Məhkəmə qərarları › İş №2-1(114)-102/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-102/2023

09.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-102/2023 09.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayənəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci illərdə "xxxx" ASC-də və xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək N.Gəncəvi adına X5 Birliyinin Gədəbəy İcra Müəssisəsində işlədiyi illərin sosial sığorta stajına hesablanmasını vəzifəsini cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 66 yaşı var və o, xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci illərdə "xxxx" ASC-də və xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək N.Gəncəvi adına X5 Birliyinin Gədəbəy icra müəssisəsində işləmişdir. İddiaçı sosial sığorta stajının düzgün hesablanaraq pensiya təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmiş və bildirilmişdir ki, əmək kitabçasında həm kril, həm də latın əlifbası ilə yazılmış, həmçinin işə girmə çıxma əmrləri düzgün qeyd edilməmişdir. İddiaçı hesab edir ki, kimlərinsə zamanında etdiyi səhvlər ucbatından hüquqları pozulmuş və onun iş stajı sosial sığorta stajına əlavə edilməmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 29 avqust 1977-ci il tarixdən 14 aprel 1981-ci ilədək Gədəbəy Ray-Fok tikintidə, xx.xx.1981-ci ildən 1983-cü ilə qədər Gədəbəy rayon Kommunal Müəssisələr Kombinatında, xx.xx.1983-cü il tarixdən 1988-ci ilədək "xxxx" ASC-də və xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək N.Gəncəvi adına X5 Birliyinin Gədəbəy İcra Müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin olunmasını cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə kimi qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 09 yanvar 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 05 il 10 ay 21 gün təşkil edir: xx.xx.1975-ci il tarixdən xx.xx.1977ci il tarixədək Sovet ordusunda hərbi xidmət keçdiyi 02 il 04 ay 06 gün və xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək mərhum övladı X2 qulluq etdiyi 03 il 06 ay 17 gün. İddiaçının mübahisələndirilən sığorta stajı ümumilikdə 12 il 02 ay 16 gün təşkil edir: xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək "xxxx" ASC-də işlədiyi 03 il 01 ay 16 gün və xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “M.Gəncəvi adına X5 Birliyi”nin Gədəbəy icra müəssisəsində işlədiyi 09 il 01 ay. Belə ki, mübahisələndirilən dövrlərə dair iddiaçının əmək kitabçasında qeydlər mötəbər hesab edilməmişdir. Onun ad və soyadı həm latın, həm də kiril əlifbasında yazılmış, eyni zamanda işə qəbul olunma və işdən azad olunma barədə məlumatlar düzgün formada qeyd edilməmişdir. Eyni zamanda əmək kitabçasında iddiaçının əmək fəaliyyətinə dair ilk qeyd xx.xx.1983-cü il tarixə aid olmasına baxmayaraq, əmək kitabçası xx.xx.2009-cu il tarixdə tərtib edilmişdir. İddiaçının mübahisələndirilən sığorta stajı onun ümumi sığorta stajına daxil edildiyi halda belə yaşa görə əmək pensiyası üçün qanunvericilikdə nəzərdə tutulmuş minimum sığorta stajı 25 il tamamlanmır. Belə ki, sözügedən dövrlər nəzərə alınsa belə iddiaçının sığorta stajı 18 il 01 ay 07 gün təşkil edir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 626 nömrəli arayışı, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 52 nömrəli sərəncamının surəti, AZ-İ 758202 nömrəli “ölüm haqqında” şəhadətnamənin surəti, Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 72 nömrəli və xx.xx.2022-ci il tarixli, 96 nömrəli məktubları, xx.xx.2021-ci il tarixli, 2250 nömrəli arayış Gədəbəy rayonunun Kommunal Müəssisələr Kombinatı üzrə xx.xx.1981-ci il tarixli 101 nömrəli əmrdən çıxarış, iddiaçıya məxsus xx.xx.2009-cu il tarixli, ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubu, xx.xx.1981-ci il tarixli, 101 nömrəli, həmçinin xx.xx.1977-ci il tarixli, 184 nömrəli və xx.xx.1981-ci il tarixli, 59 nömrəli sərəncamların təsdiqlənmiş surətləri əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının 29.08. 1977-ci il tarixdən xx.xx.1981-ci ilədək Gədəbəy Ray-Fok tikintidə, xx.xx.1981-ci ildən 1983-cü ilə qədər Gədəbəy rayon Kommunal Müəssisələr Kombinatında, xx.xx.1983-cü il tarixdən 1988-ci ilədək "xxxx" ASC-də və xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək N.Gəncəvi adına X5 Birliyinin Gədəbəy İcra Müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında qeydlər mötəbər hesab edilməmiş, belə ki, onun ad və soyadı həm latın, həm də kiril əlifbasında yazılmış, eyni zamanda işə qəbul olunma və işdən azad olunma barədə məlumatlar düzgün formada qeyd edilməmişdir. Bundan əlavə əmək kitabçasında iddiaçının əmək fəaliyyətinə dair ilk qeyd xx.xx.1983-cü il tarixə aid olmasına baxmayaraq, əmək kitabçası xx.xx.2009-cu il tarixdə tərtib edilmişdir. Halbuki, iddiaçının xx.xx.1983-cü ildən xx.xx.1988-ci il tarixədək "xxxx" ASC-də, xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək N.Gəncəvi adına X5 Birliyinin Gədəbəy İcra Müəssisəsində işlədiyi dövr iddiaçıya məxsus xx.xx.2009-cu il tarixli, ******* nömrəli əmək kitabçasında, həmçinin digər dövrlər, yəni xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci ilədək Gədəbəy Ray-Fok tikintidə, xx.xx.1981-ci ildən 1983-cü ilə qədər Gədəbəy rayon Kommunal Müəssisələr Kombinatında işlədiyi müddət isə Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan xx.xx.1981-ci il tarixli, 101 nömrəli əmr, həmçinin xx.xx.1977-ci il tarixli, 184 nömrəli və xx.xx.1981-ci il tarixli, 59 nömrəli sərəncamlarda öz təsdiqini tapmışdır. Belə ki, işdə olan xx.xx.2009-cu il tarixli, ******* nömrəli əmək kitabçasının, həmçinin Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan xx.xx.1981-ci il tarixli, 101 nömrəli əmr, həmçinin xx.xx.1977-ci il tarixli, 184 nömrəli və xx.xx.1981-ci il tarixli, 59 nömrəli sərəncamların təsdiqlənmiş surətlərindən məlum olur ki, İddiaçı 29 avqust 1977-ci il tarixdən 14 aprel 1981-ci ilədək Gədəbəy Ray-Fok tikintidə, xx.xx.1981-ci ildən 1983-cü ilə qədər Gədəbəy rayon Kommunal Müəssisələr Kombinatında, xx.xx.1983-cü il tarixdən 1988-ci ilədək "xxxx" ASC-də və xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək N.Gəncəvi adına X5 Birliyinin Gədəbəy İcra Müəssisəsində işləmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X7) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının 29 avqust 1977-ci il tarixdən 14 aprel 1981-ci ilədək Gədəbəy Ray-Fok tikintidə, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər Gədəbəy rayon Kommunal Müəssisələr Kombinatında, xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci ilədək "xxxx" ASC-də və xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək N.Gəncəvi adına X5 Birliyinin Gədəbəy İcra Müəssisəsində işlədiyinə dair xx.xx.2009-cu il tarixli, ******* nömrəli əmək kitabçasında, həmçinin Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan xx.xx.1981-ci il tarixli, 101 nömrəli əmr, həmçinin xx.xx.1977-ci il tarixli, 184 nömrəli və xx.xx.1981-ci il tarixli, 59 nömrəli sərəncamların təsdiqlənmiş surətlərində göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Bununla yanaşı iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əmək haqqı kitablarının arxivə təhvil verilməməsi, həmçinin onun ad və soyadının həm latın, həm də kiril əlifbasında yazılması, eyni zamanda əmək kitabçasında işə qəbul olunma və işdən azad olunma barədə məlumatların düzgün formada qeyd edilməməsi, həmçinin iddiaçının əmək fəaliyyətinə dair ilk qeydin xx.xx.1983-cü il tarixə aid olmasına baxmayaraq, əmək kitabçası xx.xx.2009-cu il tarixdə tərtib edilməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, belə ki, sözügedən halların işəgötürənin vəzifəsi olduğundan onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Bundan başqa, İddiaçı iddia tələbində hüququ yarandığı tarixdən ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;

2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2021-ci il 1 iyulundan - 2022-ci ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür və xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda iddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 05 il 10 ay 21 gün (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Sovet ordusunda hərbi xidmət keçdiyi 02 il 04 ay 06 gün və xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək mərhum övladı X2 qulluq etdiyi 03 il 06 ay 17 gün) olması qeyd edilmişdir. İddiaçının 29 avqust 1977-ci il tarixdən 14 aprel 1981-ci ilədək Gədəbəy Ray-Fok tikintidə (3 il 7 ay 16 gün), xx.xx.1981-ci ildən 1983-cü ilə (1 il 3 ay 11 gün) qədər Gədəbəy rayon Kommunal Müəssisələr Kombinatında, xx.xx.1983-cü il tarixdən 1988-ci ilədək (5 il 1 ay 16 gün) "xxxx" ASC-də və xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək (9 il 1 ay) N.Gəncəvi adına X5 Birliyinin Gədəbəy İcra Müəssisəsində işlədiyi dövlər, ümumilikdə 19 il 1 ay 13 gün müddət də onun sosial sığorta stajına daxil edildiyi halda iddiaçının 25 il 4 gün sığorta stajı tamam olur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci ilədək Gədəbəy Ray- Fok tikintidə, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər Gədəbəy rayon Kommunal Müəssisələr Kombinatında, xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci ilədək "xxxx" ASC-də və xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək N.Gəncəvi adına X5 Birliyinin Gədəbəy İcra Müəssisəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməli və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

N ə t i c ə v i h i s s ə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci ilədək Gədəbəy Ray-Fok tikintidə, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər Gədəbəy rayon Kommunal Müəssisələr Kombinatında, xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci ilədək "xxxx" ASC-də və xx.xx.1990cı il tarixdən xx.xx.1999-cu il tarixədək N.Gəncəvi adına X5 Birliyinin Gədəbəy İcra Müəssisəsində işlədiyi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar