Məhkəmə qərarları › İş №2-1(114)-1025/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1025/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1025/2024 02.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı mülkiyyətçilərin payının yenidən müəyyən edilməsi və digər tələblərinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X14 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı mülkiyyətçilərin payının yenidən müəyyən edilməsi və digər tələblərinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 23 nömrəli qərarı əsasında X12 ailə üzvləri ilə birlikdə ümumi mülkiyyət hüququ ilə 0.30 (2990.8 kv.m) ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 'Torpağın mülkiyyətə verilməsinə dair" JN- 162 A nömrəli şəhadətnamə tərtib edilmişdir.

2. Şəhadətnamədə qeyd edilən 0.30 (2990.8 kv.m) ha həyətyanı torpaq sahəsi üzərində X8 və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüquqları tanınaraq ümumi sahəsi 119.1 kv.m fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq reyestr nömrəsi **********03- 10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-cil il tarixlı elektron çıxarışla rəsmiləşdirilərək müvafiq qaydada texniki pasport tərtib edilmişdir.

3. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 161 nömrəli arayışı əsasında X6 adına Tovuz rayonu, Azaflı kəndində yerləşən 0.23 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat, **********83 reyestr nömrəli çıxarış və AA 570723 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir.

4. Ləğv edilmiş DT və XK-nin Tovuz rayon şöbəsi tərəfindən 15 saylı Tovuz Ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarında X8 adı X5 qeyd edilib və ümumi birgə adına Tovuz rayonu Azaflı kəndində "Torpağa mülkiyyət hüququna dair" JN-231D nömrəli dövlət aktı ilə 0.33 ha kənd təsərrüfaftı təyinatlı torpaq sahəsi qeyd edilmişdir.

5. İddiaçı X1 adına Azərbaycan Respublikası üzrə qeydiyyata alınmış əmlaklar barədə məlumatların verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2023-cü il tarixli **********27 nömrəli nömərli cavab məktubunda bildirilmişdir ki, X6 adına keçmiş DTİ və MHQİ-si tərəfindən verilmiş 340 nömrəli qeydiyyat vəsiqəsi ilə Tovuz rayonu, Azaflı kəndində yerləşən fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. Ləğv olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr tamolmayan anket və elektron baza məlumatlarında X6 adına ümumi birgə əsaslarla Tovuz rayonu, Azaflı kəndində JN-162A nömrəli şəhasdətnamə ilə 0.3 ha həyətyanı və JN- 231 nömrəli dövlət aktı ilə 0.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. X1 adına digər ərazi idarələri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

6. İddiaçı **********03-10301 reyestr nömrəli çıxarışla birgə paylı mülkiyyətlərində olan həyətyanı torpaq sahəsi üzərində payların yenidən müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-A-01xxxx/2023 nömrəli nömərli cavab məktubunda bildirilmişdir ki, məhkəmə qərarına əsasən **********03-10301 reyestr nömrəli daşınmaz əmlak üzərində X16 və X17 paylı mülkiyyət hüquqları ləğv edilmiş və payçılar qrafasında adları silinmişdir. Pay hüquqlarının ləğv edilməsi onların paylarının digər payçıların adına qeydə alınmasına əsas verir. Həmçinin, bildirilir ki, ləğv olunan paylara dair tərəfindən hüquqmüəyyənecidi sənədlər təqdim olunmadığından, həmin payların (1/7 hissə kimi) adına qeydiyyata alınması mümkün olmamışdır.

7. İddiaçı paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsi üzərində onun və bəzi hüquq sahiblərinin paylarının ayrılması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-A-02xx-xx/2023 nömrəli nömərli cavab məktubunda bildirilmişdir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Bunun üçün digər mülkiyyətçilərin razılığı ilə bölünmıəyə uyğun şəkildə bölgü sxemi tərtib edilməlidir. Bölgü sxemi bütün mülkiyyətçilər tərəfindən imzalanmalı və notariat qaydasında təsdiq edilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada bölgü sxemi və mülkiyyət hüququnu təsdiq edən sənədlər əlavə edilməklə hüquqların qeydiyyatı haqqında ərizə ilə Ərazi İdarəsinə müraciət edəcəyi təqdirdə ərizənin icrasına qanunamüvafiq qaydada baxılacaqdır.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2- 4228/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 23 nömrəli qərarı əsasında X12 ailə üzvləri ilə birlikdə ümumi mülkiyyət hüququ ilə 0.30 (2990.8 kv.m) ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair" JN-162 A nömrəli şəhadətnamə tərtib edilmişdir. Şəhadətnamədə qeyd edilən 0.30 (2990.8 kv.m) ha həyətyanı torpaq sahəsi üzərində X8 və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüquqları tanınaraq ümumi sahəsi 119.1 kv.m fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq reyestr nömrəsi **********03-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-cil il tarixlı elektron çıxarışla rəsmiləşdirilərək müvafiq qaydada texniki pasport tərtib edilmişdir. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 161 nömrəli arayışı əsasında X6 adına Tovuz rayonu, Azaflı kəndində yerləşən 0.23 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat, **********83 reyestr nömrəli çıxarış və AA 570723 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Ləğv edilmiş DT və XK-nin Tovuz rayon şöbəsi tərəfindən 15 saylı Tovuz Ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarında X8 adı X5 qeyd edilib və ümumi birgə adına Tovuz rayonu Azaflı kəndində "Torpağa mülkiyyət hüququna dair" JN-231D nömrəli dövlət aktı ilə 0.33 ha kənd təsərrüfaftı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. İddiaçının ərizəsində qeyd edilən tələblərlə bağlı Ərazi İdarəsinə uzun çoxsaylı müraciətləri daxil olmuş və hər biri ətraflı şəkildə cavablandırılmışdır. II. Məhkəmədə icraat

9. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsində paylı mülkiyyətçilərin payının yenidən müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 avqust 2023-cü il Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 15 saylı Tovuz rayon Ərazi İdarəsinə müraciət edərək ********** qeydiyyat **********03-10301 reyestr nömrəli texniki pasport və çıxarışda qeyd olunan mülkiyyətçilərin sayı nəzərə alınmaqla payların yenidən müəyyən edilməsini xahiş etmişdir. Lakin xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-A-0141/a-39/2023 nömrəli cavab məktubu ilə bildirmişlər ki, məhkəmə qərarı ilə X16 və Abbasova (Cəfərova) Nübar Razim qızının hüquqlarının ləğv edilməsi onların paylarının digər payçıların adına qeydiyyata alınmasına əsas vermir. O, yenidən 20 oktyabr 2010-cu il tarixdə qeyd olunan texniki pasport və çıxarışda onun, həyat yoldaşı X9, X3nun, anası X8 Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən payların müəyyən edilməsi və ayrılmasını xahiş etmişdir. Yenə də cavabdeh qurum xx.xx.2023-cü il tarixli 3-21-37/2-A-0244 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1, 223.2, 220.1 maddələrini əsas gətirərək ona əlavə öhdəlik qoymaqla payların müəyyən edəcəyini bildirir. Qeyd etmək istəyir ki, qeyd edilən texniki pasport çıxarışda əks olunan həyətyanı torpaq sahəsinə dair xx.xx.2005-ci ildə ailə başçısı atası X2 DTXK tərəfindən JN-162A nömrəli şəhadətnamə verilmişdir. Şəhadətnamə 28 avqust 1988-ci il tarixli 23 nömrəli Tovuz rayon AİK qərarı əsasında verildiyi və bir nüsxəsinin şəxsən X3na verildiyi qeyd olunmuşdur. X3 26 aprel 2004-cü il tarixdə vəfat etmişdir. Bu şəhadətnamənin ona harada verildiyi məlum deyil. Qeyd olunan JN-162A şəhadətnaməsi təqdim etdiyi arxiv arayışında 448-ci şəxsi hesabda göstərilən 0.25 ha həyatyanı torpaq sahəsi və onun üzərində tikilmiş 1960-cı ildə tikilmiş fərdi yaşayış evi 1959-1962 illərdən ailəsinin istifadəsində olmuşdur. xx.xx.2005-ci il tarixli şəhadətnamədə X19 və X18 ümumiyyətlə Tovuz rayon AİK 28 avqust 1998-ci il qərarı tərtib edildiyi zaman anadan olmamışdır. DTXK-nin hüquqi varisi olan cavabdeh qurum özü tərəfindən tərtib etdiyi şəhadətnamədə digər mülkiyyətçilərin hüquqlarını pozduğu və hal-hazırda hansı hüquqi nəticələrə gətirdiyini aradan qaldırmaq əvəzinə əlavə öhdəlik qoymaqla vətəndaş qurum arasındakı etimadı pozmuş olur. Qeyd etmək istəyir ki, xx.xx.2005-ci il tarixli şəhadətnamədə torpaq sahəsi şişirdilmiş şəkildə qeyd olunur. Həmin torpaq sahəsi ilkin olaraq 0.25 ha istifadəyə götürülmüş, zamanzaman əkilmiş ağacların digər ağacların ətrafının hasarlanması nəticəsində həmin ərazinin ölçüsü 0.27 ha artıq deyil. Şəhadətnamədə torpaq sahəsinin cizgilərindən də görünür ki, şəhadətnamədə torpaq sahəsinin cizgiləri dəyişdirilmişdir. Hal-hazırda fərdi yaşayış evinin qeydiyyata alınması zamanı da ölçülər şişirdilmişdir. Şimal istiqamətində eninə ölçü 26 metr 10 sm olduğu halda 26 metr 70 sm qeyd olunur. Tikililərin cizgilərində də diaqonal düzgün olmadığı gözlə görüləcək qədər uyğunsuzluq olduğu bilinir. Arayışda qeyd olunan əmlakların bir hissəsinin əvvəllər yaranmış hüquqlar kimi və digər hissəsinin JN-162A şəhadətnaməsi ilə qeydiyyata alındığı vurğulanır. Əvvəllər yaranmış hüquqlar 1981-ci ildə tikilmiş fərdi yaşayış evi aiddir. Qeyd etmək istəyir ki, X3nun və anası X8 miras qalmış əmlaka dair vərəsəlik işinin xx.xx.2020-ci ildə açıldığı qeyd olunsa da o, xx.xx.2020-ci il ƏMDX DƏDK və RX 1 saylı ərazi idarəsindən aldığı **********27 nömrəli arayışda atasının hüquqlarının qeydiyyata alındığını bilmişdir. Cavabdeh qurum vətəndaşın daimi yaşayış yeri olan 1981-ci ildə tikilmiş fərdi yaşayış evinin torpaq islahatından sonra necə olursa görmürlər. Həmçinin heç bir yerdə tarixini qeyd etmədikləri JN-162A şəhadətnaməsi hansı torpaq sahəsinə aid olduğu sual altındadır. Onun cavabdeh qurumun rəhbərliyinə etimadı itdiyindən və dəfələrlə müraciət etməyinə baxmayaraq 1 saylı ərazi idarəsindən aldığı **********27 nömrəli arayışda qeyd olunan mülkiyyətlərə dair inzibati icraat sənədlərini ona təqdim etmədiyindən və X19 və X18 hansı və harada olan mülkiyyət hüququnun ləğv edildiyindən payların yenidən müəyyən edilməsindən, onun qeyd olunan şəxslərin paylarının ayrılmasından imtina edir. Xüsusi vurğulayır ki, qeyd olunan həyətyanı torpaq sahəsi və onun üzərində inşa edilmiş 1960-cı ildə tikilmiş fərdi yaşayış evinin ünvanı və kommunal xidmətlər üzrə 1970-ci ildən bu tərəfə abonent kodu olmuşdur. Azərişıq ASC yeni qaydalara uyğun tərtib etdiyi **********01336 abonent kodunun tarixçəsinə baxdıqda bunu görmək olur. Hesab edir ki, onun və qeyd etdiyi şəxlərin paylarının ayrılması qanunidir. Və o, digər mülkiyyətçilərdən ərizə almaq məcburiyyətində deyil. Ona qeyd etdiyi şəxlərin payının ayrılması hüququna malikdir. Və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

12. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərərək, “xx.xx.2005-ci il tarixli JN-162A şəhadətnaməsi, AA№570691 torpaq sahəsinin plan ölçüsündə və ********** qeydiyyat **********03-10301 reyester nömrəli çıxarış və texniki pasportda qeyd olunan həyatyanı torpaq sahəsində paylı mülkiyyətçilərin payının yenidən müəyyən edilməsi və onun həyat yoldaşı X10, X3nun, anası X11 cizgi planı göstərilməklə paylarının ayrılması, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin 15 dekabr 2023-cü il tarixli AA№570723 nömrəli torpağın plan-ölçüsünün ona geri qaytarılması, Tovuz rayon Azaflı kənd sakini olmuş X3nun adına tərtib edilmiş JN-231 50302018 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan torpağın planölçüsünün verilməsi, Tovuz rayon Azaflı kənd sakini olmuş X3nun vəfat etdiyi tarixə bütün mülkiyyət sənədlərinin təsdiqlənmiş surətinin ona verilməsi, Tovuz rayon Azaflı kənd sakini olmuş 2018-ci ilin aprel ayında vəfat etmiş anası X8 daşınmaz əmlak üzərində daşınmaz əmlakın reyestr xidmətində hüquqlarının qeydiyyata alınması barədə müraciətinin olubolmaması barədə məlumatların verilməsi, xx.xx.2005-ci il tarixli JN-162A qeydiyyat nömrəli şəhadətnamə tərtib olunan tarixdə həmin şəhadətnamədə göstərilən torpaq sahəsinin xəritə koordinatlarının müəyyən edilməklə coğrafi-fiziki yerləşdiyi ərazinin müəyyən edilməsi haqqında arxiv məlumatlarının verilməsi, Tovuz rayon Dövlət Arxivinin 15 sentyabr 2021-ci il tarixli arxiv arayışında göstərilən Azaflı kənd ZDS İcraiyyə komitəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1977-1979-cu il tarixli 14 saylı təsərrüfatbaşına kitabın 448-ci şəxsi hesabında göstərilən həyətyanı torpaq sahəsinin cavabdehin arxivində olan məlumatlar əsasında yerləşdiyi coğrafi koordinatlar haqqında məlumat verilməsi, 340 qeydiyyat 503-2/4 texniki pasportla qeyd olunan 1981-ci ildə tikilmiş fərdi yaşayış evinə və 448-ci şəxsi hesabda qeyd olunan 0,25 ha həyətyanı torpaq sahəsinin üzərində 1960-cı ildə inşa edilmiş 44,8 kv.m fərdi yaşayış evinə dair cavabdehdə olan arxiv məlumatları əsasında ilkin və son istifadəçiləri barəsində məlumat verilməsi, xx.xx.2005-ci il qeydiyyat nömrəli JN-162A həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan fərdi yaşayış evinin məhv olunmuş əmlak kimi qeydiyyatının ləğv edilməsi, 340 qeydiyyat 503-2/4 texniki pasportla qeyd olunan 1981-ci ildə tikilmiş fərdi yaşayış evinin cavabdehdə olan arxiv məlumatları əsasında həmin texniki pasport tərtib olunan tarixdə coğrafi koordinatları haqqında məlumat verilməsi, Tovuz rayon Dövlət Arxivinin 15 sentyabr 2021-ci il tarixli arxiv arayışında göstərilən Azaflı kənd ZDS İcraiyyə komitəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1977 1979-cu il tarixli 14 saylı təsərrüfatbaşına kitabın 448-ci şəxsi hesabında göstərilən həyətyanı torpaq sahəsinin üzərində 1960-cı ildə inşa edilmiş 44,8 kv.m fərdi yaşayış evinin 1977-1979-cu illərdə mövcud olan məlumatlar əsasında yerləşdiyi coğrafi koordinatların barəsində arxiv məlumatları əsasında arayış verilməsi, Tovuz rayon Dövlət Arxivinin 27 iyul 2021-ci il tarixli 164 nömrəli arxiv arayışında göstərilən Azaflı kənd ZDS İcraiyyə komitəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1980-1982-ci il 21 nömrəli təsərrüfatbaşı kitabın 593-cü şəxsi hesabda ayrıca təsərrüfatda X4 adına olmaqla 0.12 ha həyatyanı torpaq sahəsinin 1980-1982-ci illərə aid cavabdehdə olan arxiv məlumatları əsasında coğrafi-fiziki koordinatları haqqında məlumat verilməsi, JN-231 kod 50302018 dövlət aktı kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin cavabdehdə olan sənədin tərtib edildiyi tarixə aid arxiv məlumatları əsasında coğrafi-fiziki kordinatları haqqında məlumat verilməsi, X3nun qanuni istifadəsində olmuş 0,25 və JN-162A şəhadətnaməsi ilə verilmiş 0.30 ha həyatyanı torpaq sahəsinin cavabdehdə olan sənədin tərtib edildiyi tarixə aid arxiv məlumatları əsasında coğrafi-fiziki yerinin dəqiq koordinatlarının verilməsi, ümumbirgə mülkiyyətdə olmuş 448-ci şəxsi hesabda qeyd olunan 1960-cı ildə tikilmiş fərdi yaşayış evinin ilkin sahibi ilə bağlı məlumat verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. Prosessual məsələlər

13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

14. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

15. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

17. Cavabdehin nümayəndəsi X22 məhkəmə iclasında iddia tələbinə etiraz edəərk bildirmişdir ki, iddiaçının ərizəsində qeyd edilən tələblərlə bağlı Ərazi İdarəsinə çoxsaylı müraciətləri daxil olmuş və hər biri ətraflı şəkildə cavablandırılmışdır. Hazırki iddia tələblərinin təmin edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir.

Əsaslandırma hissəsi:

18. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

19. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

20. İnzibati prosessual qanunvericiliyin tələbinə görə isə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

21. Qeyd edilməlidir ki, ərizədə tələblər qeyri-müəyyən olmaqla, iddiaçı cavabdeh orqandan tələbinin konkret olaraq nədən ibarət olmasını, cavabdeh qismində qeyd olunan inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması qeyd etməmişdir.

22. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.

23. Məhkəmə qeyd edir ki, inzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanunun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o, deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanunun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da Qanunun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir.

24. Məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının məhz hazırkı cavabdeh orqan tərəfindən pozulması halı müəyyən edilmir.

25. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı mülkiyyətçilərin payının yenidən müəyyən edilməsi və digər tələblərinə dair iddiası mümkün sayılmamalıdır.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

27. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar