Məhkəmə qərarları › İş №2-1(114)-1030/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1030/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1030/2021 24.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı anası X1 şəhidlik statusunun və bununla bağlı müvafiq arayışın verilməsi vəzifələrinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq hazırlıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı 11.02.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, anası X1 şəhidlik statusunun və bununla bağlı müvafiq arayışın verilməsi vəzifələrinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 02.02.2021-ci il tarixli, 2-1(114)- 54/2021 nömrəli qərardad ilə iddia mümkün sayılmamışdır. İddiaçı Gəncə İnzibati Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2-1(114)-54/2021 nömrəli qərardadından Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 30.03.2021-ci il tarixli, 2-1(104)-352/2021 nömrəli qərardad ilə Gəncə İnzibati Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2-1(114)-54/2021 nömrəli qərardadı ləğv edilmiş və iş sonrakı prossesual hərəkətlərin edilməsi üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, İddiaçı məhkəmə iclasına gəlmiş, Cavabdeh isə nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Cavabdehnə anası X1 şəhidlik statusunun və bununla bağlı müvafiq arayışın verilməsi tələbi ilə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini cavablandırmamış və iddiaçının müraciətinə cavab verilmədiyi üçün məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə sorğusu əsasında alınmış Cavabdeh başçısının Bayramlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 19.05.2021-ci il tarixli, 16 nömrəli məktubundan görünür ki, 11.08.1992-ci ildə Ermənistan ərazisindən Tovuz rayonu atəşə tutularkən X3 qəlpə yarasından şəhid olmuşdur. Məhkəmə sorğusu əsasında alınmış Cavabdeh 31.05.2021-ci il tarixli, 7-12/58 nömrəli məktubundan görünür ki, Gəncə şəhər sakini İddiaçı şəhid ailəsi hesab edilir. Belə olan halda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbi üzrə mübahisə doğuran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən Gəncə şəhər sakini İddiaçı şəhid ailəsi hesab edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırda inzibati mübahisə aradan qaldırıldığından iddiaçı tərəfindən verilmiş iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı anası X1 şəhidlik statusunun və bununla bağlı müvafiq arayışın verilməsi vəzifələrinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar