Məhkəmə qərarları › İş №2-1(114)-1051/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1051/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1051/2022 01.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı onun iş stajının nəzərə alınaraq ona təyin edilmiş sosial pensiyasının əmək pensiyası ilə əvəz edilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmiş, məhkəmənin 26 aprel 2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Daşkəsən rayonu, Zivlən kəndində anadan olmuşdur və sonradan Xanlar (indiki Göygöl rayonu Hacıməlik qəsəbəsində) rayonuna köçərək yaşamışlar. xx.xx.1972-ci il tarixdə Xanlar Aqrosənaye ASC-yə fəhlə işinə qəbul edilmiş və hərbi xidmətə gedənə kimi orada işləmişdir. Sonra 14 may 1975-ci il tarixdə hərbi xidmətə çağırılmış və 03 may 1977-ci il tarixədək SSRİ Hərbi Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra, yenidən əvvəlki iş yerinə, Xanlar Aqrosənaye ASC-yə qayıtmış və 15 iyun 1979-cu il tarixədək orada işləmiş və həmin tarixdə öz ərizəsi ilə oradan işdən azad olunmuşdur. Oradan işdən azad olunduqdan sonra, xx.xx.1977-ci il tarixdə Xanlar rayonunda yerləşən Nizami Sovxozuna işə qəbul edilmiş, 1979-cu ilə kimi orada işləmişdir. xx.xx.1979-cu il tarixdə yenidən Xanlar Aqrosənaye ASC-yə daha sonra yenidən Nizami Sovxozuna qayıdaraq xx.xx.1979-cu il tarixə kimi işləmişdir. xx.xx.1981-ci il tarixdə X5 işə qəbul edilmiş və xx.xx.2000-ci il tarixə kimi orada işləmiş, həmin tarixdə işdən azad olunmuşdur. xx.xx.2021-ci il tarixdə pensiya yaşı tamam olduğu üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının Göygöl şöbəsinə müraciət etmişdir. Oradan onun iş stajı nəzərə alınmayaraq ona sosial pensiya təyin edilmişdir. Ona nə üçün əmək pensiyası təyin edilməməsinin səbəbini soruşduqda onlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də ona təyin olunmuş sosial pensiyanın əmək pensiyası ilə əvəz edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Oradan əmək kitabçasındakı iş stajı yenidən nəzərə alınmayaraq ərizəsinə 19 yanvar 2022-ci il tarixli, **********07 saylı məktubla imtina vermişlər. Həmin məktubu o, rəsmi olaraq poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə almışdır. Həmin imtina Quşçuluq Fabrikində işləməyi nəzərə alınmayaraq, həmin illər üzrə arxiv arayışının olmaması bildirilmişdir. Hesab edir ki, ona əmək pensiyası təyin olunmalıdır, çünki onun əmək pensiyasına çıxması üçün kifayət qədər iş stajı var. Onun X3 işləməsi ilə bağlı arxiv arayışının olmamasının günahkarı o deyil. O, əmək pensiyasının təyin olunmasını məhkəmədən kənar həll edə bilmədiyi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İş üzrə şifahi məhkəmə baxışı iclası 01 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi Muxtarov Nurlan oğlu məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı daha əvvəl iddia ərizəsində göstərilən eyni məzmunlu tələblə ilk öncə cavabdeh Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçının “Əmək pensiyaları haqqında” Qanuna əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və 25 il sığorta stajı olmadığından cavabdeh tərəfindən pensiya təyinatı aparılmasından imtina edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının hərbi xidmət illəri də daxil olmaqla xx.xx.2005-cı il tarixədək mübahisələndirilməyən 6 il sığorta stajına uyğun olaraq 4572,42 manat pensiya kapitalı mövcuddur. Araşdırma zamanı İddiaçı, xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “X3" işlədiyi dövrlərdə adı çəkilən müəssisədə işləmə faktı və əməkhaqqı alıb-almaması öz təsdiqini tapmadığından həmin illər sığorta stajına daxil edilməmişdir. Həmçinin, xx.xx.2021-cı il tarixdən 130 manat, xx.xx.2022-ci il tarixdən isə 180 manat məbləğində yaşa görə sosial müavinət təyin olunaraq ödənilməkdədir. Hesab edirlər ki, cavabdeh orqan tərəfindən iddiaçıya verilmiş imtina qanuni və əsaslı olmuşdur. İddiaçı xx.xx.1956-ci il tarixdə doğulduğundan xx.xx.2021-ci il tarixdə (65 yaşında) pensiya yaşına çatmışdır. İddiaçı müvafiq qanunvericiliklə tələb olunan 25 il sığorta stajı qarşılığında mübahisələndirilməyən 6 il sığorta stajı mövcuddur. İddiaçı S. Qurbanovun sığorta stajına daxil etmək istədiyi illər; xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “X3" işlədiyi illər. Qeyd edilən illər iddiaçının ümumi sığorta stajının 19 il 11 ay 9 gününü təşkil edir. X2 Gəncə Filialına ünvanlanmış 22 iyul 2022-ci il tarixli, **********2 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, İddiaçı “X3” işləməsi və əməkhaqqı alması ilə bağlı arxivə mühafizə olunması üçün heç bir sənəd təhvil verilməmişdir. Dövlət Statistika Komitəsinin Gəncə şəhər Statistika İdarəsinə ünvanlanmış 22 iyul 2022-ci il tarixli, **********2 nömrəli məktuba cavab olaraq qeyd edilmişdir ki, "X6" 10 avqust 1996-cı tarixdə statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlanmış 09 avqust 2022-ci il tarixli, **********9 nömrəli məktub hal-hazırki tarixədək cavablandırılmamışdır. “X6”nə ünvanlanmış 22 iyul 2022-ci il tarixli, **********4 nömrəli məktub “X6” qeyd olunan ünvanda mövcud olmadığından geri qaytarılmışdır. İddiaçı məhz xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “X3" işlədiyini iddia edirsə, qeyd edilən müəssisənin həmin ildən faktiki fəaliyyət göstərdiyi, iddiaçının həmin tarixədək orada işlədiyi mötəbər sübutlarla təsdiq olunmalıdır. Belə ki, təkcə iddiaçının deyil, həm də ümumiyyətlə müəssisənin fəaliyyətinə dair məlumatların iddiaçının onun əmək fəaliyyətinə dair təqdim etdiyi sənədlərdəki məlumatların mötəbərliyinin yoxlanılmasını zəruri edir. Yəni iddiaçının işlədiyini iddia etdiyi illər şübhədən azad sübutlarla təsdiq olunmalıdır. İddiaçı mübahisəiəndirilən müəssisədə əməkhaqqı alıb-almadığı araşdırmalar zamanı müəyyən edilməmişdir. Beləliklə, İddiaçı yuxarıda qeyd olunan mübahisələndirilən müəssisədəki əmək fəaliyyəti öz təsdiqini tapmaması, tələb olunan minimum sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyası təminatına imkan verən pensiya kapitalı olmaması ona yaşa görə əmək pensiyası təyinatı aparılmasını istisna edir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya aid AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, “X9” ASC-nin xx.xx.2021-ci il tarixli, 000246 nömrəli arxiv arayışının surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 nömrəli imtina məktubu, xx.xx.2021-ci il tarixli, 735 nömrəli və xx.xx.2022-ci il tarixli, 108 nömrəli arayışlar, iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının təsdiqlənmiş surəti, iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli, NZ ******* nömrəli hərbi biletinin təsdiqlənmiş surəti, dəftərxana kitablarının surətləri, Gəncə şəhər Statistika İdarəsinin xx.xx.2022-ci il tarixli, 321 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi mümkün olmaqla yanaşı həm də qismən əsaslıdır və qismən təmin edilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, iddiaçının yuxarıda qeyd olunan illərdə işləməsi faktının və əmək haqqı alıb-almamasının araşdırılması mümkün olmadığına görə həmin illərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X3 işlədiyi dövr iddiaçıya məxsus əmək kitabçasında öz təsdiqini tapmış, cavabdeh həmin əmək kitabçasının mötəbərliyini mübahisələndirməmişdir. İşdə olan əmək kitabçasının təsdiqlənmiş surətindən məlum olur ki, İddiaçı xx.xx.1981-ci il tarixli, 1386 nömrəli əmrlə X3 fəhlə kimi işə qəbul edilmiş və xx.xx.2000-ci il tarixli, 98 nömrəli əmrlə fabrika fəaliyyətini dayandırdığı üçün tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə iddiaçının X3 əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında əks olunmuş məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X7) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının X3 işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr (19 il 11 ay 09 gün) iddiaçının əmək stajına daxil edilməlidir. İddiaçı iddia ərizəsində ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını da xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;

2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2021-ci il 1 iyulundan - 2022-ci ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X3 işlədiyi dövr (19 il 11 ay 09 gün) də daxil edilməklə, cəmi 25 il 11 ay 09 gün sığorta stajı vardır və bu cavabdeh orqanının imtina və məhkəmənin sorğusu əsasında təqdim etdiyi məktublarında öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi inzibati orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

N ə t i c ə h i s s ə s i:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar