Məhkəmə qərarları › İş №2-1(114)-1053/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1053/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1053/2025 04.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı “qərarın ləğvi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1967-ci il tarixdə ünvan 1i ünvanında qeydiyyatdadır. İddiaçıya xx.xx.2014-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X1 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-ci il tarixli 3-17-1/3-7-3275/2024 nömrəli qərarına əsasən İddiaçı əmək pensiyası yenidən hesablanaraq yenidən hesablanmış pensiya məbləği 784,35 manat məbləğində müəyyən edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş müraciətə aidiyyəti üzrə baxaraq iddiaçıya bildirmişdir ki, iddiaçıya dair vaxtilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən son 24 ay üzrə ödənilmiş orta aylıq əməkhaqqı barədə göndərilən məlumatlarda təqvimi xidmət illəri Qanunun 9.7-2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən tələb edilən 25 ildən az - 22 il təşkil edir. Qanunun 20.28-ci maddəsinə əsasən Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin (xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla)) əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl, gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, əmək pensiyası təyin edilir. Göründüyü kimi, əmək pensiyası təyin edildiyi tarixə (18 noyabr 2014-cü il) qanunla müəyyən edilmiş yaş həddinə (həmin tarixə kişilər üçün yaş həddi 63 yaş idi, lakin sizin həmin dövrə 47 yaşmtz (təvəllüdünüz: xx.xx.1967-ci il) var idi) çatmaması və əmək pensiyası hüququ yarandığı dövrdə tələb olunan 25 il xidmət müddəti olmadığı üçün ona Qanunun sözügedən maddəsinə uyğun əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildi. Lakin yuxarıda qeyd olunan hallar nəzərə alınmadan təqdim olunmuş 10 dekabr 2014-cü il tarixli xx/xx-02270 nömrəli məktuba və ona əlavə edilmiş son 24 ay üzrə orta aylıq əmək haqqınız barədə sənədlərə əsasən ona 18 noyabr 2014-cü il tarixindən 25 il 2 ay 17 gün (təqvimi xidmət illəri 22 il 4 ay 27 gün, güzəştli xidmət illəri 2 il 9 ay 20 gün) xidmət müddətinə görə təminat xərcliyi 80 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda, müraciətlə əlaqədar, verilmiş sorğuya cavab olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən ona dair təqdim 'olunmuş yeni məlumat vərəqinə əsasən əmək pensiyası Qanunun 20.14.1 -ci maddəsinin 1 iyül 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq təminat xərcliyi 65 faizi miqdarında müəyyən edilmiş, 1 iyul 2017-ci il tarixindən sonrakı müvafiq artımlar (sizə münasibətdə 1 mart 2018-ci il, 1 mart 2019-cu il, 1 may 2019-cu il və 1 sentyabr 2019-cu il tarixindən) isə 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 60,33 faiz miqdarında hesablanmaqla həmin tarixdən əvvəlki təminat xərcliyi 65 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə olunmaqla pensiyası 525,76 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə nəzərə alınmaqla 1 yanvar 2023-cü il tarixindən 663,36 manat) müəyyən edilib. Qanunun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına (əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar, son üç il üzrə sizə 5129,48 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 5129,48 manat pul vəsaitinin 78,44 manat hissəsi cari ilin aprel ayında əmək pensiyanızdan tutularaqjbüdcəyə bərpa edilib. Qalıq artıq ödəmə 5051,04 manat təşkil edir. Həmin qalıq artıq ödənilmiş 5051,04 manat vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əlavə olaraq bildiririk ki, 30 may 2023-cü il tarixində daxil olmuş müraciəti ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi topladığınız pensiya sığorta kapitalına əsasən pensiyası yenidən hesablanaraq (cari il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla) 784,35 manat məbləğində müəyyən edilib. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyasının yenidən hesablanması zamanı aparılan əvəzləşdirmənin qanunsuz hesab edilməsi, ödənilən pensiya məbləğinin (891,87 manat) bərpa edilməsi, işləyən əmək pensiyaçısı kimi toplanılan pensiya sığorta kapitalının pensiyaya əlavə edilməsi, əmək pensiyasından tutulmanın dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 18 noyabr 2014-cü il tarixdən 25 il 2 ay 17 gün (təqvim xidmət illəri 22 il 4 ay 27 gün, güzəştli xidmət illəri 2 il 9 ay 20 gün) xidmət müddətinə görə təminat xərcliyinin 80 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası 01 fevral 2024-cü ilədək 802,05 manat məbləğində müəyyən edilmiş, 01 fevral 2024-cü il tarixdə artırılaraq 891,87 manat müəyyən edilmişdir. O, əmək fəaliyyətini davam etdirdiyi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq pensiyası yenidən hesablanması üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən pensiyası yenidən hesablanmışdır. Lakin, 01 mart 2024-cü il tarixdə əmək pensiyası ödənilərkən 107,52 manat əskik ödəniş olmasını müəyyən etmiş, əmək pensiyası 784,35 manatadək azaldılmışdır. O, əmək pensiyanın əskik köçürülməsi ilə bağlı məlumat almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmiş, 30 may 2023-cü il tarixində daxil olmuş müraciəti ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına əsasən pensiyası yenidən hesablanaraq (cari il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla) 784,35 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh orqan məhkəməyə xx.xx.2025-ci il tarixli etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, 10 dekabr 2014-cü il tarixli xx/xx-02270 nömrəli məktuba və ona əlavə edilmiş son 24 ay üzrə orta aylıq əmək haqqı barədə sənədlərə əsasən idddiaçı İddiaçı 18 noyabr 2014-cü il tarixdən 25 il 2 ay 17 gün (təqvimi xidmət illəri 22 il 4 ay 27 gün, güzəştli xidmət illəri 2 il 9 ay 20 gün) xidmət müddətinə görə təminat xərcliyinin 80 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının müraciətilə əlaqədar tərəfimizdən verilmiş sorğuya cavab olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş yeni məlumat vərəqinə əsasən: İddiaçının əmək pensiyası Qanunun 20.14.1 -ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq təminat xərcliyinin 65 faizi miqdarında müəyyən edilmişdir(Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən son 24 ay üzrə ödənilmiş orta aylıq əməkhaqqı barədə göndərilən məlumatlarda təqvimi xidmət illəriniz Qanunun 9.7-2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən tələb edilən 25 ildən az - 22 il təşkil edir).1 iyul 2017-ci il tarixindən sonrakı müvafiq artımlar (iddiaçıya münasibətdə 1 mart 2018-ci il, 1 mart 2019-cu il, 1 may 2019-cu il və 1 sentyabr 2019-cu il tarixdən) isə 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 60,33 faiz miqdarında müəyyən edilmişdir.1 iyul 2017-ci il tarixindən sonrakı müvafiq artımlar nəzərə alınmaqla hesablanmış məbləğ əvvəlki təminat xərcliyinin 65 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 525,76 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə nəzərə alınmaqla 1 yanvar 2023-cü il tarixindən 663,36 manat) təşkil etmişdir. Həmçinin bildiririk ki, Qanunun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar, iddiaçının əmək pensiyası son üç il üzrə yenidən hesablanaraq 5129,48 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin 5129,48 manat pul vəsaiti cari aydan etibarən hissə-hissə (hər ay 78,44 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildiririk ki, iddiaçının 30 may 2023-cü il tarixdə daxil olmuş müraciəti ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı yenidən hesablanaraq pensiya məbləğinə əlavə edilmiş və iddiaçının pensiyası cari il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla 784,35 manat məbləğində müəyyən edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasın gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialı ilə əvəz olunmasını və 14 mart 2024-cü il tarixli 3-17-1/3-7-3275/2024 saylı qərarınan ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçının cavabdehə ünvanladığı ərizələri, cavabdehin imtinası, cavabdehin məktubu ilə məhkəməyə təqdim edilmiş pensiya işin və müavinət işinin materialları təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada, əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Qanun özündə pensiya təminatı sistemində əmək pensiyası hüquqları ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını) və həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də cavabdeh inzibati orqan tərəfindən artıq ödəmə ilə bağlı qərar qəbul edilən zaman iddiaçı inzibati icraata cəlb olunmamışdır.

1. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

2. Digər tərəfdən, sadalanan normlardan göründüyü kimi, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin hazırkı işdə inzibati orqanın iddiaçının barəsində qərar qəbul edən zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir.

3. Göründüyü kimi, inzibati orqanın qərarı ilə pensiyadan tutulmalar aparılması qanunvericilik aktlarında nəzərdə tutulmamışdır.

4. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş sosial müavinət məbləğinin tutulması barədə müavinət alan şəxsin razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq qərar qəbul edilmişdir. Ona görə də, həmin qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. 14 mart 2024-cü il tarixli 3-17-1/3-7-3275/2024 saylı qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar