Məhkəmə qərarları › İş №2-1(114)-1055/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1055/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1055/2022 05.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Samux rayon Qeydiyyat şöbəsinə qarşı ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Samux rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə 22.02.2022ci il tarixdə məhkəməyə müraciət edərək, oğlu X4 16 mart 1994-cü il tarixdə Samux rayon Ziyadlı kəndində vəfat etməsinə dair ölüm haqqında akt qeydinin tərtib edilərək, ona ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 04.07.1993-cü il tarixdə Kəpəz rayon Qeydiyyat şöbəsində sabiq həyat yoldaşı X10 ilə nikah qeyd etdirməklə evlənmişdir. 2006cı il tarixdə onların nikahları pozulmuş. Birgə nikahdan 04.01.1994-cü il tarixdə X9 adlı övladı anadan olmuşdur. Uşaq doğulanda iddiaçının qanında olan infeksiya uşağa keçmiş və hər ikisi ağır xəstələnmişlər. O, uşağı da götürüb Samux rayon Ziyadlı kəndində yaşayan anasının yanına getmiş, müalicələrə baxmayaraq 16 mart 1994-cü il tarixdə oğlu Kərimov Aslan vəfat etmişdir. İddiaçı xəstəxanada olduğundan, həm də həyat yoldaşı döyüşlərdə yaralanıb xəstəxanaya düşdüyünə görə uşağa həkimdən ölüm haqqında şəhadətnamə götürə bilməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, uşağın ölməsi barədə tibbi şəhadətnamə olmadığına görə onun ölməsi barədə akt qeydi yazıla bilməz. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Ziyadlı kənd Feldşer-mama məntəqəsi tərəfindən verilmiş ölüm haqqında həkim arayışından görünür ki, 04.01.1994-cü il tarixində anadan olmuş X9 16.03.1994-cü il tarixdə ölmüşdür. -surəti işə əlavə edilmiş Gəncə şəhər yoluxucu xəstəliklər xəstəxanasının stasionar xəstənin 328 nömrəli tibbi kartasının çıxarışından görünür ki, X9 15.03.1994-cü il tarixdə 1 ay ambulator müalicə, 06.03.-15.03.1994-cü ilədək stasionar müalicə aldıqdan sonra 15.03.1994-cü ildə xəstəxanadan xaric olmuşdur. -surəti işə əlavə edilmiş Vİ ЖГ 277563 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X1 Svetlana Aydın qızı ilə 01.07.1993-ci il tarixdə birgə nikaha daxil olmuşdur. -surəti işə əlavə olunmuş 21.12.2006-cı il tarixli, AZ-1 serialı 065356 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, iddiaçının X10 ilə 01.08.2006-cı il tarixdə pozulmuşdur. -surəti işə əlavə olunmuş XVİİ-ЖГ 421483 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 04.01.1994-cü il tarixdə anadan olmuşdur. -Samux Şəhər Mərkəzi Xəstəxanasının 24.11.2021-ci il tarixli 533 nömrəli məktubundan görünür ki, İddiaçı oğlu X6 ölüm haqqında tibbi şəhadətnamə almaq üçün müraciətinə cavab olaraq bildirilmişdir ki, X4 ölümü haqqında Samux RMX PHŞ-ə heç bir bir məlumat daxil olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qeyrimümkündür. -Samux rayon Qeydiyyat Şöbəsinin 14.01.2022-ci il tarixli, 05/Q-18/11 nömrəli məktubundan görünür ki, X9 barəsində Samux rayon qeydiyyat şöbəsinin arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının oğlu X4 ölməsi barədə tibbi şəhadətnamə olmadığından cavabdeh orqan ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının övladına münasibətdə ölüm haqqında şəhadətnamənin verilməsi üçün yetərli əsasın olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 8.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. - 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. - 8.15. Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Göründüyü kimi qanunvericilik ölüm faktının mövcud olmasını təsdiq edən sənəd kimi yalnız ölüm haqqında həkim arayışını deyil, həmçinin ölüm haqqında feldşer arayışını da nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 04.01.1994-cü il təvəllüdlü X4 müvafiq feldşer arayına əsasən arayışda qeyd edilən tarixdə ölməsi barədə ölüm akt qeydinin aparılması və ölüm haqqında şəhadətnaməsinin verilməsi öhədliyi Samux rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar