Məhkəmə qərarları › İş №2-1(114)-1054/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1054/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1054/2023 31.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı yaşa görə əmək pensiyanın bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, 64 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən ona təyin edilmiş yaşa görə əmək pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İddiaçı qanunvericilin tələbinə görə 64 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası almışdır. Cavabdeh orqan onun ümumi sığorta stajının qanunda nəzərdə tutulduğu 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsini mümkün hesab etməmiş, xx.xx.2022-ci il tarixdən onun əmək pensiyasını dayandırmış və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi 130 manat, xx.xx.2022ci il tarixdən isə 180 manat məbləğində yaşa görə sosial müavinət təyin etmişdir. Cavabdeh orqanın hərəkətlərindən narazı qaldığından iddiaçı iş stajı ilə bağlı heç bir qanunsuzluq olmadığını, əmək kitabçasında qeyd olunan müəssisələrdə həqiqətən də işləyib hər ay əmək haqqı aldığını, eləcə də işləmədiyi aylarda xəstə olduğundan bülletendə olduğu və xəstəlik pulunu sonrakı aylarda aldığını bildirmişdir, xx.xx.2022-ci il tarixdən dayandırılmış əmək pensiyasının bərpa edilməsini xahiş etsə də, cavabdeh orqan ona 15 noyabr 2022-ci il tarixdə, **********6 saylı imtina vermişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının müvafiq ərizəsinə əsasən iddia tələbi “yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən onun sığorta stajı 23 il 28 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1979-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Bundan əlavə, Fondun Gəncə-Daşkəsən regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "X5" ASC-də işlədiyi müddətdə iddiaçıya 1982-ci ildə 9 ay, 1989-cu ildə 6 ay, 1995-ci ildə 1 ay, 2000-ci ildə 10 ay və 1985 ci ildə 1987-ci ildə, 1998-ci ildə, 1999-cu ildə və 2001-2006-cı illərdə əməkhaqqı hesablanmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmayıb. İddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 130 manat, xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilərək ödənilməkdədir. Beləliklə 25 il sığorta stajı olmadığı halda iddiaçıya yaşa görə əmək pensiyası təyin edildiyi müəyyən olunmuş və bu səbəbdən xx.xx.2022-ci il tarixdən əmək pensiyasının ödənişi dayandırılmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1977-ci il tarixli B-İ 002322 nömrəli diplomdan görünür ki, İddiaçı 1972-ci ildən 1977-ci ilədək Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.1977-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2006-cı il tarixədək ayrı-ayrı vaxtlarda müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -“X5” ASC-nin xx.xx.2019-cu il tarixli, 3/2 nömrəli arayışından görünür ki, həqiqətən keçmiş Kirovabad Cihazqayırma zavoduna (indi "X5" ASC adlanır) xx.xx.1979-cu il tarixli, 426 №-li əmrə əsasən termodiffuzion sinkləmə sahəsinə 4-cü dərəcəli sazlayıcı qəbul edilmiş, xx.xx.1979-cü il tarixli, 643 №-li əmrə əsasən həmin sexdə usta keçirilmiş, xx.xx.1991-ci tarixli, 187 №-li əmrə əsasən mexaniki emal sexinə usta keçirilmiş, xx.xx.1997-ci tarixli, 216 №-li əmrə əsasən həmin sexə mühəndis-texnoloq keçirilmiş, xx.xx.2006-cı il tarixli 83 №-li əmrə əsasən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq öz xahişi ilə işdən azad edilmişdir. -“X5” ASC-nin xx.xx.2022-ci il tarixli, 12/7 nömrəli arayışından görünür ki, mövcud əmək haqqı cədvəllərinə görə İddiaçı 1980-2000-ci illərdə müxtəlif aylar üzrə əmək haqqı almış, 2000-ci ilin iyun ayından sonra ona əmək haqqı yazılmamışdır. -ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı xx.xx.2019-cu il tarixdə pensiya yaşına çatdığına görə ona yaşa görə əmək pensiyası təyin edilmiş, lakin cavabdeh onun hüququ olmadığı halda ona pensiyanın təyin edilməsi səbəbindən təyin edilmiş əmək pensiyasını xx.xx.2022-ci il tarixdə dayandırmışdır. İddiaçı əmək pensiyasının bərpa edilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, xx.xx.1977-ci il tarixdən xx.xx.2006-cı il tarixədək ayrı-ayrı vaxtlarda müxtəlif müəssisələrdə müəyyən fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdehin etirazında iddiaçıya pensiya təyin edilməsindən imtinaya səbəb kimi onun sığorta stajının ümumilikdə 23 il 28 gün olması göstərilmişdir. Bundan əlavə, Fondun Gəncə-Daşkəsən regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "X5" ASC-də işlədiyi müddətdə iddiaçıya 1982-ci ildə 9 ay, 1989-cu ildə 6 ay, 1995-ci ildə 1 ay, 2000-ci ildə 10 ay və 1985-ci ildə 1987-ci ildə, 1998-ci ildə, 1999-cu ildə və 2001-2006-cı illərdə əməkhaqqı hesablanmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsinin mümkün olmadığını qeyd etmişdir. Qeyd olunan məsələnin araşdırılması məqsədilə iddiaçının "X5" ASC-də işlədiyi müddət üzrə əmək haqqı cədvəllərinə məhkəmə tərəfindən yerli baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin Cəmiyyət tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 12/7 nömrəli arayışda qeyd olunan İddiaçı əmək haqqı məlumatları cədvəldə göstərilənlərlə uyğunluq təşkil edir. Yəni, həmin cədvəldə iddiaçının qeyd olunan bütün illər və aylar üzrə əmək haqqı alması təsdiqini tapmışdır, lakin 1999-cu ilin yanvarfevral aylarında əmək haqqı alması arxiv sənədlərində öz əksini tapsada, cədvəldə qeyd edilməmişdir. Bundan başqa, cavabdeh orqanın imtina aktında qeyd edilmiş dəlillər qismən öz təsdiqini tapmışdır. Yəni, əmək haqqı kitablarına baxış zamanı iddiaçının 2001-2006-cı illərdə əmək haqqı almaması barədə dəlillər təsdiqini tapsa da digər dəlillər təsdiqini tapmamışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı 1982-ci ildə bütün aylar üzrə, 1985-ci ildə 6 ay, 1987-ci ildə iyul-dekabr, 1989-cu ildə bütün aylar, 1998-ci ildə avqust, oktyabrdekabr istisna olmaqla bütün aylar, 1999-cu ildə mart ayı istisna olmaqla bütün aylar üzrə əmək haqqı almışdır. Beləliklə müəyyən olunmuşdur ki, iddiaçı "X5" ASC-də işlədiyi müddət ərzində ona xx.xx.1979-1985-ci ilədək 5 il 5 ay 19 gün, 1985-ci il üzrə 6 ay, 1986-cı il üzrə bütün aylar (12 ay), 1987-ci il üzrə 6 ay, 1988-1997-ci illər üzrə bütün aylar (10 il), 1998-ci il üzrə 8 ay, 1999-cu il üzrə 11 ay, 2000-ci il üzrə 10 ay əmək haqqı ödənilmişdir. Başqa sözlə, xx.xx.1979-cu il tarixdən xx.xx.2006-cı il tarixədək müddət üzrə iddiaçıya ümumilikdə 19 il 10 ay 19 gün üzrə əmək haqqı ödənilmişdir. Deməli həmin müddətlərin onun sosial sığorta stajına daxil edilməsi qanunauyğundur. Həmçinin iş materillarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, diplom və.s) təsdiq olunur ki, iddiaçının təhsil aldığı xx.xx.1972-ci il tarixdən xx.xx.1977-ci il tarixədək müddət (4 il 9 ay 27 gün), xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək işlədiyi müddət (2 ay 9 gün), və hərbi xidmətdə olduğu xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək müddətlər (1 il 6 ay 9 gün) üzrə onun ümumilikdə 6 il 6 ay 15 gün siğorta stajı var. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu və əmək haqqı aldığı təsdiq olunan işlədiyi müddətlər nəzərə alındıqda onun sosial sığorta stajı ümumilikdə 26 il 5 ay 4 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla xx.xx.2019-cu il tarixdə artıq tələb olunan yaş (64 yaş) həddində olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması əsassız olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar