Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1024/2024 01.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X4 və X1nun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X13) qarşı ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədi hazırlanmaqla, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Göygöl şəhər bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 10 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fond torpaq sahəsindən 1.5 hektar ayrılıb 25 nəfər vətəndaşa, o cümlədən İddiaçı hər birinə 0.06 hektar olmaqla, fərdi yaşayış evinin tikintisi üçün satılması qərara alınmışdır.
2. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi bələdiyyənin perspektiv inkişaf fond torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşlara satılmasını məqsədəuyğun hesab etmişdir.
3. Eyni zamanda DT və XK-nin Göygöl rayon şöbəsi ayrılmış torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid perspektiv inkişaf fond torpaq sahəsi olması, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.
4. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 840.00 manat vəsait ödənilmiş, eləcə də alqı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2010-cu il tarixdə 29 nömrə ilə qeydiyyata alınmışdır.
5. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına xx.xx.2010-cu il tarixli A№297544 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X17 kitabında 1719 nömrə ilə uçota alınmışdır.
6. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, təqdim olunmuş sənədlərin qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi, belə ki, ərizəyə əlavə edilmiş Göygöl bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 10 nömrəli qərar və xx.xx.2010-cu il tarixli 29 saylı “Torpaqların alqı-satqısına dair” aktın xx.xx.2007-ci il tarixdən sonra tərtib edildiyi müəyyən edilmişdir. Aparılan aşardırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin 263 kv.m hissəsi başqa şəxsə məxsus torpaq sahəsi üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
7. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) İddiaçı adına tərtib olunmuş A-297544 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.06 ha torpaq sahəsi ilə **********55 reyestr nömrəli çıxarış və həmin çıxarışın A-698376 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X6 mülkiyyətində olan 0.06 ha torpaq sahəsi üst-üstə düşmür. 2) İddiaçı faktiki istifadəsində olan 606.0 kv.m torpaq sahəsi, A-297544 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 600.0 kv.m torpaq sahəsi ilə 160.8 kv.m hissədə üst-üstə düşür. 3) İddiaçı adına tərtib olunmuş A-297544 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.06 ha torpaq sahəsi və bundan əlavə faktiki istifadəsində olan 606.0 kv.m torpaq sahəsi, Xanlar rayonu “Heyvandarlıq” təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsi və Göygöl şəhər bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara dair tərtib olunmuş 2009-cu il tarixli yerquruluşu sxemində, yaşayış məntəqələrinin inkişafı üçün nəzərdə tutulan perspektiv inkişaf sahəsi olmaqla, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olaraq göstərilmişdir. İddiaçı adına tərtib olunmuş A- 297544 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.06 ha torpaq sahəsinin 47.2 kv.m hissəsi hal-hazırda, **********94 reyestr nömrəli çıxarışa əsasən X7 mülkiyyətindı olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı faktiki istifadəsində olan 606.0 kv.m torpaq sahəsi üzərində elektron kadastr baza materiallarına istinadən daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən digər şəxslərin hüquqları qeydə alınmamışdır. 4) Rəy hazırlanarkən Xanlar rayonu “Heyvandarlıq” təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsi və Göygöl şəhər bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara dair tərtib olunmuş 2009-cu il tarixli yerquruluşu sxeminə əsaslanılmışdır.
8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 8014/2024 nömrəli cavab məktubuna əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl şəhərində yerləşən 0.06 ha torpaq sahəsi üzərində X7 xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
9. Həmin məktuba əlavə edilmiş X7 mülkiyyətində olan **********94 reyestr nömrəli torpaq sahəsinin ortofoto görüntüsündən və xx.xx.2022-ci il tarixli aktdan məlum olur ki, X8 məxsus **********94 reyestr nömrəli çıxarış Göygöl bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 10 nömrəli qərarı və DTXK-nin xx.xx.2010-cu il tarixli 1736 nömrəli plan və ölçüsü əsasında faktiki torpaq sahəsindən cənuba tərəf sürüşmə ilə işlənib. **********94 reyestr nömrəli çıxarışa əsasən X7 mülkiyyətində olan torpaq sahəsi İddiaçı adına tərtib olunmuş A- 297544 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşür. Faktiki torpaq sahəsində fərdi yaşayış evi olduğu mövcudluğuna əsaslanaraq torpaq sahəsinin koordinatlarında düzəliş edilərək, faktiki istifadə yerinə uyğunlaşdırılmışdır.
10. X9 məxsus **********0795 saylı, X3 məxsus **********0793 saylı, X11 **********0794 saylı və İddiaçı məxsus **********0796 saylı torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) sənədində əks olunan torpaq sahəsinin koordinatlarına dair akt-sxemindən görünür ki, X9 məxsus Göygöl şəhərində torpaq sahələrinin qeydiyyata alınması məqsədilə DTXK-nın xx.xx.2010-cu il tarixli **********0795 nömrəli torpağın planı və ölçüsü sənədi əsasında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin Göygöl rayon şöbəsinə müraciət edilmişdir. Ərizəyə əsasən həmin torpaq sahələrinə müayinə baxışı keçirilmiş və torpaq sahəsinin faktiki koordinatları ilə sənəd üzrə koordinatlar arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, DWG məlumatlarına və elektron baza məlumatlarına əsasən torpağın planı və ölçüsü (kadastr planı) tərtib olunan zaman koordinatlar səhv olaraq faktiki sahədən cənuba tərəf 14.0 m, qərbə tərəf 8.0 m fərqlə qeyd olunmuşdur. Bu səbəbdən də yuxarıda adları qeyd olunan mülk sahiblərinə məxsus kadastr planına əsasən koordinatlar üst-üstə düşür. Qeyd edilir ki, bu uyğunsuzluq həmin məhəllədə kompleks şəklindədir. Naturada ərizəçi və qonşularla birlikdə təkrar araşdırma işləri aparılmış və qonşuların faktiki sahələri dəyişdirilmişdir. Odur ki, yuxarıda qeyd edilənlər, faktiki torpaq sahələrinin məlum olmasını, qonşularla mübahisə halının olmadığı nəzrə alınaraq ərizəçiyə məxsus torpaq sahələrinə faktiki koordinatlara (yerinə) uyğun çıxarış və texniki pasport verilməsini məqsədəmüvafiq bilirlər. II. Məhkəmədə icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl şəhər Bələdiyyəsinin 18 noyabr 2010cu il tarixli, 10 saylı qərarı ilə Göygöl Bələdiyyəsinin perspektiv inkişaf fond torpağından fərdi yaşayış evi tikmək üçün 25 nəfər şəxsə hər birinə 0.06 ha olmaqla 1.5 ha həyətyanı torpaq sahəsi verilib. Həmin 25 nəfər Göygöl şəhər sakinindən biri də o olmuş və ona da həmin qərarla 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi hazırda ünvan 3 ünvanında yerləşir. Torpaq sahəsi 13 ildir fasiləsiz olaraq onun sahibliyində və istifadəsindədir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş bütün sənədləri tam olaraq qanunidir. O, aidiyyəti üzrə çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur. İmtinaya səbəb kimi torpaq sahəsinin alqı-satqı aktı əsasında satıldığı, eyni zamanda torpaq sahəsinin 263 kv.m hissəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü göstərilir.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.
14. İddiaçı vəkil olan nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 4 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədi hazırlanmaqla, həmin torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
18. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə X14 və X13 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, daha sonra məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. İddiaçının vəkil olan nümayəndəsi, cavabdehin nümayəndəsi və mütəxəssis məhkəmə iclasına gəlmiş, üçüncü şəxs isə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri 5) Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina göstərilən dəlillərlə əsaslandırılmış (qərarın 6-cı bəndi) və əlavə olaraq qeyd edilmişdir ki, tərəflərindən araşdırma zamanı məlum olmuşdur ki, X6 müraciəti əsasında Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-998/2021 nömrəli 18 noyabr 2021-ci il tarixli qərarına əsasən ünvan 6 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair X6 adına xx.xx.2022-ci il tarixli **********55 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, İddiaçı faktiki torpaq sahəsinin 263 kv.m hissəsinin **********0795 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə X9 məxsus torpaq sahəsi ilə üst-üstə düşmə halı aradan qalxmışdır. İddiaçı adına tərtib olunmuş A- 297544 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 0.06 ha torpaq sahəsinin 47.2 kv.m hissəsi hal-hazırda, **********94 reyestr nömrəli çıxarışa əsasən X7 mülkiyyətindı olan torpaq sahəsi ilə üst-üstə düşür.
24. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
25. İddiaçının vəkil olan nümayəndəsi Vəkil şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
26. Cavabdeh orqanın nümayəndəsi X4 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, orqanın iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilə istinadla iddianın rədd olunmasını xahiş etmişdir.
27. X1 məhkəmə iclası zamanı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, İddiaçı adına tərtib olunmuş A-297544 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən, həmçinin onun faktiki istifadəsində olan torpaq sahəsi ilə **********55 reyestr nömrəli çıxarış və həmin çıxarışın A-698376 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X6 mülkiyyətində olan 0.06 ha torpaq sahəsi üst-üstə düşmür. Belə ki, üçüncü şəxs X9 məxsus torpaq sahəsinin koordinatlarında düzəliş edilərək çıxarış verildikdən sonra üst-üstə düşmə halı aradan qalxmışdır. İddiaçı adına tərtib olunmuş A- 297544 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.06 ha torpaq sahəsinin 47.2 kv.m hissəsi elektron kadastr məlumatlarına əsasən X7 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Yəni, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin üçüncü şəxsə və ya digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmə halı mövcud deyil. Eyni zamanda, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində elektron kadastr baza materiallarına istinadən daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən digər şəxslərin hüquqları qeydə alınmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Göygöl şəhər bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 10 nömrəli qərarı; - 03.11.2010-cu il tarixli 24 nömrəli rəy; - xx.xx.2010-cu il tarixli akt; - Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış; - Torpaqların alğı-satqısına dair xx.xx.2010-cu il tarixli 29 nömrəli akt; - xx.xx.2010-cu il tarixli A№297544 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubu; - X9 məxsus **********0795 saylı, X3 məxsus **********0793 saylı, X11 **********0794 saylı və İddiaçı məxsus **********0796 saylı torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) sənədində əks olunan torpaq sahəsinin koordinatlarına dair akt-sxemi; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 8014/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər. - Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
29. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
30. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Göygöl şəhər bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 10 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fond torpaq sahəsindən 1.5 hektar ayrılıb 25 nəfər vətəndaşa, o cümlədən İddiaçı hər birinə 0.06 hektar olmaqla, fərdi yaşayış evinin tikintisi üçün satılması qərara alınmışdır. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi bələdiyyənin perspektiv inkişaf fond torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşlara satılmasını məqsədəuyğun hesab etmişdir. Eyni zamanda DT və XK-nin Göygöl rayon şöbəsi ayrılmış torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid perspektiv inkişaf fond torpaq sahəsi olması, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 840.00 manat vəsait ödənilmiş, eləcə də alqı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2010-cu il tarixdə 29 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına xx.xx.2010-cu il tarixli A№297544 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X17 kitabında 1719 nömrə ilə uçota alınmışdır.
31. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, təqdim olunmuş sənədlərin qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi, belə ki, ərizəyə əlavə edilmiş Göygöl bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 10 nömrəli qərar və xx.xx.2010-cu il tarixli 29 saylı “Torpaqların alqı-satqısına dair” aktın xx.xx.2007-ci il tarixdən sonra tərtib edildiyi müəyyən edilmişdir. Aparılan aşardırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin 263 kv.m hissəsi başqa şəxsə məxsus torpaq sahəsi üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
32. Məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, Torpaq sahəsinin planı və ölçüsü sənədi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin müvafiq rəyi, torpaqların alğı-satqısına dair akt ilə də təsdiq edilir.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
34. Mübahisəli torpaq sahəsi iddiaçıya Göygöl şəhər bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 10 nömrəli qərarı və xx.xx.2010-cu il tarixli 29 nömrəli Torpaqların alğı-satqısına dair aktı ilə satılmış və həmin torpaq sahəsinin iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədlə satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin rəyi ilə də etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Göygöl şəhər bələdiyyəsinin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır.
35. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, faktiki torpaq sahəsinin 263 kv.m hissəsi başqa şəxsə məxsus torpaq sahəsi üst-üstə düşür, həmçinin Göygöl şəhər bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 10 nömrəli qərarı və xx.xx.2010-cu il tarixli 29 nömrəli Torpaqların alğı-satqısına dair akt qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, belə ki, Torpaqların alqı-satqısına dair akt və bələdiyyə qərarı xx.xx.2007-ci il tarixdən sonra tərtib edilmişdir. Yəni, cavabdehin qənaətinə görə, torpaq sahəsi bələdiyyə tərəfindən hərrac və ya müsabiqə vasitəsilə satıla bilərdi.
36. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.
37. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1082) ilə 9.6-cı maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.
38. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə görə: Bənd 10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bənd 22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.
39. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər.
40. Hazırkı iş materialları ilə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda son beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır.
41. Məhkəmə onu da qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.
42. Cavabdeh orqanın digər dəlili faktiki torpaq sahəsinin 263 kv.m hissəsi ilə başqa şəxsə məxsus torpaq sahəsinin üst-üstə düşməsi ilə bağlıdır.
43. Məhkəmə bununla bağlı qeyd edir ki, əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, İddiaçı adına tərtib olunmuş A-297544 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.06 ha torpaq sahəsi ilə **********55 reyestr nömrəli çıxarış və həmin çıxarışın A-698376 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X6 mülkiyyətində olan 0.06 ha torpaq sahəsi üst-üstə düşmür. İddiaçı faktiki istifadəsində olan 606.0 kv.m torpaq sahəsi, A-297544 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 600.0 kv.m torpaq sahəsi ilə 160.8 kv.m hissədə üst-üstə düşür. İddiaçı adına tərtib olunmuş A-297544 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.06 ha torpaq sahəsi və bundan əlavə faktiki istifadəsində olan 606.0 kv.m torpaq sahəsi, Xanlar rayonu “Heyvandarlıq” təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsi və Göygöl şəhər bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara dair tərtib olunmuş 2009-cu il tarixli yerquruluşu sxemində, yaşayış məntəqələrinin inkişafı üçün nəzərdə tutulan perspektiv inkişaf sahəsi olmaqla, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olaraq göstərilmişdir. İddiaçı adına tərtib olunmuş A-297544 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.06 ha torpaq sahəsinin 47.2 kv.m hissəsi hal-hazırda, **********94 reyestr nömrəli çıxarışa əsasən X7 mülkiyyətindı olan torpaq sahəsi ilə üstüstə düşür. Qeyd edək ki, İddiaçı faktiki istifadəsində olan 606,0 kv.m torpaq sahəsi üzərində elektron kadastr baza materiallarına istinadən daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən digər şəxslərin hüquqları qeydə alınmamışdır. Rəy hazırlanarkən Xanlar rayonu “Heyvandarlıq” təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsi və Göygöl şəhər bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara dair tərtib olunmuş 2009-cu il tarixli yerquruluşu sxeminə əsaslanılmışdır.
44. Eyni zamanda X1 məhkəmə iclası zamanı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, İddiaçı adına tərtib olunmuş A-297544 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən, həmçinin onun faktiki istifadəsində olan torpaq sahəsi ilə **********55 reyestr nömrəli çıxarış və həmin çıxarışın A-698376 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X6 mülkiyyətində olan 0.06 ha torpaq sahəsi üst-üstə düşmür. Belə ki, üçüncü şəxs X9 məxsus torpaq sahəsinin koordinatlarında düzəliş edilərək çıxarış verildikdən sonra üst-üstə düşmə halı aradan qalxmışdır. İddiaçı adına tərtib olunmuş A-297544 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.06 ha torpaq sahəsinin 47.2 kv.m hissəsi elektron kadastr məlumatlarına əsasən X7 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Yəni, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin üçüncü şəxsə və ya digər şəxslərə məxsus torpaq sahələri ilə üstüstə düşmə halı mövcud deyil. Eyni zamanda, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində elektron kadastr baza materiallarına istinadən daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən digər şəxslərin hüquqları qeydə alınmamışdır.
45. Yəni, iddiaçının adına tərtib olunmuş A-297544 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin 47.2 hissəsi üçüncü şəxs X7 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşsə də, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahəsinin üst-üstə düşmə halı mövcud deyildir. Eyni zamanda, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində elektron kadastr baza materiallarına istinadən daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən digər şəxslərin hüquqları qeydə alınmamışdır.
46. Göründüyü kimi, iddiaçıya Göygöl şəhər Bələdiyyəsinin 18 noyabr 2010-cu il tarixli, 10 saylı qərarı ilə ayrılmış 0.06 ha torpaq sahəsinin faktiki üst-üstə düşməsi deyil, həmin torpaq sahəsinə dair tərtib edilmiş A-297544 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatların üst-üstə düşməsi halı baş vermişdir.
47. Təqdim edilmiş ortofoto görüntülərdən də məlum olur ki, hər iki tərəf – həm iddiaçı, həm üçüncü şəxs bələdiyyə qərarı ilə ona ayrılmış 0.06 ha torpaq sahəsində maneəsiz istifadə edir və onlara arasında naturada hər hansı mübahisə mövcud deyildir. Uyğunsuzluq halı yalnız iddiaçının adına tərtib edilmiş A-297544 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə qeyd edilmiş koordinatlarla bağlıdır ki, belə olan halda cavabdeh orqan X7 da 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə almaqdan eyni əsasla imtina etməli idi.
48. Lakin iş materialları ilə müəyyən edilir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl şəhərində yerləşən 0.06 ha torpaq sahəsi üzərində X7 xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X8 məxsus **********94 reyestr nömrəli çıxarış Göygöl bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 10 nömrəli qərarı və DTXK-nin xx.xx.2010-cu il tarixli 1736 nömrəli plan və ölçüsü əsasında faktiki torpaq sahəsindən cənuba tərəf sürüşmə ilə işləndiyindən **********94 reyestr nömrəli çıxarışa əsasən X7 mülkiyyətində olan torpaq sahəsi İddiaçı adına tərtib olunmuş A-297544 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşür. Faktiki torpaq sahəsində fərdi yaşayış evi olduğu mövcudluğuna əsaslanaraq xx.xx.2022-ci il tarixli akt əsasında torpaq sahəsinin koordinatlarında düzəliş edilərək, faktiki istifadə yerinə uyğunlaşdırılmışdır.
49. Həmçinin, X9 məxsus **********0795 saylı, X3 məxsus **********0793 saylı, X11 **********0794 saylı və İddiaçı məxsus **********0796 saylı torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) sənədində əks olunan torpaq sahəsinin koordinatlarına dair akt-sxemindən görünür ki, X9 məxsus Göygöl şəhərində torpaq sahələrinin qeydiyyata alınması məqsədilə DTXK-nın xx.xx.2010-cu il tarixli **********0795 nömrəli torpağın planı və ölçüsü sənədi əsasında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin Göygöl rayon şöbəsinə müraciət edilmişdir. Ərizəyə əsasən həmin torpaq sahələrinə müayinə baxışı keçirilmiş və torpaq sahəsinin faktiki koordinatları ilə sənəd üzrə koordinatlar arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, DWG məlumatlarına və elektron baza məlumatlarına əsasən torpağın planı və ölçüsü (kadastr planı) tərtib olunan zaman koordinatlar səhv olaraq faktiki sahədən cənuba tərəf 14.0 m, qərbə tərəf 8.0 m fərqlə qeyd olunmuşdur. Bu səbəbdən də yuxarıda adları qeyd olunan mülk sahiblərinə məxsus kadastr planına əsasən koordinatlar üst-üstə düşür. Qeyd edilir ki, bu uyğunsuzluq həmin məhəllədə kompleks şəklindədir. Naturada ərizəçi və qonşularla birlikdə təkrar araşdırma işləri aparılmış və qonşuların faktiki sahələri dəyişdirilmişdir.
50. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qərara alınmışdır ki:
51. “Azərbaycan Respublikasında X2 X10nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.4. X2 X10nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;...
52. Azərbaycan Respublikasında X2 X10nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına görə: Bənd 6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: Bənd 6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr nömrəsi;...
53. Göründüyü kimi, X2 X10 (TEKUİS) hazırlanaraq istifadəyə verilməsində məqsəd Azərbaycan Respublikasında torpaqların elektron uçotunun aparılması, torpaq balansının əldə edilməsi, torpaq və geobotaniki tədqiqatın aparılması, inzibati ərazi vahidlərinin, dairələrinin və bələdiyyələrin sərhədlərinin formalaşdırılması, torpaqlardan istifadə və onların mühafizəsi, yerquruluşu və müxtəlif tip xəritələrin (rayon, şəhər, bələdiyyə və s.) hazırlanması və s. işlərin icrasının təmin edilməsi olmuşdur.
54. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədi hazırlanmaqla, həmin torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
55. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.
56. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
57. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədi hazırlanmaqla, həmin torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva