Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1039/2020 05.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, X1 və qeyrilərinin (iddia ərizəsinin giriş hissəsində iddiaçıların ad, soyad və ata adları, ünvan qeyd edilməmiş, “bir qrup sakin” kimi qeyd olunmuşdur) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: X2 və qeyriləri (cəmi 13 nəfər) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə qarşı xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddiaçılar hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə deyil, müvafiq ümumi (rayon) məhkəməyə müraciət etməlidirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göstərilən prosessual hüquq normalarının tələblərinə əsasən hesab edirəm ki, hazırki ərizə üzrə tələb publik hüquq münasibətlərini tənzimləyən normalarla deyil, özəl hüquq münasibətlərini tənzimləyən hüquq normaları vasitəsilə nizama salınmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: X1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə mümkün sayılmasın. İddiaçılara izah edilir ki, hazırki tələblə müvafiq ümumi (rayon) məhkəməyə müraciət etməlidirlər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1039/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1039/2020
05.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver