Məhkəmə qərarları › İş №2-1(114)-1023/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1023/2020

16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1023/2020 16.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə qarşı təhsil illərinin sosial sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə (bundansonraDövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsi)qarşı xx xxxxxx 1975-ci il tarixdən xx xxxx 1980-ci il tarixədək H.Zərdabi adına Kirovabad Dövlət Pedoqoji İnstitutunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1975-ci il tarixli, 236/t nömrəli əmrlə H.Zərdabi adına Kirovabad Dövlət Pedoqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) kimya-biologiya ixtisası üzrə əyani şöbənin İ kursuna daxil olmuşdur. xx xxxx 1980-ci il tarixli, 130/t nömrəli əmrlə orta məktəbdə kimya-biologiya müəllimi ixtisası verilməklə diplom almışdır. 1981-ci ildən bu günədək müəllim kimi fəaliyyət göstərir. 2016-cı ildə ona əmək pensiyası təyin edilmişdir. Lakin, ona pensiya təyin edilərkən 1975-ci ildən 1980-ci ilədək əyani təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməmişdir. Bununla bağlı olaraq cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh isə xx.xx.2020-ci il tarixli, **********8 nömrəli imtina məktubu verərək, 1975-ci ildən 1980-ci ilədək əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığını bildirmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə məktub ünvanlayaraq iddiaçının təhsil aldığı müddətin sosial sığorta stajı kimi nəzərə alınaraq pensiyasının yenidən hesablandığını bildirmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə tərəfindən hazırkı iddia tələbinin mümkünlük məsələsi yoxlanarkən inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin- iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının, ümumiyyətlə konkret hüquqlarının pozulubpozulmaması araşdırılmalıdır. Göründüyü kimi, iddiaçı tələbində xx xxxxxx 1975-ci il tarixdən xx xxxx 1980-ci il tarixədək H.Zərdabi adına Kirovabad Dövlət Pedoqoji İnstitutunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********8 nömrəli məktubundan məlum olur ki, iddiaçının 1975- 1980-ci illərdə əyani təhsil aldığı müddət sosial sığorta stajı kimi nəzərə alınaraq, pensiyası yenidən hesablanmışdır. Beləliklə, hazırkı mübahisə öz həllini tapdığından və iddia tələbi cavabdeh orqan tərəfindən məhkəmədən kənar həll edildiyindən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə qarşı təhsil illərinin sosial sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.1, 4.2, 5.1 və 5.2 bəndləri). Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən iddiaçının Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hər hansı bir hüququ pozulmamışdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə qarşı təhsil illərinin sosial sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80. maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə qarşı təhsil illərinin sosial sığorta stajına daxil edilməsinə və pensiyanın yenidən hesablanmasına dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar