Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1022/2022 19.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və ikinci qrup əlillik dərəcəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertiza Komissiyasına qarşı 17.02.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertiza Komissiyası tərəfindən barəsində qəbul edilmiş 13.01.2022-ci il tarixli qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsi, həmçinin qeyd edilən komissiyanın üzərinə ona müddətsiz ikinci qrup əlillik dərəcəsinin (sağlamlıq imkanlarının 51 faizdən 80 faizədək itirilməsi) verilməsi üçün müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19 aprel 2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertiza Komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1981-ci il tarixdə Bərdə rayonu Kətəlparaq kəndində anadan olmuşdur. 2014-cü ildə ona 21 saylı TSEK-in müvafiq qərarı ilə “12 barmaq bağırsaq soğanağının qanaxma ilə pasadlaşmış xroniki xora xəstəliyi, xroniki erozi qastro duodenit, həzm sistemi funksiyasının pozulması, ümumi qidalanma zəifliyi, çəkinin düşməsi, İİ-li anemiya” diaqnozu ilə ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Bundan sonra həmin TSEK-in 12.10.2015-ci il tarixli qərarı ilə yenidən həmin diaqnoz ilə əlillik müddəti 12.10.2016-cı ilədək uzadılmışdır. Daha sonra 2016-cı ilin oktyabr ayında onun əlillik müddəti beş il müddətinə, yəni 2021-ci ilin oktyabr ayınadək uzadılmışdır. Bundan başqa, 2016-2021-ci illər ərzində o, hər il Bərdə rayon Mərkəzi Xəstəxanasında beş dəfə, hər dəfə də bir ay müddətində, eyni zamanda “Ömürdən pay” klinikasında stasionar və ambulator müalicələr alsa da xəstəliyi sağalmamışdır. Ona görə də Bərdə rayon X3 hüquqi şəxsi tərəfindən 2021-ci ilin oktyabr ayında adına “Forma 88” tərtib olunaraq Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasına göndərilmiş, lakin həmin komissiyanın 24.10.2021-ci il tarixli qərarı ilə əlavə müalicəyə ehtiyacın olması ixtisaslaşdırılmış stasionar müayinə və müalicənin davam etdirilməsi diaqnozu ilə ona ikinci qrup əlillik dərəcəsinin verilməsindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. Qeyd edilən qərarı qanunsuz və əsassız hesab etməsinə baxmayaraq (2016-2021-ci illər ərzində o hər il Bərdə rayon Mərkəzi Xəstəxanasında beş dəfə, hər dəfə də bir ay müddətində, eyni zamanda “Ömürdən pay” klinikasında stasionar və ambulator müalicələr alsada yenə də Bakı şəhəri X5 həmin qərarda göstərilmiş ixtisaslaşdırılmış stasionar müayinə və müalicə almaq üçün Bərdə rayon X3 hüquqi şəxsindən göndəriş alaraq həmin tibb mərkəzinə gedib orada 22 gün müddətinə, yəni 03.12.2021-ci il tarixdən 24.12.2021-ci il tarixədək ixtisaslaşdırılmış stasionar müayinə və müalicə alsa da “12 barmaq bağırsaq soğanağının qanaxma ilə pasadlaşmış xroniki xora xəstəliyi, xroniki erozi qastro duodenit, həzm sistemi funksiyasının pozulması, ümumi qidalanma zəifliyi, çəkinin düşməsi, İİ-li anemiya” diaqnozu öz təsdiqini tapmış və bu barədə yenidən Bərdə rayon X3 hüquqi şəxsi tərəfindən 2022-ci ilin yanvar ayında adına “Forma 88” tərtib olunaraq Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasına göndərilmişdir. Komissiyanın 13.01.2022-ci il tarixli qərarı ilə yenə də birinci imtina qərarındakı təkrar diaqnoz, yəni əlavə müalicəyə ehtiyacın olması ixtisaslaşdırılmış stasionar müalicənin davam etdirilməsi diaqnozu ilə ona ikinci qrup əlillik dərəcəsinin verilməsindən yenidən qanunsuz və əsassız olaraq imtina edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası tərəfindən ona ikinci qrup əllillik dərəcəsinin verilməsindən imtina olunması barədə hər iki qərar eyni məzmunlu olmuş və həmin komissiya tərəfindən qeyd edilən qərarlar səthi, heç bir araşdırma aparılmadan, yəni adına tərtib edilmiş epikizlər nəzərə alınmadan qəbul olunmuş və nəticədə həmin komissiya tərəfindən hər hansı bir əsasnaməyə və yaxud qaydaya, eyni zamanda heç bir qanuna söykənməyən əsassız və qanunsuz qərarların qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, həmin komissiyanın verdiyi əsassız və qanunsuz qərardan belə məlum olur ki, o, ilin on iki ayı stasionar müayinə və müalicə almalıdır. Bundan başqa, 2016-2022-ci illər ərzində o, hər il Bərdə rayon X3 hüquqi şəxsində və axırıncı dəfə isə Bakı səhəri X4 ixtisaslaşdırılmış stasionar müayinə və müalicələr almışdır və həmin tibb müəssisələri tərəfindən də ona ikinci qrup əlillik dərəcəsi verilməsinə səbəb olan onikibarmaq bağırsaq soğanağının qanaxma ilə pasadlaşmış xroniki xora xəstəliyi, xroniki erozi qastro duodenit, həzm sistemi funksiyasının pozulması, ümumi qidalanma zəifliyi, çəkinin düşməsi, İİ-li anemiya” diaqnozu öz təsdiqini tapmışdır. Hesab edir ki, Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası tərəfindən qeyd edilən tibb müəssisələrinin epikrizlərinə inanmamaqla respublika üzrə bütün tibb müəssisələri ləğv olunmalı və onların yerində həmin komissiyanın mütəxəssisləri fəaliyyət göstərməlidir. Göründüyü kimi həmin komissiyanın hər iki qərarı qərəzlidir və vətəndaşı incitmək, süründürməçiliyə yol verməkdən başqa bir şey deyildir. Odur ki, hesab edir ki, qeyd edilən komissiyanın 13.01.2022-ci il tarixli qərarı qanunsuz və əsassız qəbul edildiyindən ləğv edilməli və ona ikinci qrup əllillik dərəcəsinin (və yaxud əmək qabiliyyətinin 51-80 faizinin itirilməsi barədə) müddətsiz verilməsi vəzifəsi həmin komissiyanın üzərinə qoyulmalıdır. Ona görə də o, artıq məhkəməyə müraciət edərək pozulmuş hüquqlarını məhkəmədə müdafiə etmək məcburiyyətindədir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bərdə Rayon Mərkəzi Xəstəxanasının 30.09.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Oniki b/bağırsağın soğanağının qanaxma ilə fəsadlaşmış xr.xora xəstəliyi, davamsız remissiyalarla. Nevrasteniya, tez-tez kəskinləşən vegetativ damar krizləri ilə. Həzm sistemi funksiyasının pozulması, ümümi qidalanma zəifliyi. İİ- li anemiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının 02.10.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: On iki barmaq bağırsağın soğanağının qanaxma ilə fəsadlaşmış xroniki xora xəstəliyi, davamsız remissiyalarla. Qastroezofaqeal reflyukus. Ezofaqit İİ st. Həzm sistemi funksiyasının pozulması. Ümümi qidalanma zəifliyi. İİ-li anemiya. Tubootit. Nevrasteniya. Tez-tez kəskinləşən vegetativ damar krizləri ilə.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR; 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 12.10.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: On iki barmaq bağırsağın soğanağının qanaxma ilə fəsadlaşmış xroniki xora xəstəliyi , davamsız remissiyalarl Qastroezofaqeal reflyukus. Ezofaqit İİ st. Həzm sistemi funksiyasının pozulması. Ümüı qidalanma zəifliyi . İİ li anemiya. Tubootit. Nevrasteniya. Tez-tez kəskinləşən vegeta damar krizləri ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə beş müddətinə əlillik dərəcəsi verilmişdir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının 22.10.2021-ci il tarixli 0232003AAVQL saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsağı; xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq; bağırsağın xorası, On iki barmaq bağırsağın xora ilə fəsadlaşmış xroniki xora xəstəli Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olmas Səbəb: İxtisaslaşdırılmış stasionar müayinə və müalicəsi davam etdirilsin” səbəbi imtina verilmişdir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının 08.01.2022-ci il tarixli 0232003AAXAH saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsağın: xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq; bağırsağın xorası, Kəskin, qanaxma ilə, On iki barmaq bağırsaq soğanağının qanaxma ilə ağırlaşmış xorası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əla müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış stasionar müalicəsi dava etdirilsin” səbəbi ilə imtina verilmişdir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicə etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəməyə 09.03.2022-ci il tarixli ərizə təqdim edərək bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: - « Ömürdən pay » klinikası tərəfindən tərtib edilmiş 10.01.2014-cü il tarixli fibroqastmoduodenoskopiyada İddiaçı müayinəsi nəticəsində qastroezofaqeal refluks xəstəliyi, Ezzofaqit/tip2/, Antral qastrit, onikibarmaq bağırsağın xora xəstəliyi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiiya Xidmətinin 21 saylı Tibbi Sosial Ekspert Komissiyasının 12.10.2015-ci il tarixli müayinə barədə məlumatının surətindən görünür ki, İddiaçı 12.10.2015-ci il tarixdə müayinədən keçmiş və ona onikibarmaq bağırsağın soğanağının qanaxma ilə fəsadlaşmış xroniki xora xəstəliyi, davamsız remissiyalarla. Qastroezofaqeal reflyuks. Ezofaqit İİ st. Həzm sistemi funksiyasının pozulması. Ümumi qidalanma zəifliyi. İİ-li anemiya. Tubootit. Nevrasteniya. Tez-tez kəskinləşən vegetativ damar krizləri ilə. Diaqnozu qoyularaq ikinci dərəcəli əlillik müəyyən edilmişdir. - Ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışların surətlərindən görünür ki, İddiaçı 02.12.2013-cü il tarixdən 07.01.2014-cü il tarixədək Bərdə rayon Poliklinikasında 08.01.2014-cü il tarixdən 05.02.2014-cü il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında, 12.04.2014-cü il tarixdən 09.04.2014-cü il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında, 05.12.2017-ci il tarixdən 04.01.2018-ci il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında, 10.12.2018-ci il tarixdən 09.01.2019-cu il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında, 07.01.2020-ci il tarixdən 03.02.2020-ci il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında müalicə almışdır. - Ömür-dən pay klinikası tərəfindən tərtib edilmiş 31.08.2021-ci il tarixli videoqastmoduodenoskopiyada İddiaçı müayinəsi nəticəsində sliding tip Hiatal Herni, Ezofaqit / Grade B/, Erroziv antral qastrit, 12.b.b.xora xəstəliyi müəyyən edilmişdir. - Xəstəlik tarixindən çıxarışın surətindən görünür ki, İddiaçı onikibarmaq bağırsağın xorasının kəskin ləşməsi, xroniki pankreatinin kəskinləşməsi diaqnozu ilə 03.12.2021-ci il tarixdən 24.12.2021-ci il tarixədək X6 publik hüquqi şəxsdə müalicə almışdır. - Bərdə rayon « Mərkəzi Xəstəxanası » publik hüquqi şəxsin 25.10.2021-ci il tarixli, 0232003AAVQL nömrəli və 18.01.2022-ci il tarixli, 0232003AAXAH nömrəli göndərişlərinə Tibbi-Sosial Ekspert Komissiyasının cavablarından görünür ki, əlillik və sağlamlıq imkanının məhdudluğu təyin edilmiş İddiaçı 24.10.2021-ci il və 13.01.2022-ci il tarixlərdə TSEK-də müayinədən keçmiş və « əlavə müalicəyə ehtiyacın olması ixtisaslaşdırılmış stasionar müalicəsi davam etdirilsin » diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertiza Komissiyası tərəfindən barəsində qəbul edilmiş 13.01.2022-ci il tarixli qərarından görünür ki, « Əlavə müalicəyə ehtiyacın olması – Səbəb : İxtisaslaşdırılmış stationar müalicəsi davam etdirilsin » səbəbi ilə əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 29.03.2022-ci il tarixli, **********3 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı 09.10.2014-cü il tarixdən “ümumi xəstəlik” səbəbindən bir il müddətinə (diaqnoz: onikibarmaq bağırsağın soğanağının qanaxma ilə fasadlaşmış xroniki xora xəstəliyi, davamsız remissiyalarla. Nevrasteniya. Həzm sistemi funksiyalarının pozulması, ümumi qidalanma zəifliyi) ilkin olaraq ikinci dərəcə əlillik təyinatı aparılmışdır. 12.10.2015-12.10.2021-ci illər ərzində şəxs “ümumi xəstəlik” səbəbindən ikinci dərəcə əlillik statusuna malik olmuşdur. Əlillik müddətinin bitdiyi 12.10.2021-ci il tarixdən sonra dövlət tibb müəssisəsi tərəfindən İddiaçı dair iki göndəriş daxil olmuşdur. Bərdə rayon Mərkəzi Xəstəxanasının 0232003AAVQL nömrəli göndərişi əsasında 24.10.2021-ci il tarixdə elektron qiymətləndirmə aparılmış və “Əlavə mülaicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Şəxsin əlillik vəziyyəti sonuncu dəfə Bərdə rayon Mərkəzi Xəstəxanasının 0232002AAXAH nömrəli göndərişi əsasında 13.01.2022-ci il tarixdə Tibbi- Sosial Ekspert Komissiyasında qiymətləndirilmiş və stasionar müalicə müddətinin günləri az olduğundan, müalicə potensialı tükənmədiyindən (ekspertiza üçün əhəmiyyətli sayılan boy-çəki əmsalı qeyd olunmayıb, həmçinin laborator göstəricilər əlilliyin təyininə əsas vermir), növbəti dəfə “Əlavə müalicəyə ehtiyacın olması” barədə əsaslı qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5-ci bəndinə uyğun olaraq, həzm sisteminin xəstəliklərində residivlə əlaqədar bir il ərzində azı dörd dəfə stasionar müalicə tələb olunur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, həmçinin iddia müddəti buraxılmamışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun:- - 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi mənasına malikdir. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. - 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. - 58.2-ci maddəsinə əsasən İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 59.1.5-ci maddəsinə əsasən həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatda əks olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyündən bəhs edən 74-cü maddəsində qeyd edilir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə mübahisələndirilən inzibati aktı yuxarıda sadalanan maddi hüquq normalarının tələbi baxımından yoxlayarkən həmin inzibati akt qəbul edilərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmadığını, həmçinin diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə tam, hərtərəfli həyata keçirilmədiyi qənaətinə gəlmişdir. Bundan başqa, cavabdehin sonuncu müayinəyə dair 13.01.2022-ci il tarixli qiymətləndirməsindən göründüyü kimi sözügedən inzibati akt ümumiyyətlə cavabdeh tərəfindən düzgün əsaslandırılmamış, həmin məlumatda «əlavə müalicəyə ehtiyacın olması. İxtisaslaşdırılmış stasionar müalicəsi davam etdirilsin» kimi diaqnoz qoyularaq, əlilliyin təyin olunmasından imtina edilmişdir. Halbuki, iş materiallarında olan “Ambulator, stasionar xəstənin tibbi kartası »ndan çıxarışların surətlərindən görünür ki, İddiaçı 02.12.2013-cü il tarixdən 07.01.2014-cü il tarixədək Bərdə rayon Poliklinikasında 08.01.2014-cü il tarixdən 05.02.2014-cü il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında, 12.04.2014-cü il tarixdən 09.04.2014-cü il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında, 05.12.2017-ci il tarixdən 04.01.2018-ci il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında, 10.12.2018-ci il tarixdən 09.01.2019-cu il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında, 07.01.2020-ci il tarixdən 03.02.2020-ci il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında stasionar müalicələr almışdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırki xəstəliyi xroniki xəstəlik olduğundan, onun əlilliyinin qiymətləndirilməsi üçün stasionar müalicənin davam etdirilməsinə ehtiyac yoxdur. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin: - 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. - 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. - 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.2.5-ci bəndinə əsasən ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) hallarında ikinci dərəcə əlillik təyin edilir. «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnamənin:- (bundan sonra TSEK) - 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. - 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun: - 24.1-ci maddəsinə müvafiq olaraq inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə müvafiq olaraq inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertiza Komissiyasının 13.01.2022-ci il tarixli qərarı ləğv edilməli və İddiaçı əlilliyinin təkrar qiymətləndirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspertiza Komissiyasının 13.01.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1022/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1022/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver