Məhkəmə qərarları › İş №2-1(114)-1036/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1036/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1036/2025 04.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qulluq illərinə görə əlavənin 50% olmaqla pensiyanın yenidən hesablanması və 2024-cü ilin fevral ayında tutulan pensiya məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ona orta aylıq əmək haqqının müəyyən olunması zamanı qulluq illərinə görə əlavə hissəsində vəzifə maaşı (805.00 manat) və xüsusi rütbəyə görə haqqın (130.00 manat) 50%-nin (935x50%) hesablanması və 2024-cü ilin fevral ayı üçün pensiyadan qanunsuz tutulan vəsaitin qaytarılması vəzifələrinin qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. Ədliyyə sistemində 41 il 05 ay 28 gün iş stajı var və xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası alır. Onun pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən ayda 1640.34 manat məbləğində olmaqla ödənilirdi. İddiaçının fevral 2024-cü il tarixdə şəxsiyyət vəsiqəsi deaktiv olduğundan pensiyasının ödənişində problem olmuşdur. Şəxsiyyət vəsiqəsini aktivləşdirdikdən sonra pensiyasının ödənişinin davam etdirilməsi barədə cavabdehə müraciət etmişdir. Bundan sonra onun pensiyasının ödənişində əksilmələr başlanmışdır. O, dəfələrlə müraciət edərək pensiyasının hesablanmasına açıqlama gətirilməsini xahiş etsə də, cavabdeh şablon formada yazdığı eyni məzmunlu cavablarla pensiyasının təyin olunması və ödənilməsi barədə açıq məlumat verməkdən hər dəfə yayınmışdır. İddiaçının 2024-cü il fevral ayı üçün aylıq pensiyası heç bir razılığı olmadan bütünlüklə ödənilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-1036/2025 nömrəli qərardadı ilə iddia tələbi “qulluq illərinə görə əlavənin 50% olmaqla pensiyanın yenidən hesablanması və 2024-cü ilin fevral ayında tutulan pensiya məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və tutulmuş vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və tutulmuş vəsaitin geri qaytarılması üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İnzibati icraatın nəticəsi olaraq xx.xx.2024-cü il tarixdə iddiaçıya əmək pensiyasının yenidən hesablanması haqqında məktuba əsasən bildirilmişdir ki, M. X3 şəhəri Kəpəz rayon şöbəsi tərəfindən ədliyyə orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. 19 fevral 2021-ci il tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 805,00 manat, rütbəyə görə əlavə 130,00 manat, qulluq illərinə görə əlavə 286,70 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 221,38 manat olmaqla orta aylıq əməkhaqqı 1443,08 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası Qanunun 20.19.2-ci maddəsinə əsasən, 41 il 5 ay 28 gün qulluq illərinə uyğun olaraq orta aylıq əməkhaqqının (1443,08 manat) 80 faizi - 1154,46 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1300,10 manat məbləğində köçürülmüşdür. Buna görə də həmin dövr üzrə iddiaçıya 3256,08 manat artıq pul vəsaiti ödənilmişdir. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixdən iddiaçının əmək pensiyası 1456,58 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1640,34 manat məbləğində köçürülmüşdür. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 2205,12 manat artıq pul vəsaiti ödənilmişdir. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixdən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı pensiyası həmin tarixdən 1619,72 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə iddiaçıya ümumilikdə 8098,60 manat əmək pensiyası ödənilməli olduğu halda, 6385,38 manat ödənilmişdir. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya ödənilməli olan 1713,22 manat pul vəsaiti müəyyən edilmişdir. Maddi yardım üzrə 2022-ci il üçün İddiaçı ödənilməli olan 32,52 manat pul vəsaiti müəyyən edilmişdir. Son üç il üzrə İddiaçı ümumilikdə 3715,46 (3256,08+2205,12-1713,22-32,52) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları 17-1752 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixli, 8/3 nömrəli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2024-cü il tarixli ədliyyə stajının hesablanması barədə qrafikdən görünür ki, 41 il 5 ay 28 gün ədliyyə stajı olan İddiaçı ədliyyə stajına görə əlavənin 50% həcmində hesablanması nəzərdə tutulmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, pensiyanın yenidən hesablanması zamanı əsas götürülən dövlət məvacibi vəzifə maaşı 805.00 manat, ixtisas dərəcəsinə görə əlavə 130.00 manat, qulluq stajına görə əlavə 286.70 manat, mükafatlar 221.38 manat təşkil etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, “əmək pensiyasının yenidən hesablanması haqqında” məktubda cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd olunanlar öz əksini tapmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı əmək pensiyasından hal-hazırda tutulma həyata keçirilmir. xx.xx.2025-ci il tarixli İddiaçı məxsus olan balansa 2024-cü ilin yanvar ayından 2025-ci il yanvar ayınadək tarixləri arasındakı dövrdə mədaxil-məxaric əməliyyatlarına dair “Kapital bankın” ödəniş kartı üzrə çıxarışından görünür ki, həmin hesaba 2024-cü ilin fevral ayında heç bir məbləğdə mədaxil olmamış, digər aylarda isə yalnız bir aylıq pensiya məbləğində mədaxil olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 23. Ədliyyə orqanları işçilərinin sosial müdafiəsi 23.10. Ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 25. Ədliyyə orqanları işçilərinin maddi təminatı 25.1. Ədliyyə orqanları işçilərinin əməkhaqqı vəzifə maaşından, xüsusi rütbələrə, qulluq illərinə, elmi dərəcəyə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydası İİİ. Əlavə haqqın hesablanması və verilməsi qaydası 3.1. Qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq aşağıdakı məbləğlərdə ödənilir: - 30 ildən yuxarı qulluq illərinə görə – 50 faiz. 3.4. Əlavə haqq ədliyyə orqanı işçisi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.7. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.14. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla); 20.19. Bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Maddə 26. Əmək pensiyasının yenidən hesablanması 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı onun ədliyyə orqanlarında qulluq illərinə görə əlavənin 50% olmaqla pensiyasının yenidən hesablanması və 2024-cü ilin fevral ayında tutulan pensiya məbləğinin geri qaytarılmasıdır. Əvvəla qeyd olunmalıdır ki, sosial təminat hüququ konstitusion hüquq olmaqla Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Belə ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçının ədliyyə stajı hesablankən onun 41 il 5 ay 28 gün ədliyyə stajı olduğu üçün ədliyyə stajına görə əlavənin 50% həcmində hesablanması nəzərdə tutulmuşdur. İddiaçı əmək pensiyası sonuncu dəfə yenidən hesablanmış, xx.xx.2024-cü il tarixli qərarla əsas götürülən dövlət məvacibi vəzifə maaşı 805.00 manat, ixtisas dərəcəsinə görə əlavə 130.00 manat, qulluq stajına görə əlavə 286.70 manat, mükafatlar 221.38 manat təşkil etmişdir. Məhkəmə əvvəla iddia tələbinin iddiaçının ədliyyə orqanlarında qulluq illərinə görə əlavənin 50% hesablanması hissəsində aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydasının 3.1-ci bəndində əsasən, qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq, 30 ildən yuxarı qulluq illərinə görə – 50 faiz məbləğdə ödənilir. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının ədliyyə stajı hesablankən onun 41 il 5 ay 28 gün ədliyyə stajının olması əsası ilə ədliyyə stajına görə əlavənin 50% həcmində hesablanması qeyd olunmasına baxmayaraq, İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vəzifə maaşı 805.00 manat, ixtisas dərəcəsinə görə əlavə 130.00 manat, qulluq stajına görə əlavə isə 286.70 manat təşkil etmişdir. Qeyd olunan hesablamadan açıq şəkildə görünür ki, iddiaçının qulluq stajına görə hesablanan əlavə (286.70 manat), vəzifə maaşı və ixtisas dərəcəsinə görə əlavənin cəminin (805.00 manat+130.00 manat) 50 faizi etmir. Ona görə də məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir. İddia tələbinin 2024-cü ilin fevral ayında tutulan pensiya məbləğinin geri qaytarılması hissəsində gəldikdə isə qeyd olunmalıdır ki, məhkəmə tərəfindən iddiaçının əmək pensiyasının 2024-cü ilin fevral ayında ödənib-ödənilməməsi barədə məlumatın verilməsi haqqında cavabdehə sorğu verilməsinə baxmayaraq, bununla bağlı məhkəməyə məlumat verilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli “Kapital bankın” ödəniş kartı üzrə çıxarışından görünür ki, iddiaçının hesabına 2024-cü ilin fevral ayında heç bir məbləğdə mədaxil olmamış, digər aylarda isə yalnız bir aylıq pensiya məbləğində mədaxil olmuşdur. Odur ki, bu hissəsə də məhkəmə iddianı əsaslı hesab edir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, ədliyyə orqanları işçilərinin əməkhaqqı vəzifə maaşından, xüsusi rütbələrə, qulluq illərinə, elmi dərəcəyə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Əmək pensiyası müvafiq qanunda nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının ədliyyə orqanlarında qulluq illərinə görə əlavənin 50% olmaqla pensiyasının yenidən hesablanması və 2024-cü ilin fevral ayında tutularaq ödənilməyən pensiya məbləğinin iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı ədliyyə orqanlarında qulluq illərinə görə əlavənin 50 faiz olmaqla pensiyasının yenidən hesablanması və 2024-cü ilin fevral ayında tutularaq ödənilməyən pensiya məbləğinin iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar