Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1053/2021 05.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 26.04.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayonu Alıuşağı kəndində yerləşən 1.769 ha pay torpaq sahəsi ilə bağlı ona hüquqmüəyyənedici sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildə alqı-satqı müqaviləsinə əsasən Samux rayonu Alıuşağı kəndində 1.769 ha pay torpaq sahəsi almışdır. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi məqsədilə DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 31.05.2021-ci il tarixli, **********23 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, araşdırma zamanı torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə qeyd olunan torpaq sahəsindən deyil başqa torpaq sahəsindən istifadə etdiyi müəyyən olunmuş, bu səbəbdən onun ərizəsinin icrası mümkün olmamışdır. Ona görə də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -15.12.2015-ci il tarixli Torpaq sahəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Koç Selime, Nizamlı Gülgəz, Koç Dursun, Aydın Fatimə və Bakan Zöhrə Samux rayonu Alıuşağı kəndində yerləşən birgə mülkiyyət üzrə onlara məxsus ümumi sahəsi 1.769 ha olan torpaq sahəsini İddiaçı satmışlar. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 08.01.2020-ci il tarixli, **********42 nömrəli məktubunun məzmunundan görünür ki, torpaq sahəsi ilə faktiki torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq olduğu müəyyən edildiyi üçün iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı 2015-ci ildə alqı-satqı müqaviləsinə əsasən Samux rayonu Alıuşağı kəndində yerləşən ümumi sahəsi 1.769 ha olan pay torpaq sahəsi almışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi iddiaçının sənəd üzrə qeyd olunan torpaq sahəsindən deyil başqa torpaq sahəsindən istifadə etməsi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, şəxsin istifadə etdiyi sahənin ölçülərinin hüquqmüəyyənedici sənədlə müəyyən edilmiş ölçülərə uyğun olmaması, eləcə də onun başqa torpaq sahəsindən istifadə etməsi alqı-satqı yolu ilə əldə etdiyi və müvafiq sənəddə qeyd edilmiş koordinatlara və konfiqurasiyaya uyğun olan əmlak üzərində hüquqlarının Dövlət reyestrində qeydə alınmasına mane olan hal hesab edilə bilməz. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə cavabdeh orqanın qeyd olunan arqumentini əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr və mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçının alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi Samux rayonu Alıuşağı kəndində yerləşən 1.769 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 15.12.2015-ci il tarixli Torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında Samux rayonu Alıuşağı kəndində yerləşən 1.769 ha torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qeydə alınması öhdəliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1053/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1053/2021
05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver