Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1040/2025 12.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı imtahan nəticələrinin ona münasibətdə ləğv edilməsi və təkrar sertifikatlaşma imtahanında iştirakının təmin edilməsi tələbinə dair iş üzrə . Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı xx.xx.2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşma imtahanın nəticəsinin ona dair hissədə ləğv edilməsi və onun yenidən təkrar sertifikatlaşma imtahanında iştirakının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Sertifikatlaşdırma məlumatları barədə elektron çıxarışdan görünür ki, Kəlbəcər rayon 33 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 29 bal toplayaraq test imtahanından müvəffəqiyyət əldə etməmişdir.
2. İddiaçı təhsilverənlərin təkrar sertifikatlaşdırılma imtahanının nəticələrinin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə etdiyi müraciətə (şikayətə) həmin Nazirliyin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, üzürlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1(bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
3. İddiaçı xx.xx.2024-cü il tarixli baş-beyin MRT müayinəsi protokolundan görünür ki, sağ beyin yarımkürəsində sağ gicgah-alın paylarında sağ insulyar korteksə də uzanan (MCA hövzəsi), DW1 rejimlərdə restriksiya göstərən kəskin dövr işemik insult sahəsi izlənilir.
4. İddiaçı xx.xx.2024-cü il tarixli baş-beyin MRT müayinəsi protokolundan görünür ki, sağ alın və qismən gicgah pay insulyar sahəni əhatə edən təxminən 5x4 cm ölçülərdə kortiko-subkortikal xroniki dövr işemik insult sahəsi izlənilir.
5. 0437840 nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək keçirilmiş işemik insult səbəbilə xəstəliyinə görə işdən azad edilmişdir.
6. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişdən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq xitam verilmişdir.
7. Ambulator kitabçadan (xəstəlik tarixçəsindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli göndəriş əsasında X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müalicə olunmuşdur.
8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-69/2- 71/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı tərəfindən səhhəti ilə əlaqədar sertifikatlaşdırma imtahanında iştirakının qeyri-mümkünlüyü ilə bağlı müraciət edilməmişdir. Eyni zamanda bildiririk ki, sertifikatlaşdırmada üzrlü səbəbdən iştirak edilməməsi yalnız əsas sertifikatlaşdırma prosesinə aiddir. Çünki sertifikatlaşdırma imtahanı bir dəfə keçirilir. "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.2-ci bəndindən görünür ki, təkrar sertifikatlaşdırma üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərə şamil edilir. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Qanunvericilikdə sertifikatlaşdırmanın təxirə salınması kimi bir qayda nəzərdə tutulmamışdır. Sertifikatlaşdırma imtahanının videogörüntüsünün təqdim edilməsi ilə bağlı bildiririk ki, imtahan zallarının və həmin zallarda quraşdırılmış videomüşahidə kameralarının çoxlu sayda olduğunu nəzərə alaraq serverlərdə həddən artıq yüklənmənin qarşısının alınması məqsədilə videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərin ardıcıl olaraq silinməsi həyata keçirilir. Qeyd olunan səbəblə əlaqədar olaraq, İddiaçı iştirak etdiyi təkrar sertifikatlaşdırma imtahanı ilə bağlı imtahan zalının videogörüntülərini məhkəməyə təqdim etmək mümkün olmamışdır. II. Məhkəmədə icraat
9. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, işlədiyi məktəbdə əmək müqaviləsinin bərpa edilməsi və yenidən sertifikasiyadan keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1981-ci ildə Kəlbəcər rayonu, Zivel kəndində anadan olmuşdur. Kəlbəcər rayon 33 saylı tam orta məktəbində 2008-ci ildən müəllim işləyir. İşlədiyi dövrdə üzərinə qanunla qoyulmuş bütün öhdəliklərini layiqincə yerinə yetirmişdir. Heç bir intizam xətasına yol verməmiş və cəza almamışdır. xx.xx.2024cü il tarixdə onun elekton ünvanına xx.xx.2024-cü il tarixdə Təhsilverənlərin təkrar sertifikatlaşdırması imtahanında iştirak etməyi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi rəsmi məlumat verilmişdir. xx.xx.2024-cü il tarixdə o, qəflətən ağır xəstələnmiş, Goranboy xəstəxanasına müraciət etmişdir. Diaqnostik mərkəzdə MRT müayinəsi nəticəsində kəskin dövrlü işemik-insult diaqnozu ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi qaranlıq yataq şəraitində SN00008 N-0487840 saylı bülletenlə işdən azad olunmuşdur. Sertifikatlaşma komissiyasına ağır xəstələnməyi barədə təcili məlumat verməyinə baxmayaraq komissiya onun xəstələnməyini nəzərə almamış, elektron ünvanına heç bir məlumat gəlməmişdir. O, xəstəliyinin kəskinləşməsinə baxmayaraq məcbur olub xx.xx.2024-cü il tarixdə Gəncə 43 saylı məktəbdə yaradılmış imtahan mərkəzinə getmişdir. İmtahanda özünü xəstəlik səbəbindən çətin idarə etdiyi üçün axıra qədər iştirak edə bilməmişdir. Buna baxmayaraq sonradan məlum olmuşdur ki, onun 45 dəq müddətində yazdığı nəticə 29 bal olmuşdur, dözülməz baş-boyun ağrıları olmasaydı yəqin ki axıra qədər imtahanda iştirak etsəydi, ən azı minumim 30 keçid balını toplaya bilərdi. Həmin gün keçirilmiş sertifikasiya imtahanından keçməməyi barədə cavabı qanunsuz və əsassız hesab edir. Həmin qərar ləğv edilməli, onun ixtisasına uyğunluğunun yoxlanılması barədə sağlamlığı bərpa edildikdə qərar verilməlidir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
12. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşma imtahanın nəticəsinin ona dair hissədə ləğv edilməsi və onun yenidən təkrar sertifikatlaşma imtahanında iştirakının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən müraciətin təmin olunmasından imtina edilmişdir.
16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Qazax rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yerinin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir.
21. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı iddiaçının səhhəti ilə əlaqədar Sertifikatlaşdırma komissiyasına müraciəti daxil olmamışdır. İddiaçının tələbinin hüquqi əsası olmadığından onun iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən, sertifikatlaşdırmada üzürlü səbəbdən iştirak etməmək anlayşı Qaydalarda mövcud deyil. Belə ki, ilkin sertifikatlaşdırma imtahanında istənilən səbəbdən iştirak etməyən və ya keçid balını toplaya bilməyən təhsilverənlərin təkrar imtahanda iştirakı məcburidir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 2.1-ci bəndinə əsasən, sertifikatlaşdırma Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir. Həmin Qaydaların: 3.7-ci bəndinə əsasən, sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib edilir. 3.22-ci bəndinə görə, sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır. Eyni zamanda bildiririk ki, qaydaların 5.2-ci bəndə əsasən, üzürlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Yuxarıda qeyd olunan Qaydadan da göründüyü kimi, sertifikatlaşdırmanın təxirə salınması nəzərdə tutulmamışdır. Nəzərə almaq lazımdır ki, iddiaçı səhhəti ilə bağlı keçid balını toplaya bilmədiyini qeyd etsə də, lakin o ilkin sertifikasiya imtahanında 8 avqust 2023-cü il tarixində iştirak etmiş və 23 bal toplamışdır. O, müvafiq keçid balını toplaya bilmədiyindən onun iş saxlanılmaqla növbəti imtahana cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Həmin Məcəllənin 68.2ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 73.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Qeyd edilən qanunvericilik aktlarından göründüyü kimi, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
23. İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Sertifikatlaşdırma məlumatları barədə elektron çıxarış; - İddiaçı təhsilverənlərin təkrar sertifikatlaşdırılma imtahanının nəticələrinin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə etdiyi müraciətə (şikayətə) həmin Nazirliyin xx.xx.2024-cü il tarixli cavab məktubu; - xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli baş-beyin MRT müayinəsi protokolları; - 0437840 nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsi; - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişi; - Ambulator kitabçadan (xəstəlik tarixçəsindən) çıxarış; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-69/2- 71/2025 nömrəli cavab məktubu. Əsaslandırma hissəsi: Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 2023-cü ildə ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması ilə əlaqədar imtahanda 30 baldan aşağı (23 bal) toplayaraq, uğur qazana bilməmiş və bu səbəblə təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinə cəlb olunaraq, xx.xx.2024-cü il tarixdə keçiriləcək test imtahanına bildiriş vasitəsilə dəvət olunmuş və həmin imtahanda iştirak etməklə, 29 bal toplayaraq test imtahanından yenə müvəffəqiyyət əldə etməmişdir.
27. İddiaçı təhsilverənlərin təkrar sertifikatlaşdırılma imtahanının nəticələrinin ona münasibətdə ləğvi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə etdiyi müraciətə (şikayətə) həmin Nazirliyin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, üzürlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
28. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddiaçının tələbini əsassız hesab edir.
29. Belə ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 1.0.6-1-ci maddəsinə görə sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na görə: Bənd 1.4. Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər: 1.4.1. hamilə qadınlar; 1.4.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 1.4.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 1.4.4. azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. Bənd 1.5. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Bənd 3.1. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. Bənd 3.8. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 60 (altmış) sual təqdim edilir. Bənd 3.9. Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. Bənd 3.10. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir. Bənd 3.11. Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Bənd 3.12. Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir. Bənd 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bənd 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bənd 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
31. İddiaçı iddia ərizəsində sertifikatlaşdırma imtahanının nəticələri ilə razılaşmamasını xəstə olması (işemik insult keçirməsi), bununla bağlı Nazirliyə məlumat versə də, nəzərə alınmaması ilə əlaqələndirir.
32. Lakin məhkəmə həmin dəlili ona görə əsassız sayır ki, əvvəla, iddiaçı xəstəliyi ilə bağlı məlumat verdiyini iddia etsə də, bunu təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmiş, həmin hal cavabdeh orqan tərəfindən təkzib edilmişdir. Belə ki, cavabdeh həm iddiaya yazılı etirazında, həm məhkəmənin sorğusuna Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-69/2-71/2025 nömrəli cavab məktubunda bildirmişdir ki, İddiaçı tərəfindən səhhəti ilə əlaqədar sertifikatlaşdırma imtahanında iştirakının qeyri-mümkünlüyü ilə bağlı müraciət edilməmişdir.
33. Digər tərəfdən, təqdim edilmiş sənədlərdə iddiaçının xx.xx.2024-cü il tarixdə xəstəliklə əlaqədar özünü imtahanda pis hiss etməsi ilə bağlı Nazirliyə müraciət etdiyi görünür ki, bu da imtahandan əvvəl deyl, xeyli sonralar iddiaçının müraciət etməsini göstərir.
34. İkinci tərəfdən, ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsi ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək keçirilmiş işemik insult səbəbilə xəstəliyinə görə işdən azad edilmişdir. Təhsilverənlərin sertifikatlaşdırılması imtahanı isə xx.xx.2024-cü il tarixdə keçirilmişdir. Bu o deməkdir ki, iddiaçı imtahan keçirilən dövrdə əmək qabiliyyətli olmuş (və ya əksinə, əmək qabiliyyətinin olmaması halı mövcud olmamış) və işdən azad edilməmişdir.
35. Yəni, imtahan iddiaçının əmək qabiliyyətinin bərpa edildiyi tarixə təsadüf etmişdir, əksi olsaydı, iddiaçı əmək qabiliyyəti olmadığı üçün həmin dövr üçün də işdən azad edilməsi bağlı Əmək qabiliyyətinin olmaması vərəqəsi açdırardı və təqdim edərdi.
36. Məhkəmə onu da nəzərə alır ki, iddiaçının vəzifəsi (fəaliyyətinin əsası) təhsilverən olaraq ümumi təhsil pilləsinin ibtidai mərhələsində təhsilalanlara tədris proqramına uyğun olaraq elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin etməkdən ibarətdir və iddiaçı xəstəliyi keçirdikdən və əmək qabiliyyəti bərpa olunduqdan sonra (xx.xx.2024-cü il tarixdən etibarən) həmin fəaliyyətini istisnasız davam etdirmişdir ki, belə olan halda onun xəstəliyi imtahanda iştirak edərkən də həmin tədris proqramına uyğun sualları cavablandırmasına maneə təşkil etməmişdir.
37. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının səhhətində yaranmış halın onun uğursuz nəticəsinə təsir göstərməsi halı öz təsdiqini tapmır.
38. İddiaçının məhkəmə iclası zamanı stasionar müalicədə olduğu halda, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verildiyini iddia etmiş və məhkəmə təərfindən həmin hal araşdırılaraq, müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq xitam verilmiş və bununla bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişi sistemə daxil edilmişdir. Həmin tarixdə iddiaçının işdən azad edilməsi barədə əmək qabiliyyətinin olmaması vərəqəsi mövcud deyildir. Eyni zamanda ambulator kitabçadan (xəstəlik tarixçəsindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli göndəriş əsasında X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müalicə olunmuşdur. Yəni, iddiaçıya göndəriş xx.xx.2024-cü il tarixdə verilsə də, stasionar müalicəyə xx.xx.2024-cü il tarixdən başlamışdır. Bu da onun iş saatından sonra tibb müəssisəsinə gedərək göndəriş əldə etməsini istisna etmir.
39. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, təkrar sertifikatlaşdırmanın test mərhələsi ilə bağlı imtahanın keçirilməsi zamanı cavabdeh orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilmədiyinə görə iddia tələbi təmin edilməməlidir.
40. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva