Məhkəmə qərarları › İş №2-1(114)-1027/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1027/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1027/2025 04.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Əmixan oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Şəmkir rayonu Keçili bələdiyyəsi) qarşı Şəmkir rayonu Xuluf (Keçili) kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla, bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Şəmkir rayon Keçili bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 09 nömrəli qərarı ilə bələdiyyənin ehtiyat fond torpağından İddiaçı 0.08 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur.

2. Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.

3. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 376000 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2003-cü il tarixdə 412 nömrə ilə qeydiyyata alınmışdır.

4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-510/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdeh Şəmkir rayonu keçili bələdiyyəsinə (üçüncü şəxs X3) Şəmkir rayonu Keçili bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 19 saylı qərarının və iclas protokolunun etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir.

5. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1312/2022 nömrəli qərardadı ilə İddiaçı cavabeh Şəmkir rayonu Keçili bələdiyyəsinəə qarşı qərarın və iclas protokolunun ləğvv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.

6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-2397/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Şəmkir rayonu Keçili bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 19 nömrəli qərarı ləğv edilmişdir.

7. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1416/2023 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, Şəmkir rayonu Keçili bələdiyyəsi iilə X3 arasında Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış 4Ə-2296 nömrəli reyestrində qeydə alınmış Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.0740 ha torpaq sahəsinin satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X1 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********02 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qərara alınmışdır.

8. Şəmkir rayonu Keçili bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 141 nömrəli məktubunda bildirilmişdir ki, Keçili bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 09 nömrəli qərarına əsasən İddiaçı 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin qərarı ləğv olunmamışdır, hal-hazırda onun istifadəsindədir. Bələdiyyənin həmin nömrəli qərarı, alqı-satqısı və yerquluşu qüvvədədir.

9. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinə dair "xxxx" MMC-nin arxivində aparılmış araşdırma nəticəsində İddiaçı torpaq sahəsinin ayrılmasına əsas olmuş ilkin torpaqayırma (alt) sənədləri aşkar edilməmişdir. Bundan başqa, təqdim etdiyi xx.xx.2003-cü il tarixli 09 nömrəli bələdiyyənin qərarı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə sorğu göndərilmiş və sorğuya cavab olaraq sözügedən bələdiyyə qərarının X6 qeydiyyata alınmadığı bildirilmişdir.

10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2024-cü il tarixli 3-48-13F/2-83/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Şəmkir Filialında mühafizə olunan Şəmkir rayonu Keçili bələdiyyəsinin 25 mart 2003-cü il tarixli 07 nömrəli iclas protokolunun qərarı ilə İddiaçı 0.08 ha həyətyanı torpaq sahəsi atılması qərara alınmışdır.

11. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Kompleks yerquruluşu xəritəsinə əsasən Şəmkir rayonu Keçili bələdiyyəsinin 31 iyul 2003-cü il tarixli 09 nömrəli qərarı ilə İddiaçı satılmış 0.008 ha torpaq sahəsi KPİ torpağı olmaqla, yaşayış məntəqələrinin torpaqlarına aid olub bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Eyni zamanda, həmin torpaq sahəsinə reyestr nömrəsi **********02 saylı çıxarış verilmiş və həmin çıxarış məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. 2) İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsini koordinatları Şəmkir rayonu Keçili bələdiyyəsinin yerquruluşu planından çıxarışda əks olunmuş torpaq sahəsinin koordinatları ilə uyğunluq təşkil edir. 3) Həmin torpaq sahəsi hər hansısa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmədə icraat

12. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu, Keçili kəndi ərazisində 24 dekabr 2003-cü ildə alğı-satqı aktı əsasında Şəmkir rayonu Keçili bələdiyyəsindən aldığı 0.08 ha həyətyanı torpaq sahəsinə dair adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Tələb onunla əsaslandırılmışdır ki, o, 2003-cü ildə Şəmkir rayon Keçili bələdiyyəsindən qanuni əsaslarla 0.08 ha həyatyanı torpaq sahəsi almışdır. 2019-cu ildə özünə çıxarış almaq istəsə də ona məlum olmuşdur ki, kənd sakini X3 həmin torpaq sahəsinə dair öz adına çıxarış almışdır. O, Gəncə İnzibati Məhkəməsinə X2 Məmmədovun adına olan satış protokolunu və qərarının ləğvi barədə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-2397/2022 saylı qərarı ilə iddiası təmin edilmişdir. Sonra Şəmkir Rayon Məhkəməsinə İməddin Məmmədovla Keçili bələdiyyəsi arasında olan "alq-satqı müqaviləsinin etibarsız hesab edilib çıxarışın ləğv edilməsi barədə" iddia ilə müraicət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1416/2023 saylı qətnaməsi ilə iddisı təmin edilmişdir. Hal-hazırda öz adına çıxarış almaq məqsədi ilə səndələrini toplayıb Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə yaxınlaşmış, hətta rüsumu da ödəmişdir. Ona rəsmi məktubla imtina edilmişdir. İmtina məktubunda və şifahi olaraq ona bildirilmişdir ki, həmin torpaq sahəsində Keçili bələdiyyəsinin hüquqları mövcuddur və s. O, uzun illərdir həmin torpaq sahəsini istifadə edi. Hesab edir ki, hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də o, hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.

15. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi Şəmkir rayonu Xuluf (Keçili) kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla, bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəyişdirilmişdir. II. İddianın növü və mümkünlüyü

16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

17. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

19. Cavabdeh orqanın yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. III.Prosessual məsələlər

22. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Şəmkir rayonu Keçili bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

24. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncüü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

25. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunun dəlilləri ilə əsaslandırılmışdır.

26. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. V. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Şəmkir rayon Keçili bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 09 nömrəli qərarı; - Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış; - xx.xx.2003-cü il tarixdə 412 nömrəli Torpaqların alğı-satqısına dair akt; - xx.xx.2003-cü il tarixli 01 nömrəli ödəniş qəbzi; - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-510/2021 nömrəli qətnaməsi; - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1312/2022 nömrəli qərardadı; - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-2397/2022 nömrəli qərarı; - Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1416/2023 nömrəli qətnaməsi; - Şəmkir rayonu Keçili bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 141 nömrəli məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli imtina məktubu; - Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

1. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

28. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Şəmkir rayon Keçili bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 09 nömrəli qərarı ilə bələdiyyənin ehtiyat fond torpağından İddiaçı 0.08 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 376000 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2003-cü il tarixdə 412 nömrə ilə qeydiyyata alınmışdır.

29. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinə dair "xxxx" MMC-nin arxivində aparılmış araşdırma nəticəsində İddiaçı torpaq sahəsinin ayrılmasına əsas olmuş ilkin torpaqayırma (alt) sənədləri aşkar edilməmişdir. Bundan başqa, təqdim etdiyi xx.xx.2003-cü il tarixli 09 nömrəli bələdiyyənin qərarı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə sorğu göndərilmiş və sorğuya cavab olaraq sözügedən bələdiyyə qərarının X6 qeydiyyata alınmadığı bildirilmişdir.

30. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

31. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1082) ilə 9.6-cı maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə görə: Bənd 10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bənd 22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.

32. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər.

33. Hazırkı iş materialları ilə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda son beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır.

34. Məhkəmə onu da qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

35. Digər tərəfdən, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, kompleks yerquruluşu xəritəsinə əsasən Şəmkir rayonu Keçili bələdiyyəsinin 31 iyul 2003-cü il tarixli 09 nömrəli qərarı ilə İddiaçı satılmış 0.008 ha torpaq sahəsi KPİ torpağı olmaqla, yaşayış məntəqələrinin torpaqlarına aid olub bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Eyni zamanda, həmin torpaq sahəsinə reyestr nömrəsi **********02 saylı çıxarış verilmiş və həmin çıxarış məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları Şəmkir rayonu Keçili bələdiyyəsinin yerquruluşu planından çıxarışda əks olunmuş torpaq sahəsinin koordinatları ilə uyğunluq təşkil edir. Həmin torpaq sahəsi hər hansısa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür.

36. Yəni, verilmiş rəylə də bir daha öz təsdiqini tapır ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hər hansı digər topaq sahəsi ilə üst-üstə düşmə halı mövcud deyildir. Eyni zamanda, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində elektron kadastr baza materiallarına istinadən daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən digər şəxslərin hüquqları qeydə alınmamışdır.

37. İddiaçı da öz izahatında torpaq sahəsinin ona bələdiyyə tərəfindən ayrıldığı vaxtdan bugünədək hazırkı sahə və konfiqurasiya üzrə istifadə etdiyini, qonşu torpaq sahələri ilə naturada heç bir mübahisələrinin olmadığını, hərənin özünə məxsus torpaq sahəsindən mübahisəsiz istifadə etdiyini bildirmişdir.

38. Həmçinin, ortofoto görüntü ilə müəyyən edilir ki, iddiaçının faktiki olaraq naturada istifadə etdiyi torpaq sahəsinin digər subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən çıxarış sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı mövcud deyildir.

39. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qərara alınmışdır ki:

1. “Azərbaycan Respublikasında X4 X7nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.4. X4 X7nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;...

3. Azərbaycan Respublikasında X4 X7nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına görə: Bənd 6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: Bənd 6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr nömrəsi;...

40. Göründüyü kimi, X4 X7 (TEKUİS) hazırlanaraq istifadəyə verilməsində məqsəd Azərbaycan Respublikasında torpaqların elektron uçotunun aparılması, torpaq balansının əldə edilməsi, torpaq və geobotaniki tədqiqatın aparılması, inzibati ərazi vahidlərinin, dairələrinin və bələdiyyələrin sərhədlərinin formalaşdırılması, torpaqlardan istifadə və onların mühafizəsi, yerquruluşu və müxtəlif tip xəritələrin (rayon, şəhər, bələdiyyə və s.) hazırlanması və s. işlərin icrasının təmin edilməsi olmuşdur.

41. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Şəmkir rayonu Xuluf (Keçili) kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla, bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

43. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Şəmkir rayonu Xuluf (Keçili) kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla, bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar