Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1038/2020 29.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərərgah rəisinin xx.xx.2018-ci il tarixli, 0111gm nömrəli əmri ilə «Hərbi Xidmətkeçmə Haqqında» əsasnamənin 156-cı maddəsinin «E» bəndi ilə ehtiyata buraxılması ilə bağlı verilmiş əmrin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə hazırki iddia mübahisələndirmə haqqında iddiadır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərərgah rəisinin xx.xx.2018-ci il tarixli, 0111gm nömrəli əmri ilə «Hərbi Xidmətkeçmə Haqqında» əsasnamənin 156-cı maddəsinin «E» bəndi ilə ehtiyata buraxılması ilə bağlı verilmiş əmri mübahisələndirir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Bu növ iddia onunla xarakterizə olunur ki, hüquq əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. İnzibati Məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən keçir. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qayda da qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyati və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35.1-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirilən əmr xx.xx.2018-ci il tarixdə qəbul olunduğundan və iddiaçının da həmin inzibati aktı xx.xx.2018-ci il tarixə qədər mübahisələndirməyə dair subyektiv hüququnun yaranmasına baxmayaraq o, həmin vaxt məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. İddiaçı ərizəsində ümumiyyətlə ehtiyata buraxılması barədə əmrin surətini nə vaxt almasını və yaxud hansı tarixdə əmrlə tanış olmasını göstərməmişdir. Lakin iddiaçı xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında əmrin surətini hansı tarixdə almasını xatırlamadığını, hərbi biletin surətini işdən çıxdıqdan 10 gün sonra almasını bildirmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının xidmətdən ehtiyata buraxılması barədə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmri xx.xx.2018-ci il tarixdə olduğu halda, iddiaçı qanunla nəzərdə tutulmuş 30 gün müddəti ötürərək 2 ildən sonra, yəni 2020-ci ildə məhkəməyə müraciət etməklə müddəti ötürmüşdür. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin etiraza əlavə etdiyi iddiaçının əmrlə tanış olması barədə qeydiyyat kitabının təsdiq edilmiş səhifəsinin surətindən görünür ki, iddiaçı ehtiyata buraxılması barədə əmrlə xx.xx.2018-ci il tarixdə tanış olmuş və tanış olmasını öz imzası ilə təsdiq etmişdir. İddiaçı həmin imzanın ona məxsus olmasını təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən, Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qanunun mənasından göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı hüququnun pozulduğu barədə ona məlum olan gündən sonra 1 ay müddətində məhkəmədə iddia qaldırmadığından, iddia müddəti buraxıldığına görə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərərgah rəisinin xx.xx.2018-ci il tarixli, 0111gm nömrəli əmri ilə «Hərbi Xidmətkeçmə Haqqında» əsasnamənin 156-cı maddəsinin «E» bəndi ilə ehtiyata buraxılması ilə bağlı verilmiş əmrin ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1038/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1038/2020
29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver