Məhkəmə qərarları › İş №2-1(114)-1056/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1056/2021

10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1056/2021 10.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı2 (İddiaçı1 nümayəndəsi) iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Amazova (Müslümova) Tərlan Müzəffər qızının adına olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-1126A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,01 sot torpaq sahəsinin 0,11 ha kimi qeydə alınması və həmin torpaq sahəsinin mülkiyyət hüququnun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçılar İddiaçı2 və İddiaçı1 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə 26.04.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Amazova (Müslümova) Tərlan Müzəffər qızının adına olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-1126A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən şəhadətnamələrin qeydiyyat kitabında, elektron xəritədə və adlı siyahıda düzəliş edilərək 0,11 ha torpaq sahəsi kimi göstərilməsi və mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Amazova (Müslümova) Tərlan Müzəffər qızının adına olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-1126A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,01 sot torpaq sahəsinin 0,11 ha kimi qeydə alınması və həmin torpaq sahəsinin mülkiyyət hüququnun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 10.08.2021-ci il tarixli, 2-1(114)-1056/2021 nömrəli qərardad ilə iddiaçıların iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum Amazova (Müslümova) Tərlan Müzəffər qızının adına olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-1126A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, 0.11 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə kimi onun mülkiyyətinə verilmişdir. Amazova (Müslümova) Tərlan Müzəffər qızı 18 dekabr 2005-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçılar onun vərəsələri kimi miras qalmış torpaq sahəsini öz adlarına sənədləşdirmək istəyirlər. Lakin cavabdeh orqan onlara ünvanladığı məktubda bildirmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən 3 saylı Gəncə Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitabında, elektron xəritədə və adlı siyahıda X1 adına Göygöl rayonu Üçtəpə kəndində ayrılan torpaq sahəsinin ölçüsü 0.01 ha göstərilmiş, lakin onun adına işlənmiş JN-1126A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0.11 ha yazılmışdır. Məhz buna görə də ərizənin təmin edilməsi mümkün deyil. İddiaçılar cavabdehin imtinasını qanunsuz və əsassız hesab edirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 10 avqust 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında İddiaçı2 (İddiaçı1 nümayəndəsi) gəlmiş, digər İddiaçı1 və cavabdehin nümayəndəsi isə gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə İddiaçı1 və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı2 (İddiaçı1 nümayəndəsi) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək Amazova (Müslümova) Tərlan Müzəffər qızının adına olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-1126A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,01 sot torpaq sahəsinin 0,11 ha kimi qeydə alınması və həmin torpaq sahəsinin mülkiyyət hüququnun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçı1 məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - İddiaçı2 məxsus AA1830016 nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - JN-1126A nömrəli «Torpaqğn mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surəti; - Cavabdehin 12.02.2021-ci il tarixli imtina məktubunun surəti; - X5 məxsus 168688 nömrəli ölüm haqqında şəhadətnamənin surəti; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18.03.2021-ci il tarixli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış Göygöl Rayon İcra Hakimiyyəti başçısının Üçtəpə kənd İnzbati Ərazi Dairəsi üzrə nümayəndəsinin 16.06.2021-ci il tarixli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış Göygöl Rayon İcra Hakimiyyəti başçısının aparatının 16.06.2021-ci il tarixli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 18.06.2021-ci il tarixli cavab məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçılar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışlar. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə” dair JN-1126A nömrəli şəhadətnamədə X2 Xanlar rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş torpaq sahəsinin ölçüsü 0.11 ha kimi qeyd edilmişdir. İddiaçılar cavabdehə müraciət etdikdən sonra müraciətləri cavabdeh orqan tərəfindən araşdırılmış və mərhum X2 verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1126A saylı şəhadətnamədə torpaq sahəsinin 0.11 ha qeyd edildiyi, lakin qanuni istifadəsində olmuş həyatyanı torpaq sahəsi olan vətəndaşların adlı siyahısında (DBF), elektron xəritə məlumatlarında (DWJ) və “Torpaq şəhadətnamələrinin qeydiyyatı” kitabında JN-1126A saylı şəhadətnamə ilə verilmiş torpaq sahəsinin 0.01 ha olduğu müəyyən edildiyi üçün iddiaçıların müraciətləri müsbət həll olunmamışdır. Məhkəmə araşdırması zamanı iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə” dair JN-1126A nömrəli şəhadətnamədə X2 Xanlar rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş torpaq sahəsinin ölçüsü 0.11 ha kimi qeyd edilmişdir. Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 18.06.2021-ci il tarixli cavab məktubu ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən 3 saylı Gəncə Ərazi İdarəsinə təhvil verilmiş «Torpaq şəhadətnamələrinin qeydiyyatı» kitabında «Torpağın mülkiyyətə verilməsinə» dair JN-1126A saylı KOD 50806028 şəhadətnaməyə aid olan hissəsinin surəti məhkəməyə göndərilmiş və həmin sənəddə X3 adına olan torpağın sahəsi 0.01 ha kimi qeyd olunmuşdur. Bununla yanaşı Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 18.06.2021-ci il tarixli cavab məktubu ilə və JN-1126a saylı şəhadətnamə barədə elektron xəritə məlumatlarından və vətəndaşların adlı siyahısından çıxarışın surəti məhkəməyə göndərilmiş və həmin sənəddə X3 adına olan torpağın sahəsi 0.012 ha kimi qeyd olunmuşdur. Qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərdə düzəlişlər olunması və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması barədə hüquq və vəzifələr cavabdeh inzibati orqana aid olduğundan hazırkı mübahisə üzrə tələb də ona qarşı yönəlməlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2.0.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Belə əsaslardan biri kimi, 8.0.5-ci maddədə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Bu Qanunun 16.1 və 16.2-ci maddələrinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Beləliklə, iddiaçıların iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçıların, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə isə cavabdehin imtinasını zəruri edən şərtlərin mövcudluğu təsdiq olunsa da, iddiaçılar bunun əksini sübut edə bilməmişlər. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Amazova (Müslümova) Tərlan Müzəffər qızının adına olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-1126A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,01 sot torpaq sahəsinin 0,11 ha kimi qeydə alınması və həmin torpaq sahəsinin mülkiyyət hüququnun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar