Məhkəmə qərarları › İş №2-1(114)-1035/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1035/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1035/2024 12.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı cavabdehin təqsirli hərəkətləri nəticəsində 6 ay ərzində qanunsuz və əsassız hərbi xidmət keçməyilə bağlı sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 40.000 manat məbləğində pulun alınaraq ona verilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Çağırışçının uçot kartasına və Hərbi xidmətə çağırılan vətəndaşın tibbi şəhadətləndirilmə kartına əsasən xx.xx.2004-cü il təvəllüdlü İddiaçı həm xx.xx.2019-cu ildə ilkin hərbi qeydiyyata alınan zaman, həm də xx.xx.2023-cü ildə hərbi xidmətə çağırış zamanı şəhadətləndirilən zaman oftolmoloq tərəfindən sağlam hesab edilmişdir.

2. İddiaçıya məxsus xx.xx.2023-cü il tarixli SX ******* nömrəli hərbi biletə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 1091 nömrəli arayışına əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmət keçmişdir.

3. xx.xx.2023-cü il tarixli 1094 nömrəli xəstəlik şəhadətnaməsindən görünür ki, İddiaçı hərbi-həkim komissiyasının qərarına əsasən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin 30 “b”, 35 maddələrinin İİ qrafasına və ƏTC-yə əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş, “(H18.6) OD-İkinci mərhələ keratokonus. (H52.2) Qeyri-düzgün astiqmatizm. (H54.5) Görmə itiliyinin 0,08-ə enməsi. (H52.1) OS-Refraksiyası 0,5 D olan zəif dərəcəli miopiya. Görmə itiliyinin 0,7 korreksiya ilə 1,0 (vahid) olması” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir.

4. X5 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli tibbi rəyində diaqnoz “H18.6-Keratokonus, H52.2-Astiqmatizm, H52.1-Miopiya” kimi qeyd edilmişdir.

5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 3-43-2/2-239/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Ağdam Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinə kçeən zaman toplanış müvafiq sənədləri (ultrasəs müayinənin nəticələri, döş qəfəsinin flüoqrafiyası, ürəyin elektrokardioqramması, qanın ümumi analizi, sidiyin ümumi analizi və hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilmə kartası – 3 nömrəli qoşma) çağırışçı Dövlət Sərhəd Xidmətinə təhvil verilərkən həmin hərbi hissəyə təqdim edilmişdir. II. Məhkəmədə icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin təqsirli hərəkətləri nəticəsində 6 ay ərzində qanunsuz və əsassız hərbi xidmət keçməyilə bağlı sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 40.000 manat məbləğində pulun alınaraq ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin çağırış əmri ilə xx.xx.2023-cü ildə hərbi xidmətə yararlı sayılaraq həqiqi-hərbi xidmətə göndərilmişdir. Ancaq xx.xx.2023-cü ildə MN-nin Baş Klinik Hospitalının rəisinin sərəncamı ilə müayinəyə göndərilmişdir. 6 ay sonra xidmətdən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək geri qaytarılmışdır. Müayinə zamanı onda “OD-İkinci mərhələ keratokonus. Qeyri-düzgün astiqmatizm. Görmə itiliyinin 0,08-ə enməsi. OS-Refraksiyası 0,5 D olan zəif dərəcəli miopiya. Görmə itiliyinin 0,7 korreksiya ilə 1.0 (vahid) olması ” ilkin diaqnozu ilə o, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək həqiqi-hərbi xidmətdən geri qaytarılmışdır. Həmin ərizəyə əlavə edilmiş Hərbi Həkim Komissiyasının xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, o, xəstəliklər cədvəlinin 30b, 35 maddələrinin 2-ci qrafası ilə (sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı bilinməklə) ehtiyata buraxılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təqsiri nəticəsində, yəni anadangəlmə hərbi xidmətə yararsız olduğu halda hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət zamanı hərbi xidmətə yararsız olduğu müəyyən olunduğu üçün hərbi xidmətdən təxris olunmuşdur. Belə olan halda cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə həmin təşkilatın təqsiri ucbatından sağlamlığıma vurulmuş zərərin əvəzinin ona ödənilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə müraciət məktubu və poçt qəbzindən görünür ki, müraciətinə heç bir cavab verilməyib. Bu səbəbdən əlacsız qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də 6 (dörd) ay ərzində qanunsuz və əsassız hərbi xidmət keçməyi ilə bağlı sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 40.000 (qırx min) manat məbləğində təzminat pulunun ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Ona görə də hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin bu təqsirli hərəkətləri nəticəsində səhhətinə vurulmuş zərərin əvəzi olaraq 40.000 manat pul cavabdehdən alınaraq ona verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi ilə əvəz edilmişdir. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur.

11. Hazırkı iddia İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara.

12. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etdikdən sonra (müraciəti cavabdeh orqan tərəfindən hərəkətsizlik göstərilərək cavablandırılmamışdır) məhkəməyə müraciət etmişdir.

13. Cavabdeh orqanın yerləşdiyi Ağdam şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

18. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. İddiaçının nümayəndəsi X4 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

20. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, oğlunun gözünün görməsi əvvəldən zəif olub, lakin bu barədə heç vaxt hər hansı həkimə, xəstəxanaya müraciət etməmişlər. Nə ilkin hərbi qeydiyyata alınan zaman, nə də hərbi xidmətə çağırış zamanı hərbi həkim komissiyasına oğlunun gözünün zəif görməsindən şikayət bildirməmişlər. Hesab edir ki, şikayəti olmasa da, oğlunun gözündə zəif görməni komissiyanın həkimi özü müəyyən edərək, onun hərbi xidmətə yararsız saymalı idi. Oğlu təxminən 5 ay xidmət keçdikdən sonra hərbi hissədə postda xidmət zamanı gözünün görmədiyini bildirmiş, yalnız bundan sonra hərbi hissə Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndəriş vermiş və orada müayinə zamanı gözündə astiqmatizm və miopiya olduğu və Cross-linking cərrahi əməliyyatına ehtiyacının olduğu bildirilmişdir. O, həmin əməliyyata 3.700 manat xərc çəkmişdir, buraya həm də Bakı şəhərində qalmaq, yol xərci və s. daxildir. Həmin əməliyyatla oğlunun gözünə dəmir halqa yerləşdirmişlər ki, onun da qiyməti 1.100 manat olmuşdur. Bundan əlavə əməliyyata hazırlanması məqsədilə müxtəlif müayinələrdən keçmək zəruri olduğu üçün onlar da xərci çıxmışdır. Hazırkı iddia ilə məhkəməyə müraciət etmələrinin səbəbi də həmin xərclərin onlara ödənilməsi üçündür.

21. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz ünvanlamış və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən həqiqi hərbi xidmətə çağırılanlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi-həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqlarının yoxlanılması üçün təkrar müayinədən keçirlər. Səhhətlərində hər hansı problemlər aşkar olunduqda çağırıldığı Xidmətin yerli idarə, şöbə və bölmələrinə geri qaytarılırlar. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Xidmətin Ağdam rayon şöbəsinin məsuliyyətinin yaranmamasını göstərir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ona vurulmuş ziyanla bağlı cavabdehin təqsirinin olmasına dair hər hansı sübut təqdim etməmişdir, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranmasının əsaslarından biri məhz təqsirin olmasıdır, hazırki iş üzrə 40.000 manat vurulmuş maddi zərərə görə cavabdehin təqsirini müəyyən edən heç bir hal və sübut olmadığından mövcud olmamış zərərə görə cavabdehin üzərinə məsuliyyət qoyula bilməz. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Çağırışçının uçot kartası; - Hərbi xidmətə çağırılan vətəndaşın tibbi şəhadətləndirilmə kartı; - İddiaçıya məxsus xx.xx.2023-cü il tarixli SX ******* nömrəli hərbi bilet; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 1091 nömrəli arayışı; - xx.xx.2023-cü il tarixli 1094 nömrəli xəstəlik şəhadətnaməsi; - X5 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli tibbi rəyi; - 25.05.2023-cü il tarixli 2213 nömrəli ambulator vərəqəsi; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş İddiaçı tibbi sənədləri. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

24. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və «Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-Həkim ekspertizasının keçirilməsi qaydaları haqqında» Təlimatın və «Hərbi–həkim ekspertizası haqqında» əsasnamənin müddəalarına uyğun olaraq həkim komissiyasının müayinəsindən keçmişdir.

25. Onun müayinələrdən keçərkən gözünün zəif görməsi ilə bağlı hər hansı şikayəti olmamış, həm xx.xx.2019-cu ildə ilkin hərbi qeydiyyata alınan zaman, həm də xx.xx.2023cü ildə hərbi xidmətə çağırış zamanı şəhadətləndirilən zaman oftolmoloq tərəfindən sağlam hesab edilərək, hərbi xidmətə yararlı hesab edilmişdir.

26. İddiaçı hərbi xidmətdə olarkən görmə zəifliyindən şikayətlənmiş, xx.xx.2023-cü il tarixdə oftalmoloqun müayinəsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına göndərilmiş, oftalmoloqun planlı müayinəsi zamanı zəif görməsi aşkar edilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Hərbi Həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı verilmişdir. 30.05.23-cü il tarixdə cərrah-oftalmoloq tərəfindən konsultasiya olunmuş, aparılan müayinələrdən sonra Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 998 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Həmin şəhadətnamədə iddiaçının “(H18.6) OD-İkinci mərhələ keratokonus. (H52.2) Qeyri-düzgün astiqmatizm. (H54.5) Görmə itiliyinin 0,08-ə enməsi. (H52.1) OS-Refraksiyası 0,5 D olan zəif dərəcəli miopiya. Görmə itiliyinin 0,7 korreksiya ilə 1,0 (vahid) olması” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir.

27. Hazırda iddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin təqsirli hərəkətləri nəticəsində 6 ay ərzində qanunsuz və əsassız hərbi xidmət keçməyilə bağlı sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 40.000 manat məbləğində pul tələb edir.

28. Məhkəmə aşağıdakılara görə iddia tələbini əsassız sayır.

29. Belə ki, iddiaçının iddia etməsinə görə, onun gözündə zəif görməsi ilə əlaqədar xəstəliklər xidmət dövründən əvvəl, yəni hərbi xidmətə çağırışa qədər var idi və cavabdeh orqanın hərbi həkim komissiyası bunu müəyyən etməli və bununla da o, hərbi xidmətə yararsız olduğu halda, hərbi xidmətə yararlı hesab edilmişdir.

30. Halbuki, iddiaçı iddia (istinad) etdiyi hala dair hər hansı sübut təqdim etməmiş, əksinə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 998 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən iddiaçının “(H18.6) OD-İkinci mərhələ keratokonus. (H52.2) Qeyri-düzgün astiqmatizm. (H54.5) Görmə itiliyinin 0,08-ə enməsi. (H52.1) OS-Refraksiyası 0,5 D olan zəif dərəcəli miopiya. Görmə itiliyinin 0,7 korreksiya ilə 1,0 (vahid) olması” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli ərarı ilə təsdiqlənmiş «Hərbi–həkim ekspertizası haqqında» Əsasnaməyə görə: Bənd 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. Bənd 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. Bənd 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Bənd 2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. Bənd 2.4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər. Bənd 2.5. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq dermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. Bənd 2.6. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A — hərbi xidmətə yararlıdır; B — sıradankənar hərbi xidmətə yararlıdır; C — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç — hərbi xidmətə müvəqqəti yararsızdır; D — həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün «Xəstəliklər cədvəli»nə və ƏTC-yə müvafiq olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Həkim-mütəxəssisin rəyinin rəsmiləşdirilməsi qaydası Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bənd 2.11. Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə, hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların nəzarət qaydasında şəhadətləndirilməsi onların Mərkəzi Çağırış Komissiyasına təqdim edilmiş şəxsi işlərin və tibbi sənədlərin öyrənilməsi əsasında qiyabi keçirilir. Mərkəzi Çağırış Komissiyasının əsaslandırılmış qərarı ilə nəzarət qaydasında şəhadətləndirilmə əyani keçirilir. Tibbi baxış və nəzarət qaydasında şəhadətləndirilmə Mərkəzi Çağırış Komissiyasının qərarı ilə cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq və zərurət olduqda, digər ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən həyata keçirilir. Xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxış və ya nəzarət qaydasında şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətində onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişə biləcək faktlar aşkar edildikdə, Mərkəzi Çağırış Komissiyası rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının müvafiq qərarını ləğv edir, bu barədə vətəndaşa və qərarı ləğv edilmiş komissiyaya məlumat verir. Nəzarət qaydasında şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən edir.

32. Göründüyü kimi, iddiaçı hərbi xidmətə çağırış zamanı onun hərbi xidmətə yararlı olması barədə hərbi həkim komissiyasının qərarı ilə razı olmadığı halda, bunu mübahisələndirmək hüququna malik olmuş və onun Mərkəzi Çağırış Komissiyası tərəfindən nəzarət qaydasında şəhadətləndirilməsi mümkün olmuşdur. Lakin iddiaçı nə ilkin hərbi qeydiyyata alınan zaman, nə hərbi xidmətə çağırış zamanı, nə də hərbi xidmətə yararlı olması barədə qərar verilən zaman bunu mübahisələndirməmişdir.

33. İkinci tərəfdən isə, iddiaçının xəstəliyi şəhadətləndirilərkən onun xəstəliyinin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» kimi müəyyən edilmişdir ki, bu hal da həmin xəstəliyin hərbi xidmətə çağırışaqədərki dövrdə yaranmasını (ən azından yararlılıq kateqoriyasını dəyişdirməsinin həmin dövrdə olmasını) istisna edir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli ərarı ilə təsdiqlənmiş «Hərbi–həkim ekspertizası haqqında» Əsasnaməyə görə: Bənd 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Bənd 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa.

35. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir.

36. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar