Məhkəmə qərarları › İş №2-1(114)-1025/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1025/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1025/2021 08.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsədov Elşən Yavər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azəriqaz” X3 X6 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” X3 X6 İdarəsinə (üçüncü şəxs X5) qarşı yaşayış evinə əlavə qaz xəttinin və qaz sayğacının quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Azəriqaz” X3 X6 İdarəsinə (üçüncü şəxs X5)qarşı iddia ərizəsi ilə 21.04.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ağstafa rayonu Xətai kəndində yerləşən yaşayış evinə əlavə qaz xəttinin və qaz sayğacının quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 21 aprel 2021-ci il tarixli 2-1(114)-1025/2021 saylı iddianın qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncamına əsasən iddiaçı iddia ərizəsində yol vermiş olduğu fomal xətanı aradan qaldıraraq üçüncü şəxs qismində X5 qeyd etmişdir. Gəncə İnzibati Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi icraata qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ağstafa rayonu Xətai kəndində yerləşən yaşayış evi atası X1 mülkiyyətindədir. Həmin evə onun və ailə üzvlərinin istifadə hüququ məhkəmə qərarı əsasında tanınmışdır. O, ailə üzvləri hazırda həmin evdə yaşayırlar. Atası ilə razılaşmışdır ki, o, ailə üzvləri ilə birlikdə evin ikinci mərtəbəsində yaşasınlar, lakin atası evə çəkilmiş qazda istifadə etməyə imkan vermir. Yaşadığı evə əlavə qaz xəttinin və qaz sayğacının quraşdırılması ilə əlaqədar cavabdeh orqana müraciət etsə də sonuncu onun müraciətini imtina etmiş və ona bildirmişdir ki, yaşadığı evə onun mülkiyyətini təsdiq edən sənəd olmalıdır. Cavabdehin imtinasını qanunsuz hesab edir və iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Həmçinin bildirmişdir ki, yaşadığı ev onun atasına məxsus olmaqla sonuncunun mülkiyyətindədir. O, özü ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, idarə tərəfindən verilmiş imtina əsaslıdır. Belə ki, iddiaçı yaşadığı evə əlavə qaz xəttinin və qaz sayğacının quraşdırılmasını xahiş etmişdir, lakin ona bildirilmişdir ki, qeyd edilən ev onun mülkiyyətində deyil, həmin evdə qaz sayğacı vardır. Üçüncü şəxs X5 məhkəmə iclasında bildirmişdir ki, Ağstafa rayonu Xətai kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi onun mülkiyyətindədir. İddiaçı onun oğludur. Oğlunun və onun ailə üzvlərinin məhkəmənin qərarına əsasən ona məxsus evdən istifadə hüquqları tanınmışdır və onların ümumi razılığına əsasən hazırda oğlu evin ikinci mərtəbəsində yaşayır. Evin qaz xətti və sayğacı vardır, lakin oğlu və onun ailə üzvləri qazdan çox istifadə etdiyindən onun imkanı yoxdur ödənişləri etsin. Özü pensiyaçı olmaqla maddi imkanı zəifdir. Bu səbəbdə də iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - “Azəriqaz” X3 X6 İdarəsinin 03.02.2021-ci il tarixli məktubu; - 21.04.2010-cu il tarixli, MA seriyalı ******* saylı çıxarışın surəti; - Gəncə Apellyasiya Məhkəməsinin 29 avqust 2018-ci il tarixli 2(104)-2661/2018 saylı qətnaməsinin surəti; - iddiaçıya məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surəti; Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuş “Azəriqaz” X3 X6 İdarəsinin 03.02.2021-ci il tarixli məktubundan görünür ki, idarədə İddiaçı müraciətinə baxılmış və ona bildirilmişdir ki, halhazırda onun yaşadığı fərdi yaşayış evi Ağstafa Xidmət Sahəsində **********04910 abonent kodu ilə X1 adına qeydiyyatdadır. Bu səbəbdən də, hazırki vəziyyətdə sözügedən fərdi yaşayış evinə əlavə qaz sayğacının quraşdırlması mümkünsüzdür. Həmçininin məktubda qeyd edilmişdir ki, ünvanda əlavə qaz sayğacının quraşdırlması qüvvədə olan qanunvericiliyə əsasən fərdi yaşayış evinin yenidən qazlaşdırılması hesab olunur ki, belə qazlaşma da mülkiyyətçinin öz vəsaiti hesabına, onun müraciəti əsasında xüsusi lisenziyası olan tikinti təşkilatı tərəfindən layiə-smeta sənədləri hazırlanmaqla və qaz tikinti işləri aparılmaqla icra olunur. Aparılmış qaz tikinti işləri tikinti norma və qaydalarının tələblərinə uyğun olduğu təqdirdə təqdim olunmuş sənədlər əsasında «Azəriqaz» İB-nin hesabına yeni sayğac quraşdırılmaqla, istehlakçı müqaviləsi bağlanılmaqla abonent kimi qeydiyyata alındıqdan sonra ünvana qaz verilişi reallaşdırılır. Odur ki, sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ tanındığı və müvafiq təsdiqedici sənədlər təqdim edildiyi təqdirdə tikilinin iddiaçıya məxsus hissəsinin qazlaşdırlması üçün iddiaçı tərəfindən xüsusi lisenziyası olan tikinti təşkilatına müracət olunması tövsiyyə edilmişdir. İş materiallarında olan 21.04.2010-cu il tarixli, MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Ağstafa rayonu Xətai kəndində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində X1 adına qeydiyyata alınmışdır. Fərdi yaşayış evi 2 mərtəbədən ibarətdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 29 avqust 2018-ci il tarixli 2(104)-2661/2018 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı və onu ailə üzvlərinə Ağstafa rayonu Xətai kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüquqları tanınmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-cu il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» nın 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmçinin məhkəmə araşdırması nəticəsinə müəyyən edilmişdir ki, cavabdeh olan inzibati orqan iddiaçının müraciətinə imtina edərək bildirmişdir ki, hazırda onun yaşadığı ev onun mülkiyyətində deyil digər şəxsin mülkiyyətindədir və həmin evə qaz xətti çəkilmiş və qaz sayğacı quraşdırılmışdır. Əlavə qaz xəttinin və əlavə sayğacın quraşdırılması mümkün deyil. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı yaşadığı və əlavə qaz xətti, sayğac quraşdırmay istədiyi ev onun atası X2 məxsusdur, iddiaçının isə ailə üzvləri ilə birlikdə həmin evə istifadə hüquqları məhkəmə qərarı əsasından tanınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan Ağstafa rayonu Xətai kəndində yerləşən fərdi yaşayış evinə əlavə qaz xəttinin və qaz sayğacının quraşdırılmasından imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh “Azəriqaz” X3 X6 İdarəsinə(üçüncü şəxs X5) qarşı yaşayış evinə əlavə qaz xəttinin və qaz sayğacının quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Azəriqaz” X3 X6 İdarəsinə (üçüncü şəxs X5) qarşı yaşayış evinə əlavə qaz xəttinin və qaz sayğacının quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar