Məhkəmə qərarları › İş №2-1(114)-1020/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1020/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1020/2024 02.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin əvvəlki illər üçün ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, İclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixinə qədər sosial müavinətin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, istifadə etmədiyi son 3 (üç) ilin - xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilə qədər olan müharibə veteranı müavinət pulunun ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildə erməni quldurları torpaqları işğal edəndə Şəmkir RHK tərəfindən səfərbər olunaraq N saylı hərbi hissəyə hərbi xidmətə göndərilmişdir. Qısa müddətli hazırlıqdan sonra komandanlığın əmri ilə hücum edərək Şəmkirdə yerləşən rus ordusuna məxsus aviabazanı ələ keçirilmişdir. Əldə etdikləri silahlarla silahlanaraq Gədəbəyə qorumaq üçün dağlara qalxmışlar. xx.xx.1992-ci ildə hücum edərək Gədəbəydə yerləşən daşnak-quldur yuvası Başkəndi ermənilərdən azad etmişlər. İddiaçı 1994-cü ilin qış aylarında Kəlbəcər uğrunda döyüşlərə göndərilmişdir. 1994-cü ilin may ayında bağlanan atəşkəsdən sonra da o, xidmətini ləyaqətlə davam etdirmişdir. 1995-ci ildə o və digər əsgər yoldaşlarını hərbi hissənin qərargahına yığıb ordu sıralarından tərxis olunmağı barədə əmrlə tanış etmişlər. İddiaçı Şəmkir RHK-ya gələrək qeydiyyata durmuşdur. Lakin nə o vaxt, nə də sonra ona müharibə veteranı vəsiqəsi verilməmişdir. İddiaçının bir çox yerlərə etdiyi müraciətlərdən sonra xx.xx.2008-ci ildə ona müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı bu illər ərzində kimlərinsə səhvindən müharibə veteranı imtiyazlarından istifadə edə bilməmişdir. Odur ki, iddiaçı son 3 (üç) ilin müharibə veteranı müavinətini almaq üçün ƏƏSMN-nin DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş və xx.xx.2023-cü ildə № 3-17-1/2-Ə-230248/2023 saylı imtina cavabı verilmişdir. O, bu imtina cavabı ilə razı deyildir. Belə ki, ölkə Prezidentinin fərmanı ilə xx.xx.2001-ci ildə müharibə veteranı imtiyazları pul kompensasiyası ilə əvəzlənmişdir. Deməli, onun da həmin tarixdən müharibə veteranı pulunu almaq hüququ vardır.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

4. İş üzrə digər zəruri prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilərək, tərəflərə bu barədə lazımi qaydada məlumat verilmişdir.

5. Cavabdehin nmüayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında cavabdehin nümayəndəsi X2 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 231568/2023/24 nömrəli qərarını təqdim edərək, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixinədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi barədə qərar qəbul edildiyini, yəni iddiaçının tələbinin məhkəmədənkənar qaydada təmin edildiyini və artıq işin mahiyyəti üzrə mübahisə mövcud olmadığını bildirməklə, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Əsaslandırma hissəsi:

7. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını və ona əlavə edilmiş sosial müavinət təyin edilməsi barədə qərarı nəzərdən keçirib hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırkı iş üzrə inzibati mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.

8. Belə ki, iddiaçının tələbi xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixinədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

9. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 231568/2023/24 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək hər ay 15,00 manat müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi barədə qərar qəbul edilmişdir.

10. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

11. Beləliklə, iddiaçının tələbi cavabdeh orqanın özü tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.

Nəticəvi hissə:

12. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixinə qədər sosial müavinətin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar