Məhkəmə qərarları › İş №2-1(114)-105/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-105/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-105/2022 17.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “15.03.1989-cu il tarixdən 30.12.1990-cı il tarixədək Gəncə şəhər “Nur” kooperativində, 03.01.1991-ci il tarixdən 14.03.1991-ci il tarixədək “Fasad” kooperativində və 1974-cü il tarixdən 1979-cu il tarixədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və 2018-ci il tarixdən olan dövrdən hesablanmaqla əmək pensiyasının təyin olunması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1956-cı il tarixdə Goranboy rayonun Xoylu kəndində anadan olmuşdur. İddiaçı 01.02.1973-12.07.1973, 26.08.1975-08.10.1975, 15.08.1979-10.08.1983, 07.09.1983-20.01.1984, 02.03.1984-14.03.1989, 15.03.1989-30.12.1990, 03.01.1991- 14.03.1991, 29.10.1991-31.10.1998 və 01.09.2000-15.03.2003-cü il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuş, 1974-1979-cu illərdə H.Zərdabi adına X2 İnstitutunda ali təhsil almışdır. İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 18 saylı regional ərazi filialına (bundan sonra mətndə cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı **********8 nömrəli 19.03.2021-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən 15.03.1989-cu il tarixdən 30.12.1990-cı il tarixədək Gəncə şəhər “Nur” kooperativində və 03.01.1991-ci il tarixdən 04.03.1991-ci il tarixədək “Fasad” kooperativində işlədiyi illərin qarşılıqlı yoxlamaq mümkün olmadığı üçün həmin dövrlər sığorta stajı kimi nəzərə alınmamış, 01.09.1974-cü il tarixdən 25.06.1979-cu il tarixədək təhsil aldığı dövrün əyani olmasını təsdiq edilməsi üçün Gəncə Dövlət Universitetinə sorğu göndərilmişdir. Vətəndaşın tələb olunan 25 il sığorta stajı olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə təminat vermədiyindən yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur. İddiaçı 02.08.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15.03.1989-cu il tarixdən 30.12.1990-cı il tarixədək Gəncə şəhər “Nur” kooperativində, 03.01.1991-ci il tarixdən 14.03.1991-ci il tarixədək “Fasad” kooperativində işlədiyi və 1974cü il tarixdən 1979-cu il tarixədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və 2018-ci il tarixdən olan dövrdən hesablanmaqla əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialına həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin 23.12.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh 28.11.2021-ci il tarixli **********6 nömrəli etirazında bildirmişdir ki, iddiaçı 25.02.2021-ci il tarixdə inzibati orqana müraciət edərək əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin iddiaçının müraciəti ilə bağlı cavabdeh tərəfindən əlverişsiz inzibati akt qəbul olunmuşdur. İnzibati aktdan narazı qalan iddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.1956-cı ildə Goranboy rayonu, Xoylu kəndində anadan olmuşdur. Onun pensiya hüququ 25.08.2020-ci ildə yaranmışdır. İddiaçının əmək kitabçasında qeyd olunan 15.03.1989-cu il tarixdən 30.12.1990-cı il tarixədək Gəncə şəhər “Nur” kooperativinin və 03.01.1991-ci il tarixdən 14.03.1991-ci il tarixədək “Fasad” kooperativinin fəaliyyətinin yoxlanılması üçün Milli Arxiv İdarəsinin Gəncə filialına müvafiq sorğular verilmiş və 19.03.2021-ci il tarixli 287(86)/3 nömrəli cavab məktubunda hər iki müəssisənin arxiv sənədlərinin mövcud olmadığı müəyyən olunmuşdur. Bu səbəbdən həmin illərin sosial sığorta stajı kimi nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir. Göstərilən müəssisələrdə işlədiyi illər nəzərə alınmadıqda iddiaçının ümumi sosial sığorta stajı cəmi 24 il 03 ay 26 gün təşkil edir və qanunvericiliyin minimum 25 il sosial sığorta stajı tələbi ödənilmir. Beləliklə, iddiaçının ümumi stajı 26 il 03 ay 10 gün təşkil edir ki, onun 24 il 03 ay 26 gün mübahisələndirilməyən, 01 il 11 ay 16 gün mübahisələndirilən illərdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının 01.09.1974-cü il tarixdən 25.06.1979-cu il tarixədək əyani təhsil aldığı müddət mübahisələndirilmir, iddiaçının sosial sığorta stajına daxil edilir. İş materiallarında olan: - İddiaçıya məxsus 12.07.1973-cü il tarixli əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surətinə əsasən sonuncu 01.02.1973-12.07.1973-cü illərdə Kirovabad Priborostroy zavodunda, 26.08.1975-08.10.1975-ci illərdə Kirovabad Alüminium zavodunda, 15.08.1979-10.08.1983-cü illərdə Kəlbəcər rayon Maarif şöbəsində, 07.09.1983- 20.01.1984-cü illərdə Kirovabad Alüminium zavodunda, 02.03.1984-14.03.1989-cu illərdə Kirovabad mobil trestində, 15.03.1989-30.12.1990-cı illərdə Gəncə şəhər “Nur” kooperativində, 03.01.1991-04.03.1991-ci illərdə “Fasad” kooperativində, 29.10.1991- 31.10.1998-ci illərdə Azərbaycan Texniki İnstitutunda və 01.09.2000-15.03.2003-cü illərdə Kəlbəcər rayon 109 saylı əsas məktəbdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -Azərbaycan Respublikası X3 filialının 13.08.2021-ci il tarixli 861(246)/3 nömrəli məlumatına əsasən Gəncə şəhər “Nur” kooperativinin və Gəncə şəhər “Fasad” kooperativinin arxiv sənədləri X3 filialına təhvil verilməmişdir. -Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Gəncə şəhər Statistika İdarəsinin 16.08.2021-ci il tarixli 191 nömrəli məlumatına əsasən “Nur” kooperativi “Statistik vahidlərin Dövlət reyestri”ndə mövcud olmamış, “Fasad” kiçik müəssisəsi isə 26.07.1996-cı il tarixdə SVDR-ə daxil edilmişdir. -İddiaçıya məxsus EB seriyalı 010915 nömrəli diplomun notariat qaydada təsdiq edilmiş surətinə əsasən sonuncu 1974-cü ildə 1974-cü ildə H.Zərdabi adına X2 İnstitutuna daxil olmuş və 1979-cu ildə biologiya-kimya ixtisası üzrə tam kursu bitirmişdir. -Gəncə Dövlət Universitetinin 19.08.2021-ci il tarixli 44-21-376/01-18 nömrəli məktubuna əsasən İddiaçı 1974-cü ildə H.Zərdabi adına X2 İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) biologiya-kimya ixtisası üzrə əyani şöbəsinin İ kursuna qəbul olunmuş, 1979-cu ildə biologiya-kimya ixtisası üzrə Dövlət imtahanlarını müvəffəqiyyətlə verdiyinə görə ona orta məktəbdə biologiya kimya müəllimi ixtisası verilməklə adi diploma layiq görülmüşdür. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin 26.08.2021-ci il tarixli **********098500 nömrəli məlumatına əsasən “Nur” kooperativinin və “Fasad” müəssisəsinin qeydiyyatına (uçotuna) dair hər hansı məlumat aşkar edilməmiş, oxşar adda “Fasad” kiçik müəssisəsinin 22.06.1994-cü il tarixdə 11587 nömrəli şəhadətnamə ilə Ədliyyə nazirliyi tərəfindən dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. -inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş pensiya işinin materiallarından aydın olur ki, iddiaçının 01.02.1973-12.07.1973, 26.08.1975-08.10.1975, 15.08.1979- 10.08.1983, 07.09.1983-20.01.1984, 02.03.1984-14.03.1989, 29.10.1991-31.10.1998 və 01.09.2000-15.03.2003-cü il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olduğu 18 il 06 ay 01 gün nəzərə alınmış, 15.03.1989-cu il tarixdən 30.12.1990-cı il tarixədək Gəncə şəhər “Nur” kooperativində işlədiyi 01 il 09 ay 15 gün, 03.01.1991-ci il tarixdən 14.03.1991-ci il tarixədək “Fasad” kooperativində işlədiyi 02 ay 01 gün və 01.09.1974-cü il tarixdən 25.06.1979-cu il tarixədək təhsil aldığı 04 il 09 ay 24 gün müddət isə sosial sığorta stajına daxil edilməmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 19.11.2021-ci il tarixli **********90 nömrəli məktubuna əsasən adıçəkilən müəssisə - Azərbaycan SSR Dövlət Maddi-texniki Təchizat Komitəsinin tərkibində “Nur” kooperativinin haqqında dövlət əmlakının Registrinə heç bir məlumat təqdim edilməmiş və həmin müəssisə barədə təqdim edilməmiş və həmin müəssisə barədə məlumat qeydiyyata alınmamışdır. -X1 “Azərkontrakt” Səhmdar Cəmiyyətinin 05.01.2022-ci il tarixli 01-SM-03 nömrəli məktuba əsasən keçmiş Azərbaycan SSR Dövlət Maddi-texniki Təchizat Komitəsinin tərkibində “Nur” kooperativinin arxiv sənədləri Səhmdar Cəmiyyətində olmadığından məlumatın təqdim edilməsi mümkünsüzdür. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı qismən əsaslı hesab edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulması, 25.08.2020-ci il tarixdə pensiya yaşına çatması işin mübahisəsiz hallarıdır. Mübahisəli hal iddiaçının əmək kitabçasında qeyd edilən 15.03.1989-cu il tarixdən 30.12.1990-cı il tarixədək Gəncə şəhər “Nur” kooperativində, 03.01.1991-ci il tarixdən 14.03.1991-ci il tarixədək “Fasad” kooperativində işlədiyi və 1974-1979-cu illərdə təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi ilə bağlıdır. Cavabdehin imtinasının əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən əmək kitabçası təqdim olunsa da, həmin kitabçada aparılan qeydlərin yerində qarşılıqlı yoxlanması mümkün deyildir. İnzibati orqanın imtinasında təhsil müddəti ilə bağlı sorğu göndərildiyini bildirmiş, daha sonra məhkəmə prosesi zamanı təqdim etdiyi etirazında həmin müddəti mübahisələndirilməyən illərə daxil etmişdir. Bu səbəbdən də, məhkəmənin 17.02.2022-ci il tarixli qərardadı ilə iddia “1974-cü il tarixdən 1979-cu il tarixədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi” hissədə mümkün sayılmamışdır. Məhkəmə cavabdehin imtinasının dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X4) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (1989-1991-ci illər) həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı 15.03.1989-cu il tarixdən 30.12.1990-cı il tarixədək Gəncə şəhər “Nur” kooperativində, 03.01.1991-ci il tarixdən 14.03.1991-ci il tarixədək “Fasad” kooperativində işləməsi barədə əmək kitabçası təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının 1989-1991-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işləməsi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq Məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə tərəfindən Gəncə şəhər “Nur” kooperativində və “Fasad” kooperativinin arxiv sənədləri ilə əlaqədar Dövlət Arxivinin filialına, vergi orqanına və “Azərkontrakt” Səhmdar Cəmiyyətinə sorğu göndərilsə belə, həmin idarələrə dair arxiv sənədlərinin təhvil verilmədiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı 15.03.1989-cu il tarixdən 30.12.1990-cı il tarixədək Gəncə şəhər “Nur” kooperativində, 03.01.1991-ci il tarixdən 14.03.1991-ci il tarixədək “Fasad” kooperativində işləməklə, həmin illər üzrə 01 il 11 ay 16 gün sosial sığorta stajı qazanmışdır. Beləliklə, inzibati orqan tərəfindən mübahisələndirilməyən 23 il 04 ay 25 gün (etirazda 24 il 03 ay 26 gün qeyd olunsa da) müddət nəzərə alınmaqla, iddiaçının Gəncə şəhər “Nur” kooperativində, “Fasad” kooperativində işlədiyi müddət onun sosial sığorta stajına daxil olmaqla, ümumilikdə 25 ildən çox sığorta stajı vardır. Göründüyü kimi, ƏPQ-nun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – 64 yaş həddi və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə pensiya təyin olunmasını tələb etməkdə haqlıdır. İddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Digər tərəfdən iddiaçı ərizəsində 2018-ci ildən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etsə, onun pensiya hüququ 25.08.2020-ci il tarixdə (64 il 06 ay yaşında) yarandığından, hüququ yarandığı tarixdən pensiya təyin edilməlidir. Buna görə də, iddiaçının iddiası qismən təmin edilməli, yəni iddiaçının 15.03.1989-cu il tarixdən 30.12.1990-cı il tarixədək Gəncə şəhər “Nur” kooperativində, 03.01.1991-ci il tarixdən 14.03.1991-ci il tarixədək “Fasad” kooperativində işlədiyi və 01.09.1974-cü il tarixdən 25.06.1979-cu il tarixədək təhsil aldığı müddət sosial sığorta stajına daxil edilərək ona 25.08.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 15.03.1989-cu il tarixdən 30.12.1990-cı il tarixədək Gəncə şəhər “Nur” kooperativində, 03.01.1991-ci il tarixdən 14.03.1991-ci il tarixədək “Fasad” kooperativində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək ona 25.08.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar