Məhkəmə qərarları › İş №2-1(114)-1054/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1054/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1054/2021 14.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 və üçüncü şəxsin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Gəncə şəhər Kəpəz rayon Bələdiyyəsi) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin (bundan sonra mətndə cavabdeh) 16.04.2021-ci il tarixli, **********63 nömrəli məktubu ilə İddiaçı (bundan sonra mətndə iddiaçı) məxsus Gəncə şəhəri, Sevinc qəsəbəsi ünvanında yerləşən 0.04 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciətindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı, müraciətə torpaq sahəsinin planı və ölçüsü sənədinin əlavə edilmədiyi, həmçinin müraciətdə qeyd olunan “Farforist” bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Kirovabad şəhər XDS İKnin 23.08.1988-ci il tarixli 11 nömrəli qərarından və “Farforist” BYB HT-nın 26.11.1988-ci il tarixli 02 saylı protokol qərarından çıxarışa əsasən verilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında yerləşən 400,0 kv.m. torpaq sahəsi üzərində mərhum əri X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 29.07.2019-cu ildə vəfat etmiş mərhum əri X4 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi miras qalmışdır. O, həmin evə dair mülkün Gəncə şəhəri 3 saylı Ərazi İdarəsində qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı müraciət etmiş, orada ona bildirmişlər ki, torpaq sahəsinin plan və ölçüsü sənədinin əlavə edilmədiyi, həmçinin müraciətdə qeyd olunan “Farforist" bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi idarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Onlar həmin torpaq sahəsində ev tikmişlər və uzun illərdir həmin evdə yaşayırlar. Evin kommunal xərclərini ödəyirlər. Ona torpaq sahəsinin planı və ölçüsü DT və XK-nin Gəncə şəhəri şöbəsi tərəfindən verilmişdir. Bu günə kimi torpaqdan isifadə edib, orada özünə ev tikmişdir. Belə olan halda ona çıxarışın verilməməsi onun mülkiyyətçi kimi hüququnu pozur. Ona görə də məhkəmə qaydası ilə cavabdehin üzərinə ona fərdi yaşayış üçün verilmiş 0,04 ha torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsi qoyulmalıdır. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, aparılan araşdırma zamanı, müraciətə torpaq sahəsinin planı və ölçüsü sənədinin əlavə edilmədiyi, həmçinin müraciətdə qeyd olunan “Farforist” bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Gəncə İnzibati Məhkəməsinin 01.06.2021-ci il tarixli qərardadı ilə Gəncə şəhər Kəpəz rayon Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək imtina məktubu və etiraz ilə eyni məzmunda izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi X11 məhkəmə iclasında izahat verərək iddia tələbinə etiraz etmədiyini, məhkəmədən qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AA******* nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - AZ-İ 735120 seriya nömrəli “Nikah haqqında şəhadətnamə”nin surəti; - AZ-İ 994188 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surəti; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 16.04.2021-ci il tarixli **********63 nömrəli imtina məktubu; - Gəncə şəhəri 5 saylı Notariat ofisinin 08.04.2021-ci il tarixli 328 nömrəli məktubu; - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin 13.06.2012-ci il tarixli PŞ-12-103 nömrəli rəyi; - “Farfor” bağçılıq yoldaşılıq birliyinin 26.11.1988-ci il tarixli 02 nömrəli protokol qərarından çıxarış; - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X8 04.09.2009-cu il tarixli 144/3 nömrəli arxiv arayışı; - Kirovabad şəhər XDS İK-nin 23.08.1988-ci il tarixli 11 nömrəli qərarından çıxarış; - 01.02.2013-cü il tarixli 2781 (A 418217) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”; - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X8 05.05.2021-ci il tarixli 479(143)/3 nömrəli məktubu və məktuba əlavə edilmiş Kirovabad şəhər XDS İK-nin 23.08.1988-ci il tarixli 11 nömrəli qərarının təsdiq edilmiş surəti. Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Gəncə (Kirovabad) şəhər X12 İcraiyyə Komitəsinin 23.08.1988-ci il tarixli 333 nömrəli qərarından görünür ki, Gəncə (keçmiş Kirovabad) şəhərində fəaliyyət göstərən idarə və təşkilatın əməkdaşlarına adambaşına 400 kv.m. olmaqla bağ sahələri ayrılmışdır. Həmin idarə və təşkilatların siyahısında Farfor zavodu da qeyd olunmuşdur. İş materiallarında olan “Farfor” bağçılıq yoldaşlıq birliyinin 26.11.1988-ci il tarixli 02 nömrəli protokol qərarından görünür ki, Kirovabad şəhər X9 23.08.1998-ci il tarixli 11 nömrəli protokolu əsasında Farfor zavodu ərazisindən bağçılıq üçün Farforist birliyinə ayrılmış torpaq sahəsindən 0.04 ha torpaq sahəsi birliyin üzvü X7 bağ evi tikmək üçün ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin 13.06.2012-ci il tarixli PŞ-12-103 nömrəli rəyindən görünür ki, Kirovabad şəhər XDS İK-nin 23.08.1988-ci il tarixli 11 nömrəli protokoldan çıxarışa və Həmkarlar Təşkilatının 26.11.1988-ci il tarixli 02 saylı protokol qərarından çıxarışa əsasən Sevinc qəsəbəsi ərazisindən bağ evi tikintisi üçün E.V.Quliyevə verilmiş 400.0 kv.metr torpaq sahəsi Kəpəz rayonu ərazisində olmaqla E.V.Quliyevin istifadəsindədir. Ayrılmış torpaq sahəsi Gəncə şəhərinin 6-cı qiymət zonasında yerləşir. Ona görə E.V.Quliyevin istifadəsində olan 400,0 kv.metr torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü“ 1 saylı nümunənin hazırlanmasına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Gəncə şəhər şöbəsi etiraz etmir. Məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, Kirovabad şəhər XDS İK-nin 23.08.1988-ci il tarixli 11 nömrəli qərarından və “Farforist” BYB HT-nın 26.11.1988-ci il tarixli 02 saylı protokol qərarından çıxarışlara əsasən mərhum X7 Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında yerləşən 400,0 kv.m. torpaq sahəsi verilmişdir. Həmin xüsusat Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X8 04.09.2009-cu il tarixli 144/3 nömrəli arxiv arayışı və 05.05.2021-ci il tarixli 479(143)/3 nömrəli məktubu ilə də öz təsdiqini tapmışdır. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin 13.06.2012-ci il tarixli PŞ-12-103 nömrəli rəyi və 01.02.2013-cü il tarixli 2781 (A 418217) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə də mərhum X7 Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında yerləşən 400,0 kv.m. torpaq sahəsinin verilməsi, həmin torpaq sahəsinin yerləşmə yeri və koordinantları öz əksini tapmışdır. Lakin cavabdeh inzibati orqan iddia predmeti olan torpaq sahəsinə aid “Farforist” bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyini, eləcə də, müraciətə torpaq sahəsinin planı və ölçüsü sənədinin əlavə edilmədiyini əsas gətirərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: - 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. - 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etdikdə yuxarıda qeyd edilən maddədə göstərilmiş heç bir hala əsaslanmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh hüquqların qeydə alınmasını istisna edən halların mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının mərhum ərinə torpaq sahəsi Azərbaycan Respublikasında bələdiyyələrin yaranmasından (dolayısı ilə bələdiyyə mülkiyyətinin formalaşmasından) daha öncə verilmiş, lakin dövlət qeydiyyatı aparılmadığı üçün elektron bazada xüsusi mülkiyyətə verilməmiş bələdiyyə mülkiyyəti kimi saxlanılmışdır. İş materialları ilə də müəyyən edilir ki, inzibati icraata cəlb edilmiş Gəncə şəhər Kəpəz rayon bələdiyyəsinin mübahisə predmeti olan torpaq sahəsi üzərində mərhum X5 mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı etirazı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması tələbi üzrə aşkar hərəkətsizliyi əsassızdır və yuxarıda qeyd edilən maddi hüquq normalarına ziddir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Kirovabad şəhər XDS İK-nin 23.08.1988-ci il tarixli 11 nömrəli qərarından və “Farforist” BYB HT-nın 26.11.1988-ci il tarixli 02 saylı protokol qərarından çıxarışa əsasən verilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında yerləşən 400,0 kv.m. torpaq sahəsi üzərində mərhum X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar