlar. 18-ci əsrin ortaları 19-cu əsrin birinci yarısında Qarabağ xanlığının ərazisində "kolanı" tayfalarının məskunlaşdığı əraziyə Kolanı mahalı deyilmişdir. Məşhur tarixçi X2-tər çayı hövzəsindən Göyçə sərhədinə kimi olan yerləri kolanıların məskəni adlandırmışdır. Bir sözlə "kolanı" tayfalarının qədim türk tayfaları olması və bu tayfaların qədim dövrlərdən Azərbaycan ərazisində müxtəlif ərazilərdə məskunlaşması məlumdur və qeyd etdiyi hallar barədə Azərbaycan İctimai Televiziyasının efirində yayımlanan "Bir kəndin nağılı" adlı sənədli filmdə ətraflı məlumat verilmişdir. Həmin sənədli filmdə "kolanı" tayfalarının məskunlaşdıqları ərazilərdən birinin də Ağdam rayonunun ərazisi olduğu qeyd edilmişdir. Azərbaycan xalqı daim gənc nəslin Vətənə sədaqət, xalqa hörmət, soykökünə, öz ata-babalarının adət-ənənələrinə bağlılıq ruhunda tərbiyə olunmasına xüsusi diqqət göstərib, ona ən vacib məsələ kimi baxıb. Təsadüfi deyil ki, ümummilli lider, ulu öndər Heydər Əliyev demişdir: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam". O da əslən Ağdam rayonu ərazisində məskunlaşan kolanı tayfalarındandır. Uşaqlıqdan Vətənə sədaqət, xalqa hörmət, soykökünə, öz ata-babalarının adət-ənənələrinə bağlılıq ruhunda tərbiyə olunmuşdur və soykökünə bağlılığını saxlamaq istəyir. Buna görə də, soyadını "Kolanı" soyadına dəyişdirmək üçün xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə "Asan Xidmət" Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə "Asan Xidmət" Mərkəzində Qeydiyyat şöbəsi 13.062024-cü il tarixli məktubla ərizəni təmin etməkdən imtina etmişdir.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

9. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

10. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

11. Cavabdehin yerləşdiyi yer olan Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

12. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bərdə İnzibati Məhkəməsində baxılmalıdır.

13. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

15. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəməyə xx.xx.2025-ci il tarixli məktub ünvanlayaraq, işin çoxluğu ilə əlaqədar məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir.

16. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

17. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

18. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

19. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Bərdə Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-5xx/xx-2024 nömrəli imtina məktubu; - Azərbaycan Milli Elmlər X1 adına Dilçilik İnstitutunun xx.xx.2024-cü il tarixli 8-1- 14/2-232/2024 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-8839/2024 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

21. İş materiallarından müəyyən olur ki, İddiaçı soyadın dəyişdirilməsi barədə Bərdə Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə etdiyi müraciətə həmin şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/8-5xx/xx-2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Ərizəsində o Qədimli soyadının Kolanı soyadına dəyişdirilməsini qeyd etmişdir. “Kolanı” – Azərbaycanda yaşayan tayfadı və Azərbaycan dilinin izahlı lüğətində həmin soyad mövcud olmadığından soyadının “Kolanı” soyadına dəyişdirilməsi tərəfindən mümkün olmamışdır. Bu barədə məhkəməyə iddia qaydasında müraciət edə bilər.

22. Məhkəmə iddiaçının tələbini əsaslı sayaraq, aşağıdakıları qeyd edir.

23. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarına görə: Bənd 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bənd 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir.

25. Göründüyü kimi, iddiaçının soyadının “Qədimli”dən “Kolanı”ya dəyişdirməsi ilə əlaqədar Bərdə Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə etdiyi müraciətə həmin qeydiyyat şöbəsi tərəfindən baxılaraq, Azərbaycan dilinin izahlı lüğətində həmin soyad mövcud olmadığından soyadının “Kolanı” soyadına dəyişdirilməsi tərəfindən mümkün olmaması əsası ilə imtina edilmişdir.

26. Lakin işin faktiki halları və təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçı “Sənsiz dünyam”, “Ürəklərdə göyərən dərd”, “Daş məhəbbəti”, “Danışır Azərbaycan” şer və pyeslər kitabının müəllifidir. “Qarabağım, qan Ocağım” mənzum dramı səhnələşdirilmiş, Azərbaycan Dövlət televiziyası ilə dəfələrlə nümayiş etdirilmişdir. “Özəlim, Gözəlim” və “Təftiş əməliyyatı” komediyaları səhnələşdirilmiş, “Özəlim, Gözəlim” komediyası əsasında televiziya tamaşası hazırlanmışdır. “Ağdam” ədəbi birliyinin sədri, “Hərbi and”qəzetinin baş redaktoru, habelə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

27. İş materiallarında olan Azərbaycan Milli Elmlər X1 adına Dilçilik İnstitutunun xx.xx.2024-cü il tarixli 8-1-14/2-232/2024 nömrəli məktubunda da bildirilmişdir ki, Kolanı tayfasının Ağdamda, Ağdərədə Kəlbəcərdə, Naxçıvanda yaşadıqları haqqında məlumatlar vardır. Kolanılar oğuzların Bəydili, tarixi külçü qolundandırlar. "Kolanı" etnotoponiminin Kul kulan-çöl atı anlamında olduğuna dair tədqiqatçılar müəyyənləşdirmişlər. Kolanı tayfası haqqında məlumatlat çoxdur, etnotoponimlər və ensiklopdik lüğətlərdə müəyyən izahlara rast gəlmək olur. Lüğətlərdə etnonim mənşəli Kolayev (a) familyasına rast gəlinir. Mühüm bir mənbədə (B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti . Bakı, "Oğuz eli", 1998, səh. 30 "Kolanı", "Kolanı aralıq", "Kolanıqıran", " Kolanlı" adlı bir çox lüğət məqalələrinə rast gəlmək olur. Qeyd olunan kənd adları (indi kəndlər Ermənistan ərazisində dağıdılmışdır) Kolanı elinin adındadır. Qaldı ki, Kolanı soyadının onomastik lüğətlərdə olmaması təəccüblü deyil. Belə qənaətə gəlirlər ki, bu etnos adının hər hansı bir şəxs tərəfindən (məsələn. şair, yazıçı) soyad kimi götürülməsi yasaq oluna bilməz. Oğuz, Bayat, Qıpçaq və b. soyadlar kimi.

28. Azərbaycan Respublikası Konstitusiyasına görə: Maddə 32. İİ. Qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

29. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir.

30. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar.

31. Məhkəmə həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır.

32. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir.

33. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar.

34. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır.

35. “Giyo Fransaya qarşı” işdə (Guillot v. France) Fransanın dövlət orqanlarının ərizəçinin qızını Flor de Mari adı ilə qeydiyyata almaqdan imtina etmələri və bu adın müvafiq dini adlar siyahısında olmadığını əsas gətirmələri ilə əlaqədar olaraq Məhkəmə izah etdi ki, uşağın adının valideynləri tərəfindən seçilməsi şəxsi və mənəvi məsələdir və buna görə də şəxsi həyat anlayışının tətbiq dairəsinə düşür.

36. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir.

37. Göründüyü kimi, iddiaçının soyadını dəyişdirməsində məqsədi mənsub olduğu Kolanı tayfasının adını özünə soyad götürərək, yazıçı olaraq öz əsərlərində həmin tayfanın adını yaşatmaq, həmin tayfaya məxsusluğunu ifadə etməkdən ibarətdir ki, bu halda cavabdeh orqan əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Maddə 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Maddə 189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 190.1. Ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.

39. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı soyadının “Qədimli”dən “Kolanı”ya dəyişdirilməsi öhdəliyi Bərdə Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır.

40. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı soyadının “Qədimli”dən “Kolanı”ya dəyişdirilməsi öhdəliyi Bərdə Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Bərdə İnzibati Məhkəməsi vasitəsilə Bərdə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Bərdə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar