Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1016/2025 07.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60% aralığında pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixli 235 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Ağır dərəcəli kəllə-beyin travması, qəlpə yaraları" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir.
2. İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir (ESDAS: **********2).
3. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin R00007743VFX nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********3).
4. Sonuncu dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün X2 tərəfindən xx.xx.2024-cü il tarixli yeni göndəriş rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir.
5. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz - F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu; Yanaşı xəstəliklər - G40.3 - Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindormlar, Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 8-10 dəfə).
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin vətəndaşın əyani müayinə olunması haqqında xx.xx.2025-ci il tarixli 3-17-4/2-1909/2025 nömrəli məktubunda bildirilmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə Agentlikdə əyanbi müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həri Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli 88/176 nömrəli cavab məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxivində vətəndaş İddiaçı barəsində xx.xx.2020-ci il tarixli 235 nömrəli qərar vardır və hal-hazırda qüvvədədir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-383/2025 nömrəli qərarından görünür ki, vətəndaşın xx.xx.2025-ci il tarixdə həyata keçirilmiş əyani müayinəsinin nəticəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik dərəcəsinin verilməsi və pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq mənfur düşmənə qarşı Qazax rayonu ərazisində gedən döyüşlərdə iştirak etmiş, həmin döyüşlər zamanı yaralanmışdır və hazırda həmin travmadan əziyyət çəkir. xx.xx.1992-ci ildə döyüşdə yaralandıqdan sonra travmalar nəticəsində ölkənin bir çox psixatrik xəstəxanalarında yatmış və müalicə olunmuşdur. Ondan sonra rəsmi qaydada televiziya və digər sahələrdə çaılaşaraq əmək haqqı alıb ailəsini saxlamışdır. Özü ali təhsilli jurnalistdir və Qərb bölgəsinin müxbiri kimi və s. sahələrdə fəaliyyət göstərmişdir. Belə ki, elektron sistem çıxandan sonra onunla əmək müqaviləsi bağlanılmasından imtina edilmişdir ki, onu rəsmi qaydada işə götürə bilmirlər, ona görə ki, elektron bazada portalda o işə yararsız gedir. Onda belə olan halda DSMF-yə müraciət etmişdir ki, ona həmin xəsarətlərə və əmək qabilyətsizliyinə görə əlillik dərəcəsinin təyin olunmasını və pensiyaya çıxarılması barədə müraciət etmişdir. Müdafiə nazirliyinin hərbi həkim komissiyasının arayışında da qeyd edilmişdir ki, ağır dərəcəli kəllə beyin travması və qəlpə yaraları almışdır. Belə ki, cavabdeh tərəfindən 13 iyun 2024-cü il tarixli SMS-lə bildirlmişdir ki, K.T.Almədəov üçün verilmiş xx.xx.2024 tarixli gönderişə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığı təqdirdə ərazi üzrə TSEK-ə və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilər » qeyd edilmişdir ( göndərilmiş SMS sürəti işə əlavə olunur). Belə ki, yaralanmağı barədə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Kommisiyasının xx.xx.2020-ci il tarixli müvafiq sənədini o cümlədən Qazax rayon psixatriq xətəxanalarda müalicə olunmağı və Maştağa xəstaxanasında müalicə olunmağı barədə müvafiq eydiyyat sənədlərini komissiyaya təqdim etməyinə baxmayaraq komissiyanın yaratmaz və əsassız cavabı belə olmuşdur. Ona görə də hazırda ona əlillik dərəcəsinin təyin olunması və pensiya verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması zərurəti yaranmışdır.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
12. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş, hazırki iddia tələbi “cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsini qeyd edərək, ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
13. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35- 60% aralığında pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. III. İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
15. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
16. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.
17. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş (əyani müayinə zamanı) və Tibbi-Sosial ekspert komissiyasının qərarı ilə ona əlillik təyinatından imtina edilmişdir. Həmin imtina qərarı barədə məlumat iddiaçıya xx.xx.2024-cü il tarixli sms-bildiriş göndərilməklə, bildirilmişdir. İddiaçı isə hazırkı tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.
18. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağstafa rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
19. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
22. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
23. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir (ESDAS: **********2). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin R00007743VFX nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********3). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixli 235 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Ağır dərəcəli kəllə-beyin travması, qəlpə yaraları" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd edilməlidir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı özünün vərdiyi məlumata əsasən 3-4 ildir ki, xəstəlikdən əziyyət çəkdiyini ifadə etmiş, nevroloji ocaqlı patologiya aşkarlanmamış, ünsiyyətə adekvat qoşulmuş, zahirən səliqəli, bələdliliyi saxlanılmış, aktiv psixoproduktiv əlamətlər və davranış pozuntusu askar edilməmişdir kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı 1992-ci ildə kəllə beyin travması aldığını, başında qəlpə yaraları olduğunu bildirmiş, beynində müxtəlif ssenarilər qurduğunu, qıcolma tutmalarından əziyyət çəkdiyini, bu səbəbdən 3 dəfə ailə qurub ailəsinin dağıldığını söyləmişdir. Anamnestik məlumatlarında 2001-ci ildə 1-ci həyat yoldaşını çaya atdığını, 2004-cü ildə 2-ci həyat yoldaşından ayrıldığını bildirmişdir. Alt dodaqdan aşağı nahiyədə çapıq izlənilmişdir. Psixi statusu: Bələdliyi bütün istiqamətlərdə saxlanılmışdır. Zahirən geyimi səliqəli, mimikası canlı, ünsiyyətə həvəslə daxil olmuşdur. Verilən suallara dolğun, adekvat cavablar vermişdir. Aparlan müalicə barədə məlumat verə bilməmişdir. Emosional labil müşahidə edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2020xx.xx.2020-ci il tarixli Çıxarışında diaqnoz "Baş beynin travmatik xəstəliyi, psixopatabənzər davranışla Anamnezində cəngolma tutmaları" kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Qazax Müalicə və Diaqnostika Mərkəzinin xx.xx.2022-ci il tarixli Baş beyin KT müayinəsinin nəticəsi "Baş beynin hər iki yarımkürələrinin periventikulyar ağ maddəsində, sentrum semiovalelerində hipodens strukturlu sahələr aşkar edilir (ensefalopatiya əlamətləri). Baş beyin yarımkürələrində patoloji həcm, struktur dəyişikliyi aşkar edilmir" kimi qeyd edilmiş, norma daxilində olmuşdur. Qazax Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozuntusu. Psixopatabənzər davranışla Şəxsiyyətin tez-tez təkrarlanan dekompensasiyalarla. Şəxsiyyətin emosional davranış pozuntusu" kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 11256 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozuntusu" kimi qeyd edilmiş, öz təsdiqini tapmamışdır. X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10512633 nömrəli Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu" kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11778720 nömrəli Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Şəxsiyyətin emosional davamsız pozğunluğu" kimi qeyd edilmiş, öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bildirir ki, şəxsin əlilliyi qiymətləndirilərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları" Qaydalarına uyğun qiymətləndirilir və xəstəliyin ağırlaşmaları nəzərə alınır. Nəzərə çatdırılır ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq qurumların hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi əsas götürülür. Hazırki vəziyyətdə xəstəliyin hərbi xidmət dövrü ilə əlaqədar olub-olmamasını müəyyən etmək üçün əyani müayinənin həyata keçirilməsi zərurəti mövcuddur. Əlavə olaraq, əlilliyin müddətsiz təyin edilməsinə münasibətdə bildirir ki, qeyd edilən məsələ "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın təsdiq edilməsi və "Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin Qərarı ilə tənzimlənir. Nazirlər Kabinetinin Qərarının 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. AR iPM-nin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda geyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək gabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
24. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixli 235 nömrəli qərarı; - X1 xx.xx.2024-cü il tarixli Forma 88 arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin vətəndaşın əyani müayinə olunması haqqında xx.xx.2025-ci il tarixli 3-17-4/2-1909/2025 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həri Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli 88/176 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-383/2025 nömrəli qərarı; - Məhkəmənin sorğusuna əsasən iddiaçının tibbi-sosial ekspertiza sənədləri.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
27. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
28. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixli 235 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Ağır dərəcəli kəllə-beyin travması, qəlpə yaraları" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir (ESDAS: **********2). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin R00007743VFX nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********3). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir.
29. Göründüyü kimi, iddiaçıya ilkin əlillik təyinatının aparılması üçün tibb müəssisəsi tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Hansı ki, ilkin əlillik təyinatı zamanı göndərişin rəsmiləşdirilməsi üçün iki şərt vardır (göndəriş verildiyi zaman qüvvədə olan qanunvericilik normalarına əsasən): 1) şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 2) şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir).
30. Yəni, normanın məzmunundan göründüyü kimi, şəxs barəsində tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi üçün ya eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması, lakin həmin müalicəyə baxmayaraq orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması tələb olunur.
31. Hazırkı işdə isə iddiaçının barəsində rəsmiləşdirilmiş göndərişə nəzər saldıqda iddiaçının ambulator müalicəsinin olmaması, stasionar müalicəsinin isə son 12 ay ərzində (xx.xx.2024-cü il tarixdən əvvəlki son 12 ay) “F07.0” diaqnozu üzrə cəmi 103 gün (57 gün + 20 gün + 26 gün) olması müəyyən edilir ki, bu da 6 aydan azdır.
32. Hansı ki, qanunvericinin həmin normanın müəyyən edilməsində məqsədi ondan ibarət olmuşdur ki, şəxs reabilitasiya (yaxşılaşma, sağalma) üçün müalicə imkanlarından istifadə etmiş və tükətmiş olsun, yəni həmin xəstəlik üzrə uzun müddət müalicə olunmasına baxmayaraq, həmin xəstəlik onda sağalmamış və davam edən vəziyyətdə olsun.
33. Lakin hazırkı vəziyyətdə iddiaçının barəsində göndəriş rəsmiləşdirilərkən həmin şərtə əməl edilmədiyi, başqa sözlə bütün müalicə imkanlarından istifadə etməsi və tükətmiş olması müəyyən edilmir.
34. Eyni zamanda, iddiaçının barədə rəsmiləşdirilmiş göndərişdə ona qoyulmuş diaqnozlar F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu (əsas diaqnoz) və G40.3 - Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindormlar, Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 8- 10 dəfə) (yanaşı xəstəlik) olmuşdur. Hansı ki, həmin xəstəliklərin heç bir müddət gözlənilmədən göndəriş rəsmiləşdirilməsi nəzərdə tutulan xəstəlik deyildir.
35. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na görə:
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na görə: 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
38. Yekunda, məhkəmənin qənaətinə görə, iddiaçıda əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması müəyyən olunmadığından ona göndərişin verilməsi üçün yuxarıda qeyd edilən Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddətlər (şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması) gözlənilməlidir. Xəstəliklər və onun ağırlaşmaları ilə əlaqədar iddiaçının müalicə müddətinin az olması ona əlillik dərəcəsinin təyini üçün yetərli deyildir.
39. İddiaçının özü tərəfindən yuxarıda qeyd olunan müddətlərdə ambulator və stasionar müalicə alması barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir.
40. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
41. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülşən Əliyeva