Məhkəmə qərarları › İş №2-1(114)-1040/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1040/2024

18.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1040/2024 18.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı uşağın soyadının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə anadan olmuş övladlarına “Müşviq” soyadının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçıların “xx.xx.2023-cü il tarixdə anadan olmuş övladlarına adının “Mikayıl”, soyadının “Müşviq”, ata adının “İddiaçı1”, ana adının “İddiaçı2” qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə ərizələri icraata qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıların xx.xx.2023-cü il tarixdə nikah bağlamışlar, birgə nikahlarından xx.xx.2023-cü il tarixdə oğlan uşağı anadan olmuşdur. İddiaçılar yeni doğulmuş uşağa doğum haqqında şəhadətnamə alan zaman uşağın soyadının babasının adına, yəni iddiaçılardan İddiaçı1 atasının adına uyğun olaraq “Müşviq” kimi yazılması üçün cavabdehə müraciət etsələr də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçılar əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişlər. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.2023-cü il tarixli, AZ-İİ 591987 nömrəli “Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X1 arasında nikah bağlanmış, nikah bağlanarkən qadına Əşrəfli soyadı verilmişdir. -Doğum haqqında tibbi şəhadətnamədən görünür ki, İddiaçı1 ilə İddiaçı2 xx.xx.2023-cü il tarixdə oğlan övladları dünyaya gəlmişdir. - Gəncə Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-3603/23 nömrəli məktubundan görünür ki, uşağın doğum haqqında şəhadətnaməsində soyadının dəyişdirilməsi ilə bağlı müraciətin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin:- -53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. -53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərinin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. -53.3-cü maddəsinin tələblərinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Göstərilən Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verilə bilər. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı Qərarının 5.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələblərinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanında (qeydiyyat şöbələrində) qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 192-ci maddəsinin tələblərinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 1.5-ci maddəsinə əsasən adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız hesab edilməklə iddiaçının xx.xx.2021-ci il tarixdə doğulmuş qız övladının soyadının “Nəbizadə” kimi kimi qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə anadan olmuş övladlarına adının “Mikayıl”, soyadının “Müşviq”, ata adının “İddiaçı1”, ana adının “İddiaçı2” qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Gəncə Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar