Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1053/2022 23.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdehlər Tovuz rayon Qaraxanlı bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Tovuz Rayon İcra Hakimiyyəti) istifadədə olan torpaq sahəsinin satılması və mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı cavabdehlər Tovuz rayon Qaraxanlı bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 22.02.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, istifadə etdiyi torpaq sahəsinin dəyəri ödənilməklə onun mülkiyyətinə verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, “öhdəliyin icrası haqqında” iddia növü üzrə xüsusi mümkünlük şərtinə əməl edilmədiyinə görə iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının hüquqi marağı uzun müddət istifadəsində olmuş torpaq sahəsinin dəyəri ödənilməklə bələdiyyə tərəfindən ona satılması və mülkiyyət hüququnun qeydə alınmasıdır. Buna baxmayaraq hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl bu sahədə səlahiyyətli cavabdehə, yəni Tovuz rayon Qaraxanlı bələdiyyəsinə müraciət etməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, hazırki tələb iki hissədən ibarətdir və mərhələli qaydada həll edilməlidir. Yəni, torpaq sahəsinin bələdiyyə tərəfindən satılması ilə bağlı mübahisəyə baxıldıqdan sonra iddiaçının tələbi müsbət həll ediləcəyi təqdirdə mülkiyyət hüquqlarının qeydə alınması məsələsi həll edilməlidir. Bundan başqa iddiaçıya izah edilir ki, qeyd olunan şərtlərə əməl etməklə yenidən məhkəməyə müraciət edəcəyi təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30-cu maddəsinin tələblərinə əsasən cavabdehlərin müştərək hüquqi maraqlara malik olmasını, hüquq və vəzifələrinin eyni faktiki və hüquqi əsaslara söykənməsi halını və mübahisə üzrə prosessual həmiştirakçılar kimi çıxış edə bilmək imkanını nəzərə almalıdır. Belə ki, hazırki tələb üzrə cavabdehlər yuxarıda qeyd edilən normanın mənasına görə prosessual həmiştirakçı ola bilməzlər. Beləliklə iddiaçıya izah edilir ki, istifadə etdiyi torpaq sahəsinin dəyəri ödənilməklə ona satılması barədə bələdiyyəyə müraciət etməli, müsbət cavab ala bilmədikdə qanunvericilikdə müəyyən edilmiş müddət ərzində həmin baələdiyyəni cavabdeh qismində cəlb etməklə məhkəmədə iddia qaldıra bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -1.1 maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. -35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Tovuz rayon Qaraxanlı bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı istifadədə olan torpaq sahəsinin satılması və mülkiyyətə verilməsi barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1053/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1053/2022
23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver