Məhkəmə qərarları › İş №2-1(114)-1049/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1049/2020

10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1049/2020 10.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinə qarşı şəhid statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinə qarşı xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qardaşı X4 şəhidlik statusunun verilməsi (bərpa edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qardaşı X4 şəhidlik statusunun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qardaşı xx.xx.1974-cü il təvəllüdlü X5 xx.xx.1992-ci il tarixdə Xanlar rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar çağırılaraq N saylı hərbi hissəyə təhvil verilmişdir. Həmin hərbi hissənin tərkibində qulluq edərkən o, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatla iştirak edərək xx.xx.1992-ci il tarixdə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə aldığı çoxlu sayda qəlpə yarasından həlak olmuşdur və ona Samux rayon Qarayeri qəsəbə icra nümayəndəliyi tərəfindən 38 nömrəli, xx.xx.1992ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə göstərilmişdir ki, Rafiq Rzayev xx.xx.1992-ci il tarixdə Ağdərə rayonunun Çıldıran döyüşlərində qəhrəmancasına həlak olmuş, ölümünə səbəb “travmatik şok, bədənin çoxlu sayda qəlpə yarası” olmuşdur. Bundan sonra, iddiaçıya xx.xx.1998-ci il tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququna dair ******* nömrəli vəsiqə verilmişdir. Lakin bir müddətdən sonra, yəni 2018-ci ildə X3 verilmiş şəhidlik statusu ləğv edilmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinə müraciət etmiş və cavab olaraq bildirilmişdir ki,X5 həlak olması ilə əlaqədar olaraq N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx 1992-ci il tarixli 91 nömrəli əmrlə yemək təminatından çıxarılmışdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən cavab olaraq bildirmişlər ki, mərhum X1 ölüm haqqında şəhadətnaməsində xx.xx.1992-ci il tarixdə Çıldıran döyüşlərində qəhrəmancasına həlak olduğu bildirilsə də, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışında hansı səbəb və şəraitdə həlak olduğu qeyd edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat-səfərbərlik İdarəsindən daxil olmuş 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər və çavuşların siyahısında mərhum Rafiq Rzayevin adı keçmir. Bu səbəbdən mərhum X1 şəhid adının verilməsi və ya bərpa edilməsi mövcud sənədlərə əsasən hazırda mümkün deyil. Samux rayon Qeydiyyat şöbəsindən alınmış məktubdan görünür ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X5 barəsində xx.xx.1992-ci ildə Samux rayon Qarayeri qəsəbə icra nümayəndəliyi tərəfindən 38 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuş və akt qeydin 14-cü qrafasında ölüm faktını təsdiq edən sənəd kimi “MTE və PA Birliyinin Samux rayon şöbəsi” göstərilmişdir. Ölüm haqqında akt qeydinin tərtib olunmasına əsas olmuş ilkin sənədlər Samux rayon qeydiyyat şöbəsində saxlanılmır. Beləliklə, toplanmış sənədlərdən görünür ki, qardaşı X5 xx.xx.1992-ci il tarixdə Xanlar rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar çağırılaraq N saylı hərbi hissədə qulluq edərək döyüşlərdə iştirak etmiş və komandirinin xx xxxxxxx 1992-ci il tarixli 91 nömrəli əmrlə yemək təminatından çıxarılmışdır. Samux rayon Qarayeri qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli ölüm haqqında şəhadətnamədə onun ölümünə səbəb, öldüyü günün tarixi, öldüyü yer və ölüm faktını təsdiq edən sənəd kimi “MTE və PA Birliyinin Samux rayon şöbəsi” göstərilmişdir. Lakin nədənsəAzərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsi tərəfindən bunlar nəzərə alınmır və mövcud sənədlərə əsasən mərhum X3 şəhidlik adının verilməsindən imtina olunur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinəbaxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdeh ona təqdim olunmuş bildirişdə nümayəndəsinin məhkəmə iclasında iştirak etməyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Səfəbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 177 nömrəli məktubunun təsdiqlənmiş surəti, xx.xx.2019-cu il tarixli, 260274 nömrəli arayış, xx.xx.1992-ci il tarixli, İV-JQ 356460 nömrəli « Ölüm haqqında » şəhadətnamənin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2018-ci il tarixli. 5420 nömrəli və xx.xx.2019-cu il tarixli, R/4475 nömrəli məktubları, Azərbaycan respublikası Müdafiə Nazirliyi İşlər X2 xx.xx.2018-ci il tarixli, 9/2-13965 nömrli məktubunun təsdiqlənmiş surəti, Samux rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, 05-a-68/14 nömrəli məktubunun surəti, Gəncə Hərbi Prokurorluğunun xx.xx.2018-ci il tarixli, HP- 15/6150 nömrəli məktubunun təsdiqlənmiş surəti, Samux Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 289 nömrəli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 11/3502 nömrəli və xx.xx.2020-ci il tarixli, 11/3951 nömrəli məktubları əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad olunur və qeyd edilən sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3 və 34.1-ci maddələri). İddiaçı mərhum qardaşının şəhid statusunun verilməsi barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan imtina etmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə qardaşına şəhid statusunun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə işin halların, tərəfin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçının mərhum qardaşı X1 xx.xx.1992-ci il tarixli, İV-JQ 356460 nömrəli “Ölüm haqqında” şəhadətnamənin məzmunundan görünür ki, mərhum X6 xx.xx.1992-ci il tarixdə Çaldıran döyüşlərində qəhrəmancasına həlak olmuş, ölümünə səbəb “travmatik şok, bədənin çoxlu sayda qəlpə yarası” olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2018-ci il tarixli, 5420 nömrəli və xx.xx.2019-cu il tarixli, R/4475 nömrəli məktublarının məzmunundan görünür ki, mərhum X1 ölüm haqqında şəhadətnaməsində xx.xx.1992-ci il tarixdə Çıldıran döyüşlərində qəhrəmancasına həlak olduğu bildirilsə də, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışında hansı səbəb və şəraitdə həlak olduğu qeyd edilməmişdir. Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat-səfərbərlik İdarəsindən daxil olmuş 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər və çavuşların siyahısında mərhum Rafiq Rzayevin adı keçmir. Bu səbəbdən mərhum X1 şəhid adının verilməsi və ya bərpa edilməsi mövcud sənədlərə əsasən hazırda mümkün deyil. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər X2 xx.xx.2018-ci il tarixli, 9/2-13965 nömrəli məktubunda X1 həlak olması ilə əlaqədar olaraq N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx 1992-ci il tarixli, 91 nömrəli əmrilə (əmrdə həlak olduğu yer və tarix göstərilməmişdir) yemək təminatından çıxarılması qeyd edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 177 nömrəli məktubunda X1 xx.xx.1992-ci il tarixdə Xanlar rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar çağırıldığı və N nömrəli hərbi hissəyə təhvil verildiyi, sonrakı xidmətləri, vəfat etməsi və şəhid olması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsində heç bir məlumatın olmadığı bildirilmişdir. Samux rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, 05-a-68/14 nömrəli məktubundan görünür ki, xx.xx.1992-ci ildə vəfat etmiş X5 barəsində xx.xx.1992-ci ildə Samux rayon Qarayeri qəsəbə icra nümayəndəliyi tərəfindən 38 nömrəli “Ölüm haqqına” akt qeydi tərtib olunmuş və akt qeydinin 14-cü qrafasında ölüm faktını təsdiq edən sənəd kimi “MTE və PA Birliyinin Samux rayon şöbəsi” göstərilmişdir. Gəncə Hərbi Prokurorluğunun xx.xx.2018-ci il tarixli, HP-15/6150 nömrəli məktubunda mərhum X1 xidmətdə olarkən ölməsi faktı ilə bağlı Gəncə Hərbi Prokurorluğunda cinayət işinin istintaq edilməməsi və təqsirləndirici materialın araşdırılmaması qeyd edilmişdir. Beləliklə, cavabdeh orqan iddiaçının mərhum qarşının şəhid statusunun verilməsindən imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, belə halların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və işin faktiki halları ilə də təsdiq olunduğu kimi iddiaçının mərhum qardaşı qanunvericiliyin tələbi baxımından şəhid hesab olunmur. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2.5-ci və 1.2.6-cı bəndlərinin tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab olunurlar. Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 35 nömrəli və xx xxx 2006-cı il tarixli, 131 nömrəli Qərarları ilə Qaydaların 1.2.6-cı bəndinə “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası əlavə edilmişdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının xx xxxxxxxx 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının xx xxxxxxxx 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının xx xxxxxxxx 1993-cü il tarixli Qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinə qarşı şəhid statusunun verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. AzərbaycanRespublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinə qarşı şəhid statusunun bərpa edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar