Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1052/2024 24.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X2 və X3 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, üçüncü şəxslər xx.xx.1991-ci il təvəllüdlü X3 və xx.xx.2008-ciil təvəllüdlü X1 ona məxsus ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində olan ünvan 1 mənzili var. Həmin ev hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətindədir. Onun ailə üzvləri olmayan xx.xx.1991-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X2 onun evində qeydiyyatdadırlar. Belə ki, xx.xx.1991-ci il təvəllüdlü X5 evin əvvəlki sahibidir. O, evi həmin şəxsdən alqı-satqı yolu ilə almışdır. xx.xx.2008-ci il təvəllüdlü X2 isə Aynurənin qızıdır. 3 ildən artıqdır ki, X4 artıq onun mülkiyətində olan evdən qeydiyyatdan çıxmasını tələb etsə də üçüncü şəxs müxtəlif bəhanələrlə onun evimdən qeydiyyatdan çıxmır. O, həmin şəxslərin evimdən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə müraciət etsə də ona verilmiş 03 noyabr 2023-cü il tarixli məktubda həmin şəxslərin evlərindən çıxarılmasının mümkün olmadığı qeyd edilib.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçılara hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə sərəncam göndərilərək, iddia ərizəsinin imza edilmədiyi bildirilərək, həmin xətanın aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixədək müddət təyin edilmiş və xətanın aradan qaldırılmayacağı təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
Əsaslandırma hissəsi:
5. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
6. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
7. İş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş hazırkı iddia ərizəsi imzalanmamışdır. Buna görə də məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçılara hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə sərəncam göndərilərək, xətanın aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixədək müddət təyin edilmişdir. Həmin sərəncam iddiaçının iddia ərizəsində qeyd edilmiş Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə 4 ünvanına (həmin ünvan həm də onun rəsmi qeydiyyat ünvanıdır) göndərilsə də, üzərinə “”Ünvan tam deyil” yazılaraq geri qayıtmışdır.
8. Bundan sonra məhkəmə (iclas katibi) tərəfindən iddia ərizəsində qeyd edilmiş iddiaçının mobil nömrəsinə (***-***-**-**) xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə zəng vasitəsilə (bu barədə telefonoqrammalar iş materiallarına əlavə edilmişdir) məlumat verilərək, imzalanmış iddia ərizəsinin məhkəməyə göndərilməsi və ya məhkəməyə gələrək iddia ərizəsini imzalaması təklif edilsə də, iddiaçı qısa müddətdə həmin xətanı aradan qaldıracağını bildirməsinə baxmayaraq, hazırkı vaxtadək sərəncamın tələbləri yerinə yetirilməmişdir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləyə görə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə: Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.
11. Göründüyü kimi, iddia ərizəsi iddiaçı tərəfindən imzalanmadığından hazırkı iddia mümkün sayılmamalıdır.
12. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
13. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva