Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1039/2025 07.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və xx.xx.1961-ci il tarixdə 189-B sayla qeydiyyata alınmış doğum akt qeydində düzəliş edilərək adının “Əzizə” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Laçın rayonu, Soyuqbulaq kəndində anadan olmuş, atası X1, anası X2r. İddiaçı anadan olduğu zaman valideynləri ona 04 avqust 1961-ci il tarixdə 189-B nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamə almışlar. O, həmin doğum haqqında şəhadətnamə ilə orta məktəbə getmiş, şəxsiyyət vəsiqəsi almışdır. Lakin doğum haqqında şəhadətnaməsini naməlum səbəbdən itirdiyi üçün 20 iyun 2024-cü il tarixdə yenidən doğum haqqında şəhadətnamə almışdır. Doğum haqqında şəhadətnamə alan zaman isə ona məlum olmuşdur ki, onun adı səhv olaraq "Əziz" yazılmışdır. Əslində iddiaçının adı Əzizədir. Onun bütün sənədlərində, nikah haqqında şəhadətnamədə, əmək kitabçasında, şəxsiyyət vəsiqəsində və diplomda adı Əzizə olaraq qeyd edilmişdir. İndi isə doğum haqqında şəhadətnamədə onun adının "Əziz" olaraq qeyd edilməsi ona bir sıra problemlər yaradır. Doğum akt qeydində adının düzgün olaraq "Əzizə” olaraq yazılması ilə bağlı iddiaçı Cavabdehnə müraciət etmiş və onun doğum haqqında akt qeydində adının düzgün olaraq Əzizə yazılması mümkün olmamışdır. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. İşin halları xx.xx.1961-ci il tarixli, 189 nömrəli Doğum qeydinin bərpa aktında uşaq haqqında məlumat qrafasında “X7”, ata-anası haqqında məlumat qrafasında “X1” və “X4 ” qeyd edilmişdir. xx.xx.1973-cü il tarixli əmək kitabçası “X5”na məxsusdur. xx.xx.1978-ci il tarixli, AT 003066 nömrəli diplom “X5”na məxsusdur. xx.xx.2008-ci il tarixli, AZE 0******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi xx.xx.1956-cı il təvəllüdlü “İddiaçı”na məxsusdur. xx.xx.2009-cı il tarixli AZ-İ 494594 №-li Nikah haqqında Şəhadətnaməyə əsasən, X9 ilə X3 xx.xx.1986-cı il tarixdə nikahı bağlanılmış, ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. xx.xx.2024-cü il tarixli, 234029 №-li Doğum haqqında Şəhadətnamə “X7”na məxsusdur, atası qrafasında “X1”, anası qrafasında “X4” qeyd edilmişdir. Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Doğum haqqında akt qeydində adının “Əziz”-dən “Əzizə”-yə dəyişdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarının tələblərinə uyğun olaraq kifayət qədər əsaslar olmadığına görə müraciətin icra edilməsi səlahiyyətləri xaricindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 161. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları
6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” İ. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik qaydası
1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə.
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı hazırkı iddia tələbi ilə doğum haqqında akt qeydində səhv qeyd edilmiş “Əziz” adının “Əzizə”yə dəyişdirilməsini xahiş edir. İddiaçı iddiasının əsası kimi qeyd etmişdir ki, o doğularkən onun adı Əzizə qoyulmuşdur. Lakin doğum haqqında akt qeydində adı Əziz kimi qeyd olunmuşdur. Daha sonra aldığı bütün sənədlərdə adının düzgün qeyd edilməsinə baxmayaraq, doğum haqqında akt qeydində səhv qalması ona bir çox maneələr yaradır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh tələbin təmin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının doğum qeydinin bərpa aktında və doğum haqqında şəhadətnaməsində adının “Əziz” qeyd olunmasına baxmayaraq iddiaçıya məxsus təhsil haqqında diplomda, əmək kitabçasında, şəxsiyyət vəsiqəsində, Nikah haqqında şəhadətnamədə və digər sənədlərdə adı “Əzizə” kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus doğum qeydinin bərpa aktında iddiaçının adı düzgün qeyd edilməmişdir. Belə ki, iddiaçı qadın cinsidir, Əziz adı isə kişi cinsinə qoyulan addır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsas hesab edilir. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı (X7) doğum qeydinin bərpa aktında düzəliş edilərək adının “Əziz”dən “Əzizə”yə dəyişdirilməsi öhdəliyi cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü İddiaçı (X7) doğum qeydinin bərpa aktında düzəliş edilərək adının “Əziz”dən “Əzizə”yə dəyişdirilməsi öhdəliyi cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva