Məhkəmə qərarları › İş №2-1(114)-1025/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1025/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1025/2023 09.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində tağım komandirinin müavini vəzifəsində xidmətdə olarkən hazırda "Tərtər işi" kimi tanınan iş çərçivəsində dövlətə xəyanət ittihamları ilə əlaqədar qanunsuz azadlıqdan məhrum edilmiş, sorğu-suala cəlb olunmuş və bu zaman özünün və digər hərbi qulluqçuların əleyhinə yalan ifadə verməsi üçün ağır işgəncələrə məruz qalmışdır. 20 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 28 sentyabr 2017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Tərtər Hərbi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, təyin edilmiş cəzanın 2 ildən artıq hissəsini çəkdikdən sonra Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə həmin tarixdən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 17 dekabr 2021-ci il tarixdə qeyd edilən cinayət əməllərinin və qanunsuzluqların yenidən araşdırılmasına başlanılmış, bu məqsədlə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşər Nazirliyinin müstəntiqlərindən ibarət birgə İstintaqı Qrupu yaradılmışdır. İstintaq Qrupu yaradıldıqdan sonra iddiaçı istintaq orqanına ifadə vermiş, ona məlum olan bütün hallar, üzləşdiyi qanunsuzluqlar, eləcə də əsassız olaraq hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı məlumat vermişdir. Nəticədə cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 09 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında" xx.xx.2020-ci il tarixli Qanunun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş CM-nin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan CM-nin 329-cu maddəsi ilə əhatə olunduğu üçün 29 aprel 2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinə tövsif edilmişdir. İstintaqın nəticəsində 30 iyun 2022-ci il tarixdə iddiaçının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. Beləliklə, iddiaçıya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü (329.2.1-ci maddəsinə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. Bununla da iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün əmrə səbəb olmuş əsaslar aradan qalxmışdır. Qeyd edilən xitam qərarı iddiaçıya 2022-ci ilin oktyabr ayında təqdim edildikdən dərhal sonra 17 oktyabr 2022-ci il tarixdə Müdafiə Nazirliyinə müraciət edərək onun ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa olunması, itirilmiş vaxtın iş stajına daxil edilməsi, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanmaqla ödənilməsini xahiş etmişdir, cavabdeh isə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə tələbin “Azərbaycan Republikası Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 058gm nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və itirilmiş illərin əmək stajına hesablanması hissəsinə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xx.xx.2022-ci tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 329.2.1-ci maddəsi ilə İddiaçı barəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. -surəti işə əlavə edilmiş Müdafiə nazirinin birinci müavininin 03 mart 2018-ci il tarixli 058gm nömrəli əmrindən görünür ki, İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 158-ci maddəsinin "a" bəndinə (həqiqi hərbi xidmətdə törətdiyi cinayətə görə azadlıqdan məhrum olunan) ehtiyata buraxılmışdır. -surəti işə əlavə Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 28 aprel 2023-cü il tarixli 057 gm nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 3 mart 2018-ci il tarixli 058gm nömrəli şəxsi heyət üzrə əmrinin 4-cü paraqrafının 4-cü bəndi (1-ci Ordu korpusu (051 nömrəli hərbi hissə) komandirinin sərəncamında (703-cü Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 7031-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandirinin sabiq müavini) olan gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə (həqiqi hərbi xidmətə görə törətdiyi cinayətə görə azadlıqdan məhrum olunan) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə) ləğv edilmişdir. Həmçinin, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli 610-İQ nömrəli Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci abzasına əsasən həbsdə olma, cəza çəkmə müddətləri və vəzifədən kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət ixtisas üzrə fasiləsiz staja daxil edilməklə “Hərbi vəzifə ҹə hərbi xidmət haqqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə müvafiq olaraq, 1-ci Ordu Korpusu (051 nömrəli hərbi hissə) komandirinin sərəncamında (703-cü Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 7031-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandirinin sabiq müavini) olan gizir İddiaçı xidmət müddəti başa çatdığına görə 30 iyun 2022-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Müdafiə nazirinin birinci müavininin 03 mart 2018-ci il tarixli 058gm nömrəli əmrindən görünür ki, İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 158-ci maddəsinin "a" bəndinə (həqiqi hərbi xidmətdə törətdiyi cinayətə görə azadlıqdan məhrum olunan) ehtiyata buraxılmışdır. İddiaçı hesab etmişdir ki, qeyd olunan əmr qanunsuz olduğundan ləğv edilməli, o əvvəlki işə bərpa edilməli, itirilmiş illəri əmək stajına hesablanmalı və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqı hesablanıb ödənilmədir. İş məhkəmənin icraatında olduğu dövrdə cavabdeh tərəfindən iddiaçının tələbinin bir qismi təmin edilmişdir, yəni Müdafiə nazirinin birinci müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 28 aprel 2023-cü il tarixli 057 gm nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 3 mart 2018-ci il tarixli 058gm nömrəli əmri ləğv olunmuş və gizir İddiaçı xidmət müddəti başa çatdığına görə 30 iyun 2022-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. İddiaçı hazırda məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun:- 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. -26.1-ci maddəsinə əsasən, dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. -26.2-ci maddəsinə əsasən, onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. -26.3-cü maddəsinə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyan qanunvericiliyə müvafiq olaraq ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd edilməlidir ki, məcburi işburaxma, işçinin işəgötürənin təqsiri ucbatından öz əmək funksiyalarının icrasını müəyyən dövr üçün icra edə bilməməsidir. Qanunsuz olaraq işdən çıxarılmış işçilərin müdafiəsinin mühüm təminatlarından biri də qanunsuz olaraq işdən çıxarılmış və əvvəlki işinə bərpa olunmuş işçiyə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsidir. Yuxarıda istinad olunan normaların tələblərindən də göründüyü kimi, onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçulara işə bərpa edildikdən sonra işləmədikləri müddətə görə əmək haqqı ödənilməsi müvafiq qanunvericiliyin tələbidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının ehtiyata buraxılması ilə bağlı əmr ləğv edildiyindən və o, 03 mart 2018-ci il tarixdən həqiqi hərbi xidmətə bərpa olunduğundan məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqı hesablanıb ona ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 03 mart 2018-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək olan müddət üzrə İddiaçı Nadur oğluna ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar