Məhkəmə qərarları › İş №2-1(114)-1021/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1021/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1021/2024 23.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə xx.xx.2022-ci il tarixdə etdiyi müraciətə əsasən pensiyasını xx.xx.2022-ci il müraciət tarixinə fərdi hesabında toplanmış 12732,32 manat pensiya kapitalı : 129=98,70 manatı mövcud 996,50 manat pensiyasına əlavə etməklə, pensiyasını 1095,52 manata çatdırıb üzərinə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli sərəncamına əsasən aylıq pensiya məbləğinə 10% 109,55 manat əlavə gəlməklə 1204,75 manat, xx.xx.2023-cü il tarixdən isə pensiyasına 14,7% indeksləşmə tətbiq olunmaqla 1381,84 manat məbləğində yenidən hesablanması vəzifəsinin qoyulması barədə xahiş etmişdir.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

3. İş üzrə digər zəruri prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilərək, tərəflərə bu barədə lazımi qaydada məlumat verilmişdir.

4. Tərəflər məhkəmə iclasında iştirak etmişlər.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri il İş üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-71101/24 nömrəli vəsatətini müdafiə edərək, əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-2047/2024 nömrəli qərara əsasən iddiaçının tələbinin məhkəmədənkənar qaydada təmin edildiyini və iş üzrə icraata xitam verilməsi xahiş etmişdir.

6. İddiaçı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Əsaslandırma hissəsi:

8. Məhkəmə cavabdehin nümayəndəsinin vəsatətini və ona əlavə edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərarı nəzərdən keçirib hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırkı iş üzrə inzibati mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.

9. Belə ki, iddiaçının tələbi pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

10. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/3-7- 2047/2024 nömrəli qərarından görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmış və 1474.93 manat məbləğində müəyyən edilmişdir.

11. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

12. Beləliklə, iddiaçının tələbi cavabdeh orqanın özü tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.

Nəticəvi hissə:

13. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar