Məhkəmə qərarları › İş №2-1(114)-1016/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1016/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1016/2021 19.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə, İddiaçı cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X2) qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair inzibati iş üzrə verilmiş prosessual müddətin bərpasına dair ərizəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X2) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 52 nömrəli qərarının JN-610A KOD 50400018 saylı şəhadətnaməyə münasibətdə qismən ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ilədək Şəmkir rayonunun Dəllər qəsəbəsində yaşamış və qeydiyyatda olmuşdur. Ona Şəmkir rayonunun Dəllər qəsəbəsində XDS İK-nin 28 fevral 1989-cu il tarixli, 5 nömrəli iclas protokolu ilə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. 2019-cu ildə həmin torpağı öz adına rəsmiləşdirmək istədə də, həmin torpağa dair şəhadətnamə verilməsi aşkar olunmuşdur. Şəhadətnamənin surətini əldə edərkən ona məlum olmuşdur ki, həmin torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 52 nömrəli qərarı ilə JN-610A KOD 50400018 nömrəli şəhadətnamə ümumiyyətlə Azərbaycan Respublikası vətəndaşı olmayan, Dəllər qəsəbəsində heç bir zaman qeydiyyatda olmayan X1 adına verilmişdir. Texniki səhv olaraq və ya saxtakarlıqla verilməsi ona məlum deyil. O, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 52 nömrəli qərarı ilə verilmiş JN-610A KOD 50400018 nömrəli şəhadətnamənin ləğv olunması barədə varis olaraq Şəmkir Rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmiş və ona həmin orqandan rəsmi imtina məktubu ilə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Həmçinin, üçüncü şəxs X1 və ailə üzvlərinin adına Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə KN-451F KOD 50400018 saylı şəhadətnamə vardır. Göründüyü kimi ona məxsus torpaq sahəsinə şəhadətnamə texniki səhv olaraq üçüncü şəxsin adına işlənmişdir. Həmin torpaq sahəsi qanuni sənədlə uzun illərdir ki, onun istifadəsindədir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı məhkəməyə həmçinin Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinə cavabdehlər Şəmkir rayon İcra Hakimiyyəti və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi dərəsinə qarşı “qərarın ləğv olunması” tələbi barədə iddia ərizəsi ilə müraciət etmiş, 2006-cı ilədək Şəmkir rayonunun Dəllər qəsəbəsində yaşamış və qeydiyyatda olmuşdur. Ona Şəmkir rayonunun Dəllər qəsəbəsində XDS İK-nin 28 fevral tarixli 5 N-li iclas protokolu ilə 0.06 ha həyətyani torpaq sahəsi verilmişdir. 2019-cu ilin dekabr ayında həmin torpağı öz adına rəsmiləşdirmək istəsə də həmin torpağa dair şəhadətnamə verilməsi aşkar olunmuşdur. Şəhadətnamənin surətini əldə edərkən ona məlum olmuşdur ki, həmin torpaq sahəsi Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 iyun tarixli 52 saylı qərarı ilə JN-610A KOD 50400018 saylı şəhadətnamə ümumiyyətlə Azərbaycan vətəndaşı olmayan, Dəllər qəsəbəsində qeydiyyatda olmayan X1 adına verilmişdir. X1 ümumiyyətlə adına belə bir torpağın, şəhadətnamənin səhvən onun adına olmasından xəbəri yox idi. Ona müraciət edib şəhadətnamənin səhvən onun adına işləndiyini bildirmişdir. 2020-ci ildə Gəncə İnzibati Məhkəməsinə qərarın ləğv olunması tələbi barədə iddia ərizəsi ilə müraciət etmiş, ölkə ərazisində koronovirus pandemiyası ilə əlaqədar olaraq tədbiq edilən sərt karantin rejiminə görə məhkəmə iclaslarının vaxtı bir neçə dəfə təxirə salınmışdır. İddiaçıya, cavabdeh orqana və üçüncü şəxsə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. İş üzrə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin 03.06.2020-ci il tarixli, 2- 1(114)917/2020 saylı qərarı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X2) qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmamışdır. Qeyd olunan qərardan məlum olur ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13 və 48-ci maddələrinin tələblərinə əsasən iddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 52 nömrəli qərarından şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin üzürlü səbəbdən buraxılmasına əsas olmuş hallar barədə ərizənin 02.04.2020-ci il tarixədək təqdim edilməsi təklif olunmuş, lakin iddiaçı tərəfindən məhkəmənin sərəncamına əməl edilməmişdir. Hazırki iş üzrə iddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Məhkəmə qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Çünki, iddiaçı tərəfindən verilmiş iddia mübahisələndirmə iddiasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın qəbul (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. 2000-ci ilin 1 sentyabr tarixədək inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 22-ci fəslinin müddəları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddəti buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, İPMnin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən müddətin üzrlü hesab edilməsi üçün tutarlı sübutlar təqdim edilməmişdir. Halbuki, müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. İddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün göstərilən hallar həmin müddətin bərpa edilməsinə əsas hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmamalı və iddia tələbi isə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı müddətin bərpasına dair ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X2) qarşı Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 52 nömrəli qərarının JN-610A KOD 50400018 saylı şəhadətnaməyə münasibətdə qismən ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar