Məhkəmə qərarları › İş №2-1(114)-1031/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1031/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1031/2025 27.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “şəhadətnamədə adın səhv yazıldığının müəyyən olunması və torpağa mülkiyyət hüququna dair dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, JN 664A saylı KOD 50209018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X5” adının səhv yazıldığının müəyyən edilməsi və JN 712 saylı, KOD 50209018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun və ailə üzvlərinin mülkiyyətinə Ağstafa rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 17 nömrəli qərarı ilə Ağstafa rayonu, Poylu kəndi ərazisindən 0,25 ha torpaq sahəsi verilmişdir. Bu barədə JN-664A saylı, KOD 50209018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bundan başqa Ağstafa rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 17 nömrəli qərarı ilə Ağstafa rayonu, Poylu kəndi ərazisindən dövlət aktı ilə 1,51 ha torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Bu barədə JN-712 saylı, KOD 50209018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı təqdim edilmişdir. JN-664A saylı, KOD 50209018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən də göründüyü kimi onun ailə üzvlərinin siyahısına “X5” adlı şəxs əlavə edilmişdir. Həmin şəhadətnamədə iddiaçının adı “İddiaçı” kimi deyil “İddiaçı” qızı kimi qeyd edilmişdir. JN- 712 saylı, KOD 50209018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən, Ağstafa rayonu Poylu KİN-də tərtib olunmuş aktdan, Ağstafa rayonu Poylu KİN-nin təqdim etdiyi arayışdan da göründüyü kimi onun ailə üzvləri sırasında “X5” adlı şəxs yoxdur. Hazırda çıxarışın alınması zərurəti yaranmışdır. İddiaçı hesab edir ki, məhkəmə qaydası olmadan bu düzəlişin edilməsi mümkün deyildir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı Gəncə İnzibati Məhkəməsinə ünvanladığı iddia ərizəsi ilə "JN- 664A saylı, KOD 50209018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə "X5" adının səhvən yazıldığının müəyyən edilməsi və JN-712 saylı, KOD 50209018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında düzəliş edilərək cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 17 saylı qərarı əsasında JN-664A saylı, KOD 50209018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 1)X9, 2) X13, 3) X2, 4) X4, 5) X6, 6) X10 və 7) X3 0.25 ha həyatyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı iddia tələbinin ikinci hissəsi olaraq JN-712 saylı, KOD 50209018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında “İddiaçı qızı” adının “İddiaçı”na düzəliş edilməsini tələb etmişdir, bu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər kateqoriyasına və məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərə aiddir. Bu iş üzrə ərizəçi İddiaçı Ağstafa rayon məhkəməsinə müraciət edərək maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(015)-828/2023 nömrəli qətnaməsi ilə, İddiaçı ərizəsi təmin edilmiş, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 17 saylı qərarı ilə "Torpağın mülkiyyətə verilməsinə dair" JN-712, KOD 50209018 saylı dövlət aktının İddiaçı, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 17 nömrəli qərarı ilə "Torpağın mülkiyyətə verilməsinə dair" JN- 664A, KOD 50209018 saylı şəhadətnamənin İddiaçı məxsus olması və Ağstafa rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 17 nömrəli qərarı ilə "Torpağın mülkiyyətə verilməsinə dair" JN-664A, KOD 50209018 saylı şəhadətnamədə X1 texniki səhv nəticəsində yazılması faktı müəyyən edilmişdir. Sözügedən qərardan 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü i tarixli, 2(104)-583/2024 saylı qətnaməsi ilə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağstafa Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(015)-828/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni "Torpağın mülkiyyətə verilməsinə dair" JN- 712, KOD 50209018 nömrəli dövlət aktının İddiaçı məxsus olması faktı müəyyən olunması; "Torpağın mülkiyyətə verilməsinə dair" JN-664A, KOD 50209018 nömrəli şəhadətnamənin İddiaçı məxsus olması faktının müəyyən olunması (payına aid) hissəsində dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü i tarixli, 2(104)-583/2024 saylı qərardadı ilə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağstafa Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(015)-828/2023 nömrəli qətnaməsi "Torpağın mülkiyyətə verilməsinə dair" JN-664A, KOD 50209018 nömrəli şəhadətnamədə X1 texniki səhv nəticəsində yazılması faktının müəyyən olunması hissəsində" ləğv edilmiş və həmin hissədə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə icraata xitam verilmişdir. Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 17 saylı qərarı əsasında JN-712 saylı KOD 50209018 Dövlət Aktı ilə 1) X11, 2)X13, 3)X2, 4) X4, 5) X6 və 6)X10 1.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Aqrar İslahat Komissiyası ləğv edilmişdir, texniki səhvlərin aradan qaldırılması isə inzibati münasibətlərdən irəli gələn məhkəmə predmeti deyil, mülki mübahisədir və mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzürlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə iclasa gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İşin halları JN-664A KOD 50209018 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən, Ağstafa Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 17 nömrəli qərarı ilə 0.25 ha torpaq sahəsi Ağstafa rayonu, Poylu kənd sakinləri X15, X18, X7, X12, X14, X16 və X1 mülkiyyətinə verilmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN-712 KOD 50209018 nömrəli dövlət aktına əsasən, Ağstafa Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 17 nömrəli qərarı ilə 1.51 ha torpaq sahəsi Ağstafa rayonu, Poylu kənd sakinləri X15, X18, X7, X12, X14 və X8 mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli “müraciətə baxılması barədə” məktubundan görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-664A nömrəli şəhadətnamədə və “Torpağa mülkiyyət hüququna dair” JN-712 nömrəli dövlət aktında göstərilən mülkiyyətçilərin adları, atalarının adları, və soyadları arxiv məlumatları ilə eynidir. Lakin “Torpağın mülkiyyətə verilməsinə” dair JN-664A nömrəli şəhadətnamədə və “Torpağa mülkiyyət hüququna dair” JN-712 nömrəli dövlət aktında göstərilən mülkiyyətçilərin adları, atalarının adları, və soyadları şəxsiyyəti təsdiq sənədlərdə və ölüm haqqında şəhadətnamədə fərqlidir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-664A nömrəli şəhadətnamədə və “Torpağa mülkiyyət hüququna dair” JN-712 nömrəli dövlət aktında göstərilən torpaq mülkiyyətçilərinin həqiqətən şəxsiyyəti təsdiq edən sənədlərdə və ölüm haqqında şəhadətnamədə göstərilən şəxslərlə eyni olmasını təsdiq edən akt və ya məhkəmə qətnaməsi ərizəyə əlavə edilməmişdir. Bu səbəbdən göstərilən uyğunsuzluqların aradan qaldırılması mümkün olmamışdır. Gəncə İnzibati Məhkəməsinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli sərəncamından görünür ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərlə bağlı xətaların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək vaxt verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 30. Prosessual həmiştirakçılıq 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. 30.5. Hər bir prosessual həmiştirakçı müstəqil şəkildə inzibati prosesdə iştirak etmək hüququna malikdir. Bütün prosessual həmiştirakçılar istisnasız olaraq məhkəmə iclaslarına çağırılmalıdır. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia ərizəsi və ona əlavə edilən sənədlərdən müəyyən olunur ki, iddaçının hüquqi marağı ailə üzvləri və ona verilmiş JN-664A KOD 50209018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və JN-712 KOD 50209018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydə alınmasıdır. İddia ərizəsinin tələb hissəsi düzgün qeyd edilməmiş, iddia ərizəsinə iddiaçının “mülkiyyət hüquqununun qeydə alınması” tələbi ilə cavabdeh orqana müraciət etməyini və (və ya) cavabdeh orqanın həmin tələbin təmin edilməsindən imtina etməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Belə ki, qeyd olunan iddia öhdəliyin icra edilməsi haqqında iddia olmaqla mahiyyəti üzrə baxılması üçün xüsusi mümkünlük şərti olan məhkəməyə müraciət etməzdən əvvəl həmin tələblə bağlı cavabdeh orqana müraciət edilməsi, cavabdeh orqanın imtinasının olması və ya müraciətdən sonra hərəkətsizlik göstərməsi zəruridir. Bundan başqa JN-664A KOD 50209018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və JN-712 KOD 50209018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı iddiaçıdan başqa ailə üzvlərinin adına olmasına baxmayaraq iddiaçı məhkəməyə tək müraciət etmişdir. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə iddiaçıya xx.xx.2025-ci il tarixdə sərəncam göndərilərək qeyd olunan xətaların aradan qaldırılmasının zəruriliyi qeyd edilmiş, bununla əlaqədar xx.xx.2025-ci il tarixədək vaxt verilmiş, lakin İddiaçı tərəfindən sərəncama əməl edilməmiş, göstərilən xətalar aradan qaldırılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “şəhadətnamədə adın səhv yazıldığının müəyyən olunması və torpağa mülkiyyət hüququna dair dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin, iddiaçıya izah edilir ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “şəhadətnamədə adın səhv yazıldığının müəyyən olunması və torpağa mülkiyyət hüququna dair dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar